Məhkəmə qərarları › İş №1(057)-29/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-29/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-29/2025 01.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Salyan Rayon Məhkəməsinin 1(057)-86/2023 saylı, 11 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Salyan şəhəri T.Davudzadə küçəsi, ev 128-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 18 dekabr 2024-cü il tarixdə saat 16:54 dəqiqədə Salyan şəhəri, İ.Qurbanov küçəsi ərazisində şübhəli kimi saxlanılaraq orada üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 0,160 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla yaşayır. 18 dekabr 2024-cü il tarixdə səhər saatlarında Salyan şəhəri, T.Davudzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında yerləşən avtobus dayanacağının yanından keçərkən yerdəki siqaret sellofanının içərisində olan bükümlər diqqətini cəlb etmişdir. Əyilib həmin sellofanı yerdən qaldırıb içərisindəki sellofan bükümlərə baxdıqda orada qəhvəyi rəngdə, “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin maddələrdən istifadə etdiyi üçün tapdığı, bükümlərdə olan narkotik vasitələri götürüb cibinə qoymuşdur. O, yaşadığı evə gəlib tapdığı narkotik vasitə heroindən bir qədər istifadə etmiş, qalanını da sonra istifadə etmək üçün cibində saxlamışdır. 18 dekabr 2024-cü il tarixdə saat 16:50 radələrində Salyan şəhəri, İ.Qurbanov küçəsi ərazisində piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış keçirməyə başlamışlar. O şalvarının cibində olan narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, anasının vəfat etməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə kimyəvi-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 18 dekabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında o, NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 Füzuli oğlu və əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər onlar tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 16:54 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, İ.Qurbanov küçəsi ərazisində olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Həmin vaxt videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlamışlar. Ondan üzərində nə olması və olduğu halda təqdim etməsi barədə soruşduqda, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə və 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri çıxarıb təqdim etmişdir. Ondan həmin kütlələri nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs birinci bükümdəki kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin, ikinci bükümdəki kütlənin isə narkotik vasitə qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, həmin kütlələri yerdən tapdığını və istifadə etmək məqsədi ilə götürüb üzərində saxladığını bildirmişdir. Baxış zamanı bildirmişdir ki, həmin maddələrdən heç kimə verməmiş, satmamış və satış məqsədi olmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Nokia” markalı mobil telefon da aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində narkotik vasitələr heroinə və qurudulmuş marixuanaya oxşar kütlələr olan bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş, narkotik vasitə heroinə oxşar kütlənin çəkisinin 0,30 qram, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin çəkisinin 0,59 qram olması müəyyən edilmiş, həmin kütlələr kağız zərflərdə qablaşdırılmış, möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 Füzuli oğlu ifadəsində göstərmişdir ki, 18 dekabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Salyan şəhəri, İ.Qurbanov küçəsi ərazisində olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin vaxt videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlamışlar. Ondan 1 ədəd bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə və 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri çıxarıb təqdim etmişdir. Birinci bükümdəki kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin, ikinci bükümdəki kütlənin isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Baxış zamanı üzərindən 1 ədəd “Nokia” markalı mobil telefon da aşkar olunmuşdur. Narkotik vasitələr heroinə və qurudulmuş marixuanaya oxşar kütlələr olan bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş, kağız zərflərdə qablaşdırılmış, möhürlənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 digər şahidlər Salyan RPŞ-nin əməkdaşları Şahid3 və Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 tərəfindən 19 dekabr 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 9-10-cu vərəqlərində olan 18 dekabr 2024-cü il tarixdə Salyan RPŞnin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi, daşınması və saxlanması barədə daxil olmuş məlumat əsasında videoçəkiliş vasitəsilə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixdə saat 16:54-də Salyan şəhəri, İ.Qurbanov küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə və 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, elektron tərəzi vasitəsilə çəkildikdə heroinə bənzər kütlənin çəkisinin 0,30 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 0,59 qram olması müəyyən olunmuş, həmin kütlələr kağız zərflərdə qablaşdırılaraq möhürlənmiş və sübut əhəmiyyəti kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Cinayət işinin 16-18-ci vərəqlərində olan 18 dekabr 2024-cü ildə Salyan RPŞ-nin İB-nin müstəntiqi Samir Eynullazadə tərəfindən tərtib edilmiş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və videogörüntüdən görünür ki, videoçəkiliş vasitəsilə baxış zamanı polis əməkdaşı Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair protokolu, 1 ədəd CD disk, 2 ədəd möhürlənmiş kağız zərf və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixdə saat 16:54 dəqiqədə Salyan şəhəri, İ.Qurbanov küçəsi ərazisində narkotik vasitələrin qanusnuz dövriyyəsində şübhəli olduğundan onlar tərəfindən saxlanılmış, üzərindən narkotik vasitələr heroinə və qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuş və həmin kütlələr təqdim etdiyi kağız zərflərdə qablaşdırılaraq ağzı möhürlənmişdir. Həmin CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, 2024-cü ilin dekabrın 18-də saat 16:54 dəqiqdə Salyan RPŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs Salyan şəhəri, İ.Qurbanov küçəsi ərazisində saxlayaraq ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş hər hansı bir əşya vardırsa özü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə bənzər və 1 ədəd sellofan bükümdə yaşıl rəngli, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, birinci sellofan bükümdəki kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroin və ikinci sellofan bükümdəki kütlə narkotik vasitə qurudulmuş marixuanadır, həmin kütlələri eyni yerdən tapmış, özünün istifadə etməsi məqsədilə götürüb üzərində saxlamış, həmin narkotik vasitələrdən heç kimə satmamış və satmaq niyyəti olmamışdır. Diskin baxışı başa çatdırıldıqdan sonra təqdim olunan möhürlənmiş kağız zərflərə baxış zamanı birinci kağız zərfdə 1 ədəd bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlənin olduğu və elektron tərəzi vasitəsilə çəkildikdə, həmin kütlənin çəkisinin 0,29 qram olması müəyyən edilmişdir. Daha sonra ikinci kağız zərfdə yaşıl rəngli, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu və elektron tərəzi vasitəsilə çəkildikdə, həmin kütlənin çəkisinin 0,57 qram olması müəyyən edilmiş, yenidən həmin kütlələr kağız zərflərdə qablaşdırılıb möhürlənmiş və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün müstəntiq tərəfindən götürülmüşdür. Cinayət işinin 27-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüquqları 18 dekabr 2024-cü il saat 16:54 dəqiqədən məhdudlaşdırılmış, 18 dekabr 2024-cü il tarixdə, saat 18:35 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 40-43-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18/971-18/972 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan 1 ədəd kağız paketdəki: - 1 ədəd tamlığı pozulmuş kağız paketdə 1 ədəd sellofan torbacıqda təmiz çəkisi - 0,160 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 ədəd tamlığı pozulmuş kağız paketdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Tədqiqata sərf olundu heroin - 0.05 qram, qalıq 0.110 qram, marixuana - 0.02 qram, qalıq 0.37 qram. Cinayət işinin 50-51-ci vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Rza Məmmədov tərəfindən tərtib edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 64-cü vərəqində olan “maddi sübut kimi tanıma haqqında” 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0.110 qram narkotik vasitə heroin və 0.37 qram narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin 70-75-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 106/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 82-83-cü vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 84-cü vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X9 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X9 09 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən ünvan 1də qeydiyyatda olan və yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 2006-cı ildən “Tiryək” diaqnozu ilə qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən psixonevroloji qeydiyyatda yoxdur. Cinayət işinin 86-87-ci vərəqlərində Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əsədov X3 şəhəri, T.Davudzadə küçəsi, ev 128 ünvanında yaşayır və onun barəsində Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 88-92-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 86/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 107-ci vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamanın xx.xx.2025-ci il tarixli, 95 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin 109-113-cü vərəqlərində olan 20 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı 18 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,39 qram narkotik vasitə qurudulmuş marixuananın qanunsuz olaraq az miqdarda əldə edib üzərində saxlayaraq daşımasına görə əməlində inzibati xəta tərkibi müəyyən edildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötürü qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 3(057)-297/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati tənbeh növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə bənzər və 1 ədəd sellofan bükümdə yaşıl rəngli, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, birinci sellofan bükümdəki kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroin və ikinci sellofan bükümdəki kütlə narkotik vasitə qurudulmuş marixuanadır, həmin kütlələri eyni yerdən tapmış, özünün istifadə etməsi məqsədilə götürüb üzərində saxlamış, həmin narkotik vasitələrdən heç kimə satmamış və satmaq niyyəti olmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların xeyli miqdarına görə” 1-ci siyahının 83-cü sırasında narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qalıq qalmış 0.110 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş Salyan rayon İcra və Probasiya Şöbəsinin № 134537/4 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə çəkilmiş cəza müddəti 01 il 06 ay 03 gün, çəkilməmiş cəzası 05 ay 23 gün təşkil edir. Məhkəmə hesab edir ki, Salyan Rayon Məhkəməsinin 1(057)-86/2023 saylı, 11 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 23 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Əsədov X3 Rayon Məhkəməsinin 1(057)-86/2023 saylı, 11 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu cəmi 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 (dörd) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 18 dekabr 2024-cü il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,110 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,37 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji Kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş materiallarına əlavə olunmuş 02 ədəd “CD” disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-86/2023 saylı, 11 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 5 (beş) ay 23 (iyrimi üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla cəmi 2 (iki) ay 26 (iyirmi altı) gün müddət Cinayət Məcəlləninin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona hökümlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli tutulduğu gündən, yəni 18 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji Kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,110 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,37 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 02 ədəd “CD” diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya protesti verilməmişsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar