Məhkəmə qərarları › İş №1(057)-24/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-24/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-24/2024 30.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X8 Yaqub oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X5 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Salyan rayonu Çadırlı kəndində qeydiyyatda olmaqla yaşamış, Salyan rayon Məhkəməsinin 1(057)-43/2020 saylı 01 iyul 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 73.2-ci maddəsinə əsasən icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdılması cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin 4(032)-3/2024 saylı 08 yanvar 2024-cü il tarixli qərarına əsasən əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablanmaqla barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Salyan rayonu Çadırlı kəndindəki evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı anası Zərərçəkmiş şəxs qəsdən yumruq-təpiklə vurub döyərək ona sol göz orbitasının qançırı, sol gözün ağlı qişasının qansızması, sol almacıq nahiyyəsinin qançırı və şişkinliyi, burunun yumşaq toxumasının şişkinliyi, burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təhqiqat zamanı verdiyi ifadə düzdür, həmin ifadəni təsdiq edir. Yaşadığı ünvanda anası Zərifə ilə birgə yaşayır. Əvvəllər anası ilə arasında bir neçə dəfə ailə daxili münaqişə olmuşdur. 19 dekabr 2023-cü il tarixdə saat 19 radələrində işdən evə gəlmiş, anası Zərifə evdə olan qaz sobasını odun sobası ilə əvəz etməsini ondan tələb etmiş, o, anasına qaz sobasının yerində qalmasını demiş, lakin anası bir neçə dəfə odun sobasını quraşdırmasını tələb etdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbindən anasını söyərək əvvəl bir dəfə qaz sobasına və bir dəfə də anasının əlində yemək hazırladığı qazana təpiklə vurmuş, sonuncu sözlə acıqlandığından bir-iki dəfə də onun bel nahiyyəsindən təpiklə vurmuşdur. Anası acıq edərək həyətə düşüb qohum evinə getmək istədikdə arxadan ona çataraq əli ilə onun başında olan papağından saçı qarışıq yapışaraq evə tərəf çəkmiş, sol qolundan yapışaraq yarı ayaq üstə evə dartıb çəkərək otağa salandan sonra əli ilə onun sifətindən zərbə ilə bir sillə vurmuş, sonra da sol qolunun dirsəyi ilə onun sifətinə vuraraq onu döymüşdür. Bundan sonra onu buraxaraq evdə odun sobasını quraşdırmış, başı odun sobasına qarışdığından anası gözündən yayınaraq kənddə qohum evinə getmiş, baş vermiş hadisə barəsində polisə şikayət etmişdir. Hadisəni törədən zaman içkinin təsiri altında olmuşdur. Əməlindən peşmandır, anası ilə barışmışdır, rəsmi nikahı yoxdur, qeyrirəsmi kəbindən bir azyaşlı uşağı var, uşaq arvadının himayəsində olmaqla ondan ayrı Bakı şəhərində yaşayırlar. Əvvəllər cinayət törətmiş, bir dəfə arvadını döydüyünə görə barəsində cinayət təqibinə xitam verilib, sonuncu dəfə Salyan rayon məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəzasını çəkir, Şirvan şəhərində oğurluq cinayəti törətdiyinə görə 08 yanvar 2024-cü il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcək, anası ilə barışmış, ona qayğı göstərmək istəyir, odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxsin təhqiqat zamanı verdiyi ifadəsi, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, onunla bir evdə yaşayan oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat və rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Həyat yoldaşı Telman İbrahimov təxminən 12 ildir ki, vəfat edib, ona görə evdə oğlu Xəyal ilə qalır. Xəyal ailəli olsa da, xoşagəlməz hərəkətlərinə görə ailəsi ayrılaraq birdəfəlik getmişdir. Xəyal ilə ikisi ana və övlad kimi bir evdə yaşamasına baxmayaraq Xəyal onu ana kimi nə saymır, nə də eşitmir. Xəyal ona qarşı kobudluqlar etsə də, ana olaraq məcbur olub dözmüş, heç bir yerə şikayət etməmiş, artıq onun etdiyi kobudluqlardan və nalayiq ifadələr işlətməsindən bezmişdir. Xəyalın anası olsa da, ona söz deməyə qorxur, buna görə çox vaxt məcbur qalıb yaxınlarının evinə gedib qalır. Xəyal övladı kimi ona arxa dayaq olmamışdır. 19 dekabr 2023-cü il tarixdə saat 19 radələrində işdən evə gələndən sonra evdə şam yeməyi hazırlayarkən Xəyal evə gəlmiş, ev soyuq olduğundan Xəyaldan evdə odun sobası quraşdırmasını bir ana olaraq xahiş və tələb edəndə Xəyal heç nədən ona qarşı əsəbləşməklə odun sobasına təpiklə vuraraq quraşdırmayacağını deyib onu söyüb təhqir etməklə, təpiklə bir neçə dəfə onun bel nahiyyəsindən vuraraq onu döymüşdür. Buna görə evdə qalmayacağını deyib evdən çıxaraq həyətə düşüb getmək istədikdə həyətdə olarkən şəxsiyyət vəsiqəsini götürmək üçün evə qayıdıb yenidən həyətə düşərək gedən zaman Xəyal evdən çıxıb həyətə düşərək onun arxasınca gəlib ünvanına nalayiq ifadələr işlədərək saçından yapışmış, onu yerlə sürüyüb evə salandan sonra sifətindən bir neçə dəfə yumruqla vuraraq evdə onu yenidən döymüşdür. Xəyalı yayındırmaqla evdən qaçaraq gecə kənddə yaşayan qohum evinə getmişdir. Xəyal onu döyəndə evdə heç kim olmamışdır. Xəyal onu döydüyünə görə sifət və bədənin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə məhkəməyə ərizələr təqdim edərək, təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadənin düz olduğunu, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərmiş, məhkəmədən bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda oğlu- Təqsirləndirilən şəxs evə odun sobası qoymasını tələb etdiyindən sonuncu tərəfindən döyülərək xəsarət almışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 xx.xx.2023-cü il tarixli 674 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol göz orbitasının qançırı, sol gözün ağlı qişasının qansızması, sol almacıq nahiyəsinin qançırı və şişkinliyi, burunun yumşaq toxumasının şişkinliyi, burun sümüyünün sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2023-cü il tarixdə yumruqla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 25 dekabr 2023-cü il tarixli tələbnamədən, Salyan rayon məhkəməsinin 01 iyul 2020-ci il tarixli qərarından və Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-79/2023 saylı hökmündən görünür ki, Salyan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraata CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-79/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli xx.xx.2023-cü il tarixdir. Həbsə alındığı xx.xx.2023-cü il tarixə çəkilməmiş cəzası 01 il 10 ay 07 gün təşkil edir. İş materiallarına əlavə olunmuş Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Sahil Şıxalıyevin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və qeyrisinin barələrində Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(032)-3/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin tutulduğu andan, yəni 07 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-68/2-3188/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsinin psixonevroloji qeydiyyatında yoxdur. İş materiallarında olan Salyan rayon İHB-nın Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 1331 və 1332 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Çadırlı kəndində yaşayır, onun ailə tərkibi anası 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nın Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Akif Abdullayevin xx.xx.2023-cü il tarixli “məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi barədə” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 19 dekabr 2023-cü il tarixdə Salyan rayonu Çadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda anası Zərərçəkmiş şəxs qəsdən döyərək sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyindən barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı yekun protokolu ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilməsi üçün Salyan rayon Prokurorluğuna göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 19 dekabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Salyan rayonu Çadırlı kəndindəki evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı anası Zərərçəkmiş şəxs qəsdən yumruq-təpiklə vurub döyərək ona sol göz orbitasının qançırı, sol gözün ağlı qişasının qansızması, sol almacıq nahiyyəsinin qançırı və şişkinliyi, burunun yumşaq toxumasının şişkinliyi, burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərəkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, çəkilməmiş cəzası 01 il 10 ay 07 gün təşkil edir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yenidən cinayət törətsədə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza-yəni azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən hazırkı hökmlə ona cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi, əvvəllər Salyan rayon məhkəməsinin 1(057)-43/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraata, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. CM-nin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada şəxs yalnız bir dəfə cinayət məsuliyyətindən azad oluna bilər. Təqsirləndirilən şəxs əvvəl eyni əsasa görə cinayət məsuliyyətindən azad edildiyindən zərər çəkmiş şəxslə barışdığına görə hazırkı iş üzrə həmin əsasla cinayət məsuliyyətindən azad oluna və barəsində olan cinayət təqibinə xitam verilə bilməz. Onun zərər çəkmiş şəxslə barışması yalnız cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1, 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına, həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 06 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 01 il 10 ay 07 gün müddətin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla cəmi 11 ay 03 gün müddətin ona hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs əvvəl cinayət əməli törətmiş, məhkəmə tərəfindən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə islah yoluna qədəm qoymayaraq yenidən cinayət törətmişdir. Hazırda da onun barəsində Şirvan ŞPŞ-nin İB-də Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi istintaq edilməklə, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini əvvəllər də törətməsi onun sabit kriminal meyilli olmaqla islah yoluna qədəm qoymayaraq ona məhkəmə tərəfindən təyin olunmuş cinayəthüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində təhqiqat və məhkəmə istintaqı zamanı qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və barəsində Şirvan şəhər Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 06 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 01 il 10 ay 07 gün müddət CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla cəmi 11 ay 03 gün müddət ona hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və barəsində Şirvan şəhər Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar