Məhkəmə qərarları › İş №1(057)-185/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-185/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-185/2023 13.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Sərvər oğlu,Müdafiəçi və X3, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Salyan rayonu Marışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Salyan rayonu Marışlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan,barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 31,38 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il avqustun 30-da saat 21:00-da Salyan şəhər dairəsinin yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 21:20-də ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 2023-cü il avqustun 29-da saat 16 radələrində yaşadığı kənd ərazisindən keçən Akkuşa çayının kənarında getdiyi vaxt yerdə marixuna tapmış və həmin maddədən istifadə etmək məqsədi ilə götürüb üzərində saxlamışdır. 2023-cü il avqustun 30-da saat 21 radələrində şəxsi işləri ilə bağlı Salyan şəhər dairəsinin yaxınlığında olarkən polis əməkdaşları onu tutub polisə aparmışlar. Polis şöbəsində üzərinə videoçəkilişlə baxış keçirilən zaman həmin madə aşkar olunub götürülmüşdür. Daha sonra onun üzərindən aşkar edilmiş marixuana çəkilmiş və çəkisinin 32,5 qram olduğu müəyyən edilmişdir.Bu barədə protokol tərtib olunmuş və özü də həmin protokola imza etmişdir.Törətdiyi əmələ görə peşiman olduğunu,himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2023-cü il avqustun 30-da Salyan rayonu Marışlı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış, həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs Salyan şəhər dairəsinin yaxınlığında tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində Hilal müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Hilalın üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı onda 32,5 qram marixuna aşkar edilib götürülmüşdür.Həmin maddə qablaşdırılıb möhürlənmiş və götürülmüşdür.Bu barədə protokol tərtib olunmuş və özü də həmin protokola imza etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmədə elan olunmuş 2023-cü il avqustun 30-da Salyan Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen torbada yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunmuş məhkəmə-bioloji ekspertizasının 31 avqust 2023-cü il tarixli, 18/863 nömrəli rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torba kəsiyi bükülüsündə təmiz çəkisi 31,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı). Məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2023-cü il tarixli, 856 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 13 sentyabr 2023-cü il tarixli, 18-1-68/2-2252/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji, ruhiəsəb və ya digər hər hansı xəstəliklər üzrə qeydiyyatda yoxdur. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 1 azyaşlı uşağı var. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 31,38 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 31,36 qramı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi,himayəsində xx.xx.2019-cu ildə anadan olmuş Sərvər adlı bir azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 30 avqust 2023-cü ildən 13 oktyabr 2023-cü il tarixədək həbsdə, 13 oktyabr 2023-cü ildən isə ev dustaqlığından olduğu üç ay on üç gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlağı qətimkan tədbiri ləğv olunmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli,həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan Salyan rayon polis şöbəsində saxlanılan 31,36 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və evdustaqlığında olduğu üç ay on üç gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il beş ay dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlağı qətimkan tədbiri ləğv olunsun, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan Salyan rayon polis şöbəsində saxlanılan 31,36 qram narkotik vasitə qurudulmuş marixuana hökm qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut kimi tanınmış bir ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar