Məhkəmə qərarları › İş №1(057)-180/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-180/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-180/2023 28.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 , müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx.xx.1999-cu ildə Salyan rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Salyan rayonu Xələc kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə xx.xx.1963-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, məhkum olunmayan, İsmayıllı rayonu Sumağallı kəndində qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 92 B, mənzil 126-da yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 28 noyabr 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 2023-cü ilin yanvar ayında Salyan rayonu Xələc kəndində yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 10000 manat pul verəcəyi halda oğlu Məsum Baxşiyevi “Salyan OİL” şirkətinə işə düzəltdirəcəkləri barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra bu məqsədlə vahid niyyətlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2023-cü il yanvarın 30-da Salyan rayonu Xələc kəndində yerləşən Şahid3 məxsus bərbərxanada Zərərçəkmiş şəxs 4000 manat pulu almış, 2023-cü il fevralın 15-də saat 14:43-də öz istəyi əsasında Zərərçəkmiş şəxs 1500 manat pulu “Milliön” ödəmə terminalı vasitəsilə özünə məxsus “4098 5844 6750 1993” saylı “Leobank” kart hesabına köçürtdürmüş, 2023-cü il fevralın 26-da Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində Zərərçəkmiş şəxs 3500 manat pulu almış, 2023-cü il martın 05-də Salyan rayonu Kolanı kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında sonuncudan 1000 manat pulu alıb, qeyd olunan məbləğləri aralarında bölərək şəxsi məsrəflərinə xərcləyib Zərərçəkmiş şəxs xeyli miqdarda, ümumilikdə 10000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 2023-cü ilin yanvar ayında Salyan rayonu Xələc kəndində yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 10000 manat pul verəcəyi halda oğlu Məsum Baxşiyevi “Salyan OİL” şirkətinə işə düzəltdirəcəkləri barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra bu məqsədlə vahid niyyətlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2023-cü il yanvarın 30-da Təqsirləndirilən şəxs1 Salyan rayonu Xələc kəndində yerləşən Şahid3 məxsus bərbərxanada Zərərçəkmiş şəxs 4000 manat pulu almış, 2023-cü il fevralın 15-də saat 14:43-də Təqsirləndirilən şəxs1 öz istəyi əsasında Zərərçəkmiş şəxs 1500 manat pulu “Milliön” ödəmə terminalı vasitəsilə özünə məxsus “4098 5844 6750 1993” saylı “Leobank” kart hesabına köçürtdürmüş, 2023-cü il fevralın 26-da Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 3500 manat pulu almış, 2023-cü il martın 05-də Salyan rayonu Kolanı kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 1000 manat pulu alıb, qeyd olunan məbləğləri aralarında bölərək şəxsi məsrəflərinə xərcləyib Zərərçəkmiş şəxs xeyli miqdarda, ümumilikdə 10000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Hər iki təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlləri törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2015-ci ildə Cəlilin oğlu Məsum ilə bir yerdə hazırlığa getmişdir.2023-cü ilin yanvar ayında Xələc kəndində yerləşən Dünyamalının işlədiyi bərbərxanada Cəlil ilə söhbət edən zaman oğlu Məsumun Bakı şəhərində yerləşən Gəmi Qayırma zavodunda işlədiyini öyrənmişdir.Həmin vaxt da tanışı Təqsirləndirilən şəxs2 da onun yanında olmuşdur. Söhbət zamanı Cəlil oğlu Məsumu rayona gətirmək istədiyini demişdir. Cəlilə 15000 manat qarşılığında oğlu Məsumu Salyan OİL LTD-yə işə düzəldəcəklərini demişdir. Nizami də onun Cəlilə dediyi sözü təsdiqləmişdir. X4 10000 manat qarşılığında işi düzəldə biləcəyini demişdir. Cəlil də razılaşdığını bildirdiyi üçün Nizami ona xəbər edəcəyini demişdir.Cəlilin oğlunun işini düzəltmək adı ilə ondan müxtəlif vaxtlarda və müxtəlif məbləğlər olmaqla cəmi 10000 manat pul almışlar.Həmin puldan 4500 manatı Nizami götürmüş, qalan 5500 manatı isə özü götürmüşdür. Zərərçəkmişə 3000 manat dəyərinə mal-qara verəcəyi barədə razılığa gəlmiş, qalan məbləği isə 3 ay ərzində ödəyəcəyini,25 yaşında olduğu üçün 2,3,4 və ya 5 il yatmaq istəmədiyini qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin yanvar ayının sonlarında o, Samitin yaşadığı evinə qonaq getmiş, daha sonra Samit ilə birlikdə kənddə yerləşən bərbərxanaya getmişlər. Orada Samit tanımadığı bir nəfər şəxs ilə rastlaşmış və söhbət zamanı məlum olmuşdur ki, həmin şəxs Cəlildir. Cəlil oğlunu Salyan OİL şirkətinə işə düzəltmək istədiyini demiş, Samit ona 15000 manat qarşılığında oğlu Məsumu Salyan OİL LTD-yə işə düzəldəcəklərini bildirmişdir. Cəlil məbləğin çox olduğunu bildirdiyi üçün 10.000 manata düzəldə biləcəyini demişdir. Daha sonrpakı müddətlərdə Cəlil onlara hissə-hissə 10.000 manat pul vermiş, Samit həmin puldan 5500 manat götürmüş, özü isə 4500 manat pulu götürüb xərcləmişdir.Zərərçəkmişə vurduğu ziyandan 1400 manat ödəmiş qalan pulu isə bir həftə ərzində qaytaracağını, özünün yüksək şəkər xəstəsi olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2023-cü il yanvar ayında oğlu Məsum tanışı Təqsirləndirilən şəxs1 işini düzəldə biləcəyini demişdir. Oğlu Məsum 15000 manata işə düzəltdiklərini öyrəndiyini bildirmişdir. O, Məsumdan Samitin mobil telefon nömrəsini alaraq ona zəng etmiş və Dünyamalının bərbərxanasında görüşmüşlər.Görüşərkən Nizami də yanında olmuşdur. Söhbət zamanı Samit ona 15000 manat qarşılığında oğlu Məsumu Salyan OİL LTD-yə işə düzəldəcəyini bildirmişdir. Nizami də Samitin sözünü təsdiq etmişdir. Şəhid qardaşı olduğunu və 15000 manat pulunun olmadığını demişdir. Sonra isə Nizami 10.000 manata razı olduğunu demişdir. 2023-cü il yanvarın 30-da o, Şirvan şəhərində yerləşən Respublika bankına gedərək 6000 manat kredit götürmüşdür. O, bankdan çıxan kimi Samitə mobil telefon vasitəsilə zəng edərək puldan 4000 manat düzəltdiyini və ona vermək istədiyini demişdir. Samit isə Xələc kəndində yerləşən Dünyamalıya məxsus olan bərbəxanaya gəlməyini bildirmişdir. Sonra Samit və Nizami ilə qeyd olunan bərbərxanada görüşmüş, oğlu Məsumun və Dünyamalının yanında Samitə 4000 manat pul vermişdir. 2023-cü il fevralın 15-də o, həyətində saxladığı 1 baş iribuynuzlu heyvanı 1500 manata satmışdır. Daha sonra həmin 1500 manat pulu qardaşı oğlu Əşrəfin kartına million vasitəsi ilə köçürmüşdür. 2023-cü il fevralın 25-də Samit mobil telefon vasitəsilə ona zəng edərək təcili pulun qalanının da ona çatmalı olduğunu, rəhbərlikdən gözlədiklərini bildirmişdir. O da özünə məxsus olan VAZ 2107 markalı avtomobili sataraq Samitə 3500 manat pul vermişdir. 2023-cü il martın 5-də Samit mobil telefon vasitəsilə ona zəng edərək 1000 manat da vermək lazım olduğunu bildirmişdir.O da Samitə evdə olduğunu və gəlib 1000 manat pulu evdən aparmasını demişdir. Həmin tarixdə Samit taksist işləyən Xələc kənd sakini Şahid5 məxsus Mercedes Benz markalı avtomobil ilə yaşadığı evə gəlmişdir. O, Samitə 1000 manat pul vermişdir. O, bir neçə dəfə Samit ilə mobil telefon vasitəsilə danışan zaman işin nə yerə olduğunu soruşsa da, Samit müxtəlif bəhanələr gətirərək yaxın günlərdə işin alınacağını bildirmişdir. Bir müddət sonra işin düzəlmədiyini görüb Samitə mobil telefon vasitəsilə zəng edərək pulunu geri qaytarmasını demişdir. Samit ondan vaxt istəyərək pulu qaytaracağını bildirsə belə vermədiyi üçün şikayət etməyə məcbur olmuşdur.Hazırda Təqsirləndirilən şəxs2 ona 1400 manat pul ödəmişdir.Pulunu tələb edir, əks halda hər iki şəxsə ağır cəza verilməsini xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında o, tanışı Ziyad ilə birlikdə Bakı şəhərinə onun avtomobilini satmaq üçün getməyi planlaşdırmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs də onların yanında olduğu üçün o da onlarla birlikdə Bakı şəhərinə getmək istədiyini və özünə məxsus 2008-ci il buraxılışlı “Vaz 2107” markalı avtomobilini satmaq istədiyini demişdir. 2023-cü il fevralın 26-da onlar birlikdə Sumqayıt şəhərinə gedərək oradakı avtomobil bazarında avtomobilləri satışa qoymuşlar.Cəlil avtomaşınını satmış və geri qayıtmışlar. Yolda olanda Cəlil kimləsə telefonla danışmış və Qaradağ postu tərəfdə görüşə biləcəyini demişdir. Sonra Cəlil onlara köhnə Qaradağ polis postu adlanan ərazidə bir nəfər şəxslə görüşəcəyini dediyi üçün Ziyad onun avtomobilini idarə etdiyi üçün Qaradağ rayonu ərazisində yol kənarında saxlamış və onların avtomobilindən təxminən 10-15 metr arxada rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı, “Toyota” markalı, “Prius” modelli avtomobil saxlamışdır. Cəlil də avtomobildən düşüb həmin avtomobilə yaxınlaşmışdır. Cəlil təxminən 10 dəqiqə sonra onların yanına gəlmişdir. Cəlilin həmin şəxs ilə nə danışdığını bilməmişdir. Cəlildən yolda nə olduğunu soruşduqda, Cəlil oğlu Məsumu Salyan OİL şirkətinə işə düzəldəcəyini demişdir. Şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2023-cü ilin fevral ayında o, tanışı Babək ilə birlikdə Bakı şəhərinə Babəkin avtomobilini satmaq üçün getməyi planlaşdırmışlar. Həmin vaxt Cəlil Baxşıyev də onların yanında olduğu üçün o da onlarla birlikdə Bakı şəhərinə getmək istədiyini və özünə məxsus 2008-ci il buraxılışlı “Vaz 2107”markalı avtomobilini satmaq istədiyini demişdir. Ondan nə səbəbə avtomobilini satmaq istədiyini soruşanda onlara heç nə deməmişdir. 2023-cü il fevralın 26-da onlar birlikdə Sumqayıt şəhərinə gedərək oradakı avtomobil bazarında avtomobilləri satışa qoymuşlar. Həmin gün Babəkin avtomobili satılmamış, lakin Cəlil avtomobilini ucuz qiymətə qoyduğu üçün onun avtomobili tez satılmış və onlar Babəkin avtomobili ilə Şamaxı yolundan Qızıldaş istiqamətində hərəkət edib Salyan rayonuna tərəf yolda olanda köhnə Qaradağ polis postu adlanan ərazidə Cəlil onlara orada bir nəfər şəxslə görüşəcəyini demişdir. Qaradağ rayonu ərazisində yol kənarında o, avtomobili saxlamış və avtomobilin arxasında rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı, “Toyota” markalı, “Prius” modelli avtomobil saxlamışdır. Cəlil də avtomobildən düşüb həmin avtomobilə yaxınlaşmışdır. Cəlil təxminən 10 dəqiqə sonra onların yanına gəlmişdir. Cəlilin həmin şəxs ilə nə danışdığını bilməmişdir. Həmin vaxt Ziyad da onun yanında oturmuşdur. Cəlil sonradan gəlib avtomobilə oturmuşdur. Onlar yola davam etmişlər və Cəlildən yolda nə olduğunu soruşduqda, Cəlil oğlu Məsumu Salyan OİL şirkətinə işə düzəldəcəyini demişdir. Həmin vaxt Cəlil onlara görüşdüyü şəxsə pul verdiyini deməmişdir. X2 Salyan OİL şirkətinə işə düzəldəcəyi adı ilə onun aldadıldığını eşitmişdirm. O, Cəlilin həmin şəxsə nə qədər pul verdiyini bilmir, lakin Cəlil avtomobilini 4000 manata satmışdır. Şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 2023-cü il yanvar ayında o, bərbərxanada Samit yanında bir nəfər tanımadığı yaşlı adam ilə gələrək saçını düzəltdirmək istədiyini bildirmişdir. O, Samitdən yanındakı şəxsi tanımadığını və kim olduğunu soruşmuş, Samit isə tanışı olduğunu, adının Nizami olduğunu bildirmişdir. O, Samitin saçını kəsən zaman Cəlil də bərbərxanaya gəlmiş, onlar salamlaşmışlar. Samit, Cəlil ilə söhbət etməyə başlamışdır. Sonra onlar bərbərxanadan çıxaraq yaxınlıqda yerləşən çayxanaya getmişlər. 2023-cü il yanvarın 30-da o, bərbərxanada olan zaman Samit onun yanına gəlmişdir. O, Samit ilə salamlaşmış, Samit Cəlil ilə görüşəcəyini bildirmişdir. O, Samitdən nə məsələ olduğunu soruşmuş, Samit isə Cəlilin oğlu Məsumu pul qarşılığında Salyan OİL şirkətinə işə düzəldəcəyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra Cəlil və oğlu Məsum da bərbərxanaya gəlmişlər, o, onlarla da görüşmüşdür. Cəlil Samit ilə danışmış və kredit götürdüyünü deyərək cibindən pul çıxarıb saymağa başlamışdır. Cəlil bərbərxanada onun, Məsumun yanında Samitə 4000 manat pul vermişdir. Samit də pulu alaraq sağollaşıb getmişdir. X3 aldatdığını, oğlu Məsumu işə düzəltmədiyini və ondan 10000 manat pul aldığını öyrənmişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 2023-cü ilin fevralın 15-də o, evdə olmuşdur. Həmin vaxt əmisi Cəlil mobil telefon vasitəsilə ona zəng edərək karta pul göndərmək lazım olduğunu, bacarmadığını deyərək ona köməklik etməyini bildirmişdir. O da problem olmadığını deyərək onunla görüşmüşdür. O, əmisi Cəlildən kimə və nə üçün pul göndərdiyini soruşmuş, əmisi Cəlil həyətində saxladığı 1 baş iribuynuzlu heyvanı 1500 manata satdığını, oğlu Məsumu Salyan OİL şirkətinə işə düzəltmək üçün Samit ilə danışdığını, onun kart hesabına pul göndərəcəyini bildirmişdir. Onlar birlikdə kənddə yerləşən marketə getmişlər. Həmin marketdə quraşdırılmış Milliön ödəmə terminalının yanına keçmişdir. Əmisi Cəlil ona cibində olan 1500 manat pulu verərək mobil telefonunda Samitə məxsus Leobank kart hesabının nömrəsini demiş, o da həmin kart hesabına 1500 manat pul köçürtmüşdür. Lakin həmin vaxt o, qəbzi nə etdiyini bilməmişdir. Sonradan Samitin tanışı Nizami ilə birlikdə əmisi Cəlili aldatdığını, oğlu Məsumu işə düzəltmədiklərini və ondan 10000 manat pul aldıqlarını öyrənmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının sonları axşam saatlarında o, həmkəndlisi Təqsirləndirilən şəxs1 Dünyamalının kənddə yerləşən bərbərxanasının yanından götürüb onu Bakı şəhərinə aparmışdır. Bunun əvəzində ondan 40 manat pul almışdır. Samiti Dünyamalının bərbərxanasının qarşısından götürdüyü zaman həmkəndliləri Cəlil və oğlu Məsum da, Samitin yanında olmuşlar. Onların həmin günü həmin bərbərxananın yaxınlığında nə iş görməklərini bilmir. Lakin Samit ona 40 manat pul verən zaman cibindən təxminən 3-4 min civarında pul çıxartmışdır. O, Samitə bu qədər pulu hardan əldə etməsini ondan soruşan zaman ona «Cəlildən almışam, onun oğlunu işə düzəldəcəm.» sözlərini demişdir. Həmin vaxtdan təxminən bir ay sonra o, Samiti yenidən Cəlilin evinin qapısının yaxınlığına gətirmişdir. Samit Cəlillə qapılarının qarşısında 10-15 dəqiqə söhbət etmiş, o, aralıda və avtomobilində oturduğu üçün ikisinin arasında nə danışdıqlarını bilməmişdir. Lakin, sonda Cəlil evinin qarşısındakı ərzaq dükanına keçib oradan Samitə nə isə vermiş, Samit də, həmin şeyi cibinə qoymuşdur. Sonradan onlar görüşüb sağollaşmışlar. O, həmin günü də, Samiti Bakı şəhərinə aparmışdır. Samitin yenidən ona pul verən zaman cibində çoxlu sayda, amma keçən dəfəkindən az məbləğdə pul olmuşdur. O, həmin pul barədə ondan heç bir söz soruşmamışdır. Sonradan eşitmişdir ki, Samit Cəlili aldadıb onun oğlunu işə düzəldəcəyini yalan vəd verərək Cəlildən xeyli məbləğdə pul almışdır. X5 21074 markalı avtomobilinidə sataraq pulunu Samitə verdiyini eşitmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəlki müddətdə məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhər Sabunçu RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.2-ci maddələri ilə olan ********* və ********* nömrəli cinayət işləri xx.xx.2023-cü il tarixdə Məhkəməyə göndərilmişdir. Salyan RMX-nin 07 sentyabr 2023-cü il tarixli 18-1-68/2-2206/2023 saylı arayışından görünür ki, Salyan rayonu Xələc kənd sakini, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkoloji və psixonevroloji kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 zərərçəkmişə dəymiş zərərin bir qismini ödəməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 14 sentyabr 2023-cü ildə tutulmuş, 16 sentyabr 2023-cü ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Onun həbsdə olduğu iki gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs2 19 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş və barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, hər iki təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, onlar həmin maddlərlərlə təqsirli bilinməli və sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdırlar. Onların hər ikisini qeyd olunan maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza ilə islah etmək mümkün deyildir. İş üzrə zərərçəkmişə dəymiş zərər tam ödənilməmiş, sosial ədalət bərpa olunmamışdır. Zərərçəmişin şikayətçi olmasını, dəymiş zərərin kifayət qədər olmasını və tam ödənilməməsini nəzərə alaraq məhkəmə belə hesab edir ki, hər iki şəxsi azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alıb, hər iki təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hər iki şəxs təqsirləndirilən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclasında dərhal həbs olunmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanun qüvvəsini alani kimi dəyişdirilmədən saxanılmalıdır. Hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 28 noyabr 2023-cü ildən hesablanmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrlə ilə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən onun tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın və üzərində bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2023-cü ildən hesablansın. Barəsində seçilmiş 16 sentyabr 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclası zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrlə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2023-cü ildən hesablansın. Barəsində seçilmiş 19 sentyabr 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclası zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülsün. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülsün. Hökmün surəti müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar