Məhkəmə qərarları › İş №1(057)-26/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-26/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-26/2023 12.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ 12 yanvar 2023-ci ildə Salyan şəhərində Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi X2 iştirakları ilə xx.xx.1991-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, "xxxx" MMC-də bölgə rəhbəri işləyən, əvvəllər məhkum olunmamış, Salyan şəhəri 20 yanvar küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 oktyabr 2022ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu Badamdar qəsəbəsi ərazisində Göyçay rayonu Kürd kənd sakini Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş 5354 6464 0185 2307 nömrəli plastik bank kartını yerdən götürdükdən sonra 02 oktyabr 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində elektron məlumat daşıyıcılarından istifadə edərək Zərərçəkmiş şəxs məxsus kartdan hissələrlə olmaqla 131 (yüz otuz bir) manat pulunu Salyan rayonu Kürsəngi kəndi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində istifadə edərək idarə etdiyi avtomobilə yanacaq doldurmuş, kartda qalan 156 (yüz əlli altı) manat 97 (doxsan yeddi) qəpik pul məbləğinə isə orada yerləşən mağazadan özü üçün siqaret almış, habelə həmin müddət ərzində “Tik tok” sosial şəbəkəsi vasitəsilə internet üzərindən müxtəlif şəxslərə hədiyyələr göndərərək oğurlamaqla, ümumilikdə Zərərçəkmiş şəxs 287 (iki yüz səksən yeddi) manat 97 (doxsan yeddi) qəpik maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, 02 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu Badamdar qəsəbəsi ərazisində yolda gedərkən yerdə "xxxx"-a məxsus plastik bankomat kartı görmüşdür. Həmin kartın Zərərçəkmiş şəxs Elburus oğluna məxsus olmasını bilmişdir. 03 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində həmin kartı Ələt-Astara yolunun 30-cu km-də Salyan rayonu Kürsəngi kəndi ərazisində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə təqdim etməklə kartda olan pul məbləğindən 131 manatlıq şirkətə məxsus olan, idarə etdiyi X4 markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurmuş və mağazadan siqaret almışdır. Daha sonra həmin gün, yəni, 03 oktyabr 2022-ci il tarixdən növbəti gün yəni 04 oktyabr 2022-ci il tarixdək olan müddət ərzində kartda qalan pul məbləğini “Tik tok” sosial şəbəkəsində xərcləyərək şəbəkə üzərindən müxtəlif şəxslərə hədiyyələr göndərmişdir. Göyçay rayonu Kürd kənd sakini Zərərçəkmiş şəxs məxsus plastik bankomat kartından ümumilikdə 287,97 manat məbləğində pulunu elektron qaydada oğurlamışdır. Törətdiyi əmələ görə peşimandır, zərərçəkmişə dəymiş zərəri ödəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsində ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, Göyçay rayonu Kürd kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Özü "xxxx" MMC-də satış meneceri işləyir. 02 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində özünə məxsus olan “Mercedes” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu Badamdar qəsəbəsi ərazisində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin təsirindən huşunu itirmiş və iki gün sonra xəstəxanada olarkən üzərində olan ona məxsus "xxxx"-a aid 5354 6464 0185 2307 nömrəli əməkhaqqı bankomat kartının olmadığını görüb kartın hadisədən sonra oğurlanmasından şübhələnmişdir.Bu səbəbdən 18 oktyabr 2022-ci il tarixdə xəstəxanadan çıxdıqdan sonra Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarasinə gedib bu barədə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı kartında olan 287 (iki yüz səksən yeddi) manat 97 (doxsan yeddi) qəpik pulunun oğurlanması nəticəsində ona həmin məbləğdə maddi ziyan dəymişdir. Daha sonra bilmişdir ki, ona məxsus olan həmin məbləğdə pul Salyan şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən kartından oğurlanmışdır. Ona dəymiş olan maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Bildirmişdir ki, əvvəlcə kartında 250 manat pulunun olduğunu zənn etmişdir. Daha sonra kartına dair çıxarış aldıqda kartında 287 manat 97 qəpik pulunun olduğunu və həmin məbləğin hamısının oğurlandığını müəyyən etmişdir. Məhkəmədə elan olunmuş "xxxx" ASC-dən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, 02 oktyabr 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs kart hesabının balansından müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 287 (iki yüz səksən yeddi) manat 97 (doxsan yeddi) qəpik pul vəsaiti “Lukoil” yanacaq doldurma məntəqəsində və “Tik tok” sosial şəbəkəsi vasitəsilə məxaric olunaraq istifadə edilmişdir. Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 18 noyabr 2022-c il tarixli protokoldan görünür ki, Salyan şəhəri 20 yanvar küçəsi ev 12-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdə saat 23:20 radələrində idarə etdiyi avtomobildə “Lukoil” yanacaq doldurma məntəqəsində olarkən əlində olan plastik bankomat kartını elektron əməliyyat aparması üçün məntəqənin əməkdaşına vermiş, daha sonra əməkdaş yenidən onun avtomobilinə yaxınlaşıb kartı ona qaytarmış və o, avtomobili idarə edib məntəqənin ərazisindən çıxıb getmişdir. Sənədlərə baxış keçirilməsi haqqında 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Salyan şəhəri 20 yanvar küçəsi ev 12-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdə saat 23:30 radələrində Salyan rayonu Kürsəngi kəndi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində 535464******2307 nömrəli plastik bankomat kartından istifadə etməklə yanacaq doldurmaq üçün 1 (bir) manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə saat 17:30 radələrində bir neçə dəqiqə ərzində Salyan rayonu Kürsəngi kəndi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində 535464******2307 nömrəli plastik bankomat kartından istifadə etməklə yanacaq doldurmaq üçün hissələrlə yəni 50 (əlli) manat, 50 (əlli) manat, 20 (iyirmi) manat və 10 (on) manat olmaqla ümumilikdə 130 (yüz otuz) manat ödəniş etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmamış və Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır Zərərçəkmiş şəxs tərəfindən Salyan rayon polis şöbəsinə verilmiş 05 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, özünə məxsus olan plastik bank kartından 287 manat 97 qəpik pulun oğurlanması nəticəsində dəymiş olan maddi ziyan ona Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, vurduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyəti,cəzasının yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmaması, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, təqsirləndirilən şəxsin oğurladığı əmlakın dəyəri 287,97 manat olmaqla, çox da böyük məbləğ deyil, həmin məbləğ zərərçəkmişə ödənilərək sosial ədalət bərpa olunmuşdur. Qeyd edilənələr əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs cəzasını cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədə uyğundur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, ona bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Salyan rayon Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmün müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün surəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar