Məhkəmə qərarları › İş №1(057)-32/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-32/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-32/2024 14.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X5 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı il təvəllüdlü, Salyan rayonu, Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 18 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində birlikdə yaşadıqları fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sağ sifət, baş, sağ və sol diz nahiyyələrinə qəsdən çoxsaylı sillə, yumruq və təpik zərbələri vuraraq sonuncuya başın təpə nahiyyəsinin şişkinliyi, sağ sifət nahiyyəsinin sıyrığı, hər iki diz nahiyyəsinin qançırı, qapalı kəllə-beyin travması, beyin silkələnməsi ilə müşayiət edilən xəsarətlər yetirib, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, o, Ülkərlə 2019-cu ildə ailə həyatı quraraq rəsmi nigaha daxil olmuş, birgə nigahdan bir övladları da var, ailədaxili Ülkərlə onun arasında bəzən mübahisələr olmuş, bu mübahisələr köklü əsaslara söykənməmiş, mübahisə etmiş və daha sonra isə qarşılıqlı formada barışmışlar, əvvəllər bir dəfə isə aralarında olan söz mübahisəsi dava-dalaşa çevrilmiş, həmin vaxtı o, Ülkəri döymüş və Ülkər də bununla bağlı polisə müraciət etmişdir. Polisdə bununla bağlı araşdırma aparılsa da sonradan qarşılıqlı formada aralarında yaranmış barışığa əsasən həmin işə xitam verilmişdir. 18 noyabr 2023-cü il tarixdə saat 15 radələrində o, evdə yuxudan oyanmış, yuxudan oyanan kimi mətbəxdə olan soyuducunu açıb baxmış, soyuducuda yemək olmadığını görüb bu barədə Ülkərdən soruşmuş, Ülkər də ona evdə yemək olmadığını bildirmiş, Ülkərin bu sözü onda bir qədər əsəb oyatmış, o, Ülkərə əsəbiləşmiş, bununla bağlı aralarında mübahisə yaranmış, o, bir qədər mübahisə etmiş, daha sonra mübahisə qızışmış, o, Ülkərin sözlərini eşitmədiyini və onunla mübahisə etməyə davam etdiyini görüb daha da əsəbiləşmiş, Ülkərə yaxınlaşıb sillə zərbələri ilə 2 dəfə onun sağ üz nahiyyəsinə, təpik zərbələri ilə isə hər iki diz nahiyyəsinə zərbələr vurmuş, Ülkərin sakitləşmədiyini görüb onun saçından dartıb aşağı yıxmış və bir neçə dəfə başına yumruqla yüngül zərbələr vurmuşdur. Bundan sonra Ülkərin ağladığını görüb onu buraxmış və evdən çıxıb getmiş, bir qədər sonra evə qayıtmış, evə gəldikdən sonra Ülkər evdən çıxıb getmiş, o, sabahı günü Ülkərin barəsində polisə şikayət etdiyini öyrənmiş, etdiyi əməldən peşmançılıq çəkdiyini bildirmişdir. Artıq barışmış, normal ailə kimi həyatlarını davam etdirməyə başlamışdırlar. Əməlindən peşman olaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi onun etirafedici ifadələri, zərərçəkmiş şəxsin ərizəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsi, baxış istintaq hərəkəti protokolu, məhkəmə-tibbi ekspertizası üzrə rəy, digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin, işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Artıq onunla barışmışdır və ailə münasibətlərini davam etdirirlər. Əməliyyat olunduğu üçün məhkəmə proseslərində iştirak edə bilmir. Həmçinin, bildirmişdir ki, barışdıqları üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, o, Rüfətlə 2019-cu ildə ailə həyatı qurmuş, birgə nigahlarından bir övladı var, Rüfətlə ailə həyatı qurduqdan sonra ailədaxili aralarında arabir mübahisələr olmuş, bəzi hallarda o, bu mübahisələrlə bağlı polisə müraciət etmiş, hətta bir dəfə Rüfət ailə-məişət zəmnində onu döydüyü üçün o, Rüfətin barəsində polisə şikayət etmş və sonradan barışdıqları üçün həmin işə xitam verilmişdir. 18 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Rüfət evdə yatdığı zaman yuxudan oyanıb soyuducuya baxmış, evdə yemək olmadığı üçün o, bir qədər əsəbiləşmiş, Rüfətə evdə yemək hazırlamaq üçün heç bir şey olmadığını bildirmiş, bununla bağlı aralarında mübahisə yaranmış, Rüfətlə bir qədər mübahisə etmiş, daha sonra Rüfət onun sakitləşmədiyini görüb ona daha da əsəbiləşmiş və onu döyməyə başlamış, Rüfət sillə, yumruq və təpik zərbələri ilə onun hər iki diz, sağ üz və baş nahiyyəsindən bir neçə dəfə zərbə vurmuş, sonra isə Rüfət onu buraxıb evdən çıxıb getmiş, bir qədər sonra Rüfət evə qayıtmış, bundan sonra o, evdən çıxıb getmiş və bu barədə polisə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayon Polis Şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, həyat yoldaşı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 15:00 radələrində yaşadıqları evdə olan zaman onu döyüb xəsarət yetirmişdir. İlkin yoxlama zamanı təhqiqatçı Elşad Bağırlı tərəfindən 24 noyabr 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokoldan görünür ki, 18 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs qəsdən döymüşdür. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 noyabr 2023-cü il tarixli, 586 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başın təpə nahiyyəsinin şişkinliyi, sağ sifət nahiyyəsinin sıyrığı, hər iki diz nahiyyəsinin qançırı, qapalı kəllə-beyin travması, beyin silkələnməsi küt əşya(əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2023-cü il tarixdə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X11 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. 28 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmış, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Əməliyyat tapşırığının icrası ilə bağlı Salyan RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-104/1-523/24 nömrəli raportdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində əldə edilmiş əməliyyat məlumatlarına əsasən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X6 aralarında yaranmış mübahisə zamanı şəxsi münasibətlər zəmnində yaşadığı evdə döyərək xəsarət yetirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ailə münaqişəsinə meyilli olması müəyyən edilmişdir. İş üzrə hadisənin şahidi ola biləcək şəxslərin dairəsini və sübut əhəmiyyətinə malik digər məlumatları müəyyən etmək mümkün olmamışdır. “Salyan rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2024-cü il tarixli, 18-1-68/2-14/2024 nömrəli məktubundan görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin və həkim-psixiatr Xatirə Ağayevanın məlumatlarına əsasən Salyan rayonu, Kürqaraqaşlı kənd sakini, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan RPŞ-nin Təhqiqat Bölməsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilmiş və həmin tarixdə Azərbaycan Respublikası CPM-in 40.3 və CM-in 73.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. 25 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. 25 yanvar 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan rayonu, Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 91 nömrəli arayışda göstərilir ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayır və onun aşağıdakı tərkibdə ailə üzvü var: arvadı-1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və qızı-2020-ci il təvəllüdlü X8. Həmin nümayəndə tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli, 90 nömrəli xasiyyətnamədə göstərilir ki, xx.xx.1990-cı ildə Salyan rayonu, Kürqaraqaşlı kəndində anadan olmuş və hal-hazırda Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı müddətdə həmyaşıdlarının hörmətini qazanmış və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan rayonu, Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 93 nömrəli arayışda göstərilir ki, Zərərçəkmiş şəxs Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayır və onun aşağıdakı tərkibdə ailə üzvü var: əri-1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs və qızı-2020-ci il təvəllüdlü X8. Həmin nümayəndə tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli, 92 nömrəli xasiyyətnamədə göstərilir ki, xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş və hal-hazırda Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs yaşadığı müddətdə həmyaşıdlarının hörmətini qazanmış və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. 28 iyun 2022-ci il tarixli cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə Salyan RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X2 qərarından görünür ki, eyni motivlə bağlı zərərçəkən şəxsin 09 iyun 2022ci il tarixli müraciəti əsasında Salyan RPŞ-də ********* saylı məhkəməyədək sadələşdirilmiş icraat qaydasında cinayət işi başlanılmış, daha sonra yenə zərərçəkən şəxsin ərizəsi əsasında onların barışmaları və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması nəticəsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV № 501955 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin xx.xx.2020-ci il təvəllüdlü X8 adlı övladı vardır. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertizasının rəyi və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində birlikdə yaşadıqları fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sağ sifət, baş, sağ və sol diz nahiyyələrinə qəsdən çoxsaylı sillə, yumruq və təpik zərbələri vuraraq sonuncuya başın təpə nahiyyəsinin şişkinliyi, sağ sifət nahiyyəsinin sıyrığı, hər iki diz nahiyyəsinin qançırı, qapalı kəllə-beyin travması, beyin silkələnməsi ilə müşayiət edilən xəsarətlər yetirib, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi izahatının və məhkəməyə ünvanladığı ərizəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 72-ci maddənin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki,şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs əvvəllər eyni maddə ilə bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən hazırki iş üzrə onun zərər çəkmiş şəxslə barışması cinayət təqibinə xitam verilməsi üçün yox, yalnız CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alına bilər. 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və zərərçəkən şəxslə barışmışdır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinin tələbinin nəzərə alınmamasına belə qiymət verir ki, təqsirləndirilən şəxsin artıq bu növdə və eyni şəxsə qarşı olan ikinci cinayət əməlidir. Belə ki, təqsirləndirilən şəxs ilkin törətdiyi əməlinə görə onunla aparılmış profilaktik tədbirlərdən islah olunmamışdır. Buna görə də, təqsirləndirilən şəxsin islah olunması və bir daha belə əməli törətməməsini məqsəd tutaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında qeyd edilən cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar