Məhkəmə qərarları › İş №1(057)-43/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-43/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-43/2025 03.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də bağban işləyən, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında (Salyan şəhəri, Əli Zeynalov küçəsi, 91), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏN ETDİ : İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəsini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 02 ədəd, üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, metadonun təsiredici maddəsinin üzərindəki göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə metadon tərkibli həbləri əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2025-ci il fevralın 28-də saat 18:45 dəqiqədə Salyan şəhəri Ə.Hüseynov küçəsində yerləşən 4 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 24-də yaşayır, "xxxx" MMC-də bağban işləyir. Tutulmamışdan bir neçə gün əvvəl Salyan şəhərində yerləşən mərkəzi avtovağzalın ərazisində piyada hərəkət edən zaman yerdən 02 ədəd metadon həbini tapmış. Həmin həbləri özünün istifadəsi üçün götürmüşdür. 2025-ci ilin fevralın 28-də saat 18:45-də Salyan şəhəri, 4-cü küçədə (Ə.Hüseynov küçəsində) 4 saylı tam orta məktəbin yaxınlığında piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları video çəkiliş aparmaqla ona təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya varsa onları özü çıxarıb təqdim etsin. Bundan sonra üzərində olan 2 ədəd metadon həbini çıxarıb polis əməkdaşlarına təqdim etmiş. O, həmin metadon həblərini Bakı şəhərində yaşayan əsgər yoldaşı Seymur Əliyevdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Salyan Rayon Polis Şöbəsinə aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Seymur Əliyev adlı şəxs olmamış, özündən belə bir ad uydurduğunu və saxlanılarkən belə deməklə məsuliyyətdən yayına biləcəyini düşünmüşdür. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, iki azyaşlı uşağının və yaşlı anasının himayəsində olmasını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə kimyəvi-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 28 fevral 2025ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Salyan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 raportla məruzə edilərək Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 24-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmiş. Alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunaraq bu məqsədlə o, Şahid3, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və NMQ-nun əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuş. Daha sonra Təqsirləndirilən şəxsovun Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. 2025-ci ilin fevralın 28-də saat 18:45-də Salyan şəhəri, Ə.Hüseynov küçəsində yerləşən 4 saylı tam orta məktəbin yaxınlığında olduğunu müşahidə edib video çəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxsova narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxsova təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxsov əlacsız qaldığından cibindən “Samsung” markalı mobil telefonu və 2 ədəd həbi çıxarıb onlara təqdim etmişdir. Təqdim edilən həblərə baxıldıqda üzərində M40 yazısı olan 02 ədəd metadon həbinə bənzər həb olduğu məlum olmuş. Təqsirləndirilən şəxsovdan həmin həblər barədə soruşulduqda bildirmiş ki, o, həmin metadon həblərini 3-4 gün bundan qabaq Bakı şəhərinə gedərək Bakı şəhərində yaşayan əsgər yoldaşı Seymur Əliyevdən özünün istifadəsi üçün aldığını, həmin həblərdən həmin həblərdən heç kimə vermədiyini, yaxud satmadığını, üzərində saxlayarkən satış məqsədinin olmadığını bildirmiş. Sonra Təqsirləndirilən şəxsovun üzərinə baxış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa heç bir predmet, əşya aşkar olunmamış. Təqsirləndirilən şəxsovun üzərindən aşkar edilmiş 02 ədəd narkotik vasitə metadon həbinə bənzər həblər tərəflərindən zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və NMQ-nun əməliyyat müvəkkili Şahid1 digər şahid CAB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdilər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Salyan RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, o, ezamiyyətdə olduğu üçün məhkəmə iclasında iştirak etməmişdir. Dövlət ittihamçısı şifahi vəsatət verərək iş üzrə şahidlər Şahid2, Şahid1 və Şahid4 ifadələri arasında ziddiyyətlərin olmadığını, Şahid3 dindirilməsinə zərurət olmadığı üçün kifayətlənməsini təklif etmişdir. Təqsirləndirilən şəxs və onun Müdafiəçi vəsatətin təmin edilməsinə etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Samir Eynullazadənin 01 mart 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 13-14-cü vərəqlərində olan 28 fevral 2025-ci il tarixdə “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə metadon həbinə bənzər həb aşkar edilərək götürülmüşdür. Cinayət işinin 18-19-cu vərəqlərində olan “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 28 fevral 2025-ci il tarixdə Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 18:45 dəqiqədə Salyan şəhəri, Ə.Hüseynov küçəsində yerləşən 4 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində M40 yazısı olan narkotik vasitə metadon həbinə bənzər 02 ədəd həb aşkar edilərək qablaşdırılmış və Təqsirləndirilən şəxs maddi sübutla birlikdə rayon polis şöbəsinə gətirilərək istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonu, həmin gödəkçəsinin sağ yan cibindən 01 ədəd metadon həbini və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd metadon həbini çıxarıb polis əməkdaşlarına təqdim edir. Təqsirləndirilən şəxs həmin metadon həblərini 4 gün bundan qabaq Bakı şəhərinə gedərək Bakı şəhər sakini əsgər yoldaşı Seymur Əliyevdən özünün istifadəsi üçün aldığını, həmin həblərdən heç kimə vermədiyini, yaxud satmadığını, üzərində saxlayarkən satış məqsədinin olmadığını bildirmişdir. Cinayət işinin 28-ci vərəqində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokol görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 28 fevral 2025-ci il tarixdə, saat 18:45-də məhdudlaşdırılmış və 21:05 dəqiqədə isə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 40-41-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2025-ci il tarixli, 6/918 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün №113 dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd metadona bənzər həb (imza) Təqsirləndirilən şəxs oğ...” yazısı və imzalar olan zərfdə, zavod üsulu ilə qablaşdırılmaya uyğun iki ədəd konvalyutdakı 2(iki) ədəd üzərində üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı həblər metadon tərkibli həblərdir və 2(iki) ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. ( Üzərindəki göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). 2 ədəd həbdən 1 həb tədqiqata sərf edildi, qalıq6 1 həb. Cinayət işinin 46-47-ci vərəqlərində olan 02 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” Salyan RPŞ-nin İB-nin qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 58-ci vərəqində olan 02 mart mart 2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. Cinayət işinin 61-ci vərəqində olan 02 mart 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 76-cı vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X3 Yoxlamanın xx.xx.2025-ci il tarixli, 123 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 83-84-cü vərəqlərində olan “maddi sübut kimi tanıma haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 01 ədəd, üzərində F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, metadon tərkibli həb cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 74-cü vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 89-90-cı vərəqlərində olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əzizov X4 şəhəri, A.Hüseynov küçəsi, ev 24 saylı ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir. İki övladı var, yaşayış yeri üzrə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 94-95-ci vərəqlərində olan Azərbaycan Respublikası “TƏBİB” X5 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 direktoru Şirin Səmədova tərəfindən Salyan RPŞ-nə ünvanlanmış 18 mart 2025-ci il tarixli, 18-1-68/2-533/2025 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1988-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs 2022-ci ildən “F19x2 -Opioidlərin” qəbulundan yaranan asılılıq sindromu ilə narkoloji qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrının məlumatına əsasən Təqsirləndirilən şəxs psixonevroloji qeydiyyatda yoxdur. Məhkəmə istintaqı zamanı 02 ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən “Samsung” markalı mobil telefonu və 02 ədəd metadon həbini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 111-ci qrafasına əsasən təmiz çəkisi 0,02 qram olan metadon şəxsi istehlak miqdarından xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı tutma altında saxlanıldığı (28 fevral-02 mart 2025-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji kabinnetində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli həb hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməli, 02 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 24 ünvanındakı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 6 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 66 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün (28 fevral -02 mart 2025-ci il) müddət azadlıqdan mərhum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (ay) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 24 ünvanındakı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli həb hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd “CD” diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 6 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 66 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar