Məhkəmə qərarları › İş №1(057)-31/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-31/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-31/2025 08.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1999-cu ildə Salyan rayonu, Boranıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən qanunsuz olaraq yaşayış yerinə daxil olmaqla oğurluq yəni özgənin əmlakını gizli olaraq talamışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 noyabr 2024-cü il tarixdə saat 11:00 radələrində çəpər qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs Salyan rayonu Şorsulu kəndində yerləşən fərdi yaşayış evinin həyətinə həyətlər arasında olan dəmir qapıdan keçmək yolu ilə daxil olduqdan sonra qanunsuz olaraq fərdi yaşayış evinə qapıdan daxil olaraq qonaq otağında mebelin orta gözündə olan servis çaydanının içərisindən Zərərçəkmiş şəxs məxsus 1207 (min iki yüz yeddi) manat 50 (əlli) qəpik dəyərində, 10,5 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan 1 ədəd qızıl boyunbağını oğurlamaqla, Zərərçəkmiş şəxs 1207 (min iki yüz yeddi) manat 50 (əlli) qəpik maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 noyabr 2024-cü il tarixdə saat 14:00 radələrində çəpər qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs Salyan rayonu Şorsulu kəndində yerləşən fərdi yaşayış evinin həyətinə həyətlər arasında olan dəmir qapıdan keçmək yolu ilə daxil olduqdan sonra qanunsuz olaraq fərdi yaşayış evinə qapıdan daxil olaraq qonaq otağında mebelin orta gözündə olan servis çaydanının içərisindən Zərərçəkmiş şəxs məxsus 1068 (min altmış səkkiz) manat 35 (otuz beş) qəpik dəyərində, 9,29 qram çəkidə, 583/585 əyarlı qızıl sırğa cütü və qızıl üzükdən ibarət 1 dəst qızıl əşyalarını oğurlamaqla, Zərərçəkmiş şəxs 1068 (min altmış səkkiz) manat 35 (otuz beş) qəpik maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 dekabr 2024cü il tarixdə saat 12:30 radələrində çəpər qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs Salyan rayonu Şorsulu kəndində yerləşən fərdi yaşayış evinin həyətinə həyətlər arasında olan dəmir qapıdan keçmək yolu ilə daxil olduqdan sonra evin birinci mərtəbəsində olan açarı tapıb əldə etmiş, daha sonra açar vasitəsilə qanunsuz olaraq fərdi yaşayış evinə qapıdan daxil olaraq qonaq otağında mebelin orta gözündə olan servis çaydanlarının içərisindən Zərərçəkmiş şəxs məxsus 308 (üç yüz səkkiz) manat 20 (iyirmi) qəpik dəyərində, 2,68 qram çəkidə, 583/585 əyarlı qızıl sırğa cütünü və 120 manat pulu oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 428 (dörd yüz iyirmi səkkiz) manat 20 (iyirmi) qəpik maddi ziyan vurmuşdur. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan rayonu, Şorsulu kənd sakini Zərərçəkmiş şəxs və ailə üzvləri yaşadıqları evin yaxınlığında yəni çəpər qonşuluqlarında yaşayır. Eminin arvadı Fəridə Salyan rayonu Şorsulu kənd ümumi orta məktəbində müəllimə işlədiyi üçün 01 noyabr 2024-cü il tarixdə Emingilin ev qapılarının cəftəsinin xarab olmasını və bağlanmamasını bildiyi üçün onların evinə daxil olub oradan pul və ya qızıl əşyaları oğurlamağı qərara almışdır. Onların evinin həyəti ilə Emingilin evinin həyəti arasında gediş-gəliş üçün daim açıq vəziyətdə olan dəmir qapı olmuşdur. Həmin gün saat 11:00 radələrində yaşadığı evin həyətindən həmin dəmir qapı vasitəsilə Emingilin həyətinə keçmişdir. Evin qapısını əli ilə açıb evin ikinci mərtəbəsinə qalxmışdır. Evin yataq otağına daxil olduqdan sonra orada olan mebelin orta gözündə olan servis çaydanının içərisinə baxdıqda, orada bir neçə ədəd qızıl əşyalarının olmasını görmüşdür. O, həmin qızıl əşyalarından 1 ədəd qızıl boyunbağını götürüb oğurlamışdır. Həmin qızılı Salyan şəhər avtovağzalının yaxınlığında yerləşən keçmiş “Univermaq”ın birinci mərtəbəsində yerləşən qızıl mağazasına 672 manata satmışdır. Həmin pulu xərcləmişdir. 29 noyabr 2024-cü il tarixdə saat 14:00 radələrində Eminin arvadı Fəridə onların yaşadığı evə anasıgil ilə oturmaq üçün gəlmişdir. O, həmin vaxt siqaret çəkmək üçün evdən çölə çıxmışdır. Həmin vaxtlar yenə də pulu qurtardığı üçün onların evdə olmamasından istifadə edib yenidən Emingilin yaşadığı evdən oğurluq etməyi qərara almışdır. Bu səbəbdən həyətlər arası qapıdan keçib onların həyətinə gəlmişdir. Evin qapısı örtülü vəziyyətdə olsa da, açarla bağlanmamışdır. O, qapını əli ilə açıb evin yataq otağına daxil olmuşdur. Otaqda mebelin orta gözündə olan çaydanın içərisində qızıl əşyalarını gördüyü üçün həmin yerə baxdıqda, qızıl əşyalarını görüb oradan sırğa və üzükdən ibarət komplekt qızıl əşyalarını götürüb oğurlamışdır. Qızıl əşyalarını satmaq üçün yenidən Salyan şəhərinə gəlmişdir. Salyan şəhər avtovağzalının yaxınlığında yerləşən yaşayış binalarının birinci mərtəbəsində yerləşən “Lombard”a daxil olaraq qızıl əşyaları girov qoyub pul götürmək istədiyini bildirmişdir. “Lombard”ın kassasından 518 manat pul verilmişdir. 06 dekabr 2024-cü il tarixdə Eminin evdə olmamasını və arvadı Fəridənin işdə olmasını bildiyi üçün yenidən evdən oğurluq etmək üçün həyətlər arası qapıdan keçib onların həyətinə gəlmişdir. O, evə yaxınlaşıb qapını açmaq istədikdə, qapının açarla bağlandığını görmüşdür. Bundan sonra evin girişindən sol tərəfdə yerləşən birinci mərtəbəsinin qapısını açıb içəri daxil olmuş və yuxarı mərtəbənin açarını axtarmağa başlamışdır. Evin açarını tapdıqdan sonra qapını açıb yuxarıya yəni ikinci mərtəbəyə qalxmışdır. Otaqda mebelin orta gözündə olan çaydanın içərisində qızıl əşyalarını gördüyü üçün həmin yerə baxdıqda, orada sonuncu qalan, uşaq üçün qızıl sırğanı götürüb oğurlamışdır. Həmin vaxt orada olan o biri servis çaydanının içərisinə baxdıqda, 6 ədəd 20 manatlıq pul əskinasının olduğunu görmüşdür. O, ümumilikdə həmin 120 manat pulu da götürüb oğurlamışdır. Daha sonra evdən çıxaraq qapını açarla bağlamış və açarı əvvəlki yerinə qoyub getmişdir. O, Emingilin evindən çıxdıqdan sonra qızıl əşyalarını satmaq üçün yenidən Salyan şəhərinə gəlmişdir. Bu dəfə isə uşaq üçün qızıl sırğanı əvvəl qızıl satdığı mağazanın yaxınlığında yerləşən başqa bir qızıl mağazasına 200 manata satmışdır. O, əldə etdiyi həmin pulları da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, ailə üzvləri tərəfindən zərər çəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Bir azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. 09 dekabr 2024-cü il tarixdə səhər işə getmişdir. Ona pul lazım olduğu üçün Fəridəyə evdə olan 120 manat pulu ona verməsini bildirmişdir. Bir neçə dəqiqədən sonra Fəridə çaydanın içərisində olan pulun yerində olmadığını ona bildirmişdir. Həmin vaxt o, yaşadığı evdən oğurluq olmasından şübhələnib Fəridəyə qızıl əşyalarının da olduğu çaydana baxmasını bildirmişdir. Fəridə həmin çaydana da baxıb gələrək qızıl əşyalarının da orada olmadığını bildirmişdir. Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş və Salyan Rayon Polis Şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, yaşadığı evdən ona məxsus 120 manat pul, 1 ədəd 900 manat dəyərində, Rusiya istehsalı, 585 əyarlı, 10,5 qram çəkidə qızıl boyunbağı, 1 ədəd 700 manat dəyərində, Rusiya istehsalı, 585 əyarlı, 9 qram çəkidə qızıl sırğa cütü və qızıl üzükdən ibarət komplekt qızıl əşyaları və 1 ədəd 250 manat dəyərində, Rusiya istehsalı, 585 əyarlı, 2,7 qram çəkidə uşaq üçün qızıl sırğa oğurlanmış və baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 1970 (min doqquz yüz yetmiş) manat maddi ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən onlara dəymiş zərər tam şəkildə ödənilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs düz yola qayıtmasını istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Görədil kəndində qeydiyyatda olmaqla Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 54-də ailə üzvləri ilə birlikdə yaşayır. Salyan şəhəri, Y.Qasımov küçəsi ərazisində yerləşən mağazalardan birində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. 06 dekabr 2024-cü ildə nahardan sonra işlətdiyi mağazada olarkən əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs mağazaya gəlib 1 ədəd uşaq üçün qızıl sırğanı satmaq istədiyini bildirmişdir. O, bildirmişdir ki, uşağı xəstədir, avtomobilləri xarab olduğu üçün yolda qalmışdır. Aldığı qızılın alış qiyməti 180 manat olsa da, uşağının xəstə olduğunu bildiyi üçün sırğanı 200 manata almışdır. 09 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə mağazaya gələrkən onun tərəfindən 06 dekabr 2024-cü il tarixdə mağazaya satılan 1 ədəd uşaq üçün qızıl sırğanın Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolu ilə əldə edildiyini bilmişdir. Daha sonra polis əməkdaşlarına vitrində olan həmin qızıl əşyasını təqdim etmiş və polis əməkdaşları tərəfindən qızıl əşyasına baxış keçirilərək maddi sübut kimi götürülmüşdür. Qeyd etmişdir ki, daha sonra oğurluq cinayətini törətmiş Təqsirləndirilən şəxs valideyni tərəfindən ona dəymiş olan 200 manat maddi ziyan ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olmaqla Salyan şəhəri, H.Əliyev küçəsi, ev 115, mənzil 44-də ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci ildən "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən filialının təsisçisidir. 29 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx"a gələrək lombardın işçisinə özünə məxsus olan 1 ədəd qızıl sırğa cütü və 1 ədəd qızıl üzükdən ibarət komplekt qızıl əşyalarını girov qoymaqla pul götürmək istədiyini bildirmişdir. Bundan sonra lombardın qiymətləndiricisi tərəfindən həmin qızıl əşyaları 8,4 qram çəkidə olmaqla 537,6 manat dəyərində qiymətləndirildikdən sonra müvafiq olaraq MMC tərəfdən filialın müdiri X2 adından Təqsirləndirilən şəxs ilə girov müqaviləsi bağlanmış və 535 manat məbləğində pul Təqsirləndirilən şəxs ödənilmişdir. 09 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə "xxxx" MMC-nin Salyan rayon fililına gələrkən onun tərəfindən lombarda girova qoyulmuş həmin qızıl əşyalarının oğurluq yolu ilə əldə edildiyini bilmişdir. 11 dekabr 2024cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs atası Talıb Hüseynov lombarda gələrək 552 manat məbləğində pulu kassaya ödədiyi üçün həmin qızıl əşyalarını girovdan çıxarmış olmuş və bununla bağlı ona müvafiq qəbz təqdim edilmişdir. Həmin gün bir neçə saat sonra Təqsirləndirilən şəxs özü lombarda gələrək həmin qızıl əşyalarını lombarddan təhvil almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şorsulu kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. Yaşadıqları Salyan rayonu, Şorsulu kəndində olan evdə 140 manat pulu olmuşdur. Həmin puldan 20 manat götürüb Bakı şəhərində tələbə qızı üçün bazarlıq edib Bakı şəhərinə göndərmişdir. Pulun 120 manatı isə böyük çaydanın içərisində yerində qalmışdır. 09 dekabr 2024-cü il tarixdə səhər saatlarında əri Emin işə getmişdir. Eminə pul lazım olduğu üçün ona evdə olan 120 manat pulu verməsini bildirmişdir. Həmin vaxt çaydanın içərisinə baxdıqda, pulun yerində olmadığını görüb Eminə bildirmişdir. Həmin vaxt Emin yaşadıqları evdən oğurluq olmasından şübhələnib ona qızıl əşyalarının da olduğu çaydana baxmağı bildirmişdir. O, həmin çaydana da baxdıqda qızıl əşyalarının da orada olmadığını görüb Eminə bunu bildirmişdir. Emin DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Yaşadıqları evdən onlara məxsus 120 manat pul, 1 ədəd 900 manat dəyərində, Rusiya istehsalı, 585 əyarlı, 10,5 qram çəkidə qızıl boyunbağı, 1 ədəd 700 manat dəyərində, Rusiya istehsalı, 585 əyarlı, 9 qram çəkidə qızıl sırğa cütü və qızıl üzükdən ibarət komplekt qızıl əşyaları və 1 ədəd 250 manat dəyərində, Rusiya istehsalı, 585 əyarlı, 2,7 qram çəkidə uşaq üçün qızıl sırğa oğurlanmış və baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə onlara 1970 (min doqquz yüz yetmiş) manat maddi ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ailəsi ilə bir evli kimi olmuşlar. Onların evlərinin arasında dəmir qapı heç vaxt bağlı olmamışdır. O, övladlarını Xəyalın ailəsinə etibar edirmiş. Bundan sonra Xəyalın onların qonşuluğunda yaşamasını istəmir. Dövlət ittihamçısı şifahi vəsatət verərək iş üzrə şahidlər Şahid3, Şahid4 və Şahid1 ifadələri arasında ziddiyyətlərin olmadığını, Şahid2 dindirilməsinə zərurət olmadığı üçün kifayətlənməsini təklif etmişdir. Təqsirləndirilən şəxs və onun Müdafiəçi vəsatətin təmin edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Rza Məmmədovun “cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” 09 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraatına qəbul edilmişdir. Cinayət işinin 5-9-cu vərəqlərində olan 09 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokol və fotocədvəldən görünür ki, 09 dekabr 2024-cü il tarixdə Salyan rayonu, Şorsulu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağındakı şkafın orta gözündə olan servis çaydanlarının içərisindən Zərərçəkmiş şəxs məxsus 120 manat pul, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl sırğa cütü və qızıl üzükdən ibarət komplekt qızıl əşyaları və 1 ədəd uşaq üçün qızıl sırğanın naməlum şəxs (şəxslər) tərəfindən oğurlanması aşkar edilmişdir. Cinayət işinin 19-22-ci vərəqlərində olan 09 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokol və fotocədvəldən görünür ki, Salyan rayonu, Şorsulu kənd sakini Təqsirləndirilən şəxs Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən “Univermaq”ın birinci mərtəbəsində olan, Şahid2 işlətdiyi qızıl alqı-satqısı mağazasını təqdim edərək 01 noyabr 2024-cü il tarixdə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs məxsus evin yataq otağındakı şkafın orta gözündə olan servis çaydanından oğurladığı 1 ədəd qızıl boyunbağını həmin mağazaya 672 manata satdığını bildirmiş və baxış zamanı mağazanı işlədən Şahid2 iş dəftərində Təqsirləndirilən şəxs şəxsi anket məlumatlarının yazılması və Təqsirləndirilən şəxs imza etməsi aşkar olunmuşdur. Cinayət işinin 23-25-ci vərəqlərində olan 09 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokol və fotocədvəldən görünür ki, Salyan rayonu, Şorsulu kənd sakini Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-ni təqdim edərək 29 noyabr 2024-cü il tarixdə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs məxsus evin yataq otağındakı şkafın orta gözündə olan servis çaydanından oğurladığı 1 ədəd qızıl sırğa cütü və qızıl üzükdən ibarət komplekt qızıl əşyalarını həmin lombarda girov qoyduğunu və qızıl əşyaları 535 manat məbləğində dəyərləndirildikdən sonra müvafiq xərclər çıxılaraq ona 518 manat pul ödənildiyini bildirmiş, baxış zamanı lombardın təsisçisi tərəfindən Təqsirləndirilən şəxsla bağlanmış girov müqaviləsi və digər zəruri sənədlərin surətləri təqdim edilmiş və həmin sənədlər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin 26-28-ci vərəqlərində olan SAL/2024/11-414 nömrəli, xx.xx.2024-cü il tarixli Kredit (borc) və Girov müqaviləsindən görünür ki, müqavilə üzrə borcverən borcalana 24 ay müddətinə qaytarmaq şərti ilə 535 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək bu müqavilədə verilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında və həmin kreditə görə hesablanmış faizləri borcverənə qaytarmağı öz öhdəsinə götürür. Bu müqavilə üzrə kredit şəxsi istehlak məqsədi üçün götürülür. Müqavilənin müddəti bitdikdən sonra Borcalan kredit faizlərini vaxtında ödəmədikdə ödənilməyən kredit üçün faiz dərəcəsi illik 2 qat artırılaraq yəni 72% faiz dərəcəsi hesablanır. Cinayət işinin 31-32-ci vərəqlərində olan 09 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokol və fotocədvəldən görünür ki, Salyan rayonu Şorsulu kənd sakini Təqsirləndirilən şəxs Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən, Şahid3 işlətdiyi qızıl alqı-satqısı mağazasını təqdim edərək 06 dekabr 2024-cü il tarixdə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs məxsus evin yataq otağındakı şkafın orta gözündə olan servis çaydanından oğurladığı 1 ədəd uşaq üçün qızıl sırğanı həmin mağazaya 200 manata satdığını bildirmiş, baxış zamanı mağazanı işlədən Şahid3 qızıl vitrinindən Təqsirləndirilən şəxs mağazaya satdığı həmin qızıl əşyası aşkar olunmuş və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin 46-47-ci vərəqində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüquqları 09 dekabr 2024-cü il tarixdə, saat 12:00 dəqiqədən məhdudlaşdırılmış, 09 dekabr 2024-cü il tarixdə, saat 15:00-da tutulmuşdur. Cinayət işinin 63-65-ci vərəqində olan 10 dekabr 2024-cü il tarixli “əşyanın tanınması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 1 ədəd uşaq üçün qızıl sırğanı tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. Cinayət işinin 72-73-cü vərəqində olan 11 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 81-82-ci vərəqlərində olan 11 dekabr 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir. Cinayət işinin 83-cü vərəqində olan 11 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. Cinayət işinin 87-89-cu vərəqlərində olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə barədə” protokol və fotocədvəldən görünür ki, Salyan rayonu, Şorsulu kənd sakini Təqsirləndirilən şəxs 29 noyabr 2024-cü il tarixdə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs məxsus evdən 1 ədəd qızıl sırğa cütü və qızıl üzükdən ibarət komplekt qızıl əşyalarını oğurladıqdan sonra girov qoyub pul götürdüyü "xxxx" MMC-dən qızıl əşyalarını girovdan çıxarıb istintaqa təqdim etmiş və həmin qızıl əşyaları iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin 90-92-ci vərəqlərində olan 12 dekabr 2024-cü il tarixli “əşyanın tanınması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 1 ədəd qızıl sırğa cütü və qızıl üzükdən ibarət komplekt qızıl əşyalarını tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. Cinayət işinin 102-ci vərəqində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 108-109-cu vərəqlərində olan Salyan rayon İHB-nın Şorsulu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Şorsulu kəndində ailəsi ilə birlikdə yaşayır və yaşadığı dövrdə barəsində Şorsulu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. AZİMES vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşağı var. Cinayət işinin 112-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X6 “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin, həkim-psixiatrı Xatirə Ağayevanın məlumatlarına əsasən Salyan rayon, Boranıkənd kəndində anadan olmuş, Salyan rayon, Şorsulu kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1999-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 114-116-cı vərəqlərində olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/5590-9/10701 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 583/585 əyarlı, üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı və sarı rəngli 1 dəst qızıl sırğa cütü-üzük - ümumi miqdarı 9,29 qram - bir qramının qiyməti 115 manat - ümumi qiyməti 1068,35 manat. Təqdim edilmiş 583/585 əyarlı, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt qızıl sırğa - ümumi miqdarı 2,68 qram - bir qramının qiyməti 115 manat – ümumi qiyməti 308,2 manat. Nəzəri qaydada 1 ədəd Rusiya istehsalı olan, 585 əyarlı qızıl boyunbağı - ümumi miqdarı 10,5 qram - bir qramının qiyməti 115 manat - ümumi qiyməti 1207,5 manat. Tədqiqata təqdim edilmiş - 9,29 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı və sarı rəngli 1 dəst sırğa cütü-üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Dəstin elementlərinin üzərində olan qaşlar qiymətli daşlara aid deyildir. 2,68 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğa 583/585 əyarlı qızıldan hazırlanmışdır. Sırğa cütünün üzərində olan qaşlar qiymətli daşlara aid deyildir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekspertiza tədqiqatına təqdim edilmiş və təqdim edilməmiş nəzəri qaydada olan zərgərlik məmulatlarının əyarı, modeli və digər göstəriciləri nəzərə alınmaqla 2024-cü ilin noyabr-dekabr aylarına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2584,05 manat müəyyən edilir. Cinayət işinin 117-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən Salyan RPŞ-də yazılmış xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yaşadığı evdən oğurlanmış, ona məxsus olan bir ədəd sırğa və üzükdən ibarət komplekt qızıl əşyaları və bir ədəd uşaq üçün qızıl sırğanı Salyan RPŞ-nin inzibati binasında təhvil almışdır. Buna görə də, heç bir şikayət və tələbi yoxdur. Həmçinin məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu ziyanı tam olaraq ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 119-120-ci vərəqlərində olan 21 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və nümayəndəsinin iştirakı ilə onun ifadəsi yerində yoxlanılmış, bu barədə görüntüləri özündə əks etdirən 6 ədəd fotoşəkil cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 132-133-cü vərəqlərində olan 24 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərər çəkmiş şəxs və şahid ifadələri, baxış və götürmə protokolu, ona əlavə edilmiş fotocədvəl, ifadənin yerində yoxlanılması protokolu və digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbayjan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqalar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (09-11 dekabr 2024-cü il) 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Salyan rayonu, Şorsulu kəndində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci 160 (bir yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün (9-11 dekabr 2024-cü il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu, Şorsulu kəndindəki ünvanını saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə ekspertiza xərci 160 (bir yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar