Məhkəmə qərarları › İş №1(057)-29/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-29/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-29/2024 01.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs1, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1998-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, çoban işləmiş, əvvəllər məhkum olunmamış, Salyan rayonu Çadırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altınavermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını talayaraq mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəllərində həmkəndlisi Zərərçəkmiş şəxs2 və Salyan rayonu Bəşirbəyli kənd sakini Zərərçəkmiş şəxs1 ilə aralarında olan şifahi razılıq əsasında aylıq 800 manat əmək haqqı müqabilində sonuncuların Salyan rayonu Yolüstü kəndi ərazisində icarəyə götürdükləri torpaq sahəsində onlara məxsus olan 300 baş xırdabuynuzlu heyvan sürüsünə çobanlıq edərək həmin heyvanların sayına, yemlənməsinə və mühafizəsinə cavabdehliyi öz üzərinə götürüb sayını birgə dəqiqləşdirib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təhvil aldıqdan sonra, ona etibar edilmiş həmin heyvanlardan satıb mənimsəmə yolu ilə talamaq qərarına gələrək, bu məqsədlə 2023-cü ilin iyul ayının sonlarından avqust ayının 22-nə kimi keçən müddətdə, istintaqla dəqiq müəyyən edilməyən günlərdə və vaxtlarda, heyvanları otardığı Salyan rayonu Yolüstü kəndi ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus hər birinin qiyməti 300 manat olmaqla, 2 illik, diri çəkiləri 60 kq, dişi cinsli, ümumi dəyəri 4.200 manat olan 14 baş qoyunu, hər birinin qiyməti 187,50 manat olmaqla, 4-5 aylıq, diri çəkiləri 25 kq, erkək cinsli ümumi dəyəri 750 manat olan 4 baş quzunu, Zərərçəkmiş şəxs2 məxsus hər birinin qiyməti 187,50 manat olan, 4-5 aylıq, diri çəkisi 25 kq, erkək cinsli ümumi dəyəri 375 manat olan 2 baş quzunu öz heyvanları kimi təqdim etməklə ayrı-ayrı şəxslərə satıb əldə etdiyi pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdar təşkil edən cəmi 5.325 manat dəyərində 20 baş xırdabuynuzlu heyvanları vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Azərin razılığ ilə Seymurun qoyunları da həmin heyvanlara qoşulmuş və birlikdə onlara baxmışdır.Heyvanlara baxmaq üçün 400 manat pulu Azər, 400 manatı isə Seymur vermişdir.Hərəsinin 100 baş qoyunu olmaqla,cəmi 200 baş qoyuna baxmışdır.Qoyunlar ona iyul ayında taxıl biçini vaxtı verilmişdir.Tural heyvanların yanına gələrək ona heyvanları dəyişmək təklifini vermişdir.Birini dəyişmiş, 14 baş qoyuna da vermişdir.Həmin qoyunlardan 2-si Azərin, 12-si Seymurun olmuşdur.Cəmi 500 manat pul almış, qalan pulu almamışdır.Tural ona əvəzinə qoca qoyunlar qoyacağını demiş, lakin verməmişdir.Turaldan şikayət etməmiş, lakin birlikdə onun qapısına getmiş, hərəsi ilə 1500 manatla razılaşmışlar.Üç gündən sonra Seymur ona demişdir ki, orada 14 baş deyil, 20 baş qoyun olmuşdur.Seymur razılaşmamış, Azərin pulunu ödəmişdir.Azərin qoyunlarında qulaqlarında kəsik, Seymurun qoyunlarında göy rəngli boya olmuşdur.Özünün iki azyaşlı uşağının olmasını, peşiman olduğunu nəzərə alaraq ona köməklik olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Kamili həmkəndlisi kimi tanıyır, Azərin qoyunlarını otartmışdır.Azərə köməklik məqsədi ilə heyvanlarını onun heyvanlarına qoşmuşdur.Azər ona zəng edərək heyvanların Turalın qapısında olduğunu demişdir.Birlikdə Turalın qapısına gedərək 3 baş özünün, 1 baş isə Azərin qoyunu olmuşdur.Turalın qapısına çoxlu maşının gəlib getdiyini gördüyü üçün Azər ondan şübhələnmişdir. Azər bir nəfər tanış taksi sürücüsünə Turalın həyətinə kənar maşının gəlib getməsi barədə ona məlumat verməsini xahiş etmişdir. Kamilə oğurluq barədə demişlər, lakin sonuncu boyun almamışdır.Tural da boynuna almamışdır.Sonradan Tural çobanın ona qoyun satmasını etiraf etmişdir.Kamil sonradan satdığını etiraf etmiş və yaxşı elədiyini demişdir.Kamil polisdə 2 gün qaldıqdan sonra pulunu verəcəyini bildirsə belə buna əməl etməmişdir.Eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs1 daha sonra bildirmişdir ki, Rəfiyevə verdiyi heyvanlarını tanımaq üçün göy rəngli boya ilə bayadığını, Azər isə öz heyvanlarının qulaqlarına qayçı ilə kəsərək nişanlamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyandan hər ay 300 manat ödəyəcəyinə söz verdiyi üçün ondan şikayətçi olmadığını və onun tutulmamasını xahiş etdi. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin ona hər ay 300 manat pul verəcəyi və ziyanı ödəyəcəyinə söz verdiyi üçün ondan şikayətçi olmaması və tutulmaması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılan zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, özünə məxsus 100 başdan artıq qoyunları və keçini saxlamaq üçün Seymurun heyvanları birlikdə otarılması və baxılması üçün 2023-cü ilin yayında Təqsirləndirilən şəxs vermişdir.Verdiyi həmin heyvanları digər heyvanlardan fərqləndirmək üçün qulaqlarına baytarlıq qayçısı ilə işarə vurmuşdur. Təqsirləndirilən şəxs həmin heyvanlardan 3 başını oğurlamış,bir başını Turalın həyətində tapmış, digər 2 başın pulunu isə almışdır.Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onunla barışmış, hazırda ondan heç bir şikayət və tələbi olmadığını qeyd edərək məhkəmə hazırlıq və baxışı iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinin tələblərinə əsasən onun istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan olunmuşdur.O.həmin ifadəsində göstərmişdir ki, hazırda yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2013-cü ildən hazıradək Salyan OİL LTD-də traktor sürücüsü işləyir. Həmçinin özünə məxsus olan ailə kəndli təsərrüfatı vardır. Belə ki, 6 ildir ki, xırda buynuzlu heyvan saxlayır. Zərərçəkmiş şəxs1 Salyan rayonu Bəşirbəyli kənd sakini kimi tanıyır. Seymurun da, təsərrüfatında xırdabuynuzlu heyvan vardır. Onlar yay fəslində yəni iyun-sentyabr aylarında heyvanları yaylaq kimi qabaqcadan icarəyə götürdükləri torpaqda otladırlar ki, heyvanlar kökəlsinlər. Son 2 ildir ki, onlara məxsus xırda buynuzlu heyvanları Salyan rayonu Yolüstü kəndi ərazisində icarəyə götürdükləri yonca sahəsində otlatmışlar. Heyvanlar iyul-sentyabr ayı ərzində həmin sahədə otlayırmışlar. Həmin müddət ərzində heyvanlara nəzarət etməsi və baxması üçün çoban tutmuşlar. 2022-ci ildə həmin işi onlar üçün Abuzər adlı çoban görmüşdür. Abuzər çox dürüst insandır. O onlardan heyvanları iyul ayında təhvil aldığı kimi sentyabr ayında özlərinə təhvil vermişdir. Bunun müqabilində hər ay ona qabaqcadan razılaşdıqları kimi 800 manat pul vermişlər. Razılaşmışlar ki, bu ilin iyun-sentyabr aylarında da, elə həmin qaydada onların qoyunlarına Abuzər baxacaqdır. Lakin 2023-cü ilin iyun ayında Abuzər xəstələndiyi üçün daha onların işlərini görə bilməmişdir. Onun əvəzinə oğlu Təqsirləndirilən şəxs ilə şifahi olaraq elə həmin ayın əvvəlində razılaşmışlar ki, hər ay ona 800 manat əmək haqqı verəcəklər. Bunun əvəzinə o onların ona sayaraq təhvil verdikləri 300 baş xırdabuynuzlu heyvanları iyun-sentyabr aylarında icarəyə götürdükləri Yolüstü kəndində yerləşən yoncalıq sahəsində otaracaqdır. Kamil onlarla şifahi olaraq razılaşmış və sürünü sayıb onlardan təhvil alaraq şifahi öhdəlik götürmüşdür ki, həmin heyvanları onlara olduğu kimi sentyabr ayının 15-də təhvil verəcək, heyvanların sayına, bəslənilməsinə və yemlənməsinə cavabdeh olacaqdır. Onlar da, hər ay qoyunlara çobanlıq etdiyi üçün ona nağd şəkildə 800 manat pul ödəyəcəklər. Aralarında razılaşdıqdan sonra sürünü Kamilə təhvil vermişlər və özləri işləri ilə məşğul olmağa başlamışlar. O mütəmadi olaraq gəlib öz sürüsünü sayıb onları yoxlasa da, Seymur ümumiyyətlə hər ay çobanın əmək haqqısının vaxtı çatan zaman yonca sahəsinə gəlib pulunu verib gedirmiş. Sürünü heç saymırmış. Onlar heç həmin vaxt Kamili Qasım adı ilə çağırıb tanıyırmışlar. Onun əsl adının Kamil olmasını belə bilmirmişlər.2023-cü ilin avqust ayının əvvəllərində o sürüdə bacısı oğlu üçün ayırdığı təxminən 4-5 aylıq, diri halda çəkisi 25 kq olan quzunun olmadığını aşkar etmişdir. Həmin vaxt Kamildən quzunun harada olmasını soruşmuşdur. Kamil ona yenə də, tutarlı cavab verə bilməmişdir. O yenə də, Kamilin əmək haqqısından həmin quzuya görə 300 manat pul çıxmışdır. O quzusunun əskik gəlməsi barədə Seymura məlumat versə də, Seymur çox vaxt Şirvan şəhərində yaşadığı üçün qoyun sürüsünü yoxlamağa gələ bilməmişdir. Bu söhbətdən sonra artıq o Kamilin davranışlarını gizli nəzarətə götürməyə qərar vermişdir. Hesab etmişdir ki, Kamil ola bilər ki, sürüdən qoyun-quzunu o və Seymurdan icazəsiz oğurlayıb satar. Çünki, Kamilin atası Abuzər sürüyə baxan zaman heç vaxt başlarına ardıcıl belə bir şey gəlməyibmiş. Çox vaxt gecələr gizlin sürüyə göz qoymağa başlamışdır. 2023-cü ilin avqust ayında səhər saatlarında gizlin şəkildə Yolüstü kəndində qoyunlarını saxladığı yoncalıq sahəsinə gedib maşında oturaraq oraya nəzarət etməyə başlamışdır. Görmüşdür ki, boz rəngə oxşar QAZ 3110 markalı avtomaşının onların ərazisindən uzaqlaşıb getmişdir. Həmin avtomaşını idarə etdiyi «Mercedes» markalı avtomaşınla izləsə də ərazi kələ-kötür olduğu üçün həmin avtomaşının getdiyi istiqaməti itirmişdir. Yaxınlıqda olan kanaldan balıq tutan kənd sakinlərindən həmin avtomaşın barədə soruşduqda Qarabağlı kəndindən olan taksi işləyən Fəxrəddin oğlu Murada məxsus olduğunu demişlər. O da Muradı tanımışdır. Bilmişdir ki, Murad hər gün Qarabağlı kəndində yerləşən dayısına məxsus mağazanın qarşısında dayanmaqla müştəri gözləyir, taksi sürücüsü işləyir. Ona görə də birbaşa həmin dükanın qarşısına getmişdir. Yolda Muradın idarə etdiyi avtomaşınla qarşılaşıb onu saxlatmışdır. Muraddan birbaşa ona məxsus quzular harada olmasını soruşmuşdur. Murad Qarabağlı kənd sakini Şahid5 tapşırığı ilə bu gün 1 baş quzu götürüb onun yaşadığı evə apardığını, qarşılığında Turalın ona taksi kimi 7 manat pul verdiyini demişdir. Murad Turalın həyətinə apardığı quzunu qoyarkən əlavə 3 baş qoyunun da onun həyətində olduğunu bildirmişdir. Bilmişdir ki, həmin qoyunlar da onların heyvanları olacaq. Ona görə də, Muradı götürüb ilk əvvəl Xalac kəndində «Daşdı Bazar» deyilən qəbirstanlığa getmişlər. Belə ki, Murad Turalın orada qəbir qazdığını ona demişdir. Həmin qəbirstanlığa çatdıqda Turalı qəbir qazarkən görüb çağırmışdır. Tural çatan kimi ona «quzuları niyə oğurlamısan, utanmırsan məndən» demişdir. Tural ilk əvvəl etiraf etməyib sanki xəbəri olmayan kimi hərəkət etsə də, qapısında 4 baş heyvanını aşkar etdiyini dedikdə məcbur qalıb etiraf etmişdir. Tural ona ilk əvvəl 4 baş quzu apardığını demişdir. O da Turala birlikdə gedib heyvanları sayacaqlarını əskik olanları tələb edəcəyini demişdir. Turalı da götürüb birlikdə onun yaşadığı evə getmişlər. Turalın qapısında özünə məxsus 1 baş quzunu, Seymura məxsus isə 3 baş qoyunu gördükdən sonra Seymura zəng edib ona baş vermiş hadisə barədə məlumat verib evinə gəlməsini tapşırmışdır. Heyvanların şəkilini Turalla birlikdə çəkmiş, lakin onları Turalın qapısından götürməmişdir ki, sübut kimi qalsın. Elə oradan Turalla birlikdə öz həyətinə getmişdir. Turaldan başqa Seymur, qardaşı Samir, Turalın Elşad adlı dayısı, Turalın heyvanları daşımaq üçün sifariş verdiyi taksi sürücüləri Murad və Nemət onların həyətində olmuşlar. Atası xəstə olduğu üçün onu həyətə düşməyə qoymamışdır. Həyətlərində olan zaman bəlli olmuşdur ki, Tural təkcə həyətindən aşkar etdiyi 4 baş heyvanı Kamildən almamış, bundan başqa da, onların yatağından Kamil ona heyvan satmışdır. Heyvanlardan 3 başını Muradın maşını ilə, 1 başını isə Nemətin maşını ilə qalanı isə özünün idarə etdiyi dayısına məxsus maşın ilə daşımışdır. Tural həyətdə Kamildən elə həmin qədər heyvan aldığını, həmin heyvanların Kamildən pulla aldığını, heyvanların ona məxsus olmasından, həmçinin Kamilin həmin heyvanları ondan xəbərsiz olaraq satmasından məlumatsız olduğunu bildirmişdir. Bundan sonra onlar birlikdə heyvanların sayını yoxlamaq üçün Yolüstü kəndinə icarəyə götürdükləri yoncalıq sahəsinə getmişlər. Həmin sahəyə çatan zaman Turalın Vidadi adlı digər dayısı da, oraya gəlmişdir. Taksi sürücülərinlik bir iş qalmadığı üçün onlar daha çıxıb öz işlərinə getmişlər. Kamil Turalı görəndən sonra qoyunları gizlincə Turala satdığını etiraf etmişdir. Qoyunları saydıqda Seymurun Turalın həyətində olan 3 baş qoyundan əlavə 11 baş qoyununun əskik gəlməsini aşkar etmişlər. Seymur ona məxsus heyvanları yaxşı tanımadığı üçün yerində neçəsinin olmadığını dəqiq bilməmişdir. Qərar gəlmişdir ki, tam dəqiq sayını Seymur sürünü evə aparandan sonra sonuncunun anası sayıb deyəcəkdir. Onun sürüsündən isə ümumiyyətlə Turalın evindəki quzudan başqa əskik heyvan aşkar edilməmişdir. Kamil ona avqust ayının əvvəli yoxa çıxan quzunu Turala satmasını orada demiş və bildirmişdir ki, onun sürüsündən cəmi 2 ədəd quzu getmişdir. Lakin bir heyvan natura formada, digəri isə qarşılığı pul formasında ona ödənildiyi üçün Kamilin ona ödəniləcək pulu qalmamışdır. Seymur qoyunları Bəşirbəyli kəndinə aparmışdır. Seymurun anası onlara məxsus heyvanlara baxdıqda 4 baş quzunun yerində olmadığını aşkar etmişlər. Ümumilikdə Seymura məxsus 15 baş xırda buynuzlu heyvan əskik gəlmişdir. Növbəti gün Tural götürdüyü 4 baş quzunu geri qaytarmışdır. Həmin quzuların 3-ü Seymura, 1-i isə ona məxsus olmuşdur. Geri qaytarılan quzusu avqust ayı üçün 1 yaşı var imiş, 25-27 kiloqram olmuşdur. Onun quzusu geri qaytarıldığı üçün şikayət və tələbi yoxdur. Baş vermiş cinayət nəticəsində ona ümumilikdə 375 manat maddi ziyan dəymiş, hazırda isə həmin ziyan tamamilə ona ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 30 iyul 2023-cü il tarixdə dayısı Təvəkkül ona zəng edərək Yolüstü kəndində Kamil adlı çobanın heyvan satdığını bildirmiş və həmin çobanın ***-***-**-** mobil nömrəsini ona vermişdir. O da qeyd olunan nömrəyə zəng edib Tural olduğunu, nömrəsini dayısı Təvəkkülün verdiyini bildirmişdir. Telefonda danışdıqdan sonra həmin gün təxminən saat 14 radələrində Yolüstü kəndində heyvanların saxlandığı yatağa idarə etdiyi Hyunday Tucson markalı avtomaşınla getmişdir. Kamil ona həmin yerdə 2 baş 2 aylıq biri erkək, digəri dişi cinsli olmaqla 7-8 kiloluq quzu göstərmişdir. Həmin quzuları götürüb ikisinə ümumilikdə 400 manat pul vermişdir. Kamil heyvanların ona məxsus olduğunu ona demişdir. Bundan sonra da avqust ayının 22-nə kimi Kamillə telefonla əlaqə saxlayıb xatırlamadığı günlərdə hər dəfə 2 və ya 1 baş olmaqla heyvan almışdır. Hər dəfə Kamilə heyvanların pulunu elə orada nağd şəkildə vermişdir. Kamildən ilk dəfə iki baş heyvanı Yolüstü kəndində yerləşən, Kamilin heyvanları otladığı örüş sahəsindən almışdır. Lakin növbəti dəfələrdə isə onunla Qarabağlı kəndi ilə Yolüstü kəndinin arasında yerləşən su kanalının üstündə yerləşən ağaclığın altında görüşüb həmin yerdə xırdabuynuzlu heyvanları ondan almışdır. Bu minvalla təxminən 5-6 dəfə o Kamillə qeyd olunan yerlərdə görüşüb ondan ümumilikdə 14 baş xırdabuynuzlu heyvan almışdır. Kamildən aldığı 13 baş heyvanın pulunu hər dəfə heyvanları almağa gəldiyi zaman nağd şəkildə ödəməklə vermişdir. Kamil həmin heyvanların özünə məxsus olduğunu ona demişdir və onu buna inandırmışdır. Kamildən aldığı ümumilikdə 13 baş heyvana görə sonuncuya ümumilikdə 2.900 manat pul vermişdir. Sonuncu dəfə avqustun 21-də axşam saat 20 radələrində Kamil ona zəng edərək 1 baş heyvan satdığını demişdir. O da pulu olmadığını bildirmişdir. Kamil növbəti gün səhər saatlarında gəlib heyvanı aparmağını, uşağı xəstə olduğu üçün həkimə aparacağını, heyvanı satıb pulu verəcəyi karta göndərməyini xahiş etmişdir. O Kamilin ona verdiyi həmin karta bundan qabaq da, səhv etmirsə bir dəfə onun xahişi ilə 180 manat pul atmışdır. Həmin pulu, həmçinin Kamilin xahişi ilə tanımadığı dostuna əlbəəl verdiyi 150 manat pulu ondan götürdüyü heyvanların puluna hesablamışlar. Kamillə razılaşdığı üçün 22 avqust 2023-cü il tarixdə saat 08 radələrində Kamillə həmişə görüşdükləri su kanalının üstündəki ağacın altına həmkəndlisi Muradın idarə etdiyi avtomaşınla getmişdir. Murad avtomobili su kanalının digər tərəfində saxlayıb avtomobilində onu gözləmişdir. O gedib Kamildən 1 baş dişi cinsli 5-6 aylıq 12 kiloluq heyvan götürmüşdür. Heyvanı Muradın avtomaşını ilə evinə aparıb həyətə salmışdır. Muradla əvvəl bir dəfə də həmin yerə gedib 2 baş heyvan almışdır. Həmçinin o Muradan başqa bir dəfə də, Nemət adlı taksi sürücüsü ilə də, həmin yatağa gəlib Kamildən heyvan almışdır. Hər dəfə onlara taksi kimi 7 manat pul vermişdir. Heyvanı həyətə saldıqdan sonra Xalac kəndində yerləşən Daşdı baza deyilən yerə gedib qəbir qazmağa başlamışdır. Bir qədər keçdikdən sonra Azər Muradın idarə etdiyi avtomaşınla gəlmişdir. Azər ona yatağından heyvan apardığını demişdir. O da Azərə Kamildən 4 baş heyvan aldığını demişdir. Belə ki, həmin vaxt həyətində Kamildən aldığı 4 baş heyvan var imiş, o hələ onları satmadığı üçün onları Azərə demişdir. Bundan sonra Azər və Muradla birlikdə evə gəlmişlər. Azər həyətdə heyvanlara baxmışdır. Azər həmin heyvanlardan üçünün sahibinin Seymur olduğunu demişdir. Sonra da Azərin evinə getmişlər. Orada dayıları Vidadi və Elşada zəng edib bu barədə məlumat vermişdir. Bir qədər sonra dayıları gəlmişlər. Seymur da qardaşı Samirlə gəlmişdir. Birlikdə Seymurgilin yatağına getmişlər. Orada Kamili çağırıb ona heyvanları sayacaqlarını demişlər. Bəlli olmuşdur ki, ümumilikdə 14 baş heyvan Təqsirləndirilən şəxs tərəfindən mənimsənilərək ona satılmışdır. Həmin heyvanlardan 4-ü onun qapısında olmuşdur. Həmin heyvanları növbəti gün geri qaytarmışlar. O Kamilə ümumilikdə 2.900 manat pul versə də Kamil ona cəmi 460 manat pul, bir də 40 manatlıq telefon verdiyimi etiraf etmişdir. Məhkəmədə şahid qismində ifadəsi alınan Şahid3 bildirmişdir ki, 11 avqust 2023cü il tarixində saat 15 radələrində Tural ona yaxınlaşaraq yataqdan heyvan aldığını, onu gedib gətirməyi istəmişdir. Yol pulu kimi 7 manat verəcəyini bildirmişdir. Razılaşıb onun «QAZ 310290» minik markalı avtomaşını ilə Yolüstü kəndinə körpü olan yerə getmişlər. Orada Tural körpüdən digər tərəfə keçib sonradan bildiyi Azərin yatağına tərəf getmişdir. Bir qədər sonra Tural 2 baş dişi cinsli, 25-30 kiloluq, 3-4 illik yunu qırxılmış qoyun gətirmişdir. Tural həmin qoyunları avtomaşınının arxa yük yerinə qoymuşdur. Onlar həmin qoyunları Turalın öz evinə aparmışlar. 21 avqust 2023-cü il tarixdə saat 17 radələrində Tural ona zəng edib həmin yerdən sabah səhər qoyun almaq üçün gedəcəyini bildirib yenidən 7 manat müqabilində yükünü daşımağını ondan istəmişdir. O Turalla razılaşmışdır. 22 avqust 2023-cü il tarixində saat 08 radələrində Turalla birlikdə yenidən əvvəlki yerə getmişlər. Tural ona yenə 7 manat vermişdir. Bu dəfə Tural avtomaşınını Yolüstü kəndində yatağın ərazisinə sürdürmüşdür. Ona görə də sürünü otaran sonradan adını bildiyi Kamili görmüşdür. Kamil sürünü onlara tərəf gətirmişdir. Tural sürüdən 1 baş dişi cinsli, 1 illik, təxminən 20-30 kilo arası toğlu(quzu) seçib avtomaşının arxa yük yerinə qoymuşdur. Bundan sonra Turalın yaşadığı evə gedib heyvanı həyətə salmışlar. O da müştəridən zəng gəldiyi üçün Qarabağlı kəndi ərazisində Murad təpəsi deyilən yerə gedərkən tanışı, atasının iş yoldaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşınla ona saxlamağı üçün işarə etdiyini görmüş və avtomobilini saxlamışdır. Azər ona yaxınlaşıb heyvanı kimin aparmasını soruşmuşdur. O da Turalın həmin heyvanı aldığı üçün yaşadığı evə apardığını demişdir. Azər də həmin yataqdakı heyvanların ona məxsus olduğunu, Turalın ondan xəbəri olmadan heyvanı oğurladığını bildirmişdir. Azərə Turalın hazırda Xalac kəndi ərazisində «Daşdı baza» deyilən qəbirstanlıqda qəbir qazdığını bildirib məsələni birgə aydınlaşdırmaq üçün birlikdə ora getməyi Azərə təklif etmişdir. Həmçinin Azərə əvvəlki günlərdə də Turala bir dəfə də onun yatağına gedib 2 baş quzu götürdüklərini demişdir. Azərlə həmin qəbirstanlığa özünün avtomaşını ilə getmişlər. Orada Turalı çağırmışlar. Tural çatan kimi Azər ona «quzuları niyə oğurlamısan, utanmırsan məndən» bildirmişdir. Tural ilk əvvəl etiraf etmək istəməmişdir. Lakin onun da orada olduğunu görüb və Turala «məni niyə aldadıbsan» deməsindən sonra Tural yataqdan heyvan aparmasını etiraf etmişdir. Lakin and-aman etmişdir ki, həmin heyvanların oğurluq olmasından, çobanın heyvanları Azərdən gizli satmasından məlumatsızdır. O da Turala ayıb bir iş görməsinə görə iradını bildirmişdir. Tural əvvəl 4 baş quzu apardığını bildirmişdir. Azər də Turala birlikdə gedib heyvanları sayacağını əskik olanları tələb edəcəyini demişdir. O Azər və Turalı avtomaşını ilə Turalın yaşadığı evə aparıb düşürdüb və çıxıb getmişdir. Elə həmin günü günorta saatlarında Azərin xahişi ilə sonuncunun evinə getmişdir. Azərin həyətində ondan başqa Tural, Turalın adını bilmədiyi dayısı, taksi sürücüsü Nemət, Azərin atası Bilman və 4 nəfər əlavə adamlar olmuşdur. Tural elə orada da, deyirmiş ki, «mənim heyvanların oğurluq olmasından xəbərim yoxdur. Çoban məni aldadıb mənə öz heyvanları kimi həmin heyvanları satıb.» Tural həmçinin and-aman edirmiş ki, həmin yatağın Azərin yatağı olmasını belə bilməmişdir. Bundan sonra ona zəng gəldiyi üçün Azərdən icazə alıb öz işinə getmişdir. Həmin vaxt Azər və orada olan adamlar yatağa heyvanları saymağa getmişlər. Şahid qismində ifadəsi alınmış Şahid4 bildirmişdir ki, 2023-cü ilin iyul-avqust aylarında xatırlamadığı gündə günorta saatlarında Tural onun avtomobilinə yaxınlaşmış və ona quzu aldığını, həmin quzunu götürməyə getməyi istəmişdir. O 7 manat müqabilində həmin quzunu Yolüstü kəndində yerləşən yataqdan götürüb Qarabağlı kəndinə, Turalın qapısına aparmışdır. Avtomobili küçədə saxlamışdır. Tural özü yatağa daxil olub, bir müddət sonra ayağı bağlı halda 1 baş əlamətlərini unutduğu quzunu avtomobilin arxa yük yerinə qoymuşdur. Turaldan həmin heyvanın kimə məxsus olmasını, kimdən neçəyə almasını soruşmamışdır. Onu və heyvanı qapılarında qoyub 7 manat xidmət haqqını alıb öz işinə dönmüşdür. Təxminən 10 gün sonra saat 11 radələrində üzdən tanıdığı Salyan OİL LTD-də traktorçu işləyən Bilmanın oğlu Azər onun telefonuna zəng edərək onu həyətinə çağırmışdır. Həyətə gedib görmüşdür ki, Tural, Azər, Bilman, Murad və tanımadığı digər şəxslər oradadır. Ona Azər demişdir ki, «sən bilirdin ki, yataqdan apardığın quzu mənimdir, onu gizli oğurlayıb sənin maşınınla aparıblar ?» O da, Azərə elə Turalın yanında demişdir ki, həmin heyvanı Tural özünün pulla aldığını ona deyib oraya onu taksi kimi çağırmışdır. Onun heyvanın oğurluq olmasından, ümumiyyətlə heyvanı Turalın kimdən almasından, həmin yatağın Azərin olmasından heç bir məlumatı olmamışdır. O Turalın sifarişi ilə onun üçün taksi kimi daşıma xidmətini həyata keçirmişdir. Bunun müqabilində də, Tural ona yol haqqı kimi cəmi 7 manat pul vermişdir. Həmin vaxt o açığı Turala qəzəblənib ondan soruşmuşdu ki, «ay Tural bu nə oyundur başıma gətirmisən, məni niyə bəlaya salmısan, oğurluq heyvanı niyə mənim maşınımla daşımısan, axı mənə deyirdin heyvanı almısan ?!» Tural ona cavabında özünün də, həmin heyvanın oğurluq olmasını bilmədiyini, heyvanı pulu ilə aldığını bildirmişdir. Sonradan məsələ aydınlaşdığı üçün o və digər taksi sürücüsü Muradı Azərigilin həyətini tərk etmişlər. Şahid2 bildirmişdir ki, 22 avqust 2023-cü il tarixində qardaşı Seymur ona demişdir ki, Kamil ondan xəbərsiz sürüdən bəzi heyvanları oğurlayıb satmışdır. Sonuncu dəfə bu işi görən zaman Azər onu tutmuş, hazırda onun sürüsündən Kamilin oğurladığı 3 baş qoyun Tural adlı şəxsdədir. Kamil qoyunları elə Tural adlı şəxsə satmışdır. O həmin vaxta qədər Turalı üzdən tanıyırmış. Lakin onunla hər hansı dərin münasibəti olmamışdır. Həmin günü günorta saatlarında qardaşı Seymurla Azərin həyətinə getmişlər. Tural, onun adını bilmədiyi dayısı, Turalın heyvanları aparmaq üçün sifariş verdiyi taksi sürücüləri Murad və adını bilmədiyi digəri, həmçinin Azər orada olmuşdur. Tural həyətdə etiraf etmişdir ki, Kamildən evində Azərin aşkar etdiyi ümumilikdə 4 baş heyvan almışdır. Lakin həmin heyvanların Kamilin heyvanları olmamasından məlumatı olmamışdır. Kamil həmin heyvanları ona özünün heyvanı kimi satmış, o da, yatağın, heyvanların Azərə və Seymura məxsus olduğunu bilməyib Kamildən almışdır. Taksi sürücülərindən Muradı adlı şəxs vasitəsi ilə 3, digər adını unutduğum sürücü vasitəsi ilə 1 baş heyvan aparmışdır. Elə həyətdə qərara gəlmişlər ki, yatağa gedib heyvanları saysınlar ki, əskik gələni müəyyən edə bilsinlər. Yatağa gedən zaman taksi sürücüləri daha işlərinin dalıyca getmişlər. Əlavə olaraq Turalın Vidadi adlı dayısı da, yolda onlara qoşulmuşdur. Yolüstü kəndində yerləşən yoncalıq sahəsinə çatıb qoyunları hesab-kitab edib görmüşlər ki, qoyunlardan Turalın evində olan 3 başdan başqa 11 baş heyvan əskikdir. Lakin heyvanları nə o nə də ki, Seymur yaxşı tanımadığı üçün razılaşmışlar ki, evə aparıb onları yenidən analarının yanında sayacaqlar. Anaları sürünü yaxşı tanıyır. Elə həmin günü sürünü evə aparıb analarına saydırdıqdan sonra bəlli olmuşdur ki, sürüdə Seymura məxsus olan 4 baş quzu, 14 baş qoyun əskikdir. Sonradan Tural həyətindəki 3 baş qoyunu sürüyə geri qaytarmışdır. Şahid qismində ifadəsi alınmış Şahid1 bildirmişdir ki, 22 avqust 2023-cü il tarixdə saat 12 radələrində işdə olduğu vaxt qardaşı Elşad Cəfərov ona zəng edərək Turalı yaşadığı evin həyətindən Azər adlı şəxsin götürüb apardığını demişdir. O da işdən çıxıb qardaşı Elşadla ata evlərində görüşmüşdür. Bacısı oğlu Tural da orada olmuşdur. Turaldan nə məsələ olduğunu soruşmuşdur. Tural ona Azər adlı şəxsin yanında çoban işləyən Kamil adlı şəxsin nömrəsini dayısı Təvəkküldən aldığını, həmin çobanın öz heyvanları adı ilə ona satdığı heyvanların sonradan oğurluq olmasının ortaya çıxmasını bildirmişdir. Bundan sonra Azərlə əlaqə saxlamışlar, onların olduğu yatağa qardaşı Elşad və bacısı oğlu Turalla bir yerdə getmişlər. Orada Azər, Bəşirbəyli kənd sakini Seymur, qardaşı Samir və çoban işləyən Kamil olmuşlar. Nə məsələ olduğunu Azərdən soruşduqda yataqdan heyvanların çoban tərəfindən satıldığını bildirmişdir. Tural da Kamilin ona öz heyvanlarını satdığını dediyinə görə heyvan aldığını demişdir. Azər də yataqda olan heyvanları saydıqdan sonra 11 baş heyvanın əskik olduğu məlum olmuşdur. Sonra eşitmişlər ki, Seymur Salyan Rayon Polis Şöbəsinə bu barədə şikayət etmişdir. Məhkəmədə elan olunmuş Zərərçəkmiş şəxs2 istintaq zamanı vermiş olduğu ərizəsindən görünür ki, ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tamamilə ödənildiyi üçün sonuncu ilə barışdığını və ondan hər hansı şikayətinin olmadığını bildirmişdir. 17 oktyabr 2023-cü il tarixli təqdim edilən heyvanlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə Zərərçəkmiş şəxs1 məxsus olan 3 baş, Zərərçəkmiş şəxs2 məxsus olan 1 baş xırda buynuzlu heyvanlara Salyan rayonu Yolüstü kəndində yerləşən otlaq sahəsində baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin heyvanlardan Zərərçəkmiş şəxs1 məxsus olan 3 baş qoyun sonuncunun ifadəsində dediyi kimi diri halda çəkisi 60 kq, Zərərçəkmiş şəxs2 məxsus 1 baş quzunun diri çəkisi də, elə sonuncunun ifadəsində qeyd etdiyi kimi 25 kiloqramdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, həmin heyvanların hamısını 22 avqust 2023-cü il tarixində səhər saatlarında Şahid5 Salyan rayonu Qarabağlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində görmüş və tanımış, sonradan Şahid5 həmin heyvanları ona Təqsirləndirilən şəxs satmasını etiraf etdiyi üçün həmin heyvanların özlərinin yatağından Kamil tərəfindən mənimsənildiyini başa düşmüşdür. Heyvanları elə hadisədən sonra Şahid5 özü gətirib ona və Zərərçəkmiş şəxs1 təhvil vermişdir. Həmin heyvanlar həmin vaxtdan elə sürüdədirlər. Baxışın gedişində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tapşırılmışdır ki, həmin heyvanları məhkəmə baxışı başa çatıb yekun məhkəmə qərarı qəbul edilənədək saxlasınlar. 05 dekabr 2023-cü il tarixli mobil telefonuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi «İONİ» markalı qara rəngli, işlək vəziyyətdə olan mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin telefonu Şahid5 Təqsirləndirilən şəxs mənimsəyərək ona satdığı xırdabuynuzlu heyvanların pulunun bir qisminin əvəzində 40 manata alaraq ona vermişdir. Həmin vaxtdan bəri Təqsirləndirilən şəxs həmin telefonu istifadə edir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid5 ona satdığı heyvanların əvəzinə ümumilikdə 460 manat nağd pul və telefonu həmin vaxt xarab olduğu üçün öz istəyi ilə ona 40 manat qiymətində həmin telefonu alıb vermişdir. Həmin telefonun dəyərini öz aralarında satdığı heyvanların pulundan saymışlar. Telefona baxış keçirilən zaman həmin telefonun «İONİ» markalı qara rəngli, işlək vəziyyətdə olması müəyyən edilmişdir. Həmçinin telefonun içində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin mövcud olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs həmin nömrənin özünə məxsus olduğunu, nömrəni ona Şahid5 aldığını bildirmişdir. Baxışın gedişində Təqsirləndirilən şəxs xahiş etmişdir ki, həmin telefon onun özünə qaytarılsın, söz verir ki, yekun məhkəmə hökmü qüvvəyə minənədək həmin telefonu özündə saxlayacaqdır. Həmin telefon geri qaytarılmaqla Təqsirləndirilən şəxs həmin telefonu, barəsində istintaq olunan cinayət işi üzrə məhkəmə və ya cinayət təqibini həyata keçirən orqan tərəfindən yekun qərar qəbul edilənədək özündə saxlaması və bu barədə yekun qərar qəbul edilənədək onun həmin telefonu özgəninkiləşdirilməsinin qadağan olunması bildirilmişdir. 28 oktyabr 2023-cü il tarixli Azercell Telecom MMC-dən daxil olan CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxsun istifadəsində olan ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri ilə sonuncunun apardığı telefon danışıqları, SMS göndərişləri və anten əhatəsinə Azercell Telecom MMC-dən 24 oktyabr 2023-cü il tarixli, 24208 nömrəli məktuba əlavə edilməklə göndərilmiş 1 ədəd CD diskdə olan məlumatlara «HP» markalı, masaüstü kompüterdə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri ilə Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək keçən dövr ərzində telefon əlaqələri saxlaması müəyyən edilmişdir. Həmin telefon danışıqları cədvəl formatına salınaraq protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 dekabr 2023-cü il tarixli, 9/8770 saylı rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin iyul və avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 5.325 manat müəyyən edilir. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çadırlı qəsəbə inzibati ərazi nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 157 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs Salyan rayonu Çadırlı kəndində atası Abuzər Rəfiyev, arvadı Gülcənnət Rəfiyeva, azyaşlı övladları Nazli Rəfiyeva və Nicat Rəfiyev ilə birlikdə yaşayır. Həmin nümayəndəlik tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnaməyə əsasən sonuncu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs tərəfindən mənimsənildikdən sonra Şahid5 satılması üçün verilən və 22 avqust 2023-cü il tarixində sonuncunun həyətindən aşkar edildikdən sonra sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılmış 1 baş diri çəkisi 25 kq olan erkək quzu və 3 baş diri çəkisi 60 kq olan qoyun, həmçinin Təqsirləndirilən şəxs Şahid5 tərəfindən alınaraq verilmiş 1 ədəd qara rəngli, işlək vəziyyətdə olan «İONİ» markalı mobil telefon maddi sübut qismində tanınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 179.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, təqsirli bilinib həmin maddənin sanksiya həddində cəzalanmalıdır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, iş üzrə bir nəfər zərərçəkmiş şəxslə barışıq əldə etməsi, digər zərərçəkmişə dəymiş zərərin bir qismini ödəməsi, sonuncunun ondan şikayətçi olmaması Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar hesab edilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü ildən 11 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu iki gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 1 ədəd «İNOİ» markalı mobil telefon Təqsirləndirilən şəxs, 3 baş qoyun Zərərçəkmiş şəxs1, 1 baş quzu isə Zərərçəkmiş şəxs2 saxlanılır. Azercell Telecom MMC-dən daxil olmuş telefon danışıqlarına dair 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzaərti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut qismində tanınmış 1 ədəd «İNOİ» markalı mobil telefon Təqsirləndirilən şəxs, 3 baş qoyun Zərərçəkmiş şəxs1, 1 baş quzu isə Zərərçəkmiş şəxs2 saxlanılması, Azercell Telecom MMC-dən daxil olmuş telefon danışıqlarına dair 1 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar