Məhkəmə qərarları › İş №1(057)-25/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-25/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-25/2025 14.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 3, mənzil 47-də qeydiyyatda olmaqla Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 73-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 14 noyabr 2024-cü il tarixdə saat 18:38 dəqiqədə Salyan şəhəri, A.Ağazadə küçəsi ərazisində şübhəli kimi saxlanılaraq orada üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü il noyabrın ayında Salyan şəhərində “Büllur” şadlıq sarayının qarşısından keçərkən yerdəki sellofan büküm diqqətini cəlb etmişdir. Əyilib həmin bükümü yerdən qaldırdıqda içərisində qəhvəyi rəngdə, “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin maddədən istifadə etdiyi üçün tapdığı, bükümdə olan narkotik vasitə heroini götürüb cibinə qoymuşdur. O, tapdığı narkotik vasitə heroindən bu müddət ərzində bir qədər istifadə etmiş, qalanını da sonra istifadə etmək üçün cibində saxlamışdır. 14 noyabr 2024-cü il tarixdə saat 18 radələrində qaynatasıgildən evlərinə qayıdarkən Salyan şəhəri, A.Ağazadə küçəsi ərazisində piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarından Turalı və Vasifi tanıyır, digər şəxsin adını bilmir. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış keçirməyə başlamışlar. Polis əməkdaşları ondan üzərində nə olması barədə soruşduqda, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini və üzərində olan 1 ədəd “Samsung” markalı mobil telefonu onlara təqdim etmişdir. Ondan həmin kütlənin nə olması barədə soruşulduqda, həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bildirmişdir ki, o, həmin maddədən heç kimə verməmiş, satmamış və satış məqsədi olmamışdır. Bundan sonra üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə heroin olan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və üzəri o və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Anası qan xəstəliyindən əziyyət çəkir. Ailə qursa da sağlamlıq haqqında tibbi arayış ala bilmədiyi üçün nikahını rəsmiləşdirə bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin X2 baş əməliyyat müvəkkili, Şahid1 Füzuli oğlu ifadəsində göstərmişdir ki, 14 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barədə məlumat daxil olmuşdur. Onun Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 18:38 dəqiqədə Təqsirləndirilən şəxs A.Ağazadə küçəsi ərazisində olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Həmin vaxt onlar videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlamışlar. Ondan üzərində nə olması və olduğu halda təqdim etməsi barədə soruşduqda, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 1 ədəd bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütləni çıxarıb təqdim etmişdir. Ondan həmin kütlənin nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, iki gün əvvəl yerdən tapdığını və istifadə etmək məqsədi ilə götürüb üzərində saxladığını bildirmişdir. Baxış zamanı bildirmişdir ki, həmin maddədən heç kimə verməmiş, satmamış və satış məqsədi olmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon da aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə heroinə oxşar kütlə olan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0,30 qram olması müəyyən edilmiş, kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Salyan RPŞ-nə gətirilmişlər. Polis şöbəsində əməliyyat-axtarış tədbirinin və şəxsin üzərinə baxış keçirilməsinə dair protokol tərtib olunmuş, tərtib edilmiş protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 14 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barədə Salyan RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyatda o, Salyan RPŞ-nin NMQ-un əməliyyat müvəkkili, Şahid1 Füzuli oğlu və Salyan RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirak etmişdir. Həmin günü Asimanın Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürmüş, saat 18:38 dəqiqədə Təqsirləndirilən şəxs A.Ağazadə küçəsi ərazisində olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək Salyan RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Həmin vaxt onlar videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlamışlar. Ondan üzərində nə olması və olduğu halda təqdim etməsi barədə soruşduqda, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 1 ədəd bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütləni çıxarıb təqdim etmişdir. Ondan həmin kütlənin nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, iki gün əvvəl yerdən tapdığını və istifadə etmək məqsədi ilə götürüb üzərində saxladığını bildirmişdir. Baxış zamanı bildirmişdir ki, həmin maddədən heç kimə verməmiş, satmamış və satış məqsədi olmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon da aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə heroinə oxşar kütlə olan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0,30 qram olması müəyyən edilmiş, kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs Salyan RPŞ-nə gətirilmişdir. Polis şöbəsində əməliyyat-axtarış tədbirinin və şəxsin üzərinə baxış keçirilməsinə dair protokol tərtib olunmuş, tərtib edilmiş protokol Təqsirləndirilən şəxs ucadan oxunduqdan sonra özü və iştirakçılar tərəfindən imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Salyan RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, o, məzuniyyətdə olduğu üçün məhkəmə iclasında iştirak etməmişdir. Dövlət ittihamçısı şifahi vəsatət verərək iş üzrə şahidlər Şahid1 Füzuli oğlu və Şahid3 ifadələri arasında ziddiyyətlərin olmadığını, Şahid2 dindirilməsinə zərurət olmadığı üçün kifayətlənməsini təklif etmişdir. Təqsirləndirilən şəxs və onun Müdafiəçi vəsatətin təmin edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi Rza Məmmədovun 15 noyabr 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraatına qəbul edilmişdir. Cinayət işinin 9-10-cu vərəqlərində olan 14 noyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokolundan görünür ki, Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumat əsasında videoçəkiliş vasitəsilə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 3, mənzil 47də qeydiyyatda olmaqla Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 73-də yaşayan Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdə saat 18:38-də Salyan şəhəri, A.Ağazadə küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,30 qram olması müəyyən olunmuş, həmin kütlə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və sübut əhəmiyyəti kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Cinayət işinin 17-18-ci vərəqlərində olan 14 noyabr 2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdə saat 18:38 dəqiqədə Salyan şəhəri A.Ağazadə küçəsi ərazisində narkotik vasitələrin qanusnuz dövriyyəsində şübhəli olduğundan onlar tərəfindən saxlanılmış, üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş və həmin kütlə təqdim etdiyi kağız zərfdə qablaşdırılaraq ağzı möhürlənmişdir. Həmin CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, 2024-cü ilin noyabrın 14-də saat 18:38 dəqiqdə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs Salyan şəhəri, A.Ağazadə küçəsi ərazisində saxlayaraq ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş hər hansı bir əşya vardırsa özü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin sellofan bükümdəki kütlə narkotik vasitə heroindir, onu 2 gün əvvəl yerdən tapmış, özünün istifadə etməsi məqsədilə götürüb üzərində saxlamış, həmin narkotik vasitədən heç kimə satmamış və satmaq niyyəti olmamışdır. Diskin baxışı başa çatdırıldıqdan sonra təqdim olunan möhürlənmiş kağız zərfə baxış zamanı zərfin içərisində 1 ədəd bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Baxış zamanı elektron tərəzi vasitəsilə çəkildikdə, həmin kütlənin çəkisinin 0,30 qram olması müəyyən edilmiş, yenidən kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün müstəntiq tərəfindən götürülmüşdür. Cinayət işinin 27-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüquqları 14 noyabr 2024-cü il tarixdə saat 18:38-dən etibarən məhdudlaşdırılmış, 20:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 41-43-cü vərəqlərində olan Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 15 noyabr 2024-cü il tarixli, 318/915 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi - 0.185 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi - 0.05 qram, qalıq -0.135 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Cinayət işinin 50-51-ci vərəqlərində olan 16 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 60-61-ci vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi haqqında” 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 62-ci vərəqində olan “təqsirləndirilən şəxsin X5 azad edilməsi haqqında” Salyan RPŞ-nin X6 saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunması qərara alınmışdır. Cinayət işinin 65-ci vərəqində olan “mobil telefona baxış keçirilməsi haqqında” 19 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Cinayət işinin 66-cı vərəqində olan “maddi sübut kimi tanıma haqqında” 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0.135 qram narkotik vasitə heroin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 76-77-ci vərəqlərində olan Salyan RİHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ığı müddət ərzində şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 79-cu vərəqində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 80-cı vərəqində olan Azərbaycan Respubikası “TƏBİB” X9 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 18-1-68/2-2214/2024 saylı, 29 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 73-də yaşayan, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan aslılıq sindromu” diaqnozu ilə 2024cü ildən qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən psixonevroloji qeydiyyatda yoxdur. Cinayət işinin 87-ci vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın 16 noyabr 2024-cü il tarixli, 794 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs həmin anda əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi 1 ədəd bükümün içərisində narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Həmin 1 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.30 qram olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qalıq qalmış 0.135 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (14-16 noyabr 2024-cü il) 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0.135 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınmalı, 02 ədəd “CD” disk iş materiallarında saxlanılması nəzərə alınmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 73-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,135 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 05 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 30 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün (14-16 noyabr 2024-cü il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 73 ünvanındakı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,135 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd “CD” diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 05 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 30 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar