Məhkəmə qərarları › İş №1(057)-22/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-22/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-22/2023 12.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ 12 yanvar 2023-cü ildə Salyan şəhərində Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakları ilə xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Salyan şəhəri A.Hüseynov küçəsi ev 68-də qeydiyyatda olmaqla Salyan şəhəri N.Babayev küçəsi ərazisində köhnə yataqxanada yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o,məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış və Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 10 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Salyan şəhəri N.Babayev küçəsi ərazisində yaşadığı yataqxananın yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 10 noyabr 2022-ci il tarixdə gündüz saatlarında yaşadığı Salyan şəhəri N.Babayev küçəsi ərazisində yolda gedərkən yerdəki sellofan bükümdə metamfetamin görmüşdür. Həmin maddəni qəbul etmək üçün özündə saxlamış və saat 16 radələrində Salyan şəhəri N.Babayev küçəsi ərazisində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu tutub polisə aparmışlar. Polis şəbəsində həmin maddəni təqdim edərək, tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını demişdir. Onda aşkar olunan maddə müstəntiq tərəfindən götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Özü də həmin protokola imza etmişdir.Törətdiyi əmələ görə peşimandır, himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Şahid Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki,10 noyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən raportla məruzə edilərək Salyan şəhəri A.Hüseynov küçəsi ev 68-də qeydiyyatda olmaqla Salyan şəhəri N.Babayev küçəsində yerləşən köhnə yataqxanada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə etməsi, daşıması və saxlaması barədə şübhəli olması bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, bu məqsədlə o və CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri N.Babayev küçəsi ərazisində yaşadığı yataqxananın yaxınlığında olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya cinayət xarakterli əşya və ya predmet vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində “patı” deyilən psixotrop maddə metamfetamin vardır. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda oradan ağ rəngli, kristalşəkilli, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin maddəni bu gün yaşadığı küçədə yerdən tapmış və özü qəbul etmək məqsədilə üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddədən başqa şəxsə satmamış və ya satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə məhkəməkimyəvi ekspertizasına təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmış, ağzı möhürlənmiş, Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirakçılar tərəfindən üzəri imzalanmış və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə aparılmasının nəticəsinə dair protokol tərtib edilmiş və imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. 10 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində "patı" deyilən psixotrop maddə metamfetamin vardır və bundan sonra əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümün içərisinə baxıldıqda orada ağ rəngdə, kristalik şəkildə, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddəni bu gün yaşadığı Salyan şəhəri N.Babayev küçəsi ərazisində yolda yerdən tapmış, həmin psixotrop maddə metamfetamini qəbul etmək üçün üzərində saxlamışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 11 noyabr 2022-ci il tarixli 18/1213 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən..." sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,465 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir (İ siyahı). Məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2022-ci il tarixli 1165 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 152.1,70-ci maddələri ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 il şərti sınaq müddəti təyin edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,415 qram psixotrop maddə metamfetamin iş üzrə 14 noyabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 1 nəfər azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə olduğu bir gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan Salyan rayon polis şöbəsində saxlanılan 0,415 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili X5 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu bir gün müddət azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinnetdə profilaktiki qeydiyyata alınsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan Salyan rayon polis şöbəsində saxlanılan 0,415 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut kimi tanınmış bir ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Salyan rayon Vəkil Bürosunun vəkili X5 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar