Məhkəmə qərarları › İş №1(057)-28/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-28/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-28/2024 30.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2022ci il tarixli qərarı ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası 06 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə cəzasını sonu ilə cəzadan azad olunmuş, məhkumluğu olan, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 2023-cü il sentyabr ayının 25-də gecə saat 01 radələrində Zərərçəkmiş şəxs etibarnamə əsasında işlətdiyi Salyan rayonu Yolüstü kəndində yerləşən çayxananın qapısının dəmir qıfılını armatur parçası ilə sındırıb içəriyə yəni saxlanc yerinə qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 15 ədəd 1 manatlıq Azərcell, 20 ədəd 2 manatlıq Azərcell, 10 ədəd 3 manatlıq Azərcell, 3 ədəd 5 manatlıq Azərcell, 5 ədəd 1 manatlıq Bakcell, 10 ədəd 2 manatlıq Bakcell, 5 ədəd 3 manatlıq Bakcell və 4 ədəd 2 manatlıq Nar danışıq kartları olmaqla ümumilikdə 148 (yüz qırx səkkiz) manat dəyərində danışıq kartlarını, habelə hər bloku 29 manat dəyərində olan 116 manat dəyərində 4 blok Palmall markalı, hər bloku 29 manat dəyərində olan 116 manat dəyərində 4 blok Winchester markalı, hər bloku 22 manat dəyərində olan 44 manat dəyərində 2 blok Bakı markalı, 22 manat dəyərində 1 blok Argo markalı, 24 manat dəyərində 1 blok Prima markalı, hər bloku 33 manat dəyərində olan 66 manat dəyərində 2 blok LD markalı, 29 manat dəyərində 1 blok Rothmans markalı, hər bloku 24 manat dəyərində olan 216 manat dəyərində 9 blok Magna markalı və hər bloku 24 manat dəyərində olan 168 manat dəyərində 7 blok Viceroy markalı siqaretlər olmaqla ümumilikdə 801 (səkkiz yüz bir) manat dəyərində siqaretləri oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 949 (doqquz yüz qırx doqquz) manat maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Törətdiyi oğurluq cinayət əməlinə görə Salyan rayon Məhkəməsinin 2022-ci ilin fevral ayında çıxarılmış hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 07 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrasının tələblərini pozduğu üçün 2022-ci ilin oktyabr ayının 06-da Salyan rayon Məhkəməsi tərəfindən cəzası 06 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş və 2023-cü ilin aprel ayının 15də cəzasını tam çəkib qurtarıb azad olunmuşdur. Qeyd etmişdir ki, qaynaqçı və boru montajçısı işlədiyi üçün azadlığa çıxdıqdan müəyyən yerlərdə fərdi olaraq həmin işlərlə məşğul olmuşdur. 2023-cü ilin sentyabr ayının sonlarında işi zəif olduğu üçün maddi imkanı aşağı olduğundan oğurluq etməyi qərara almışdır. O, bir müddət əvvəl qonşu kənddə yəni Salyan rayonu Yolüstü kəndində yol kənarında yerləşən çayxana kimi tikilmiş, lakin siqaret və kontur satılan yerdən özünə siqaret aldığı üçün həmin yeri tanımışdır. 25 sentyabr 2023-cü il tarixdə gecə saatlarında yaşadığı kənd ərazisində olarkən Salyan rayonu Yolüstü kəndində yerləşən həmin yerə gedib oğurluq etməyi qərara almışdır. Bu səbəbdən həmin kənd ərazisinə gəlmişdir. Gecə saat 01 radələrində çayxanaya yaxınlaşmışdır. Çayxananın qapısı dəmirdən olmaqla dəmir qıfıl ilə bağlanmış və pəncərələri də dəmir barmaqlıqla örtülmüşdür. O, içəriyə qapıdan girməyi qərara almışdır. Bu səbəbdən çayxananın arxa tərəfinə keçib yerdən armatur parçası tapmış və onun vasitəsilə qapının dəmir qıfılını qırıb içəri daxil olmuşdur. Çayxanada yerdə içərisində boş butulkalar olan sintetik torbalar olmuşdur. O, butulkaları yerə boşaltmışdır. İçəridə olan çoxlu sayda, müxtəlif növ siqaret bloklarını torbanın içərisinə yığmış və stolun üstündə olan çoxlu sayda, müxtəlif növ danışıq kartları olan konturları da götürmüşdür. Bundan sonra siqaretləri yığdığı torbanı və konturları oğurlayıb çayxanadan çıxmış və piyada yaşadığı evə gəlmişdir. O, yolda gələrkən siqaret bloklarının olduğu torbanı kollektorun kənarında qamışlıq ərazidə gizlətmişdir. Həmin gün axşam saatlarında kəndlərində yerləşən Şahid2 məxsus mağazaya gəlmişdir. Raminə Hacıqabul rayonunda istixanada işlədiyini, pulun əvəzində ona müxtəlif növ siqaretlərin verildiyini və onları satmaq istədiyini bildirmişdir. Ramin də onunla razılaşmış və ondan 2 blok Viceroy, 2 blok Winchester, 2 blok Bakı və 1 blok Prima markalı siqaretləri alıb pulunu hesablayaraq qarşılığında ona 160 manat pul ödəmişdir. Oğurladığı siqaretlərin qalanını isə bir neçə gün ərzində tanımadığı şəxslərə müxtəlif məbləğlərə satmaqla və ya bağışlamaqla bərabər həm də özü istifadə etmişdir. Qeyd etmişdir ki, tanışı Şahid1 adına bir neçə il bundan əvvəl ***-***- **-** saylı mobil nömrəni almış və həmin vaxtdan etibarən özü istifadə etmişdir. Oğurladığı danışıq kartlarını da bir neçə gün ərzində tanımadığı şəxslərə satmaqla və ya bağışlamaqla bərabər həm də özü istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə də yükləmişdir. 05 oktyabr 2023-cü il tarixdə yaşadığı evdə olarkən Salyan rayon polis şöbəsinin əməkdaşları evə gəlib onu rayon polis şöbəsinə dəvət etmişlər. Bildirmişdir ki, Salyan rayonu Yolüstü kəndində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi çayxanadan 15 ədəd 1 manatlıq Azərcell, 20 ədəd 2 manatlıq Azərcell, 10 ədəd 3 manatlıq Azərcell, 3 ədəd 5 manatlıq Azərcell, 5 ədəd 1 manatlıq Bakcell, 10 ədəd 2 manatlıq Bakcell, 5 ədəd 3 manatlıq Bakcell və 4 ədəd 2 manatlıq Nar danışıq kartları, habelə 4 blok Palmall markalı, 4 blok Winchester markalı, 2 blok Bakı markalı, 1 blok Argo markalı, 1 blok Prima markalı, 2 blok LD markalı, 1 blok Rothmans markalı, 9 blok Magna markalı və 7 blok Viceroy markalı siqaretləri oğurlamışdır. Salyan rayonu Yolüstü kəndində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi çayxanadan siqaret bloklarını və danışıq kartlarını tək oğurlamış, bu işdə ona heç kim kömək etməmişdir. Əməlindən peşman olaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ərizəsi, şahidlərin dindirmə protokolları, baxış, ifadələrin yerində yoxlanılması istintaq hərəkətlərinin protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə rəylər, digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs 23 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Salyan rayonu Yolüstü kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Bir neçə ildir ki, etibarnamə əsasında işlətdiyi Salyan rayonu Yolüstü kəndində yerləşən, əmisi X3 məxsus çayxanada həm də siqaret və kontur yəni danışıq kartlarının satışı ilə də məşğul olmuşdur. Çayxananın giriş qapısı dəmirdəndir və pəncərələrin üstü dəmir barmaqlıqla örtülmüşdür. O, adətən, hər gün səhər saat 07:30 radələrində çayxananı açıb axşam saat 21 radələrində bağlayıb yaşadığı evə getmişdir. Toya gedəcəyi üçün 24 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində çayxananın qapısının dəmir qıfılını bağlayıb getmişdir. Növbəti gün yəni 25 sentyabr 2023-cü il tarixdə gecə saat 05 radələrində həmkəndlisi Ramil Xeyrulla oğlu adlı şəxs ona zəng vurub çayxananın qapısının açıq olduğunu demişdir. Həmin vaxt evdə olmadığı üçün atası Akifə zəng vurub bu barədə bildirib çayxanaya getməsini demişdir. Atası Akif çayxanaya getdikdən sonra naməlum şəxs (şəxslər) tərəfindən qapı qıfılının sındırılıb içəri daxil olunduğunu və oradan çoxlu sayda danışıq kartları olan konturların və siqaret bloklarının oğurlandığını aşkar etmişdir. Daha sonra atası Akif Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vurub bu barədə bildirib Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bir qədər sonra çayxanaya gəlmiş və maddi ziyan ona dəydiyi üçün özü də Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, işlətdiyi çayxanadan ona məxsus olan 15 ədəd 1 manatlıq Azərcell, 20 ədəd 2 manatlıq Azərcell, 10 ədəd 3 manatlıq Azərcell, 3 ədəd 5 manatlıq Azərcell, 5 ədəd 1 manatlıq Bakcell, 10 ədəd 2 manatlıq Bakcell, 5 ədəd 3 manatlıq Bakcell və 4 ədəd 2 manatlıq Nar danışıq kartları oğurlanmaqla 148 manat maddi ziyan dəymiş, habelə oradan hər bloku 28 manat dəyərində olmaqla 112 manat dəyərində 4 blok Palmall markalı, hər bloku 28 manat dəyərində olmaqla 112 manat dəyərində 4 blok Winchester markalı, hər bloku 22 manat dəyərində olmaqla 44 manat dəyərində 2 blok Bakı markalı, 21 manat dəyərində 1 blok Argo markalı, 23 manat dəyərində 1 blok Prima markalı, hər bloku 33 manat dəyərində olmaqla 66 manat dəyərində 2 blok LD markalı, 28 manat dəyərində 1 blok Rothmans markalı, hər bloku 23 manat dəyərində olmaqla 207 manat dəyərində 9 blok Magna markalı və hər bloku 23 manat dəyərində olmaqla 161 manat dəyərində 7 blok Viceroy markalı siqaretləri oğurlanmaqla 774 manat maddi ziyan dəymişdir. Bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 922 (doqquz yüz iyirmi iki) manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs uşaq yaşlarından tanımış və onunla həmkəndli kimi yaxın münasibəti olmuşdur. Qeyd etmişdir ki, adına olan ***-***-**-** saylı mobil nömrəni 6 il bundan əvvəl almış və həmin vaxtdan da İxtiyara istifadə etməsi üçün vermişdir. 05 oktyabr 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən Salyan rayon polis şöbəsinin əməkdaşları evə gəlib Salyan rayonu Yolüstü kəndində yerləşən mağazadan kontur və siqaret oğurlandığını və adına olan ***-***-**-** saylı mobil nömrəyə həmin mağazadan oğurlanmış konturlardan yükləndiyini bildirərək onu rayon polis şöbəsinə dəvət etmişlər. O, şöbədə həmin mobil nömrəni bir neçə ildir ki, tanışı Təqsirləndirilən şəxs istifadə etməsi üçün verdiyini bildirmişdir. Daha sonra bilmişdir ki, tanışı Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə gecə saatlarında Salyan rayonu Yolüstü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya daxil olaraq oradan çoxlu sayda, müxtəlif növ kontur kartları və siqaret bloklarını oğurlamışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Salyan rayonu Yolüstü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan çoxlu sayda, müxtəlif növ kontur kartları və siqaret bloklarının oğurlanmasında heç bir iştirakı və ya hər hansı məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ona bu barədə bildirməmişdir. O, yalnız Salyan rayon polis şöbəsinə gəldikdən sonra bu oğurluq hadisəsinin baş verdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, təxminən 3 il olar ki, yaşadığı Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində icarə əsasında ərzaq mağazası işlətmişdir. Salyan raynu Qaraçala qəsəbəsi sakini Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanımış və onunla həmkəndli kimi münasibəti olmuşdur. Qeyd etmişdir ki, İxtiyar özü və ailə üzvləri hər gün işlətdiyi mağazaya gəlib alış-veriş etmişlər. 25 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində mağazada olarkən İxtiyar oraya gəlmişdir. İxtiyar ona Hacıqabul rayonunda istixanada qaynaqçı işlədiyini, əmək haqqı kimi pulun əvəzində həmin şəxsin ona bir neçə blok siqaret verdiyini bildirib siqaret almaq istədiyini soruşmuşdur. Ondan həmin siqaretlərin oğurluq olub-olmamasını soruşduqda İxtiyar ona and içib siqaretlərin işlədiyi işə görə pulun əvəzində ona verildiyini və özünə məxsus olduğunu bildirmişdir. İxtiyarın sözlərinə inanıb ondan siqaret almağa razılaşmışdır. Daha sonra İxtiyardan 2 blok Viceroy, 2 blok Winchester, 2 blok Bakı və 1 blok Prima markalı siqaretləri alıb pulunu hesablayaraq qarşılığında ona 160 manat pul ödəmişdir. Bundan sonra İxtiyar mağazadan çıxıb getmişdir. 06 oktyabr 2023-cü il tarixdə Salyan rayon polis şöbəsinin əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. Bildirmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif növ siqaret bloklarını alarkən həmin siqaretlərin Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolu ilə əldə edildiyini bilməmiş və İxtiyar ona bu barədə bildirməmişdir. İxtiyar ona Hacıqabul rayonunda istixanada qaynaqçı işlədiyini, əmək haqqı kimi pulun əvəzində ona bir neçə blok siqaret verildiyini və siqaretlərin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aldığı müxtəlif növ siqaret bloklarını bir-iki gün ərzində mağazada satdığı üçün həmin siqaretləri istintaqa təqdim etməyi mümkün deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Salyan rayonu Yolüstü kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Bir neçə ildir ki, oğlu Rəşad etibarnamə əsasında işlətdiyi Salyan rayonu Yolüstü kəndində yerləşən, qardaşı X3 məxsus çayxanada həm də siqaret və kontur yəni danışıq kartlarının satışı ilə də məşğul olmuşdur. Çayxananın giriş qapısı dəmirdəndir və pəncərələrin üstü dəmir barmaqlıqla örtülmüşdür. Rəşad adətən, hər gün səhər saat 07:30 radələrində çayxananı açıb axşam saat 21 radələrində bağlayıb yaşadıqları evə getmişdir. Rəşad toya gedəcəyi üçün 24 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində çayxananın qapısının dəmir qıfılını bağlayıb getmişdir. Növbəti gün yəni 25 sentyabr 2023-cü il tarixdə gecə saat 05 radələrində həmkəndliləri Ramil Xeyrulla oğlu adlı şəxs Rəşada zəng vurub çayxananın qapısının açıq olduğunu demişdir. Həmin vaxt Rəşad evdə olmadığı üçün ona zəng vurub bu barədə bildirib çayxanaya getməyini demişdir. Çayxanaya getdikdən sonra naməlum şəxs (şəxslər) tərəfindən qapı qıfılının sındırılıb içəri daxil olunduğunu və oradan çoxlu sayda danışıq kartları olan konturların və siqaret bloklarının oğurlandığını aşkar etmişdir. Daha sonra Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vurub bu barədə bildirib Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bir qədər sonra Rəşad çayxanaya gəlmiş və maddi ziyan ona dəydiyi üçün özü də Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 25 sentyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs etibarnamə əsasında işlətdiyi, Salyan rayonu Yolüstü kəndində yerləşən çayxananın içərisində olan ilk otaqda stolun üzərindən müxtəlif növ danışıq kartları, digər otaqda taxta stolun üzərindən isə müxtəlif növ siqaret bloklarının oğurlanması aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən bəzi danışıq kartlarının nömrələri götürülmüşdür. 03 oktyabr 2023-cü il tarixli, 3-13-11/2-11920/2023 saylı DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, Şahid3 məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərini xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izlərinin ümumi və xüsusi əlamətləri, izlərin mərkəzi və deltası aydın əks olunmadığına görə müqayisəli tədqiqat aparılması yararsızdır. 05 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. 05 oktyabr 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:30-da Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X4 Yerinə təhvil verilmişdir. 06 oktyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 06 oktyabr 2023-cü il tarixli CD diskə baxış keçirilməsi protokolundan görünür ki, "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrənin Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olan Şahid1 adına rəsmiləşdirildiyi, "xxxx" MMC-yə məxsus ********** nömrəli 1 manatlıq danışıq kartının xx.xx.2023-cü il tarixdə saat 03:34:03-də ***- ***-**-** saylı mobil nömrəyə yükləndiyi müəyyən olunmuşdur. 07 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:30-dan 16:00-dək Təqsirləndirilən şəxs zərərçəkən şəxs Zərərçəkmiş şəxs etibarnamə əsasında işlətdiyi, Salyan rayonu Yolüstü kəndində yerləşən çayxanadan çoxlu sayda, müxtəlif növ danışıq kartları və siqaretləri oğurladığını bildirmiş və həmin yerləri əli ilə göstərmişdir. 07 oktyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası 06 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. O, xx.xx.2023-cü ildə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 19 oktyabr 2023-cü il tarixli, 18-1-68/2-2601/2023 nömrəli məktubundan görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji qeydiyyatda yoxdur. 25 oktyabr 2023-cü il tarixli Salyan RİHB-nın Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində xasiyyətnamədən və ailə üzvləri barəsində arayışdan görünür ki, yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır və o, ailə üzvləri– atası X6, anası X7 ilə birgə yaşayır. 27 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8062 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin sentyabr və oktyabr aylarına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 236,00 manat müəyyən olunur: Palmall markalı siqaret - 1 blok (10 qutu) - 29 manat, Winchester markalı siqaret - 1 blok - 29 manat, Bakı markalı siqaret - 1 blok - 22 manat, Argo markalı siqaret - 1 blok - 22 manat, Prima markalı siqaret - 1 blok - 24 manat, LD markalı siqaret - 1 blok - 33 manat, Rothmans markalı siqaret - 1 blok - 29 manat, Magna markalı siqaret - 1 blok - 24 manat, Viceroy markalı siqaret - 1 blok - 24 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərni müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İbtidai istintaq orqanının 13 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərər çəkmiş və şahid ifadələri, CD diskə baxış keçirilməsi protokolu, ifadənin yerində yoxlanması protokolu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş, istintaq zamanı Şahid1 əməlində cinayət tərkibi aşkar olunmadığından barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı Şahid2 əməlində cinayət tərkibi aşkar olunmadığından barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2023-cü il sentyabr ayının 25-də gecə saat 01 radələrində Zərərçəkmiş şəxs etibarnamə əsasında işlətdiyi Salyan rayonu Yolüstü kəndində yerləşən çayxananın qapısının dəmir qıfılını armatur parçası ilə sındırıb içəriyə yəni saxlanc yerinə qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 15 ədəd 1 manatlıq Azərcell, 20 ədəd 2 manatlıq Azərcell, 10 ədəd 3 manatlıq Azərcell, 3 ədəd 5 manatlıq Azərcell, 5 ədəd 1 manatlıq Bakcell, 10 ədəd 2 manatlıq Bakcell, 5 ədəd 3 manatlıq Bakcell və 4 ədəd 2 manatlıq Nar danışıq kartları olmaqla ümumilikdə 148 (yüz qırx səkkiz) manat dəyərində danışıq kartlarını, habelə hər bloku 29 manat dəyərində olan 116 manat dəyərində 4 blok Palmall markalı, hər bloku 29 manat dəyərində olan 116 manat dəyərində 4 blok Winchester markalı, hər bloku 22 manat dəyərində olan 44 manat dəyərində 2 blok Bakı markalı, 22 manat dəyərində 1 blok Argo markalı, 24 manat dəyərində 1 blok Prima markalı, hər bloku 33 manat dəyərində olan 66 manat dəyərində 2 blok LD markalı, 29 manat dəyərində 1 blok Rothmans markalı, hər bloku 24 manat dəyərində olan 216 manat dəyərində 9 blok Magna markalı və hər bloku 24 manat dəyərində olan 168 manat dəyərində 7 blok Viceroy markalı siqaretlər olmaqla ümumilikdə 801 (səkkiz yüz bir) manat dəyərində siqaretləri oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 949 (doqquz yüz qırx doqquz) manat maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.3-cü maddəsinə əsasən, eyni əməllər təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar