Məhkəmə qərarları › İş №1(057)-35/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-35/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-35/2023 07.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X17 Yaqub oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1972-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar şəhəri, H. Əliyev küçəsi, ev 11, mənzil 14-də qeydiyyatda olmaqla yaşayan, barəsində Salyan rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarına əsasən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 17 noyabr 2022-ci il tarixdə saat 10 radələrində qanunsuz olaraq narkotik vasitə əldə etmək məqsədi ilə yaşadığı Biləsuvar şəhərindən Salyan şəhəri, A. Ağazadə küçəsi ev 1-də yaşayan tanışı Şahid4 yaşadığı evə gələrək həmin evin həyətində Şahid4 qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda hər bükümünü 10 manatdan olmaqla 5 bükümdə ayrıayrılıqda təmiz çəkiləri- 0,189 qram, 0,222 qram, 0,199 qram, 0,150 qram,0,120 qram, ümumi çəkisi-0,880 qram narkotik vasitə olan heroini alıb yerini dəyişməklə onları üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin gün saat 11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Salyan şəhərindəki "Arbatan işıqforu" adlanan ərazidə saxlanılaraq ünvan 1 ünvanda yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki gödəkçənin sol içəri cibindəki "Keno" markalı siqaret qutusundan 5 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,189 qram, 0,222 qram, 0,199 qram, 0,150 qram,0,120 qram, ümumi çəkisi-0,880 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, hazırda hərdən bir əlinə düşəndə "kakos" adlı narkotik vasitədən istifadə edir, qəbul etmək üçün də həmin narkotik vasitəni son vaxtlar hər dəfə Salyan şəhərində yaşayan Hüseyn adlı şəxsdən almışdır. 17 noyabr 2022-ci il tarixdə ağrıdığı üçün narkotik almaq məqsədi ilə yol maşını ilə Biləsuvar rayonundan Salyan şəhərinə gəlmiş, Salyan şəhərində isə taksiyə minərək onunla Hüseynin yaşadığı evə getmişdir. O, Hüseynə "mal" almaq üçün gəldiyini bildirəndən sonra Hüseyn gedib evindən onun üçün 5 bükümdə narkotik vasitə olan heroini gətirib ona vermişdir. O, həmin narkotik vasitənin qarşılığında Hüseynə 50 manat pul vermişdir. Hüseyndən aldığı narkotik vasitələri siqaret qutusunun içərisinə qoyduqdan sonra evinə getmək üçün küçəyə çıxmışdır. Yaxınlıqdakı işıqfor olan yerə çatdıqda polis əməkdaşları tərəfindən saxlanılaraq, Salyan RPŞ-yə aparılmışdır. Salyan RPŞ-də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə tutulmuş, onun üzərinə şəxsi axtarış keçirilən zaman özü könüllü şəkildə içərisində 5 bükümdə narkotik vasitə - heroin olan siqaret qutusunu polis əməkdaşlarına təqdim etmiş, şöbədə ondan izahat alınmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Qardaşı Fuad “Vətən Müharibəsində” iştirak etmiş, və medalarla təltif olunmuşdur. Himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var və söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəckdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı Salyan RPŞ-yə məlumat daxil olmuş, bununla bağlı əməliyyat tədbiri keçirilmiş və 17 noyabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində həmin şəxs Salyan şəhəri ərazisindəki "Arbatan işıqfor"unun yaxınlığında saxlanılmış və Salyan RPŞ-yə aparılmışdır. Bundan sonra oraya müstəntiq gəlmiş, vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan içərisində 5 bükümdə narkotik vasitə - heroin olan siqaret qutusunu təqdim etmiş, Təqsirləndirilən şəxs etiraf edərək, həmin narkotik vasitəni Hüseyn adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək, Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Salyan RPŞ-nin CAB-nin məliyyat müvəkkili vəzifəsində xidmət edir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs əvvəldən tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. X9 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə olunmuş əməliyyat məlumatlı ilə əlaqədar onun ifşası ilə bağlı 17 noyabr 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyala keçirilməsi barədə müvafiq qərar qəbul olunmuşdur. Bundan sonra şöbənin NMQ-nun əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 ilə birikdə o, Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 11:15 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində yerləşən "Arbatan işıqforu"nun yaxınlığında olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edərək birlikdə Salyan rayon polis şöbəsinə getməyi ona təklif etdilmiş, Cabir razılıq verdikdən sonra onlarla birlikdə Polis Şöbəsinə gəlmiş və o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra onun öz seçimi əsasında dəvət olunmuş müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə olub-olmaması soruşulduqda o, üzərində özünün qəbulu üçün 5 bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmiş və təklif edildikdən sonra məcbur qalıb əynindəki gödəkçənin sol içəri cibindən "Keno" markalı bir siqaret qutusunu çıxarıb onu təqdim edərək bildirmişdir ki, həmin qutuda siqaret dənələrindən əlavə beş bükümdə heroin vardır, onları bir az əvvəl Hüseyn adlı şəxsdən hər birini 10 manatdan hesablamaqla nisyə almış, buna görə Hüseynə pul verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 5 büküm açılıb baxıldıqda onların hər birinin içərisində qəhvəyi rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək başqa heç bir predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 ədəd bükümlərdəki kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, onların çəkisinin müvafiq qaydada 0,63 qram, 0,36 qram, 0,18 qram, 0,32 qram və 0,22 qram olması müəyyən edilmiş, həmin bükümlər ekspertizaya təqdim edilməkdən ötrü kağız paketə qoyularaq qablaşdırılmış, paket möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Tural Məlikovun xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməllərinin ifşa edilməsi məqsədilə 2022-ci ilin noyabrın 17-dən etibarən onun ətrafında konstitusion hüquqların pozulması ilə bağlı olmayan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında ” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:40-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 17 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürümə aparılması barədə” protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən 5 bükümdə 0,63 qram, 0,36 qram, 0,18 qram, 0,32 qram və 0,22 qram narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroni Salyan şəhərində Hüseyn adlı şəxsən hər bükümünü 10 manatdan özü qəbul etmək üçün almışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 18/1230 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,189 qram, 0,222 qram, 0,199 qram, 0,150 qram, 0,120 qram, ümumi çəkisi-0,880 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 bükümdə, Şahid4 evindən aşkar olunmuş 5 bükümdə, cəmi 10 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, heroinin ümümi çəkisi - 0,880 qram (1-5 nömrəli obyekt)., cəmi tədqiqata sərf edildi-0,05 qram (hər ob-0,01 qram), qalıq – 0,830 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli, 18/1230 nömrəli rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş materiallarında olan Salyan rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 noyabr 2022-ci il tarixdən, saat 11:00-dan hesablanması qərara alınmışdır. İş materiallarında olan əməliyyat tapşırığına alınmış xx.xx.2022-ci il tarixli, 182- 43235 nömrəli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 5 bükümdəki narkotik vasitə olan heroini onun Salyan şəhər sakini Şahid4 hər bükümünü 10 manatdan olmaqla alması və həmin narkotik vasitədən onun kiməsə satmadığı və ya satmaq niyyətinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1197 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanının 05 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,830 qram çəkidə narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri olan CD diski sübut növü kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Biləsuvar rayon İHB-nın Biləsuvar şəhər üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 05 yanvar 2023-cü il tarixli, 5-391/40 nömrəli arayışda və xasiyyətnamədə Təqsirləndirilən şəxs Biləsuvar şəhərində yaşadığı və onun barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. İş materiallarında olan Biləsuvar RİH başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 5-39-1/40 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Biləsuvar şəhəri S.Rəhimov küçəsində yerləşən evdə yaşayır və ailə tərkibi arvadı- 1976-cı il təvəllüdlü X5, 1999-cu il təvəllüdlü X10, 2006-cı il təvəllüdlü X6, anası 1950-ci il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan Biləsuvar RİH başçısının Biləsuvar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Əliyev X8 şəhər sakinidir. Narkotik vasitələrə meyillidir. Yaşadığı ərazidə qonşuların deməsinə görə onlarla səmimidir. Yaşadığı ərazinin sakinləri ondan razılıq edirlər. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs qardaşına məxsus 1-19809 saylı Azərbaycan Respublikasının medalının vəsiqəsindən görünür ki, X15 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının medalının vəsiqəsindən görünür ki, X4 Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 0150 saylı əmri ilə “hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 10 radələrində tanışı Şahid4 qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda hər bükümünü 10 manatdan olmaqla 5 bükümdə ayrıayrılıqda təmiz çəkiləri- 0,189 qram, 0,222 qram, 0,199 qram, 0,150 qram,0,120 qram, ümumi çəkisi- 0,880 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlayaraq daşıması, bununla da, onun Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzarkirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, qardaşının “Vətən Müharibəsi” iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdən 07 fevral 2023-cü il tarixədək, cəmi 2 ay 21 gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 5 ay 12 gün (beş ay on iki gün) müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, hiymayəsində bir yetkinlik yaşına çatmayan uşağı var, qardaşı X19 müharibəsi iştirakçısıdır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edilsə də, keçirilmiş narkoloji ekspertizanın rəyinə əsasən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli o, yalnız ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,830 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 17 noyabr 2022-ci il tarixdən 07 fevral 2023-cü il tarixədək, cəmi 2 ay 21 gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 5 ay 12 gün (beş ay on iki gün) müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 4 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,830 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar