Məhkəmə qərarları › İş №1(057)-39/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-39/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-39/2025 29.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan rayonu, Marışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Salyan Rayon Məhkəməsinin 1(057)-111/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumluğu olan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla, Salyan şəhəri, “Gilan” Yaşayış Massivi, F.Camalzadə küçəsi, ev 10-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəsini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 497,21 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək təmiz çəkisi 485 qram olan hissəsini Salyan şəhəri, Gilan yaşayış massivi, F.Camalzadə küçəsi, ev 10-da yerləşən yaşadığı fərdi yaşayış evinin zirzəmisində qanunsuz olaraq saxlamış, təmiz çəkisi 12,21 qram olan hissəsini isə qanunsuz olaraq yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2025-ci il martın 05-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 13:18 dəqiqədə Salyan şəhəri, Gilan yaşayış massivi, F.Camalzadə küçəsində saxlanılaraq, hüquqları izah olunmuş, üzəri yoxlanılarkən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən və yaşadığı evin zirzəmisindən xeyli miqdarda orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arada bir nəşə kimi tanıdığı narkotik vasitə marixuana qəbul edir. Bir müddət əvvəl, yaşadığı evin yaxınlığından keçən Kür çayının kənarı ilə piyada hərəkət edərkən yulğun ağaclarının yanında qara rəngli sellofan torba olduğunu görmüşdür. O, həmin sellofan torbanı götürərək içərəsinə baxmış, sellofanın içində nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu aşkar etmişdir. O, nəşə kimi tanıdığı narkotik vasitə marixuananın olduğu sellofan torbanı istifadə etmək məqsədilə götürüb evinə aparmış, evin zirzəmisində gizlətmişdir. Sonradan həmin narkotik vasitədən az miqdarda istifadə etmək məqsədilə üzərində saxlamışdır. 2025-ci il martın 05-də günorta saatlarında yaşadığı evin qarşısında küçədə olan zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq üzərini yoxlamağa başlamışlar. Həmin anda o, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan içərisində nəşə kimi tanıdığı narkotik vasitə marixuananın olduğu 01 ədəd sellofan torbanı çıxarıb polis əmədaşlarına təqdim etmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuana elektron tərəzi vasitəsilə çəkilmişdir. Polis əməkdaşı ondan yaşadığı evdə narkotik vasitə, qanunsuz əşya və ya predmet olub-olmadığını soruşduqda, o, yaşadığı evin zirzəmisində nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu demişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətinə girərək evin zirzəmisinin qapısını açaraq içəridə olan qara rəngli sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə marixuana torbada elektron tərəzi vasitəsilə çəkilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci il martın 05-də Salyan şəhəri, “Gilan” yaşayış massivi, F.Camalzadə küçəsi, ev 10-da yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlaması barədə Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, həmin tarixdə saat 13:18 dəqiqədə o, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri, Gilan yaşayış massivi, F.Camalzadə küçəsində olan zaman yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tərəflərindən video çəkiliş aparmaqla ona üzərində qanunla qadağan edilmiş nə varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs həmin an əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan içərisində nəşə kimi tanıdığı narkotik vasitə marixuananın olduğu 01 ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbaya baxıldıqda, həmin torbanın içində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə nəşə kimi tanıdığı narkotik vasitə marixuanadır. Həmin kütləni təxminən 15-20 gün bundan əvvəl yaşadığı evin yaxınlığından keçən Kür çayının kənarında yulğun ağaclarının yanında yerdən tapmış və istifadə etmək məqsədilə aparıb yaşadığı evin zirzəmisində gizlətmişdir. Təqsirləndirilən şəxs tapmış olduğu nəşə kimi tanıdığı narkotik vasitə marixuanadan istifadə etmək məqsədilə üzərindən götürərək başqa bir sellofan torbaya qoyub üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin kütlədən heç kimə verməmiş yaxud satmamış, həmçinin, həmin kütləni üzərində saxlayarkən satış məqsədinin olmadığını bildirmişdir. Tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə marixuanaya oxşar kütlə olan 01 ədəd sellofan torba elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 12,59 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə marixuanaya oxşar kütlə olan 01 ədəd sellofan torba tərəfindən boş zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, qanunsuz əşya və ya predmet olubolmadığını soruşduqda, o, yaşadığı evin zirzəmisində nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməyini bildirdikdə, o da təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə yaşadığı evin həyətinə girərək evin zirzəmisinin qapısını açaraq içəridə olan qara rəngli sellofan torbanı götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbaya baxıldıqda, həmin torbanın içində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə nəşə kimi tanıdığı narkotik vasitə marixuanadır. Tərəfindən aşkar edilmiş içində narkotik vasitə marixuanaya oxşar kütlə olan 01 ədəd sellofan torba elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 480 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin zirəmisindən aşkar edilmiş içində narkotik vasitə marixuanaya oxşar kütlə olan 01 ədəd sellofan torba tərəfindən sellofan torba ilə qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs da protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid3 digər şahid Salyan RPŞ-nin əməkdaşları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Dövlət ittihamçısı şifahi vəsatət verərək iş üzrə şahidlər Şahid1 və Şahid3 ifadələri arasında ziddiyyətlərin olmadığını, Şahid2 Füzuli oğlunun dindirilməsinə zərurət olmadığı üçün kifayətlənməsini təklif etmişdir. Təqsirləndirilən şəxs və onun Müdafiəçi vəsatətin təmin edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 06 mart 2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraatına qəbul edilərək istintaq aparılmışdır. Cinayət işinin 13-14-cü vərəqlərində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə və yaşadığı evinə baxış keçirilməsinə dair” 05 mart 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “CD” diskdə olan görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan torbada spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, elektron tərəzi vasitəsi ilə çəkilmiş, kütlənin 12.59 qram olması müəyyən olunmuşdur. Bundan başqa əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış keçirilmiş və zirzəmidən 1 ədəd sellofan torbada içərisində spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, elektron əl tərəzisi vasitəsi ilə çəkilmiş, kütlənin 480 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 18-19-cu vərəqlərində olan 05 mart 2025-ci il tarixdə tərtib edilmiş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin zirzəmisindən narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin 28-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüquqları 05 mart 2025-ci il tarixdə, saat 13:18 dəqiqədən məhdudlaşdırılmış, 05 mart 2025-ci il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 46-48-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 06 mart 2025-ci il tarixli, 18/203 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə üzərində “...Təqsirləndirilən şəxs evinin zirzəmisindən...” sözləri olan 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 485 qram, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 01 ədəd kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi 12,21 qram, ümumi çəkisi 497,21 qram olan bitki mənşəli kütlələr orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu- 0.20 qram, qalıq-497.01 qram. Cinayət işinin 54-55-ci vərəqlərində olan 07 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 67-68-ci vərəqində olan “maddi sübut kimi tanıma haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış ümumi təmiz çəkisi 497,01 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 80-86-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 9/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 108-ci vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X6 Yoxlamanın xx.xx.2025-ci il tarixli, 121 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin 110-112-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 113-121-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 111/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 123-124-cü vərəqlərində olan Azərbaycan Respublikası “TƏBİB” X7 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş 18-1-68/2-529/2025 saylı, 17 mart 2025-ci il tarixli məktubundan görünür ki, Salyan rayonu, Marışlı kəndində anadan olmuş, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və Salyan şəhəri, Gilan yaşayış massivi, F.Camalzadə küçəsi, ev 10-da yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2023-cü ildən “F11x2-Opiodlərin” qəbulundan yaranan asılılıq sindromu ilə narkoloji qeydiyyatdadır, psixonevroloji qeydiyyatda yoxdur. Cinayət işinin 125-126-cı vərəqlərində olan Salyan rayon Arbatan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs tək yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı video disklərə baxış keçirilmiş, birinci diskdə olan video görüntüdən görünür ki, təqsirləndirilən şəxsin əynində olan gödəkçəsinin cibindən 1 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, elektron tərəzi vasitəsi ilə çəkilmiş, kütlənin 12.59 qram olması müəyyən olunmuş, bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış keçirilmiş və zirzəmidən 1 ədəd sellofan torbada içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, elektron əl tərəzisi vasitəsi ilə çəkilmiş, kütlənin 480 qram olması müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi və ya CM) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi - 497.01 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarına əlavə edilmiş hökmdən görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Göstərilən hökm üzrə ona istinad edilən əməl az ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 83-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə məhkumluğun ödənilmə müddəti 02 il olduğundan hökm üzrə onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, onun əməlində CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi vardır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Cinayət Məcəlləsinin Məcəllənin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 497.01 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Ərazi Narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalı, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılması nəzərə alınamlıdır. (CPM-132). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 5 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 55 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Ərazi Narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 497.01 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 02 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 5 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 55 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar