Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-37/2023 23.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 qızının katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında hərəkətlərindən şikayət edilən şəxs X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tələbinə əsasən xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 xüsusi ittiham qaydasında hərəkətlərindən şikayət edilən X1 barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məsuliyyətə cəlb edilməsinə dair” şikayət ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdim edilən şikayətə görə X4 xx.xx.2022-ci il tarixdə, saat 11-12 radələrində "xxxx" ASC-nin Salyan Filalının yaxınlığındakı bankomatdan pul çıxarmaq istəyirmiş. Həmin vaxt X2 yolun əks tərəfində yerləşən “Azersell” mağazasından çıxaraq ona doğru hərəkət etmiş, yolu keçərək onun olduğu yerə gəlmiş və üzərinə hücum edərək orada olan insanların yanında, hər kəsin eşidəcəyi tərzdə, yüksək səslə onu təhqir etməyə, barəsində yalan, böhtan xarakterli sözlər, ifadələr işlətməyə başlamış. Onun əxlaqsız qadın olduğu, əxlaqsızlıqla məşğul olduğu, bu səbəbdən qəsəbə sakinləri tərərfindən yaşadığı qəsəbədən qovulduğunu deyərək onu söyüb, təhqir etmişdir. Halbu ki, onun dediklərinin heç biri həqiqətə uyğun deyil, yalan məlumatlardır. Səlminaz Abdinova orada olan insanların yanında bilərəkdən bu cür sözlər deməkdə məqsədi onu təhqir etmək, insanların gözündən salmaq, insanlarda onun barəsində mənfi fikir formalaşdırmaq olub. Səlminaz Abdinova orada olan insanların yanında böhtan və təhqir xarakterli məlumat deməklə onun şərəf və layəqətini alçaldaraq işgüzar nüfuzunu zədələmişdir. Xüsusi İttiham qaydasında şikayət verən şəxs X4 məhkəmə iclasında şikayət ərizəsində göstərilənləri təsdiq edərək, əlavə olaraq izahatında bildirdi ki, hadisədən sonra Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona polislər bildirmişlər ki, məhkəməyə müraciət etsin. Ona görə də X1 bir daha onun barəsində yalan və böhtan xarakterli məlumatlar yaymaması üçün xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş hərəkətlərindən şikayət edilən X2 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsi dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsinən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin tərkibinin yaranması üçün ictimai təhlükəli əməlin yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma hesab olunur. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibinin yaranması üçün ictimai təhlükəli əməlin kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yayma ilə ifadə olunması imperativ xarakterli tələbdir. Hazırkı iş üzrə xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən təqdim edilmiş şikayətdə və ona əlavə olunmuş sənədlərdə X1 şikayətdə göstərilən hərəkətləri törətməsi halları öz təsdiqini tapmır. Bundan başqa, şikayətdən göründüyü kimi, əməlin törədilməsi və əməlin məhz həmin şəxs tərəfindən insanların yanında törədilməsini göstərsə də bu barədə hər hansı bir sübutu şikayətə əlavə etməmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinin tələbinə görə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı və 302.1.7-ci maddələrin tələblərinə görə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda və şikayət əsassız olduqda, şikayət vermiş şəxsin dəlillərini əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 hərəkətlərindən xüsusi ittiham qaydasında şikayət edilən X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb olunması haqqında xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-37/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-37/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver