Məhkəmə qərarları › İş №1(057)-26/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-26/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-26/2024 23.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X13 Yaqub oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdılması cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 il 01 ay 28 gün hissəsi 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 22-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.613 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımışdır. Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2023-cü il tarixdə saat 16:30-da Salyan şəhəri X.R.Ulutürk küçəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməklə üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 16:45-də ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroin qəbul edir. Əvvəllər narkotik maddə saxladığı üçün məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 04 dekabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Salyan şəhəri X14 küçəsində zibil qutusunun yanında 1 ədəd sellofan büküm olduğunu görüb və həmin bükümü götürərək içərisinə baxmışdır. Bu zaman həmin bükümün içindəki kütlənin onun istifadəçisi olduğu “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu başa düşmüşdür. Həmin narkotik vasitəni özü istifadə etmək üçün götürüb cibinə qoyaraq üzərində saxlamışdır. Həmin gün saat təxminən 16:30 radələrində o, yaşadığı Salyan şəhəri X.R.Ülutürk küçəsində olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişdilər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu bildirərək onu Salyan rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müstəntiq tərəfindən o, şübhəli şəxs qismində tutulmuş, eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiqin təklifinə əsasən o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, üzərindən əlavə olaraq cinayət xarakterli başqa əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi 1 ədəd sellofan bükümə baxıldıqda, həmin bükümün içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindır. Həmin kütləni 04 dekabr 2023-cü il tarixdə saat 08 radələrində yaşadığı Salyan şəhəri X.R.Ülutürk küçəsində zibil qutusundan tapıb və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmçinin həmin kütlədən heç kimə verməmiş, yaxud satmamışdır. Həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,80 qram olması müəyyən olunmuşdur. Həmin heroin olan 1 ədəd sellofan büküm müstəntiq tərəfindən 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polis əməkdaşları onu saxlayarkən və Polis şöbəsində ona qarşı hər hansı fiziki və psixi zorakılıq göstərilməmişdir. Törətdiyi əməldən peşmandır, söz verir ki, bir daha hüquqazidd əmələrə yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün etiraf ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2023-cü il dekabr ayının 4-də Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Salyan rayon polis şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmişdir. Həmin gün şöbənin X2 əməliyyat müvəkkili Şahid2 Həsən oğlu və Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 16:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri X14 küçəsi ərazisində olmasını müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verərək birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş,təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiqin təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümdə olan kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin kütləni 04 dekabr 2023-cü il tarixdə, saat 08 radələrində Salyan şəhəri X14 küçəsi ərazisində yaşadığı binanın yaxınlığında zibil qutusundan tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin predmeti üzərində saxlayarkən satış məqsədi olmamış və heç kimə satmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərindən qanunla qadağan olunan əlavə əşya, predmet və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə müstəntiq tərəfindən bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş sonra məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Onlar tərəfindən Təqsirləndirilən şəxs saxlayarkən və Polis şöbəsində ona qarşı hər hansı fiziki və psixi zorakılıq göstərilməmiş, sonuncu könüllü olaraq törətdiyi cinayəti səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid3 Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Salyan Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 17:15dən saat 17:24-dək Salyan RPŞ-nin inzibati binasında, həmin şöbənin İstintaq Bölməsinin müstəntiqi polis kapitanı X4 tərəfindən Salyan RPŞ-nin X2 baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Salyan rayon Vəkil Bürosunun vəkili X5, Salyan RPŞ-nin X2 əməliyyat müvəkkili polis leytenantı Şahid2, Salyan RPŞ-nin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3, Salyan RPŞ-nin KTQ-nin baş inspektorkriminalisti polis leytenantı Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə 04 dekabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşımasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 04 dekabr 2023-cü il tarixdə saat 16:30 dəqiqədə Salyan şəhəri X14 küçəsində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 16:45 dəqiqədə rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, və Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs da həmin anda əynində olan göy rəngli cins şalvarının yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq cinayət xarakterli əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə baxıldıqda, həmin bükümün içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin kütləni 04 dekabr 2023-cü il tarixdə saat 08 radələrində yaşadığı binanın yaxınlığından zibil qutusundan tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmçinin həmin kütlədən heç kimə verməmiş, yaxud satmamışdır. Eləcə də, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,80 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 1 ədəd sellofan büküm 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış və “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “canon” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 dekabr 2023-cü il tarixli 18/1100 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi -0,613 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi– 0,613 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq – 0,563 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/1100 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1074 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Sahib Əzizov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci madddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından və xx.xx.2023-cü il tarixli tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,563 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Salyan RMX-nın xx.xx.2023-cü il tarixli, 18-1-68/2-3134/2023 saylı arayışından görünür ki, həkim-narkoloq S.Zərgərlinin məlumatına əsasən Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 22-də qeydiyyatda olan və yaşayan 2001-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs “2022-ci ildən tiryək” ilə narkoloji kabinetdə qeydiyyatdadır. Həkimpsixiatr X.Ağayevanın məlumatına əsasən Təqsirləndirilən şəxs psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Sahib Əzizovun xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab raportundan görünür ki, keçirilmiş və əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 04 dekabr 2025-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini polis əməkdaşları tərəfindən saxlanılmazdan öncə Salyan şəhəri X.R.Ulutürk küçəsində satış məqsədi olmadan şəxsi istifadəsi üçün yerdən tapmaqla qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini konkret olaraq hər hansı bir şəxsə satması, satmaq və ya pay vermək niyyətinin olması barədə tapşırığın icrası ilə bağlı əməliyyat marağı doğuran müsbət məlumat əldə edilməmişdir. Tapşırıqda göstərilən digər xüsusatların icrası ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də əməliyyat marağı doğuran məlumat və müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə və psixotrop maddə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdılması cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 il 01 ay 28 gün hissəsi 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir, məhkumluğu olan şəxsdir. İş materiallarında olan Salyan rayonu İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 3106 saylı arayışından və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası - 1970-ci il təvəllüdlü Şakir Gözəlovdan, anası- 1983-cü il təvəllüdlü Kubra Gözəlovadan ibarətdir, yaşayış yeri üzrə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 23 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; barəsində Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs üzərində saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə heroini heç bir etiraz etmədən istintaqa təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış; Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq çəkisi 0.563 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 18/1100 №-li və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1074 №-li rəyləri, təqsirləndirilən şəxsin və şahidlərin dindirmə protokolları, şəxsi axtarış və götürmə və digər istintaq hərəkətlərinin protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı videoçəkiliş kadrlarını özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.613 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımdır. Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2023-cü il tarixdə saat 16:30-da Salyan şəhəri X.R.Ulutürk küçəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 16:45-də ünvan 3 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüş, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olnumuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərəkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdılması cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 il 01 ay 28 gün hissəsi 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin vaxtdan bir il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza-yəni azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən hazırkı hökmlə ona cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini müsbət səciyyələndirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs əvvəldə eyni qəbildən olan cinayət əməlini törətmiş, lakin islah yoluna qədəm qoymayaraq oxşar əməli yenidən törətmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitə heroini qanunsuz əldə etməsi, daşıması, saxlamasını, əvvəllər məhkum olunmasını, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Eyni növ cinayət əməlini əvvəllər törətməsi onun sabit kriminal meyilli olmaqla islah yoluna qədəm qoymayaraq ona məhkəmə tərəfindən təyin olunmuş cinayəthüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Həmçinin, OPİOİDLƏRİN qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq psixotrop maddələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X7 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,563 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X7 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,563 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar