Məhkəmə qərarları › İş №1(057)-181/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-181/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-181/2023 30.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 04 sentyabr 2023-cü il tarixdə saat 18:35 radələrində Salyan şəhər dairəsinin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 2 ünvanında yerləşən Salyan rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən təmiz çəkisi 28,90 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, peşman olduğunu bildirmiş və ifadəsində göstərmişdir ki, ağ ciyəri xəstədir. Ona astma diaqnozu qoyulub. 03 sentyabr 2023-cü il tarixdə Kür çayının qırağında balıq tutmaq üçün qırmaq atmışdır. Xəstə olduğu üçün yağından və toxumundan əvvəllər istifadə etmiş, bu səbəbdən 03 sentyabr 2023-cü il tarixində yerdə görən zaman tanımış və götürmüşdür. 04 sentyabr 2023-cü il tarixində polis əməkdaşları ona yaxınlaşaraq Salyan RPŞ-ə dəvət etmiş və həmin zaman cibindən çıxarıb təqdim etmişdir. Əvvəllər cinayət məsuliyyətinə cəlb olunduğunu etiraf etmişdir. Məhkəmədən xəstə olmasını, peşman və təqsirini boynuna almasını dəyərləndirərək yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 sentyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən raportla məruzə edilərək Salyan şəhəri Ə.Kürçaylı küçəsi ev 33-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə şübhəli olması bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, bu məqsədlə o və Şahid1 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər onlar tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhər dairəsinin yaxınlığında piyada getdiyini müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs nə üçün polis əməkdaşları tərəfindən saxlanılmasının səbəbi soruşulduqda, Təqsirləndirilən şəxs narkotikə görə saxlanıldığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən sellofan torbanı çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, orada “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda orada yaşıl rəngli, spesifik qoxuya mallik, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana özünə məxsusdur, həmin maddəni dünən yəni 03 sentyabr 2023-cü il tarixdə Salyan şəhəri ərazisində “Kür” çayının yaxınlığında yerdən tapmış, narkotik maddə istifadəçisi olduğu üçün tapdığı narkotik maddəni özü qəbul etmək üçün götürmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə məhkəmə-bioloji ekspertizasına təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmış, ağzı möhürlənmiş, Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirakçılar tərəfindən üzəri imzalanmış və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə aparılmasının nəticəsinə dair tərtib edilmiş protokol ucadan oxunmuş və o, protokolu imzalamışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı Şahid2 ifadəsinə uyğun analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:55-də Salyan RPŞ-nin İBdə şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X3 Yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və bir ədəd diskdən görünür ki, axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmiş, o həmin anda əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən sellofan torbanı çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, orada “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda orada yaşıl rəngli, spesifik qoxuya mallik, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Vüqra Əşrəfzadə bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana özünə məxsusdur, həmin maddəni dünən yəni 03 sentyabr 2023-cü il tarixdə Salyan şəhəri ərazisində “Kür” çayının yaxınlığında yerdən tapmış, narkotik maddə istifadəçisi olduğu üçün tapdığı narkotik maddəni özü qəbul etmək üçün götürmüşdür. Şəxsi axtarış zamanı elektron tərəzi vasitəsilə çəkildikdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 28,64 qram olması müəyyən edilmişdir. 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən məhkəmə-bioloji ekspertizasına təqdim edilməsindən ötrü kağız zərfdə qablaşdırılmış, üzərində “DİN Zərflər üçün N-113” sözləri əks olunmuş möhürlü kağızla möhürlənmiş, şübhəli şəxsin özü, müdafiəçisi və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra müstəntiq Sahib Əzizov tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş Məhkəmə-bioloji ekspertizasının 05 sentyabr 2023-cü il tarixli, 18/881 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 28,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi– 28,90 qram, tədqiqata sərf olundu - 0.02 qram, qalıq – 28,88 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli, 18/881 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dört qəpik) manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rza Məmmədovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə X5 azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 868 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata durur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 28.88 qram narkotik vasitə quruulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2133 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Kürçaylı küçəsi, ev 33 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixli hökmü ilə 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzaına məhkum olunmuş, Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarı ilə CM-nin 50-ci maddəsinə əsasən (köhnə redaksiyada) 09 ay 01 gün müddətə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa o, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Salyan Rayon Məhkəməsinin 1(057)-73/2014 saylı 18 iyun 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 18 sentyabr 2023-cü il tarixli, 18-1-68/2-2285/2023 nömrəli məktubundan görünür ki, Salyan şəhəri Ə.Kürçaylı küçəsi ev 33-də yaşayan, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2014-cü ildən “tiryəklə” narkoloji qeydiyyatda olsa da, psixonevroloji qeydiyyatda yoxdur. İbtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 28,90 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, cinayət işinə əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 04 sentyabr 2023-cü il tarixdə saat 18:35 radələrində Salyan şəhər dairəsinin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 2 ünvanında yerləşən Salyan rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən təmiz çəkisi 28,90 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Bundan başqa o, daha əvvəllər də Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin əməlindən nəticə çıxarmayaraq yenidən eyni qəbildən olan cinayət əməlini törətmişdir. Həmçinin, KANNABİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması mümkün hesab etmir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 28,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməldir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 28,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar