Məhkəmə qərarları › İş №1(057)-28/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-28/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-28/2025 18.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X25 Yaqub oğlunun sədrliyi, X15 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X12 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(057)-43/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Salyan rayon məhkəməsinin 20 noyabr 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il sentyabrın 28-də axşam saatlarında Salyan rayonu, Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub həyətdəki saxlanc yeri hesab edilən tövlədən 450 manat dəyərində 1 illik, diri halda çəkisi 35 kq olan 1 baş erkək cinsli, 300 manat dəyərində 5 aylıq, diri halda çəkisi 30 kq olan 1 baş dişi cinsli, 250 manat dəyərində 5 aylıq, diri halda çəkisi 27 kq olan 1 baş dişi cinsli olmaqla ümumilikdə 1000 manat dəyərində 3 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il noyabrın 18-də günorta saatlarında Salyan rayonu, Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan əkin sahəsində otlayan ümumilikdə 1200 manat dəyərində 8 aylıq, diri halda çəkisi 90 kq olan 1 baş dişi cinsli iribuynuzlu heyvanı (inək) gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. 2024-cü il sentyabrın 28-də axşam saatlarında qonşusu Nəcəfin evində olmadığından istifadə edərək sonuncunun yaşadığı evin həyətində olan tövlədən 3 baş xırdabuynuzlu heyvan oğurlamışdır. O, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Nəcəfin hasarından həyətinə tullanmış, 3 baş xırdabuynuzlu heyvanı bağlayaraq tövlədən çıxarıb oğurlamışdır. O, oğurluğa gedən zaman tövlənin qapısı açıq olmuşdur. O, oğurladığı 3 baş heyvanı Şahmar adlı şəxsə satmış, sonuncuya həmin heyvanların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Şahmara həmin heyvanları cəmi 550 manata satmış, həmin pulları öz şəxsi məsrəfləri üçün xərcləmişdir. 2024-cü il noyabrın 18-də səhər saatlarında əkin sahəsində olan zaman həmkəndlisi Əlinin 3 baş iribuynuzlu heyvanını əkin sahəsinə bağladığını görüb heyvan oğurlamaq qərarına gəlmişdir. Şahmara zəng edərək atasına məxsus 1 baş iribuynuzlu heyvanı olduğunu, onu satmaq istədiyini demişdir. Şahmar da heyvan bazarında olduğunu, heyvan bazarından çıxdıqdan sonra heyvanı alacağını, heyvanı evinə aparmasını demiş, o da Şahmarla razılaşmışdır. Salyan şəhər dairəsi adlanan yerə getmiş, dairədə tanımadığı “Qazel” markalı yük avtomobilinin sürücüsünə yaxınlaşaraq Salyan rayonu Arbatan kəndində olan ona məxsus iribuynuzlu heyvanı Stansiya adlanan yerə - Salyan şəhəri 20 Yanvar küçəsinə aparmasını təklif etmişdir. Həmin sürücü 20 manat qarşılığında heyvanı apara biləcəyini demiş, onlar razılaşmışlar. Oradan bir nəfər fəhlə də tapmış, fəhlə ilə 10 manata razılaşmışlar. Onlar birlikdə “Qazel” markalı yük avtomobili ilə Arbatan kəndində yerləşən əkin sahələrinə getmişlər. Yolda gedən zaman o, adının Sədulla olduğunu, 1 baş iribuynuzlu heyvanın atasına məxsus olduğunu və bacısının uşağının ad günü olduğu üçün ona pay verəcəyini demişdir. Onlar oğurlamaq istədiyi heyvanın olduğu yerə gəlmiş, avtomobildən yerə düşmüş, fəhlə ilə birlikdə köməkləşərək 1 baş heyvanı avtomobilin yük yerinə mindirmişlər. Sonra yük avtomobili ilə Salyan şəhəri 20 Yanvar küçəsinə gəlmiş, heyvanı maşından düşürərək Şajmarın evinin qarşısındakı dirəyə bağlamışlar. Sonra Şahmara zəng vurub ona bu barədə bildirmiş, həmçinin sonuncuya bildirmişdir ki, X26 avtomobilinin yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən “Ay işığı” supermarketin qarşısında onu gözləyəcək. Onlar həmin yerə getmiş, Şahmar oraya gəlmişdir. Şahmarla heyvanın alqı-satqısı üçün 1000 manata razılaşmışlar. O, Şahmardan aldığı 1000 manat puldan sürücüyə 20 manat, fəhləyə isə 10 manat pul vermişdir. Qalan puldan alimentini ödəmiş, borclarını vermiş, qalanını da şəxsi məsrəfləri üçün xərcləmişdir. 2024-cü il noyabrın 19-da saat 08 radələrində yaşadığı Arbatan kəndində yerləşən evinin qarşısında polis əməkdaşları tərəfindən tutulmuş, törətdiyi əməlləri etiraf etmişdir. Əvvəl də oğurluq etdiyinə görə Salyan rayon məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, yuxarıda göstərilən oğurluqları cəzasını çəkdiyi dövrdə, üzərində elektron nəzarət vasitəsi olduğu halda törətmişdir. Şahmarın ona satdığı heyvanların oğurluq olduğundan xəbəri olmamışdır.Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir, ondan şikayətçi deyillər. Xəstəliyi yoxdur. Özü və yaxın qohumları müharibə iştirakçısı deyillər. Ona görə də ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün etirafı, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş zərər çəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, yaşadığı evin həyətindəki tövlədə 4 baş iribuynuzlu heyvan saxlayır, heyvanları yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən özünə məxsus əkin sahəsində otarır. 2024-cü il noyabrın 18-də səhər saatlarında özünə məxsus olan 3 baş iribuynuzlu heyvanı əkin sahəsinə apararaq orada ip vasitəsilə yerə basdırdığı dəmir parçasına bağlamış, işləri ilə bağlı olaraq yaşadığı evə getmişdir. Həmin tarixdə günorta saatlarında əkin sahəsində bağladığı iribuynuzlu heyvanların ipini açıb evə gətirmək üçün əkin sahəsinə getmiş, əkin sahəsində 2 baş iribuynuzlu heyvanın olduğunu, 1 baş iribuynuzlu heyvanın isə olmadığını görmüşdür. O, ətrafa baxmış, lakin həmin iribuynuzlu heyvanı tapa bilməmiş, həmin heyvanın boynuna bağladığı ipin də orada olmadığını görmüşdür. Bununla da 1 baş heyvanın oğurlandığını başa düşmüşdür. 2024-cü il noyabrın 19-da Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus olan 1200 manat dəyərində 1 baş iribuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Həmin tarixdə Salyan Rayon Polis Şöbəsi tərəfindən ona məxsus olan 1 baş iribuynuzlu heyvanı oğurlayan şəxs müəyyən olunmuş, həmin şəxsin həmkəndlisi Sədulla adlı şəxs olduğunu öyrənmişdir. Ümumilikdə ona 1200 manat dəyərində maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Sədulla ona məxsus 1 baş dananı oğurlamaqla ona 1200 manat ziyan vurmuşdur. İstintaq dövründə dana ona qaytarılmış, ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2024-cü il sentyabr ayında onun 5 baş xırdabuynuzlu heyvanı olmuş, həmin heyvanları yaşadığı evin həyətində tövlədə saxlamışdır. 2024-cü il sentyabrın 28-də xırdabuynuzlu heyvanlarını aparıb çöl sahəsində otarmış, axşam saatlarında heyvanlarını gətirib həyətindəki tövləyə salmışdır. Sonra ailəsi ilə birlikdə qohumunun evində keçirilən yığıncağa getmiş, təxminən saat 22 radələrində o, ailəsi ilə birlikdə yığıncaqdan evə qayıtmışdır. O, tövləyə gedib heyvanlara baxan zaman 3 baş heyvanın tövlədə olmadığını görmüşdür. Həyətə baxmış, lakin heyvanları tapa bilməmişdir. O, dərhal Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X16 məlumat verməklə və Salyan Rayon Polis Şöbəsinə ərizə verərək yaşadığı evin həyətindən 500 manat dəyərində 3 baş xırdabuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. 2024-cü il noyabrın 19-da Salyan Rayon Polis Şöbəsindən 3 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxsin müəyyən olunduğu bildirilmiş, həmin şəxsin həmkəndlisi Sədulla adlı şəxs olduğunu öyrənmişdir. Ümumilikdə ona 1000 manat dəyərində maddi ziyan dəymişdir. Həmin vaxtı o, oğurlanan 3 baş xırdabuynuzlu heyvanın qiymətini dəqiq bilmədiyi üçün 500 manat demiş, hazırda isə dəqiqləşdirmiş, ona 1000 manat dəyərində maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, 1(057)28/2025 saylı cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi yoxdur. Səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilmir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O, xırdabuynuzlu və iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Sədulla ilə heyvan bazarında ondan quzu aldığı vaxt 2024-cü ilin sentyabrında tanış olmuşdur. Həmin vaxt Sədulla 2024-cü ilin sentyabrında ona 3 baş xırdabuynuzlu heyvan satmışdır. Sədulla həmin 3 baş xırdabuynuzlu heyvanı ona 550 manata satmışdır. Həmin heyvanlar kəsimlik həddə çatmayan quzular olmuşdur. Həmin heyvanları bazarda Sədulladan almış, elə orada başqa şəxsə 630 manata satmışdır. 18 noyabr 2024-cü il tarixdə o, Salyan rayonu Aşağı Noxudlu kənd yolunda yerləşən heyvan bazarında olan zaman Sədulla ona zəng etmiş, atasının 1 baş iribuynuzlu heyvanını satmaq istədiyini bildirmiş, o, da bazardan çıxdıqdan sonra razılaşıb alacağını bildirmişdir. Həmin tarixdə günorta saatlarında Sədulla ona zəng edərək Stansiya adlanan yerdə, yəni Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən yaşadığı evin qarşısında olduğunu, 1 baş dananı darvazanın yanında olan dirəyə bağladığını ona bildirmişdir. Onlar X26 avtomobilinin yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən “Ay işığı” supermarketin qarşısında görüşmüş, Sədulla ona Qazel markalı yük avtomobilinin gözlədiyini, pulu olmadığını deyərək ondan 30 manat pul alaraq aparıb sürücüyə vermişdir. Sonra Sədulla ilə birlikdə yaşadığı evə getmiş, orada Sədullanın satmaq istədiyi 1 baş iribuynuzlu heyvana baxmış, o, Sədulla ilə həmin dananı 1000 manata almağa razılaşmış, orada qalan 970 manat pulu Sədullaya vermişdir. Sonradan Salyan RPŞ-dən ona zəng olunduqda Sədullanın ona satmış olduğu 1 baş dananın oğurluq olduğunu öyrənmişdir. Həmin heyvanı yiyəsinə - Zərərçəkmiş şəxs1 qaytarmışdır. Sədullanın oğurluq etməsi barədə heç bir məlumatı olmamış, Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O, “Qaz 33021-14” markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə yük daşıyıb ailəsini dolandırır. 2024-cü il noyabrın 18-də günorta saatlarında Salyan şəhərində Dairə adlanan yerdə dayandığı vaxt 1 nəfər cavan oğlan, sonradan adını bildiyi Sədulla yanına gələrək 1 baş iribuynuzlu heyvan olduğunu, onu Salyan rayonu Arbatan kəndində yerləşən əkin sahəsindən götürüb Stansiya adlanan yerə aparmaq lazım olduğunu bildirmişdir. Onlar 20 manata razılaşmışlar. Sədulla fəhlə də lazım olduğunu deyərək oradan Taleh adlı fəhləni taparaq onunla 10 manata razılaşmışdır. Yolda gedən zaman Sədulla heyvanın atasına məxsus olduğunu, bacısının uşağının ad günü olduğu üçün ona pay verəcəyini bildirmişdir. Sədullanın dediyi yerdən -əkin sahəsindən iplə bağlı vəziyyətdə olan 1 ədəd dananı köməkləşib avtomobilinin yük yerinə mindirmişlər. Əkin sahəsində həmin heyvandan başqa 2 baş iribuynuzlu heyvan da olmuşdur, heyvanlar bağlı vəziyyətdə olmuşdur. Sonra onlar Stansiya adlanan yerə - Salyan şəhəri, 20 Yanvar küçəsinə gəlmişlər. Taleh ilə Sədulla 1 baş dananı düşürərək darvazanın yanında dirəyə bağlamış, Sədulla yeznəsinin evdə olmadığını, heyvan bazarında olduğunu, gəlib onların pulunu verəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə “Ay işığı” supermarketin qarşısına getmiş, Sədulla avtomobildən düşərək getmiş, qayıdaraq ona 20 manat, Talehə isə 10 manat pul vermişdir. Sonradan Sədullanın həmin 1 baş dananı oğurladığını öyrənmişdir. Sədulla oğurluq barədə ona bir söz deməmiş, Sədulla yolda özünü şübhəli kimi aparmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Fəhləçilik edərək ailəsini dolandırır. 2024-cü il noyabrın 18-də günorta saatlarında o, Salyan şəhərində Dairə adlanan yerdə- “fəhlə bazarı” kimi tanınan yerdə dayandığı vaxt həmkəndli kimi tanıdığı Sədulla onun yanına gələrək fəhlə lazım olduğunu, 1 baş dananın daşınmasında ona köməklik etməsini təklif etmiş, onlar 10 manata razılaşmışlar. Onlar birlikdə Salehə məxsus olan yük avtomobilinə əyləşərək Salyan rayonu Arbatan kəndinə getmiş, yolda gedən zaman Sədulla 1 baş dananın atasına məxsus olduğunu, bacısının uşağının ad günü olduğu üçün ona həmin heyvanı pay verəcəyini bildirmişdir. Onlar Sədullanın dediyi yerə çatanda Sədulla demişdir ki, heyvanlar ac qalmasın deyə atası onları əkin yerinə bağlayıb. Onlar köməkləşərək 1 baş dananı avtomobilinin yük yerinə mindirmiş, sonra Stansiya adlanan yerə- Salyan şəhəri, 20 Yanvar küçəsinə gəlmişlər. Həmin ünvanda Sədulla ilə birlikdə heyvanı yük avtomobilindən yerə düşürərək, darvazanın yanında dirəyə bağlamışlar. Sədulla yeznəsinin evdə olmadığını, heyvan bazarında olduğunu, gəlib onların pulunu verəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə “Ay işığı” supermarketin qarşısına getmiş, Sədulla avtomobildən düşərək getmiş, qayıdaraq ona 10 manat, Salehə isə 20 manat pul vermişdir. Sonradan ona polis əməkdaşları zəng etdikdə həmin heyvanın oğurluq olduğunu, Sədullanın həmin heyvanı oğurladığını öyrənmişdir. Onun oğurluq hadisəsi ilə bir əlaqəsi yoxdur, Sədulla oğurluq barədə ona bir söz deməmişdir. İş materiallarında olan Salyan rayonu Arbatan kənd sakini Zərərçəkmiş şəxs1 Salyan RPŞ-yə ünvanladığı 19 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, 2024-cü ilin noyabrın 18-də günorta saatlarında yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən ona məxsus əkin sahəsindən 1200 manat dəyərində bir baş iribuynuzlu heyvanın naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Odur ki, həmin naməlum şəxsin müəyyən edilərək cinayət məsuiyyətinə cəlb edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X7, Salyan rayonu Arbatan kənd sakini Zərərçəkmiş şəxs1, hal şahidləri X6, X4 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 09:00-dan saat 09:20-dək Zərərçəkmiş şəxs1 məxsus Salyan rayonu Arbatan kəndində yerləşən əkin sahəsinə baxış keçirilmişdir. Baxış zamanı baş vermiş oğurluq hadisəsinin əkin sahəsində olması,ətrafda yaşayış yerinin olmaması müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 ona məxsus naməlum şəxs tərəfindən oğurlanmış 1 baş heyvanı əkin sahəsində ip vasitəsilə bağladığını, işi ilə əlaqədar getdiyini, gəldiyi zaman heyvanının oğurlandığını aşkar etdiyini bildirmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmış, fotoşəkillər çəkilmiş, toplanmış materiala əlavə olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin rəisi polis mayoru X18 RPŞ-yə verdiyi xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Salyan rayonu Arbatan kənd sakini Zərərçəkmiş şəxs1 məxsus bir baş iribuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən xx.xx.2024-cü il tarixdə oğurlanması faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin xx.xx.1991-ci il təvəllüdlü Salyan rayonu Arbatan kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müəyyən edilib xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində saxlanılaraq saat 08:00-da RPŞ-nə gətirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən ünvan 3 ünvanda yaşayan Şahid1, Salyan RPŞ-nin CAB-nin rəisi polis mayoru X9, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X7 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli “iribuynuzlu heyvanın könüllü təqdim edilməsi və götürülməsi” və “təqdim olunan iribuynuzlu heyvana baxış keçirilməsi barədə” barədə protokollardan və fotocədvəllərdən görünür ki, Şahid1 könüllü surətdə təqdim etdiyi 1 baş iribuynuzlu heyvana baxış keçirilmiş, istintaq hərəkəti zamanı Şahid1 könüllü surətdə təqdim etdiyi yaşadığı Salyan şəhəri, 20 Yanvar küçəsi ev 107 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində saxladığı dişi cinsli, 1 baş iribuynuzlu heyvan olması müəyyən olunmuş və müstəntiq tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraat qəbul edilərək istintaqın aparılması qərara alınmışdır. İş materiallarında olan Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs2 Salyan RPŞ-yə ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında naməlum şəxs və ya şəxslər yaşadığı ünvandan 500 manat dəyərində 3 baş xırdabuynuzlu heyvanı oğurlamışdır. Odur ki, bu barədə tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Faiq Əzizov tərəfindən Salyan rayonu Arbatan kənd sakini Zərərçəkmiş şəxs2, hal şahidləri X8, X1 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 məxsus Salyan rayonu Arbatan kəndində yerləşən ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin çöl sahəsindən naməlum şəxs və ya şəxslər tərəfindən 3 baş xırdabuynuzlu heyvan oğurlanmışdır. Hadisə yerindən fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Faiq Əzizov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə naməlum şəxs və ya şəxslərin əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 Arbatan kəndində yerləşən fərdi yaşayış evinin kənarında olan sahədən üç baş xırdabuynuzlu heyvanı oğurlayan naməlum şəxs və ya şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xırda talama) tərkibi olduğundan müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin İctimai Təhlükəsizlik və Cinayət-Axtarış Bölmələrinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon prokuroru baş ədliyyə müşaviri Rəşad Mansurovun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə” qərarından görünür ki, Salyan Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi, polis mayoru Rəsul İbayevin 19 noyabr 2024-cü il tarixli vəsatəti təmin edilmiş, Salyan RPŞ-nin Təhqiqat bölməsininin təhqiqatçısı polis leytenantı Faiq Əzizov tərəfindən cinayət işi başlanmasının rədd edilməsi barədə 07 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Salyan rayon polis şöbəsinin istintaq bölməsinə qaytarılmışdır. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X11 həmin tarixdə saat 10:30-da Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli “zərərçəkmiş qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli “zərərçəkmiş qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziriyi yanında Aqrar Xidmətlər Agentliyi Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Ramil Əmrahovun verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Salyan rayon Baytarlıq İdarəsi Salyan RPŞ-nin 20 noyabr 2024-cü il tarixli 3-13-104/1- 2250/24 saylı məktubuna cavab olaraq göstərmişdir ki, iribuynuzlu heyvanın (inək) 2024cü ilin noyabr ayı ərzində və xırdabuynuzlu heyvanların isə sentyabr ayına Salyan rayonu ərazisində yerləşən heyvan bazarında satış qiyməti aşağıdakı kimi göstərilmişdir: 1) 8 aylıq, diri halda çəkisi 90 kq olan 1 baş dişi cinsli iribuynuzlu -1200 manat dəyərində, 2) 1 illik, diri halda çəkisi 35 kq olan 1 baş erkək cinsli xırdabuynuzlu -450 manat dəyərində, 3) 5 aylıq, diri halda çəkisi 30 kq olan 1 baş dişi cinsli xırdabuynuzlu -300 manat dəyərində, 4) 5 aylıq, diri halda çəkisi 27 kq olan 1 baş dişi cinsli xırdabuynuzlu-250 manat dəyərindədir. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 20 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X11 Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzrdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 20 noyabr 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, 1200 manat dəyəri olan 8 aylıq, diri halda çəkisi 90 kq, 1 dişi cinsli olmaqla 1 baş iribuynuzlu heyvan (inək) işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu, Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan gizli yolla talayıb oğurladığı ümumilikdə 1200 manat dəyərində 8 aylıq, diri halda çəkisi 90 kq olan 1 dişi cinsli olmaqla 1 baş iribuynuzlu heyvan (inək) işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 4(057)-98/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 20 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti həmin tarixdə saat 16:00-dan 16:20dək Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus əkin sahəsində aparılmış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı o, Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus əkin sahəsindən 1 baş iribuynuzlu heyvanı oğurladığı yeri göstərməklə bir daha ifadəsini təsdiq etmiş, oğurluq nəticəsində əldə etdiyi pulu öz şəxsi məsrəflərinə xərclədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 20 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti həmin tarixdə saat 16:40-dan 17:00dək Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətində aparılmış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı o, Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus tövlədən 3 baş xırdabuynuzlu heyvan oğurladığı yeri göstərməklə ifadəsini bir daha təsdiq etmiş və oğurluq nəticəsində əldə etdiyi 550 manat pulu öz şəxsi məsrəflərinə xərclədiyini bildirmişdir. İş materiallarında olan Salyan rayon İHB-nın Arbatan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-71-8/2-540/2024 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs Salyan Arbatan kəndində yaşayır, onun ailə tərkibi 1965-ci il təəvəllüdlü atası X5 və anası 1963-cü il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nın Arbatan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(057)-43/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmişdir. İş materiallarında olan Salyan Rayon İcra və Probasiya Şöbəsinin 09 dekabr 2024-cü il tarixli, 473/04 nömrəli məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib və ona CM-in 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Hökmün icrası barədə göstərişi xx.xx.2024-cü il tarixdə Salyan Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Elektron nəzarət vasitələrinin çatışmamazlığı səbəbindən məhkum Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq olunması və məhkumun hərəkət trayektoriyasının elektron qaydada izlənilməsi mümkün olmamışdır. İş materiallarında olan Salyan RMX-nin 8 yanvar 2025-ci il tarixli, 18-1-68/2-14/2025 nömrəli məktubundan görünür ki, Salyan rayon, Arbatan kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, noyabrın 18-i 2024-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ona məxsus 1 baş iribuynuzlu heyvanı oğurlamışdır. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, ona qarış heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli Salyan RPŞ-yə verdiyi ərizəsindən görünür ki, noyabrın 28-i 2024-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ona məxsus 3 baş xırda buynuzlu heyvanı oğurlamışdır. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, ona qarış heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2024-cü il noyabrın 20-də Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 barələrində Azərbaycan Respublikası CM-in 477.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin olmaması nəzərə alınmış; Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın 500 manat deyil, 1000 manat olması nəzərə alınmış; Təqsirləndirilən şəxs tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan gizli yolla talayıb oğurladığı ümumilikdə 1200 manat dəyərində 8 aylıq, diri halda çəkisi 90 kq olan 1 dişi cinsli olmaqla 1 baş iribuynuzlu heyvan (inək) işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmış; təqsirləndirilən şəxsin etirafedici ifadəsindən əlavə olaraq ifadəsinin yerində yoxlanılması protokolları, zərərçəkmiş şəxslərin ifadələri, baxış protokolları, istintaq hərəkətlərinin protokolları, Salyan rayon Baytarlıq İdarəsinin 20 noyabr 2024-cü il tarixli, 3-22-1-2-47/2-28/2024 saylı məktubu və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Məhkəməyə təqdim edilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 0016325/4 saylı məktubundan görünür ki, Salyan rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm və hökmün icrası barədə göstəriş tərəflərindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Cəzanın əvvəli xx.xx.2024-cü il, sonu xx.xx.2027-ci il tarixdir. xx.xx.2024-cü il tarixə çəkilmiş cəza müddəti 06 ay 29 gün, çəkilməmiş cəzası 02 il 04 ay 27 gün təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs , tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il sentyabrın 28-də axşam saatlarında Salyan rayonu, Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub həyətdəki saxlanc yeri hesab edilən tövlədən 450 manat dəyərində 1 illik, diri halda çəkisi 35 kq olan 1 baş erkək cinsli, 300 manat dəyərində 5 aylıq, diri halda çəkisi 30 kq olan 1 baş dişi cinsli, 250 manat dəyərində 5 aylıq, diri halda çəkisi 27 kq olan 1 baş dişi cinsli olmaqla ümumilikdə 1000 manat dəyərində 3 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat maddi ziyan vurmaqla; təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il noyabrın 18-də günorta saatlarında Salyan rayonu, Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan əkin sahəsində otlayan ümumilikdə 1200 manat dəyərində 8 aylıq, diri halda çəkisi 90 kq olan 1 baş dişi cinsli iribuynuzlu heyvanı (inək) gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməllərini törətməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1-18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(057)-43/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin, ona cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-də residivə görə nəzərdə tutulan qaydada cəza təyin edilməməlidir. Çünki, əvvəlki hökmü üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaazadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun əməlində residiv yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4, 18.4.1-ci maddələrinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, həmçinin, zərər çəkmiş şəxslərlə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(057)-43/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 27 (iyirmi yeddi) gün hissəsinin iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla alınan 01 (bir) il 02 (iki) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın-yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, həmin şəxsə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmasa da, həmin şəxs əvvəl eyni xarakterli cinayət əməlini törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və təyin olunmuş cəzanın 02 (iki) il 04 (dörd) ay 27 (iyirmi yeddi) gün hissəsini çəkmədən hazırki cinayət əməllərini törətmişdir. Bu isə bir daha həmin şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzanın təyin edilməsinin onun islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından effektli və səmərəli olmasını əsaslı olaraq şübhə altına alır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına, təyin olunacaq cəzanın səmərəsizliyinə, icrasının mümkünsüzlüyünə səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1200 manat dəyəri olan 8 aylıq, diri halda çəkisi 90 kq, dişi cinsli olmaqla 1 baş iribuynuzlu heyvanın (inəyin) saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(057)-43/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 27 (iyirmi yeddi) gün hissəsinin iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla alınan 01 (bir) il 02 (iki) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli tutulduğu gündən, yəni 19 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1200 manat dəyəri olan 8 aylıq, diri halda çəkisi 90 kq, dişi cinsli olmaqla 1 baş iribuynuzlu heyvanın (inəyin) saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar