Məhkəmə qərarları › İş №1(057)-33/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-33/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-33/2023 21.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X17 Yaqub oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Salyan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Salyan rayonu Şorsulu kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, evli, himayəsində bir azyaşlı uşağı olan, “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və X7 Stansiyasında feldşer işləyən, Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, o, 2 aprel 2020-ci il tarixdən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdaretmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və X7 Stansiyasında feldşer vəzifəsində işləyərkən 15 may 2022-ci il tarixdə saat 21:00-dan 16 may 2022-ci il tarixə saat 09:00-dək xidməti üzrə növbədə olduğu müddətdə 15 may 2022ci il tarixdə saat 21:54-də Salyan rayonu, Şorsulu kəndində yerləşən Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında “şizofreniya paranoid forma” diaqnozu ilə müalicədə olan ağrılarını xəstəliyi səbəbindən büruzə vermək iqtidarında olmayan Zərərçəkmiş şəxs qan qusması ilə bağlı həmin xəstəxananın tibb işçiləri tərəfindən Salyan Rayon Təcili və X7 Stansiyasına verilmiş çağırış əsasında göstərilən psixatriya xəstəxanasına gedib Zərərçəkmiş şəxs ilkin müayinə edərək onun nəbzini yoxlayıb təzyiqinin aşağı olduğunu müəyyən etdikdən sonra psixiatriya xəstəxanasının böyük tibb qardaşı Şahid1, kiçik tibb işçiləri Şahid3, X2 xəstə Zərərçəkmiş şəxs qan qusması barədə məlumat vermələrinə əhəmiyyət verməyib, sonuncunun ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda bunu görməyərək qüvvədə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş feldşerin nümunəvi vəzifə təlimatının 6, 9, 12-ci bəndləri ilə müəyyən olunmuş müalicə-profilaktika və sanitar-profilaktika yardımı, ağır xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin X7 göstərməklə həkimə qədər tibbi yardım göstərməli, əhalinin müxtəlif qruplarının (uşaqlar, yeniyetmələr, hamilə qadınlar, müharibə iştirakçıları və əlillər, ağır xəstəliklər keçirmiş pasiyentlər, xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər) dispanser müşahidəsini təşkil etməli və aparmalı olduğu halda həmin təlimatın tələblərini pozub, öz işinə laqeyd münasibət göstərməklə üzərinə düşən vəzifələrini yerinə yetirməyərək Zərərçəkmiş şəxs hər hansı qanaxma müşahidə etmədiyi üçün ona “burun qanaxması” diaqnozu qoyaraq qanaxmanın qarşının alınması üçün 2 ml “ditsinon” iynəsi vurmaqla kifayətlənib, patoloji vəziyyətilə əlaqədar Zərərçəkmiş şəxs profil üzrə mütəxəssis cərrah tərəfindən konsultativ baxışının təmin edilməsi və tibb müəssisəsində cərrahi müdaxilə icra edilməklə ixtisaslı tibbi yardım göstərilməsi məqsədilə hospitalizasiya etməməsi nəticəsində sonuncunun həmin gün saat 23:45-də müalicə aldığı Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiya səbəbindən ölümünə səbəb olmaqla, ehtiyatsızlıqdan adam öldürmə cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, 1992-ci il tarixdən hal-hazıradək Salyan TTTYS-da əmək müqaviləsi əsasında feldşer işləyir. xx.xx.2022-ci il tarixdə saat 21:00-dan xx.xx.2022-ci il tarixə saat 09:00-dək təcili yardım stansiyasında gecə növbəsində olmuş, xx.xx.2022-ci ildə saat 22 radələrində Salyan Rayonlararası Psixiatriya Xəstəxanasından çağırış verilmiş və xəstəxanada müalicə alan Zərərçəkmiş şəxs adlı xəstənin ağzından qan gəldiyi bildirilmişdir. O həkim Şahid2 göstərişi ilə saat 21:54-də təcili yardım stansiyasından çıxaraq həmin xəstəxanaya getmiş, təxminən 15-20 dəqiqə sonra oraya çatanda Zərərçəkmiş şəxs koridorda çarpayıda arxası üstə uzanmış vəziyyətdə olduğunu, çarpayının altında ləyən olduğunu və ləyənin içərisinin təmiz olduğunu görmüşdür. Xəstəxanada olan həkimlər ona bildirmişlər ki, xəstə öskürəndə ağzından qan gəlib. Lakin, o, xəstədə qan izlərini aşkar etməmiş, buna görə də xəstəyə 2 ml “ditsinon” iynəsi vurmuşdur ki, hər ehtimala qarşı qanaxması varsa dayansın. Xəstəni müayinə edərək təzyiqini ölçmüş, xəstənin təzyiqi 120-dən aşağı olmuş, xəstə zəif xəstə olmuş, ürək döyüntüsü normal olmuşdur. Xəstəxanadakı işçilərdən xəstənin yemək yeyib-yeməməsini soruşduqda xəstənin qidalanmasının normal olduğunu bildirmişlər. Həmin xəstəxanadakı işçilərdən olan Şahid1 ondan xəstəni Salyan RMX-na aparmasını istəsə də, xəstənin vəziyyətinin normal olduğunu, ağırlaşacağı təqdirdə dərhal məlumat vermələrini, yalnız bundan sonra Zərərçəkmiş şəxs gəlib xəstəxanaya aparacağını bildirərək, öz telefon nömrəsini qoyaraq, əlaqə saxlamaq üçün xəstəxananın telefon nömrəsini götürərək çıxıb getmiş, o, 15-20 dəqiqə sonra xəstəxanaya zəng edərək Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmışdır. Tibb işçiləri ona Anarın səhhətinin normal olduğunu, lakin su istədiyini bildirmişlər. O, xəstənin vəziyyətinin yaxşı olmadığını hiss etdiyindən geri qayıdaraq psixiatriya xəstəxanasına getmişdir. Onlar yola düşən zaman psixiatriya xəstəxanasından saat 23:40-da dispetçerə zəng gəlmiş və xəstənin qan qusduğu, vəziyyətinin ağırlaşdığı bildirilmişdir. Onlar yolda olduqları zaman onlara təkrar zəng gəlmiş və artıq xəstənin ölməsi barədə məlumat verilmişdir. Buna görə də onlar xəstəxanaya getməyib təcili yardım stansiyasına geri qayıtmışlar. Sonradan Zərərçəkmiş şəxs nazik bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası səbəbindən müalicə aldığı xəstəxanada öldüyünü bilmişdir. Zərərçəkmiş şəxs vaxtında profil üzrə ixtisaslı tibbi yardım göstərilməsi üçün hospitalizasiya etsəydi, onun ölməyəcəyini güman etmişdir. Xəstəni müayinə edən zaman xəstədə heç bir şübhəli hal aşkar etmədiyi üçün onu təcili yardımla xəstəxanaya yerləşdirməmiş, təcili yardıma qayıtdıqdan sonra Vüsal həkimə gördükləri ilə bağlı məlumat vermişdir. Salyan Rayonlararası Pisixiatriya xəstəxanasında “şizofreniya paranoid forma” diaqnozu ilə müalicə alan mərhum Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi, qohumluq əlaqələri olmamışdır. Zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. O, “İ Qarabağ müharibəsi” veteranıdır. Onun himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan məktəbli uşaqları vardır. Bundan başqa 1999-cu il təvəllüdlü oğlu - Cəsur Musazadə hal-hazırda Kəlbəcər rayonunda həqiqi hərbi xidmətdədir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, ibtidai istintaq zamanı toplanmış, bir-birinə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və cinayət işində olan digər istintaq materialları ilə aşağıda göstərilən qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Mərhum Zərərçəkmiş şəxs böyük qardaşıdır. Zərərçəkmiş şəxs vərəm xəstəliyi onun beyninə təsir etdiyi üçün 10 ildən çoxdur ki, şizofreniya xəstəliyindən əziyyət çəkmiş, bununla bağlı dəfələrlə Respublika Psixiatriya Xəstəxanasında, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında müalicələr almışdır, lakin müalicələrin heç bir təsiri olmamış və qardaşı sağalmamışdır. Sonuncu dəfə 2022-ci ilin mart ayında Cəlilabad RMX-nın göndərişi əsasında onu Salyan rayonlararası psixiatriya xəstəxanasına yerləşdirmişlər. Bundan sonra o, qardaşının yanına gedərək onu xx.xx.2022-ci il tarixdə xəstəxanada ziyarət etmiş, həmin gün onun yanına tək getmiş, qardaşı ilə söhbətləşmiş və ona apardığı yeməkləri vermişdir. Həmin gün baş həkim Allahverdi həkimin işçilərlə bərabər ad gününü qeyd edərək, tort yediyini görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində xəstəxanadan adını xatırlamadığı şəxs onun mobil telefonuna zəng edərək qardaşının öldüyünü və onu psixiatriya xəstəxanasından götürüb aparmalı olduqlarını bildirmişdir. Bundan sonra o, Bakı şəhərində olduğu üçün qohumları ilə birlikdə Neftçala rayonunda yerləşən meyitxanaya getmişdir. Ora çatanda qardaşının meyitinin daxili müayinə olunduğunu görmüşdür. O, buna narazılığını bildirmiş, çünki qardaşının meyitinin yarılmasını istəməmişdir. Mərhum qardaşı - Zərərçəkmiş şəxs ölümü barədə öldüyü gün yox, bir gün sonra ona məlumat verən həkimlərdən, xüsusən də baş həkim Allahverdi həkimdən narazı olmuşdur. Sonradan arvadı Kamilə ilə birlikdə Salyan rayonlararası psixiatriya xəstəxanasının baş həkimi Şahid5 yanına getmişlər. Orada baş həkim onlarla çox kobud danışmış və “hara istəyirsiz gedin şikayət edin, sizin nömrəniz bizdə olmayıb” demişdir. Allahverdi həkim onlarla kobud danışdığı üçün əsəbiləşib oradan çıxmışlar. Zərərçəkmiş şəxs əvvəllər ruhi xəstəlikdən və vərəm xəstəliyindən başqa digər xəstəliklərdən əziyyət çəkməmiş, vərəm xəstəliyi ilə bağlı Lənkəran rayonunda müalicə almışdır. O, Salyan rayonlararası psixiatriya xəstəxanasının baş həkimi Şahid5 şikayətçidir, onun barəsində tədbir görülməsini xahiş edir. Lakin, Təqsirləndirilən şəxs tanımır, ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının böyük tibb qardaşı Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. xx.xx.2022-ci il tarixdə saat 21:00-da xəstəxananın tibb bacısı Minayə Sadıqova ona zəng edərək xəstə Zərərçəkmiş şəxs qan qusduğunu, qarın ətrafında ağrılarının olduğunu, saat 13:00-da günorta yeməyini yedikdən sonra dərman atmağa gəlmədiyini bildirmiş, o da onlara təcili yardıma məlumat vermələrini tapşırıb dərhal baş həkim Şahid5 zəng edərək bu barədə Allahverdi həkimi məlumatlandırmışdır. Bir az sonra xəstəxanaya təcili yardım avtomobili gəlmiş və feldşer Təqsirləndirilən şəxs xəstəyə baxaraq onun təzyiqini ölçmüş, onun qarınətrafı nahiyələrini əli ilə yoxlamışdır. Tibb bacıları Nigar və Minayə, Təqsirləndirilən şəxs xəstənin ağzından qan gəldiyini demişlər və o da Təqsirləndirilən şəxs xəstəni Salyan RMX-na aparmasını istəmişdir. Təqsirləndirilən şəxs isə xəstənin vəziyyətinin normal olduğunu, ağırlaşacağı halda xəbər vermələrini, ondan sonra gəlib xəstəni aparacağını söyləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1 ədəd “ditsinon” iynəsi vurduqdan sonra çıxıb getmişdir. Təxminən saat 00 radələrində xatırlamadığı tibb işçiləri ona zəng edərək Zərərçəkmiş şəxs öldüyünü bildirmişlər. O da bu barədə baş həkimə məlumat vermişdir. Zərərçəkmiş şəxs öldüyü zaman işdə olmamış, lakin tibb işçilərindən Minayə Sadıqova, Şahid4, Xalid Abbasov, Şahid3 və Nigar Nuriyeva onun yanında olmuşlar. Zərərçəkmiş şəxs əvvəllər ruhi xəstəlikdən başqa digər xəstəliklərdən əziyyət çəkməsini və bununla bağlı başqa xəstəxanaya müraciət etməsini bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs stasionar müalicə üçün aparmasını tələb etsə də Təqsirləndirilən şəxs onun vəziyyətinin yaxşı olduğunu bildirərək xəstəni aparmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş TTTYS-nın həkimi Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Salyan Rayonlararası Psixiatriya Xəstəxanasından çağırış verilmiş və xəstəxanada müalicə alan Zərərçəkmiş şəxs adlı xəstənin ağzından qan gəldiyini bildirmişlər. O da feldşer Təqsirləndirilən şəxs təlimatlandırıraraq demişdir ki, xəstənin vəziyyəti pisdirsə xəstəxanaya yerləşdirək. Təxminən 1 saatdan sonra başqa çağırışdan təcili yardım stansiyasına geri qayıdanda Salmanı görmüş və ondan Zərərçəkmiş şəxs barədə maraqlanmış, Salman ona xəstəni müayinə etdiyini, xəstəyə 01 ədəd “ditsinol” iynəsi vurduğunu, xəstədə qan görmədiyinə və xəstənin vəziyyətinin normal olduğuna görə onu xəstəxanaya yerləşdirmədiyini bildirmişdir. O, da Salmana tez-tez xəstəxanaya zəng edib Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmasını tapşırmışdır. Təqsirləndirilən şəxs təcili yardım stansiyasından çıxan zaman psixiatriya xəstəxanasından zəng gəlmiş və Zərərçəkmiş şəxs qan qusduğunu bildirmişlər. O da Salmana həmin xəstəni ağzından gələn qanın rənginə uyğun olaraq ya mərkəzi xəstəxanaya, ya da vərəm xəstəxanasına aparmasını tapşırmışdır. Salman təcili yardım stansiyasından çıxandan təxminən 15-20 dəqiqə sonra geri qayıtmışdır. Salmandan niyə tez qayıtdığını soruşanda Salman, Zərərçəkmiş şəxs artıq öldüyünü buna görə də geri qayıtdığını xəbər vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının kiçik tibb işçisi Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Psixatriya Xəstəxanasında kiçik tibb işçisi işləyir. xx.xx.2022-ci ildə saat 21 radələrində xəstəxanada foyeni təmizləyərkən xəstə Zərərçəkmiş şəxs vəziyyətinin pisləşdiyini eşitmiş, bu barədə həkimlərə məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmiş, xəstənin vəziyyəti ağır olduğu üçün təcili tibbi yardım briqadasına zəng olunaraq məlumat verilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qaldığı otaqda onun çarpayısının yanında döşəmə üzərində qanlı qusuntu olduğunu görmüş və Zərərçəkmiş şəxs ağzından qan gəldiyini güman etmiş, həmin qanı döşəmə dəsmalı ilə silmişdir. Bundan sonra otaqda havasızlıq olduğu üçün tibb qardaşları Anarı nəzarətləri altına olması üçün dəhlizə çıxartmışlar. Təcili tibbi yardım briqadası saat 22 radələrində gəldikdən sonra feldşer Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müayinə edib xəstəyə adını bilmədiyi iynə vurmuş və vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Tibb qardaşı Şahid1 feldşer Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Salyan RMX-na aparmasını tələb etsə də, lakin Təqsirləndirilən şəxs xəstənin vəziyyətinin yaxşı olduğunu təkrar bildirərək onun xəstəxanaya aparılmasına ehtiyac olmadığını demişdir. O, giriş qapısının şüşəsini sildiyi zaman saat 23:40-da tibb qardaşlarının səs-küyündən xəstənin birdən-birə təngnəfəs olduğunu eşitmişdir. Bu zaman tibb bacısı Minayə dərhal təcili yardıma zəng edərək təcili gəlib xəstəni aparmalarını istəmişdir. Elə həmin vaxt Zərərçəkmiş şəxs artıq öldüyünü eşitmişdir. Təkrar təcili yardım stansiyasına zəng edilmiş, lakin xəstə öldüyündən təcili yardım briqadası yolun yarısından geri qayıtmış və xəstəxanaya gəlməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının kiçik tibb qardaşı Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. xx.xx.2022-ci ildə saat 09:00-dan xx.xx.2022-ci il saat 09:00-dək növbədə olmuşdur. 15 noyabr tarixdə saat 21 radələrində xəstə Zərərçəkmiş şəxs halsız olduğunu görmüş, dərhal bu barədə tibb bacıları Minayə və Nigara məlumat vermişdir. Bundan sonra xəstə Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilsə də, xəstənin ağzından qanlı köpük gəldiyi üçün, vəziyyəti pis olduğu üçün təcili tibbi yardım stansiyasına zəng vuraraq məlumat vermişlər. Təcili yardımın həkimi saat 22 radələrində gəldikdən sonra Zərərçəkmiş şəxs müayinə etmiş və ona adını bilmədiyi iynə vurmuş, orada olan tibb qardaşı Eldost onlardan xəstəni niyə xəstəxanaya aparmadıqlarını soruşduqda təcili yardımın Salman adlı feldşeri “vəziyyəti elə də ağır deyil, ağırlaşarsa gəlib apararam” deyərək çıxıb getmişdir. Onlar xəstənin vəziyyətinin yaxşıya doğru getmədiyini görmüşlər. Saat 23:40-da xəstə birdən-birə təngnəfəs olmuş və yenidən ağzından köpük gəlmişdir. Minayə dərhal təcili yardıma zəng edərək təcili gəlib xəstəni aparmalarını istəmişdir. Elə həmin vaxt Zərərçəkmiş şəxs artıq öldüyünü görmüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xəstəxanaya daxil olmuşdur. O, “şizofreniya paranoid forma” diaqnozu ilə müalicə almışdır. Hadisə baş verən vaxt, yəni xx.xx.2022-ci ildə o, istirahət günü olduğu üçün Bakı şəhərində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində tibb qardaşı Şahid1 ona mobil telefon vasitəsi ilə zəng edərək Zərərçəkmiş şəxs vəziyyətinin pis olduğunu bildirmişdir. Eldosta təcili yardım çağırmaları barədə göstəriş vermiş, sonradan Eldost ona təkrar zəng edərək təcili yardım briqadasının gəldiyini və xəstəyə “ditsinon” iynəsi vurduğunu, lakin onu xəstəxanaya aparmadıqlarını xəbər vermişdir. Eldostdan xəstəni niyə aparmadıqlarını soruşanda Eldost təcili yardımın həkiminin xəstənin vəziyyətinin ağırlaşacağı halda gəlib aparacaqlarını dediyini bildirmişdir. Təxminən saat 23 radələrində tibb işçilərindən xatırlamadığı şəxs ona zəng edərək Zərərçəkmiş şəxs öldüyünü xəbər vermiş, o, dərhal Xəstəxanaya gəlmiş, bundan sonra polis və prokurorluq orqanlarına məlumat verilmiş və meyit daxili müayinə olunmasından ötrü məhkəmə-tibb ektspertizasına göndərilmiş, bundan sonra mərhumun yaxınlarına məlumat verilmişdir. Bütün xəstələrin şəxsi işləri və qohumları ilə əlaqə nömrələri xəstəxananın xüsusi bağlı otağında saxlanılır. Hadisə baş verən gün qeyri-iş günü olduğundan və Bakı şəhərində olduğu üçün mərhumun yaxınlarının əlaqə nömrələrini bilmədiyindən onlara həmin gün məlumat verə bilməmişdir. Zərərçəkmiş şəxs öldüyü gün xəstəxanada olmamış, bundan başqa da əvvəlki günlərdə onun ağzından qan gəldiyini müşahidə etməmişdir. Zərərçəkmiş şəxs xəstəxanada müalicədə olarkən onu ziyarət etməyə heç kim gəlməmiş, o, zərərçəkmişin hüquqi varisini və onun arvadını təhqir etməmiş, onlar xəstəxanada səsküy saldıqları üçün onlara narazı qaldıqları halda şikayət vermək hüquqlarının olduğunu bildirmişdir. xx.xx.2022-ci ildə Xəstəxana işçiləri onun xəbəri olmadan 02 may 2022-ci il tarixdə olmuş ad gününü qeyd etmək üçün tort sifariş edərək kəsmişlər ki, bunda da heç bir qəbahət yoxdur. Eyni zamanda bu məsələ ilə bağlı prokurorluğun müstəntiqi ətraflı araşdırma aparmış və hüquqi qiymət vermişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan Rayonlararası Psixiatriya Xəstəxanasından daxil olan xx.xx.2022-ci il tarixli, 121 nömrəli məktubdan görünür ki, Əsgərov X6 Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 1407 saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdən “şizofreniya paranoid forma” diaqnozu ilə qeyd edilən psixiatriya xəstəxanasında stasionar müalicədə olmuş və xx.xx.2022-ci il tarixdə axşam saatlarında ölmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş TTTYS-na edilən çağırışların qeydiyyatı kitabından edilmiş çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:54-də Salyan TTTYS-na Zərərçəkmiş şəxs adına çağırış verilmiş, çağırışa Təqsirləndirilən şəxs gedərək xəstəyə “burun qanaxması” diaqnozu qoymuşdur. İş materiallarında olan Salyan rayon prokurorluğunun müstəntiqi İsmayıl Cavadlı tərəfindən tərtib edilmiş “Meyitə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində heç bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 20 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər-hansı xəsarətin obyektiv əlaməti aşkar edilməmiş, Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi nazik bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə baş vermişdir. Zərərçəkmiş şəxs qanında etil spirti və narkotik maddə aşkar edilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 372/KEŞ nömrəli rəyindən görünür ki, stasionar müalicə müddətində Zərərçəkmiş şəxs vəziyyəti getdikcə ağırlaşmış və xx.xx.2022-ci il tarixdə ölüm baş vermişdir. Meytin məhkəmə-tibbi müayinəsinə əsasən onun ölümünə səbəb nazik bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fıbrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümümi intoksikasiyasının olduğu müəyyən edilmişdir. Beləliklə, tədricən inkişaf edən peritonit əlamətləri xəstədə vaxtında aşkar edilməmiş və heç bir adekvat tibbi yardım göstərilməmişdir. Xəstənin vəziyyəti ilə əlaqədar xx.xx.2022-ci il tarixdə TTTYS-na müraciət olunmuş və yenidən onun vəziyyəti adekvat qiymətləndirilməmiş, mövcud olan peritonit əlamətləri müəyyən edilməmiş və intoksikasiya fonunda xx.xx.2022-ci il tarixdə bioloji ölüm faktı qeydə alınmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş əlavə komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, KEŞ-456 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına daxil olduqdan sonra ona “Şizofreniya” diaqnozu təyin edilmiş və diaqnoza uyğun konservativ müalicələrə başlanılmışdır. Stasionar müalicə müddətində xəstənin vəziyyəti diffuz peritonitlə əlaqədar ağırlaşmış, lakin bu patoloji vəziyyət müəyyən edilməmiş və xx.xx.2022-ci il tarixdə ölüm baş vermişdir. Meyitin məhkəmə-tibbi müayinəsinə əsasən onun ölümünə səbəb nazik bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fıbrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyasının olduğu müəyyən edilmişdir. Beləliklə, tədricən inkişaf edən diffuz peritonit əlamətləri Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müddətdə xəstə vəziyyəti ilə əlaqədar şikayətlərini bildirmək iqtidarında olmamış, bununla əlaqədar patologiya vaxtında aşkar edilməmiş və adekvat tibbi yardım göstərilməmişdir. Xəstənin vəziyyəti ilə əlaqədar xx.xx.2022-ci il tarixdə TTTYS-na müraciət olunmuş və yenidən onun vəziyyəti adekvat qiymətləndirilməmişdir. Lakin, diffuz peritonit əlamətləri müəyyən edilməmiş, yalnız ağız boşluğundan qan gəlməsi ilə əlaqədar ona Sol.dicinon təyin edilmişdir. Digər yardımlar icra edilməmiş və xəstə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə xəstə şikayətini bildirməsə də, diffuz peritonitlərdə taxta qarın sindromu, qarın boşluğunda kəskin ağrı, hərarətin yüksəlməsi, bağırsaq peristaltikasının dayanması və s. kimi klinik əlamətlər özünü birüzə verir. Kliniki əlamətlərini nəzərə alaraq patoloji prosesin stasionar müalicə müddətində müəyyən olunmalı idi. Zərərçəkmiş şəxs mövcud olan diffuz peritonitlə əlaqədar ona TTTYS-nın feldşeri tərəfindən göstərilmiş tibbi yardımlar düzgün istiqamətdə olmamışdır. Zərərçəkmiş şəxs ölümünə səbəb olan nazik bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fıbrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası olmuşdur. Zərərçəkmiş şəxs düçar olduğu nazik bağırsaq divarının yarası ilə əlaqədar yaranmış ağırlaşma kliniki olaraq özünü büruzə verdikdən sonra müəyyən olunmalı, instrumental müayinələr aparılmalı, mütəxəssis cərrahın konsultativ baxışı təmin edilməli və profil üzrə tibb müəssisəsində zəruri olan cərrahi müdaxilə icra edilməli idi. TTTYS-nın feldşeri tərəfindən xəstənin vəziyyəti ilə əlaqədar ilkin tibbi yardım göstərilə bilər, lakin Zərərçəkmiş şəxs mövcud olan patoloji vəziyyətlə əlaqədar ona profil üzrə ixtisaslı tibbi yardım təmin edilməli idi. TTTYSnın əməkdaşları tərəfindən xəstəyə göstərilmiş qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Bu da Səhiyyə sistemində mövcud olan 70 saylı əmrin vəzifə öhdəliklərinin pozulması kimi qiymətləndirilir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında Zərərçəkmiş şəxs xəstəliyi ilə əlaqədar ona təyin olunmuş müalicələr nazik bağırsaq divarının yarasının deşilməsinə səbəb olması istisna edilir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 896 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına “Şizofreniya paranoid forma. Hallüsinator paranoid sindrom” diaqnozu ilə xəstəxanaya qəbul edilmişdir və diaqnoza uyğun olaraq konservativ müalicələrə başlanılmışdır. 08.03-xx.xx.2022-ci il tarixlərdə xəstənin müalicəsi davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə stasionar müalicə müddətində xəstənin vəziyyəti diffuz peritonit nəticəsində ağırlaşmışdır, lakin bu patoloji vəziyyət müəyyən edilməmiş və həmin tarixdə xəstədə ölüm baş vermişdir. Meyitin məhkəmə-tibbi müayinəsinə əsasən onun ölümünə səbəb nazik bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası olmuşdur. Zərərçəkmiş şəxs Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müddətdə şikayətlərini bildirmək iqtidarında olmamışdır, bununla əlaqədar onda yaranmış patologiya vaxtında aşkar edilmədiyindən müvafiq tibbi yardım göstərilməmişdir. xx.xx.2022-ci il tarixdə onun vəziyyəti ağırlaşmış və TTTYS-na müraciət olunsa da onun vəziyyəti adekvat qiymətləndirilməmişdir. Xəstənin ölümünə səbəb olan diffuz peritonitin kliniki əlamətlərini nəzərə alaraq bu patoloji proses stasionar müalicə müddətində müəyyən olunmalı və vəziyyətinə uyğun olaraq tibbi yardım göstərilməli idi. Zərərçəkmiş şəxs vaxtında müvafiq müayinələr aparılmalı, diffuz peritonitin ağırlaşması müəyyən olunmalı, mütəxəssis cərrahın konsultativ baxışı təmin edilməli və profil üzrə tibb müəssisəsində cərrahi müdaxilə icra edilməli idi. Zərərçəkmiş şəxs vəziyyəti ilə əlaqədar TTTYS-nın feldşeri tərəfindən ilkin tibbi yardım göstərilə bilərdi, lakin Zərərçəkmiş şəxs mövcud olan patoloji vəziyyətlə əlaqədar ona profil üzrə ixtisaslı tibbi yardım təmin edilməli idi. TTTYS-nın əməkdaşları tərəfindən xəstəyə göstərilmiş qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Bu da Səhiyyə sistemində hazırda mövcud olan 70 saylı əmrin vəzifə öhdəliklərinin pozulması kimi qiymətləndirilir. Zərərçəkmiş şəxs TTTYS-nın həkimləri tərəfindən vaxtında ixtisaslı tibbi yardım üçün cərrahi profil üzrə tibb müəssisəsinə köçürülmüş olsa idi, onun ölümünün qarşısını almaq olardı. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının yuxarıda sadalanan rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli 9839 nömrəli məktubdan gönürür ki, Təqsirləndirilən şəxs adı qeyd olunan xəstəxanada müalicədə olmamış, Zərərçəkmiş şəxs isə xx.xx.2010-xx.xx.2010, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011xx.xx.2011, xx.xx.2011-xx.xx.2012, xx.xx.2012-xx.xx.2012, xx.xx.2013-xx.xx.2013, xx.xx.2013-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2015xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2017, xx.xx.2017-xx.xx.2018, xx.xx.2018-xx.xx.2019, xx.xx.2019-xx.xx.2020, xx.xx.2020-xx.xx.2021, xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə adı göstərilən xəstəxanada “şizofreniya paranoid forma” diaqnozu ilə müalicədə olmuşdur. İş materiallarında olan Salyan RMX-dan daxil olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1992-ci ildə 2 nömrəli Bakı Baza Tibb Kollecini feldşer ixtisası üzrə bitirmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Salyan RMX-nın qastroenterologiya şöbəsində tibb qardaşı, xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək TTTYS-da feldşer, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək TTTYS-da böyük tibb qardaşı, xx.xx.2020-ci il tarixdən hazıradək TTTYS-da feldşer işləmiş, dəfələrlə təkmilləşdirmə kurslarında olmuş, 2015-2022-ci illərdə Sertifikasiya imtahanından keçmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş feldşerin nümunəvi vəzifə təlimatından görünür ki, feldşer müalicə-profilaktika və sanitar-profilaktika, kəskin xəstəliklər və bədbəxt hadisələr zamanı ilk X7 göstərməli, laboratoriya tədqiqatları aparmalı, daha çox rast gəlinən xəstəliklərin tipik hallarının diaqnostikasını aparmalı və müalicə təyin etməli, resept yazmalı, xəstəliklərin terapiyası və profilaktikasının müasir metodlarını tətbiq etməli, həkiməqədər təcili yardım göstərməli, həkimə cərrahlıq əməliyyatları və mürəkkəb proseduralar zamanı assistentlik etməli, normal doğuşları qəbul etməli, cari sanitariya nəzarətini və epidemiya əleyhinə tədbirləri həyata keçirməli, əhali arasında sanitariya maarifinin, o cümlədən, gigiyenik tədris və tərbiyə işinin, sağlam həyat tərzinin təbliği işini aparmalı, səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını, müalicə-profilaktika, sanitar-profilaktika müəssisələrinin təşkilati strukturunu, onların fəaliyyətinin əsas aspektlərini, xəstəliklərin terapiyası və profilaktikasının müasir metodlarını, xidmət göstərdiyi əhalinin sağlamlıq vəziyyətinin göstəricilərini, tibbi alət və avadanlıqlarla iş zamanı təhlükəsizlik texnikası qaydalarını, müəssisədaxili intizam qaydalarını, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş feldşerin nümunəvi vəzifə təlimatının 6, 9, 12-ci bəndlərindən görünür ki, feldşer müəyyən olunmuş müalicə-profilaktika və sanitarprofilaktika yardımı, ağır xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin X7 göstərməklə həkiməqədər tibbi yardım göstərməli, əhalinin müxtəlif qruplarının (uşaqlar, yeniyetmələr, hamilə qadınlar, müharibə iştirakçıları və əlillər, ağır xəstəliklər keçirmiş pasiyentlər, xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər) dispanser müşahidəsini təşkil etməli və aparmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid2, X1 və X4 əməllərində Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərarda Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının müdiriyyətinin, mərhum Zərərçəkmiş şəxs xəstəxanada müalicəsinə məsul həkimin və digər tibb personalının əməlləri ətraflı araşdırılmayaraq yuxarıda sadalanan ekspert rəylərində göstərilən xüsusatlar üzrə müvafiq hüquqi qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, onun mərhum qardaşı Zərərçəkmiş şəxs Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında ölmüş, qardaşının öldüyü gün onlara bu barədə xəbər verilməmişdir. O, həmin xəstəxanaya gedən zaman xəstəxananın baş həkimi Allahverdi həkim onu və həyat yoldaşını təhqir etmişdir. Ona görə də onun barəsində tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli digər ərizəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəza verilməsini tələb etmir. İş materiallarına əlavə edilmiş Salyan rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 029353 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “İ Qarabağ müharibəsi” veteranıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-43-52/2-106/2023 saylı arayışından görünür ki, 1999-cu il təvəllüdlü X11 04 iyul 2022-ci il tarixdə SHXÇDX Salyan rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 aprel 2020-ci il tarixdən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdaretmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və X7 Stansiyasında feldşer vəzifəsində işləyərkən 15 may 2022-ci il tarixdə saat 21:00-dan 16 may 2022-ci il tarixə saat 09:00-dək xidməti üzrə növbədə olduğu müddətdə 15 may 2022-ci il tarixdə saat 21:54-də Salyan rayonu Şorsulu kəndində yerləşən Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında “şizofreniya paranoid forma” diaqnozu ilə müalicədə olan ağrılarını xəstəliyi səbəbindən büruzə vermək iqtidarında olmayan Zərərçəkmiş şəxs qan qusması ilə bağlı həmin xəstəxananın tibb işçiləri tərəfindən Salyan Rayon Təcili və X7 Stansiyasına verilmiş çağırış əsasında göstərilən psixatriya xəstəxanasına gedib Zərərçəkmiş şəxs ilkin müayinə edərək onun nəbzini yoxlayıb təzyiqinin aşağı olduğunu müəyyən etdikdən sonra psixiatriya xəstəxanasının böyük tibb qardaşı Şahid1, kiçik tibb işçiləri Şahid3, X2 xəstə Zərərçəkmiş şəxs qan qusması barədə məlumat vermələrinə əhəmiyyət verməyib, sonuncunun ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda bunu görməyərək qüvvədə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş feldşerin nümunəvi vəzifə təlimatının 6, 9, 12-ci bəndləri ilə müəyyən olunmuş müalicəprofilaktika və sanitar-profilaktika yardımı, ağır xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin X7 göstərməklə həkiməqədər tibbi yardım göstərməli, əhalinin müxtəlif qruplarının (uşaqlar, yeniyetmələr, hamilə qadınlar, müharibə iştirakçıları və əlillər, ağır xəstəliklər keçirmiş pasiyentlər, xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər) dispanser müşahidəsini təşkil etməli və aparmalı olduğu halda həmin təlimatın tələblərini pozub, öz işinə laqeyd münasibət göstərməklə üzərinə düşən vəzifələrini yerinə yetirməyərək Zərərçəkmiş şəxs hər hansı qanaxma müşahidə etmədiyi üçün ona “burun qanaxması” diaqnozu qoyaraq qanaxmanın qarşının alınması üçün 2 ml “ditsinon” iynəsi vurmaqla kifayətlənib, patoloji vəziyyətilə əlaqədar Zərərçəkmiş şəxs profil üzrə mütəxəssis cərrah tərəfindən konsultativ baxışının təmin edilməsi və tibb müəssisəsində cərrahi müdaxilə icra edilməklə ixtisaslı tibbi yardım göstərilməsi məqsədilə hospitalizasiya etməməsi nəticəsində sonuncunun həmin gün saat 23:45-də müalicə aldığı Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası səbəbindən ölümünə səbəb olmaqla, ehtiyatsızlıqdan adam öldürmə cinayətini törətmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Əməlində cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, iş yerindən müsbət xarakterizə olunmasını, “İ Qarabağ müharibəsi” veteranı olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, oğlu - 1999-cu il təvəllüdlü Cəsur Musazadənin hal-hazırda Kəlbəcər rayonunda həqiqi hərbi xidmətdə olduğunu şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngüllədirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların hər hansı birinin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar