Məhkəmə qərarları › İş №1(057)-24/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-24/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-24/2023 16.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Ağsu rayonu, Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Ağsu rayonu Pirhəsənli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 306.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 yanvar 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 306.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə, həmçinin təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, o, cavabdeh kimi ondan 31 yanvar 2017-ci il tarixdən hesablanmaqla 03 noyabr 2011-ci il təvəllüdlü X3 və 17 fevral 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi hər ay bir uşağa görə 100 manat, iki uşağa görə isə 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Bəhrəmova (Mehraliyeva) Ayşən Azad qızına verilməsinə dair Ağsu rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 iyul 2017-ci il tarixli, 2(016)- 304/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağsu rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 3(016)-226/2020 saylı inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsilə 13 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 22 iyun 2020-ci il və 03 fevral 2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 29 mart 2021-ci il tarixinə kimi cəmi 8760,00 manat məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci il sentyabrın 26-da saat 23 radələrində Salyan rayonu Qardili kəndində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 1300 manat dəyərində 1 illik, diri halda çəkisi 120 kq olan 1 baş dişi cinsli iribuynuzlu heyvanı və 500 manat dəyərində 2 illik, 1 baş dişi cinsli «Kanqal» növünə aid olan iti gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci il sentyabrın 28-də saat 02 radələrində Salyan rayonu Qardili kəndində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 1200 manat dəyərində 1 illik, diri halda çəkisi 120 kq olan 1 baş erkək cinsli iribuynuzlu heyvanı və 1100 manat dəyərində 1 illik, diri halda çəkisi 110 kq olan 1 baş erkək cinsli iribuynuzlu heyvanı gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2300 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. X2 həmin cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki,məhkəmə iclasında təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CMnin 177.2.2 və 306.1-ci maddələrilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, Ağsu Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(016)-304/2017 saylı qətnaməsinə əsasən ondan 31 yanvar 2017-ci il tarixdən hesablanmaqla hər bir uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutalaraq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 3(016)-226/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta törətdiyi üçün 13 (on üç) gün müddətinə inzibati həbs edilməyinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini imkanı olmadığından icra etməmiş və 29 mat 2021-ci il tarixə kimi ödənməmiş 8780 manat aliment borcu yaranmışdır. Bundan başqa Salyan rayonu Qardili kəndində tanımadığı şəxsə məxsus olan fermada çoban işləyən Şahid3 09 sentyabr 2022-ci il tarixdə ona zəng edərək işlədiyi fermanın yaxınlığında başqa şəxsə məxsus olan fermanın sahibinin çoban axtardığını demişdir. 10 sentyabr 2022-ci il tarixdə Oktay adlı şəxsin mobil telefonuna zəng edərək onun mobil telefon nömrəsini ona Alimin verdiyini və iş üçün zəng etdiyini bildirmişdir. Oktay ona fermada çoban işləyib-işləməyəcəyini soruşduqda, o da işləyə biləcəyini demişdir. Oktay ona mobil telefon nömrəsinə zəng edəcəyini bildirmişdir.12 sentyabr 2022-ci il tarixdə saat 07 radələrində o, Bakı şəhəri Sabunçu rayonunda kirayə qaldığı evdən çıxaraq Bakı şəhəri Nəsimi rayonunda yerləşən Nəsimi metrostansiyasının yanına gedərək Oktay ilə görüşmüşdür. Oktaya məxsus olan avtomobilə əyləşərək Salyan rayonu Qardili kəndində yerləşən fermasına getmişlər. Oktay fermanın ərazisi ilə onu tanış etmişdir. Sonra Oktay fermada olan iribuynuzlu heyvanları saymış və 56 baş iribuynuzlu heyvanı ona təhvil vermişdir. Oktay ona ərzaq məhsulları alıb verərək çıxıb getmişdir. O, fermada olan tikilinin içərisində qalmış, 56 iribuynuzlu heyvanı Oktaya məxsus olan yonca sahəsində otarmışdır. O, arada bir axşamlar Salyan rayonu Qardili kəndində yerləşən fermaya yaxınlıqda yerləşən Rövşənə məxsus olan kafeyə getmişdir. O, Rövşən ilə onun işlətdiyi kafedə tanış olmuşdur. 25 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Oktay fermaya gələrək gördüyü işin onu qane etmədiyini və narazı olduğunu bildirmişdir. Oktaya əlindən gələn hər bir işi etdiyini bildirmişdir. Oktay onunla razılaşmayaraq əşyalarını götürüb fermadan getməyini və işinə son verdiyini bildirmişdir. O da özünə məxsus olan əşyaları götürərək fermadan çıxıb getmişdir. Oktayın səbəbsiz yerə onu işdən çıxarmasına çox pis əsəbiləşmişdir. Buna görə də Oktayın fermasından oğurluq etmək qərarına gəlmişdir. Həmin tarixdə axşam saatlarında o, Salyan rayonu Qardili kəndində yerləşən Rövşənin işlətdiyi kafeyə getmişdir. Rövşən ilə söhbət edən zaman Oktayın onu işdən çıxarması haqqında ona bir söz deməmişdir. O, Rövşənə fermada özünə məxsus iribuynuzlu heyvanlar olduğunu deyərək 1 baş iribuynuzlu heyvanı satmaq istədiyini bildirmişdir. Rövşən ondan həmin iribuynuzlu heyvanın oğurluq olub-olmadığını soruşmuş, o da Rövşənə ayıb olduğunu və özünə məxsus olduğunu demişdir. Rövşən də arabir heyvan alqı-satqısı ilə məşğul olduğunu deyərək ala biləcəyini bildirmişdir. O da Rövşənə xəbər edən zaman gəlib aparmasını demiş, Rövşən də onunla razılaşmışdır. Bundan başqa Rövşən ona it axtardığını bildirmişdir. O da Oktayın fermasında çoxlu it olması səbəbi ilə orada olan itlərdən birini ona verə biləcəyini demişdir. Rövşən onunla razılaşaraq ondan çox razı qaldığını bildirmişdir. 26 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində o, Oktayın fermasının yaxınlığına getmişdir. Bu zaman iribuynuzlu heyvanların otlaq sahəsində otladığını, itlərin də orada olduğunu görmüşdür. O, ətrafa baxmış və ətrafda heç kimin olmadığını görmüşdür. O, iribuynuzlu heyvanların yanına gedərək 1 baş dişi cinsli, təxminən 80 kq çəkidə olan iribuynuzlu heyvanı və bir baş dişi cinsli «Kanqal» sortlu iti oğurlayaraq sahədən kənara aparmışdır. O bildirmişdir ki, mobil telefon vasitəsilə Rövşənə zəng edərək gəlib iribuynuzlu heyvanı və iti aparmasını demiş, Rövşən də Qazel tutub gələcəyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra Rövşən Qazel markalı nömrəsini bilmədiyi yük avtomobili ilə onun yanına gəlmişdir. Qazelin sürücüsü avtomobildən yerə düşmədiyi üçün onun üzünü görməmişdir. O, həmin 1 baş dişi cinsli iribuynuzlu heyvanı və 1 ədəd dişi cinsli Kanqal sortlu iti Qazel markalı yük avtomobilinin yük yerinə mindirmişdir. Rövşən ondan 1 baş dişi cinsli iribuynuzlu heyvanı və 1 ədəd iti neçəyə satdığını soruşmuş, o da 1 baş dişi cinsli iribuynuzlu heyvanı 500 manata satdığını, 1 ədəd iti isə ona bağışladığını demişdir. Rövşən ona 1 baş dişi cinsli iribuynuzlu heyvana 450 manat pul verəcəyini bildirmiş, o da Rövşən ilə razılaşmışdır. Rövşən 450 manat pulu sayaraq ona vermiş, Qazel markalı yük avtomobilinə əyləşərək çıxıb getmişdir. 27 sentyabr 2022-ci il tarixdə axşam saatlarında o, Rövşənə mobil telefon vasitəsilə zəng edərək özünə məxsus olan 2 baş erkək cinsli iribuynuzlu heyvanı satmaq istədiyini demiş, Rövşən də ala biləcəyini bildirmişdir. O, Rövşənə mobil telefon vasitəsilə zəng edən zaman gəlib aparmasını demiş, Rövşən də onunla razılaşaraq xəbər edən zaman gəlib aparacağını bildirmişdir. 28 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində o, Salyan rayonu Qardili kəndində yerləşən Oktaya məxsus olan fermanın otlaq sahəsinə getmişdir. O, iribuynuzlu heyvanların otlaq sahəsində otladığını aşkar etmişdir. O, ətrafa baxmış və ətrafda heç kimin olmadığını görmüşdür. O, iribuynuzlu heyvanların yanına gedərək 2 baş erkək cinsli iribuynuzlu heyvanı oğurlayaraq otlaq sahəsindən kənara aparmışdır. Sonra Rövşənə mobil telefon vasitəsilə zəng edərək gəlib 2 baş erkək cinsli iribuynuzlu heyvanı aparmasını demişdir. Təxminən 20 dəqiqə sonra Rövşən yük motosikleti ilə onun yanına gəlmişdir. O, yük motosikletinin sürücüsünü tanımamışdır. O, həmin 2 baş erkək cinsli iribuynuzlu heyvanı yük motosikletinin yük yerinə mindirmişdir. Rövşən 2 baş erkək cinsli iribuynuzlu heyvanı neçəyə satdığını soruşmuş, o da 2 baş erkək cinsli iribuynuzlu heyvanı ümumilikdə 1000 manata satdığını demişdir. Rövşən onunla razılaşaraq 1000 manat pulu sayaraq ona vermiş, yük motosikletinə əyləşərək çıxıb getmişdir. 13 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı kənd ərazisində olan zaman mülki geyimli polis əməkdaşları onu tutub Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Törətdiyi əməllərdən peşman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ərizəsində təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, məhkəmə baxışını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmə onun istintaq zamanı verdiyi ifadəsini Azərbaycanq Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən məhkəmə baxışında elan etmişdir. O, həmin ifadəsində göstərmişdir ki, xx xxxxxx 1990-cı ildə Ağsu rayonu Külüllü kəndində anadan olmuş və yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. 2009-cu il tarixdə Təqsirləndirilən şəxs valideyinləri ondan ötrü elçi gəlmişlər və 2010-cu ildə el adəti ilə evlənmişlər. Evləndikdən sonra, onlar bir müddət Ağsu rayonu Pirhəsənli kəndində və Bakı şəhərinin fərqli ünvanlarında kirayə evdə yaşamışlar. Birgə nikahlarından 03 noyabr 2011-ci il təvəllüdlü Zərnişan Mehraliyeva və 17 fevral 2014-cü il təvəllüdlü Pərviz Mehraliyev adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Həbib ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduğu müddətdə əsassız söz-söhbətlər yaratdığı, uşağları ilə maraqlanmadığı, tez-tez spirtli içki qəbul etdiyi üçün yola gedə bilmədiyi üçün ayrılmışlar. Övladları onun himayəsində qalmış, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəməyə iddia qaldırmışdır. Ağsu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(016)-304/2017 saylı, 17 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2017-ci il tarixdən hesablanmaqla 03 noyabr 2011-ci il təvəllüdlü X3 və 17 fevral 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 100,00 manat olmaqla, ümumilikdə 200,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağsu Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi heç bir əmlakı aşkar edilməmişdir. Ağsu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağsu Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 29 mart 2021ci il tarixə kimi yığılıb qalmış ödənməmiş 8780,00 manat aliment borcunu ödəməmiş, övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ərizəsində təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş 3600 manat ziyanın ödənilmədiyini, məhkəmə baxışını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmə onun istintaq zamanı verdiyi ifadəsini Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən məhkəmə baxışında elan etmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 10 sentyabr 2022-ci il tarixdə Alim mobil telefon vasitəsilə zəng edərək çoban tapdığını, həmkəndlisi olduğunu və adının Həbib olduğunu bildirmişdir. O da Həbibin mobil telefon nömrəsini ona verməsini onunla danışmağını demiş, Alim də Həbibin mobil telefon nömrəsini ona vermişdir. O, Həbibə mobil telefon vasitəsilə zəng edərək mobil telefon nömrəsini Alimin verdiyini və iş üçün zəng etdiyini demişdir. Həbib də ona tanışı Alimin dediyi şəxs olduğunu bildirmişdir. O, Həbibdən fermada çoban işləyib-işləməyəcəyini soruşduqda, Həbib də işləyə biləcəyini bildirmişdir. O da Həbibə mobil telefon nömrəsinə zəng edəcəyini demişdir. 11 sentyabr 2022-ci il tarixdə o, mobil telefon vasitəsilə Həbibə zəng edərək harada olduğunu soruşmuş, Həbib də Bakı şəhərində olduğunu bildirmişdir. O, Həbibə sentyabrın 12-də Bakı şəhəri Nəsimi rayonunda yerləşən Nəsimi metrostansiyasının yanında onu gözləyəcəyini demiş, Həbib də razılaşaraq gələcəyini bildirmişdir. 12 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində o, Həbib ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən Nəsimi metrostansiyasının yanında görüşmüşdür. Həbib ona məxsus olan avtomobilə əyləşmiş və onlar Salyan rayonu Qardili kəndində yerləşən fermaya gəlmişlər. O, fermanın ərazisi ilə Həbibi tanış etmişdir. Sonra o, fermada olan iribuynuzlu heyvanları saymış və 56 baş iribuynuzlu heyvanı Həbibə təhvil vermişdir. Həbib ilə aylıq 450 manata razılaşmışlar. O, Həbib üçün ərzaq məhsulları alıb verərək Bakı şəhərinə getmişdir. Həbib fermada olan tikilinin içərisində qalmış, 56 iribuynuzlu heyvanı ona məxsus olan yonca sahəsində otarmışdır. O, Bakı şəhərində olan zaman Həbibin fermanı sahibsiz qoyub harasa getdiyini öyrənmişdir. Həbibə mobil telefon vasitəsilə zəng edərək harada olduğunu və nə üçün fermanı sahibsiz qoyduğunu soruşmuşdur. Həbib isə heyvanları tövləyə saldığını və qapını bağladığını, yaxınlıqda yerləşən kafeyə getdiyini bildirmişdir. O, Həbibin məsuliyyətsiz olduğunu başa düşmüşdür. 25 sentyabr 2022-ci il tarixdə günorta saatlarında o, Bakı şəhərindən Salyan rayonu Qardili kəndində yerləşən fermasına getmişdir. Həbibdən nə iş gördüyünü soruşmuş, Həbib də hansı işləri etdiyini bildirmişdir. O, Həbibə gördüyü işdən narazı olduğunu demişdir. O, Həbibə əşyalarını götürüb fermadan getməyini və işinə son verdiyini demişdir. Həbib də özünə məxsus olan əşyaları götürərək fermadan çıxıb getmişdir. O, fermaya nəzarət etməsi üçün başqa çoban axtarmağa başlasa da, hələlik tapa bilməmişdir. Buna görə də iribuynuzlu heyvanları əkin sahəsində əkdiyi yonca sahəsinə buraxmışdır. Ona məxsus olan iribuynuzlu heyvanların yanında çoxlu çoban iti vardır. Onun işləri olduğundan fermada qala bilmədiyi üçün Bakı şəhərinə evinə getmişdir. 28 sentyabr 2022-ci il tarixdə səhər saatlarında o, fermaya gələrək iribuynuzlu heyvanlara baxaraq onları saymış və 1 illik, diri halda çəkisi 120 kq olan 1 baş dişi cinsli iribuynuzlu heyvanın, 1 illik, diri halda çəkisi 120 kq olan 1 baş erkək cinsli iribuynuzlu heyvanın, 1 illik, diri halda çəkisi 110 kq olan 1 baş erkək cinsli iribuynuzlu heyvanın və 1 baş dişi cinsli Kanqal sortlu itin olmadığını aşkar etmişdir. O, əvvəl həmin heyvanların sahədə olduğunu fikirləşmiş və sahəni axtarmağa başlamışdır. Lakin həmin iribuynuzlu heyvanları tapa bilməmişdir.Sonradan həmin heyvanlarının itmədiyini, əvvəl fermada çoban işləmiş Həbib tərəfindən oğurlandığını başa düşmüşdür. Buna görə də o, Salyan Rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. O bildirmişdir ki, Həbibi oğurluq etməsi üçün başa salan Rövşən olmuşdur. Oğurlanmış it ona qaytarılmış, qalan heyvanlar qaytarılmamışdır. Zərərçəkmiş eyni zamanda məhkəməyə verdiyi iddia ərizəsində ona dəymiş 3600 manat pulun təqsirləndirilən şəxsdən alınıb ona verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Salyan rayonu Qardili kəndində kafe işlədir. Bundan əlavə o, heyvan alqı-satqısı ilə məşğul olur. Sonradan tanıdığı Həbib arada bir onun işlətdiyi kafeyə pivə içmək üçün gəlmişdir. Həmin vaxt onun Həbib ilə münasibəti yaranmışdır. Həbib ona Oktaya məxsus olan Salyan rayonu Qardili kəndində yerləşən fermada çoban işlədiyini demişdir. 25 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Həbib işlətdiyi kafeyə gəlmişdir. Həbib ona fermada özünə məxsus iribuynuzlu heyvanlar olduğunu deyərək 1 baş iribuynuzlu heyvanı satmaq istədiyini bildirmişdir. O, Həbibdən həmin iribuynuzlu heyvanın oğurluq olub-olmadığını soruşduqda, Həbib də ona ayıb olduğunu deyərək özünə məxsus olduğunu bildirmişdir. O da arabir heyvan alqısatqısı ilə məşğul olduğu üçün ala biləcəyini demişdir. Həbib ona xəbər edən zaman gəlib aparmağını demiş, o da razılaşmışdır. Bundan başqa o, Həbibə it axtardığını demişdir. Həbib də ona Oktayın fermasında çoxlu it olması səbəbi ilə orada olan itlərdən birini ona verə biləcəyini bildirmişdir. O da Həbib ilə razılaşaraq çox razı olduğunu demişdir. 26 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Həbib mobil telefon vasitəsilə ona zəng edərək gəlib iribuynuzlu heyvanı və iti aparmağını bildirmiş, o da Qazel tutub gələcəyini demişdir. O, tanıdığı Qazel sürücüsü olan İltizama mobil telefon vasitəsilə zəng edərək iribuynuzlu heyvan olduğunu və gedib gətirmək lazım olduğunu demiş, İltizam da problem olmadığını deyərək gedə biləcəyini bildirmişdir. O, İltizamdan nə qədər yol pulu alacağını soruşmuş, iltizam isə 20 manat alacağını demişdir. O da İltizam ilə razılaşaraq onun dediyi yerə getmişlər. İltizamın ürəyi xəstə olduğu üçün yerə düşməmiş, o, isə yerə düşərək Həbibin yanına getmişdir. Həbib 1 baş dişi cinsli iribuynuzlu heyvanı və 1 baş dişi cinsli «Kanqal» sortlu iti Qazel markalı yük avtomobilinin yük yerinə mindirmişdir. O, Həbibdən 1 baş dişi cinsli iribuynuzlu heyvanı və 1 ədəd iti neçəyə satdığını soruşmuş, Həbib isə 1 baş dişi cinsli iribuynuzlu heyvanı 500 manata satdığını, iti isə bağışladığını bildirmişdir. O da 1 baş dişi cinsli iribuynuzlu heyvana 450 manat pul verəcəyini demiş, Həbib də onunla razılaşmışdır. O, 450 manat pulu sayaraq Həbibə vermiş və Qazel markalı yük avtomobilinə əyləşərək çıxıb getmişdir. 27 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Həbib mobil telefon vasitəsilə ona zəng edərək özünə məxsus olan 2 baş erkək cinsli iribuynuzlu heyvanı satmaq istədiyini bildirmiş, o da ala biləcəyini demişdir. Həbib mobil telefon vasitəsilə ona zəng edib çağırdığı zaman gəlməyini bildirmişdir. 28 sentyabr 2022-ci il saat 01 radələrində o da Salyan-Sabirabad magistral yolunun üzərində yerləşən heyvan bazarına Həbibdən aldığı 1 baş dişi cinsli iribuynuzlu heyvanı satmağa getmişdir. O bildirmişdir ki, Həbibdən aldığı 1 baş dişi cinsli iribuynuzlu heyvanı 600 manata tanımadığı şəxsə satmışdır. Həmin tarixdə saat 02 radələrində Həbib mobil telefon vasitəsilə ona zəng edərək gəlib 2 baş erkək cinsli iribuynuzlu heyvanı aparmağını bildirmişdir. O, orada heyvan daşıyan yük motosikleti idarə edən tanımadığı şəxsə yaxınlaşmışdır. O, həmin şəxsə Salyan rayonu Qardili kəndində yerləşən otlaq sahəsində tanışının ona 2 baş iribuynuzlu heyvan satdığını və neçəyə gedib gətirə biləcəyini soruşmuşdur. Həmin şəxs əvvəl 10 manat desə də, sonra 15 manata gedib gələcəyini bildirmişdir. O da həmin şəxs ilə razılaşmış və onun idarə etdiyi motosiklet ilə Qardili kəndində yerləşən otlaq sahəsinə getmişlər. O, Həbibin dediyi yerə gedərək onunla görüşüb satmaq istədiyi 2 baş iribuynuzlu heyvana baxmışdır. Həmin iribuynuzlu heyvanların erkək cinsli olmasını görmüşdür. Həbib həmin 2 baş erkək cinsli iribuynuzlu heyvanı yük motosikletinin yük yerinə mindirmişdir. O, Həbibə həmin 2 baş erkək cinsli iribuynuzlu heyvanı neçəyə satdığını soruşmuş, Həbib isə 2 baş erkək cinsli iribuynuzlu heyvanı ümumilikdə 1000 manata satdığını bildirmişdir. O da razılaşaraq 1000 manat pulu sayaraq Həbibə vermiş, sonra yük motosikletinə əyləşərək heyvan bazarına getmişdir. O, motosikletin sürücüsünə 15 manat pul vermiş və 2 baş iribuynuzlu heyvanı satmaq üçün bazara aparmışdır. Şahid5 göstərmişdir ki, Qaz 33021 yük markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Bakı şəhər sakini X11 məxsusdur, 26 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində tanışı Rövşən mobil telefon vasitəsilə ona zəng edərək Salyan rayonu Qardili kəndində yerləşən otlaq sahəsində 1 baş iribuynuzlu heyvan olduğunu, həmin heyvanı aldığını, buna görə də gedib onu götürmək lazım olduğunu bildirmiş, o da onunla razılaşmışdır. Həmin vaxt o, Rövşən ilə görüşmüş və həmin otlaq sahəsinə getmişlər. Onun ürəyi xəstə olduğu üçün yük avtomobilindən yerə düşməmişdir. Rövşən yerə düşərək tanımadığı 1 nəfər şəxs ilə görüşmüş və həmin şəxs 1 baş iribuynuzlu heyvanı gətirərək avtomobilin yük yerinə mindirmişdir. Sonra Rövşən ilə birlikdə onun yaşadığı ünvana getmişlər. Rövşən avtomobilin yük yerində olan 1 baş iribuynuzlu heyvanı yerə düşürtmüşdür. Rövşən ilə danışdıqları kimi 20 manat pulu ona vermişdır. Məhkəmədə elan olunmuş Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən alınmış 14 oktyabr 2022-ci il tarixli, 223 nömrəli mütəxəssis rəyindən görünür ki, - 1 illik, diri halda çəkisi 120 kq olan 1 baş dişi cinsli - 1300 manat; - 1 illik, diri halda çəkisi 120 kq olan 1 baş erkək cinsli - 1200 manat; - 1 illik, diri halda çəkisi 110 kq olan 1 baş erkək cinsli - 1100 manat; - 2 illik, 1 ədəd dişi cinsli Kanqal sortlu it- 500 manat dəyərindədir. 15 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları ifadəsinin yerində yoxlanılması zamanı bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-də Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, lakin 08 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 53.4-cü maddəsinə əsasən dayandırılmışdır. Xaçmaz RPŞ-nin müstəntiqi X8 16 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayətdə iştirakı sübuta yetmədiyindən həmin hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Ağsu RMX-nin 21 oktyabr 2022-ci il tarixli PHŞ/6-25-2-2022-70 saylı arayışından görünür ki, Ağsu rayonu Pirhəsənli kənd sakini, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” müraciət etməmiş dispanser qeydiyyatına götürülməmişdir. Ağsu RİHB-nin Pirhəsənli kənd İƏD üzrə nümayəndəliyinin 09 mart 2021-ci il tarixli, 09 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Pirhəsənli kəndində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir kənd ərazisində yaşamır, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs2 məxsus oğurladığı 2 illik, 1 ədəd dişi cinsli Kanqal növünə aid olan itin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 aktla təhvil verilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 306.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmişşəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmişşəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 306.1-ci maddələrinin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum məhrum etmə növündə cəza təyin etməyi qanuni hesab edir. X5 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir. Belə ki, X6 törətdiyi hər iki cinayətə görə zərərçəkmişlərə dəymiş ziyanı ödəməmiş, hər iki zərərçəkmiş ondan şikayətçidir. X6 işləyib əldə etdiyi qazancla uşaqlarının saxlanılması üçün aliment verməli olmasına baxmayaraq, o, təkrar oğurluq etmiş və əldə etdiyi vəsaiti özünün tüfeyli həyat tərzinə sərf etmişdir. Bütün bu qeyd edilənlər bir daha onu göstərir ki, təqsirləndirilən şəxsi ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunacağı təqdirdə o, yenə cinayət əməllərini davam etdirəcəkdir. Ona görə də məhkəmə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını daha əsaslı və ədalətli hesab edir. X6 Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə axtarışda olduğu üçün 16 avqust 2021-ci ildə saat 08:00-da Ağsu RPŞ-nin əməkdaşları tərəfindən Ağsu rayonunda tutularaq Bakı şəhəri, Nərimanov RPİ-yə təhvil verilmiş və 17 avqust 2021-ci ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən azad olunmuşdur.Ona görə də onun tutulub saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. X6 barəsində 13 oktyabr 2022-ci ildə tutulmuş, 14 oktyabr 2022-ci ildə barəsində həbs qətimkan tədbitri seçilmişdir. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən X6 ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 13 oktyabr 2022-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona hər iki cinayət əməlinə görə təyin olunmuş cəzaları qismən toplama yolu ilə qəti cəza təyin olunmalıdır. İşüzrə maddi sübut – bir baş dişi cinsli «Kanqal» növünə aid olan itin saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə verilmiş mülki iddia təmin olunmalı, X1 3600 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 43 manat alınıb Zərərçəkmiş şəxs2 verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə üç il, 306.1-cı maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X2 16 avqust 2021-ci ildən 17 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablansın, üzərində üç il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 13 oktyabr 2022-ci ildən hesablansın. X6 barəsində 14 oktyabr 2022-ci ildə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İşüzrə maddi sübut – bir baş dişi cinsli «Kanqal» növünə aid olan itin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə verilmiş mülki iddia təmin olunaraq X1 3600 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 43 manat alınıb Zərərçəkmiş şəxs2 verilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X4 məhkəmə baxışı dövründə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı üçün 6 manat olmaqla, 60 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün surəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar