Məhkəmə qərarları › İş №1(057)-193/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-193/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-193/2023 21.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1962-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.4.2, 234.4.3-cü maddələri ilə səkkiz il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə iki ay iyirmi beş gün vaxtından əvvəl cəzasından şərti azad olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş,xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Salyan şəhəri E.İmanov küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma, həmçinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,89 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il sentyabrın 16-da saat 12:30-da Salyan şəhəri, E.İmanov küçəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda, həmçinin yaşadığı evdə odlu silah saxlamaqda şübhəli bilinərək saxlanılıb saat 12:45-də ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 1 ədəd 1994-cü ildə xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “Kalaşnikov” konstruksiyalı, “AKMS” modelli, 7,62 mm kalibrli, TE 7812 nömrəli, yivli odlu avtomat silahını, 1 ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan 30 ədəd 7,62 x 39 mm kalibrli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı olan darağı və 30 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62 x 39 mm kalibrli “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və “SKS” karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı döyüş sursatı olan patronları əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 2023-cü il sentyabrın 16-da saat 14:15-dən etibarən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilərkən evin yataq otağında yerləşən qırmızı rəngli çamadanın içindən həmin silah, silaha məxsus daraq və patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etməsə belə, onun törətdiyi əməl məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, onu evdən polis əməkdaşları götürüb polisə aparmışlar.Üstünə baxış keçirərək heç bir əşya aşkar etməmişlər.Daha sonra polis şöbəsinin dəhlizində Tural adlı əməkdaş cibinə marixuana qoymuşdur. Onu hədələdiklri üçün qorxusundan etiraz etməmişdir. Evində patron və avtomat olmamışdır.16 sentyabr 2023-cü ildə evinə baxış keçirilmiş, lakin heç nə tapılmamışdır.Avtomat və patronları polisdə görmüşdür.Müstəntiqə heç bir izahat verməmişdir.Polis şöbəsində vəkilin yanında avtomatı onun qucağına qoymuşlar.Videoçəkiliş polisin aktyorluğudur.Onu saat 11-də 2-3 nəfər polis əməkdaşı tutmuş, onlardan birinin adı Alxan olmuşdur.Avtomatı zibillikdə tapmaq olmaz.Tural onun evinin pəncərəsinin torunu kəsmiş, bunu polis şöbəsində özü ona demişdir.Hansı səbəbə görə belə etməsini bilmir.Özünün xəstə olduğunu nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsirini etiraf etməyərək istintaq zamanı vermiş olduğu ifadəsinə zidd ifadə verdiyi üçün istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən elan olunmuşdur. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə qəbul etmiş və əvvəlki müddətdə də dəfələrlə məhkum olunmuşdur. Lakin xəstəliyi və asılılığı olduğu üçün azadlığa çıxdıqdan sonra yenə də narkotik vasitə qəbul etməyə davam etmişdir. Sonuncu dəfə 2022-ci ilin avqust ayında azadlığa çıxmışdır. Sonrakı müddətdə yenə də arabir narkotik vasitə qəbul etmişdir. Təxminən 3 ay əvvəl Salyan şəhərində Kür çayının kənarında gəzdiyim vaxt zibilliyin yanında olan sellofan torba diqqətini cəlb etmişdir. Həmin torbanın içinə baxdığı vaxt içində paslanmış vəziyyətdə “Kalaşnikov” dedikləri avtomat silahının olduğunu görmüşdür. Ətrafda heç kimin olmadığını görüb həmin sellofan torbanı özü ilə götürmüş və yaşadığı evə gətirmişdir. Evdə ətraflı şəkildə baxdığı vaxt silahın üzərində darağının və darağın içində patronlar olduğunu görmüşdür. Bir qədər silahı təmizlədikdən sonra maraqlı gəldiyi üçün saxlamaq qərarına gəlmiş və yataq otağında olan qırmızı rəngli çamadanın içinə qoymuşdur. Lakin sonrakı müddətdə heç vaxt həmin silahı götürüb baxmamış yaxud otaqdan kənara çıxartmamışdır. Qeyd etmişdir ki, evdə tək yaşadığı üçün həmin silahı heç kim görməmiş və evdə silah saxladığımnı da heç kim bilməmişdir. Bundan başqa, 4-5 gün əvvəl yaşadığı evin yaxınlığında küçədə gəzdiyi vaxt yerdə ağacın kənarında içində yaşıl rəngli ot olan sellofan büküm görmüşdür. Həmin bükümü götürüb baxdığı vaxt içində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin “nəşə”ni istifadə etmək məqsədi ilə götürüb cibinə qoymuşdur. Sonrakı müddətdə həmin narkotik vasitədən 1-2 dəfə az miqdarda istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək məqsədilə kibrit qutusuna yığaraq özündə saxlamışdır. 2023-cü il sentyabrın 16-da saat 12:30 radələrində yaşadığı evin yaxınlığında küçədə dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və yaşadığı evdə silah saxlamaqda şübhəli olduğunu izah edib birlikdə polis şöbəsinə gəlməyi təklif etmişlər. O da onlarla razılaşmış və yaşadığı evin qapısını qıfılla bağlayaraq polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müstəntiq tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. O da həmin anda əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı içində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu və şalvarının sağ yan cibində olan yaşadığı evin açarlarını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitədir və özünə məxsusdur. Bundan sonra üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusu elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 10,19 qram olduğu müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusu müstəntiq tərəfindən boş kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Eyni zamanda, suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə Kür çayının kənarından zibillikdən tapdığı avtomat silahı vardır. Yaşadığı evə baxış keçirilərsə həmin silahı təqdim edə bilər, bununla bağlı yaşadığı evə baxış keçirilməsinə etiraz etmir. Şəxsi axtarışın sonunda üzərindən aşkar edilmiş açarlar özünə qaytarılmışdır. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra iştirakçılar protokolu imzalamışlar. Daha sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermişdir. Daha sonra müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. Orada da videoçəkiliş aparılmaqla yaşadığı evə baxış keçirilmişdir. Baxış başladığı vaxt müstəntiq ona təklif etmişdir ki, evində saxladığı silahı təqdim etsin. O da bundan sonra özündə olan açarla qapının qıfılını açaraq həyətə daxil olmuşdur. Daha sonra yaşadığı evin yataq otağına gedib orada divarın üstündə olan qırmızı rəngli çamadanı göstərib silahın həmin çamadanın içində olduğunu bildirmişdir. Polis əməkdaşları həmin çamadanı götürüb açaraq içinə baxmışlar və içində saxladığı avtomat silahını və darağını aşkar etmişlər. Müstəntiq darağın içində olan patronları çıxarıb saydığı vaxt 30 ədəd patron olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, həmin silahı təxminən 3 ay əvvəl Kür çayının kənarında zibillikdən tapmış və maraq üçün evində saxlamışdır. Bundan sonra müstəntiq tərəfindən 30 ədəd patron boş kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Eyni zamanda, avtomat silahı və darağı boş sintetik kisəyə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra evinin digər hissələrinə də baxış keçirilmiş, lakin əlavə əşya aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra iştirakçılar protokolu imzalamışlar. Bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,89 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 4-5 gün əvvəl yaşadığı evin yaxınlığında küçədə gəzdiyi vaxt yerdən tapmışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitə qurudulmuş marixuananı da öz istifadəsi üçün götürüb saxlamış, onu əldə etdiyi və ya üzərində saxladığı vaxt satış məqsədi olmamış, həmin narkotik vasitədən heç kimə pay verməmiş yaxud satmamışdır. Yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd 1994-cü ildə xarici ölkədə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “AKMS” modeli, 7,62 mm kalibrli, TE 7812 nömrəli, yivli odlu avtomat silahını, həmin silaha məxsus istifadəyə yararlı 1 ədəd darağı və 30 ədəd 7,62 x 39 mm kalibrli atəşə yararlı patronları 3 ay əvvəl Kür çayının kənarında zibillikdən tapmış və maraq üçün evində saxlamışdır. Silahı tapdığı vaxt darağı və patronları içində olmuşdur. Həmin silahı yaşadığı evdə saxlamaqda konkret məqsədi olmamış, sadəcə maraqlı gəldiyi üçün silahı evinə aparmış və evində saxlamışdır. Həmin silahı əldə etməsi və saxlaması barədə heç kimin məlumatı olmamışdır. Saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona heç bir zorakılıq edilməmişdir. Polis əməkdaşları onu saxladıqları vaxt təmiz çəkisi 6,89 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynində olan şalvarının cibində olmuşdur. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 16 sentyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 12:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri E.İmanov küçəsində yaşadığı evin yaxınlığında tutub polisə aparmışlar. Polis şöbəsində üzərinə baxışı keçirilmiş və baxış zamanı üzərindən marixuana aşkar olunub götürülmüşdür. Daha sonra Yadulla evində avtomat silahın olduğunu demişdir. Ona görə də onun razılıq ərizəsi əsasında evinə baxış keçirilmiş və evində bir ədəd avtomat, darağı və 30 ədəd patron aşkar etmişlər.Təqsirləndirilən şəxs həmin əşyaları tapdığını və evində saxladığını demişdir. Bütün bunlar barədə protokl tərtib olunmuş və həmin protokola özə də imza etmişdir. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid3 və Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə elan olunmuş 16 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunu və şalvarının sağ yan cibindən açarları çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna baxış keçirilərkən içində yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitədir və özünə məxsusdur. Həmin kütləni 3 gün əvvəl yaşadığı məhəllədə yerdən tapmış, istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamış, heç kimə pay verməmiş yaxud satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 1 ədəd kibrit qutusu elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 10,19 qram olduğu müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə Kür çayının kənarından zibillikdən tapdığı avtomat silahı vardır. Yaşadığı evə baxış keçirilərsə həmin silahı təqdim edə bilər, bununla bağlı yaşadığı evə baxış keçirilməsinə etiraz etmir. 16 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi və götürmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı yaşadığı evdə silah saxlaması ilə bağlı bildirdikləri soruşulduqda həmin sözlərini təsdiq edərək həmin silahı təqdim edə biləcəyini və yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin silahı təqdim etməsi təklifi edilmiş və o, üzərində olan açarla qapının üzərindəki qıfılı açaraq həyətə daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs evin giriş qapısından içəri keçib sol tərəfdə yerləşən otağa daxil olmuşdur. Təqsirləndirilən şəxs otaqda divarın üstündə olan boşluqdakı qırmızı rəngli çamadanı göstərib bildirmişdir ki, silah məhz həmin çamadanın içindədir. Bundan sonra polis əməkdaşları tərəfindən çamadan olduğu yerdən götürülüb yerə qoyulmuşdur. Çamadan açıldıqdan sonra içində 01 ədəd avtomat silahı və 01 ədəd avtomat darağı olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, həmin silahı və darağı 2-3 ay əvvəl Kür çayının kənarında zibillikdən tapmış, şəxsi marağı üçün götürüb yaşadığı evə gətirmiş və evdə saxlamışdır. Həmin silahı yaşadığı evdə saxlayarkən başqa niyyəti yaxud məqsədi olmamışdır. Aşkar edilmiş avtomat silahına baxış keçirilərkən silahın paslanmış vəziyyətdə olduğu, sol tərəfində “TE 7812” və “1994” yazılarının həkk olunduğu müəyyən edilmişdir. Darağa baxış keçirilərkən isə içində 30 ədəd patron olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, silahı tapdığı vaxt daraq üzərində olmuş, silahdan atəş açmamış, yaxud evdə saxlaması barədə heç kimin məlumatı olmamışdır. Məhkəmə baxışında baxış keçirilmiş iki DVD-də 16 sentyabr 2023-cü il tarixlərdə tərtib olunmuş protokolda qeyd olunan hallar bir daha öz təsdiqini tapmışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 16 sentyabr 2023-cü il tarixli, 18/922 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibit qutusunda təmiz çəkisi - 6,89 qram olan bitki mənşəli kütlə tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Məhkəmə-ballistik ekspertizasının 16 sentyabr 2023-cü il tarixli, 23/708R nömrəli rəyindən görünür ki;

1. Tədqiqata təqdim edilmiş 01 ədəd TE-7812 N-li silah, zavod üsulu ilə xarici dövlətdə 1994-cü ildə istehsal olunmuş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edimiş 30 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. 3. Təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. 4. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Məhkəmə-narkoloji ekspertizasının 14 noyabr 2023-cü il tarixli, 1043 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 22 sentyabr 2023-cü il tarixli, 18-1-68/2-2323/2023 nömrəli məktubundan görünür ki, Salyan şəhəri E.İmanov küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 1997-ci ildən “tiryəklə” narkoloji qeydiyyatda olsa da, psixonevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.4.2, 234.4.3-cü maddələri ilə səkkiz il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə iki ay iyirmi beş gün vaxtından əvvəl cəzasından şərti azad olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 6,87 qram narkotik vasitə qurudulmuş marixuana, habelə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 1 ədəd “Kalaşnikov” konstruksiyalı, “AKMS” modelli, 7,62 mm kalibrli, TE 7812 nömrəli, yivli odlu avtomat silahı, həmin silahın komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik daraq və ekspertizadan sonra qalıq qalmış 27 ədəd 7,62x39 mm kalibrli patronlar iş üzrə 18 sentyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza nəzərdə tutulmuş olsa belə, onu azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir. Onun döyüş surasatı və narkotik maddə saxlaması halları bir daha sübut edir ki, onun törətdiyi əməllər cəmiyyət üçün kifayət qədər təhlükəli olmuşdur.Eyni zamanda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı təqsirini etiraf etməməsi və narkotik maddənin onun cibinə Tural adlı əməkdaş tərəfindən polis şöbəsinin dəhlizində qoyulması, avtomat silahı və sursatların ona məxsus olmaması barədə verdiyi vəsatətlər özünü müdafiə xarakteri daşıdığından rədd olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı, cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona hər iki cinayətə görə təyin olunmuş cəzaları qismən toplama yolu ilə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2023-cü ildən hesablanmalıdır. Barəsində seçilmiş xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 6,87 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 1 ədəd “Kalaşnikov” konstruksiyalı, “AKMS” modelli, 7,62 mm kalibrli, TE 7812 nömrəli, yivli odlu avtomat silahı, həmin silahın komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik daraq və ekspertizadan sonra qalıq qalmış 27 ədəd 7,62x39 mm kalibrli patronlar müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə iki il, 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 6,87 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, “Kalaşnikov” konstruksiyalı, “AKMS” modelli, 7,62 mm kalibrli, TE 7812 nömrəli, yivli odlu avtomat silahı, həmin silahın komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik daraq və ekspertizadan sonra qalıq qalmış 27 ədəd 7,62x39 mm kalibrli patronlar müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin anbarına təhvil verilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar