Məhkəmə qərarları › İş №1(057)-44/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-44/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-44/2023 14.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X12 Yaqub oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə azadlıqdan məhrum etmə cəzasının çəkib qurtarmış, xx.xx.2022-ci ildə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası sona çatmış, məhkumluğu olan, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla Salyan şəhəri T.Davudzadə küçəsi ev 29-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd bükümdə təmiz çəkisi 0,737 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 16 noyabr 2022-ci il tarixdə Salyan şəhəri ərazisində tanışı, Salyan şəhər sakini Şahid1 20 manata qanunsuz olaraq əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 16 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Salyan şəhəri T.Davudzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,737 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təxminən 4-5 ay olar ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. Şahid1 uşaq yaşlarından yaşadığı küçədən tanımış, onunla münasibətləri olmuşdur. Ev ustası işlədiyi üçün Mahir də müəyyən vaxtlarda yanında fəhlə kimi işləmişdir. Mahirin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. 16 noyabr 2022-ci il tarixdə günorta saatlarında Salyan şəhəri ərazisində evlərin birində Mahir ilə birlikdə təmir işi ilə məşğul olarkən Mahir ona pulu olduğu halda narkotik vasitə sata biləcəyini bildirmişdir. O da narkotik vasitə heroindən istifadə etdiyi üçün həmin narkotik vasitəni ona satmasından ötrü Mahirə 20 manat pul vermişdir. Bundan sonra işlədiyi evdən çıxıb öz şəxsi işlərinin dalınca getmişdir. Təxminən iki saat sonra Mahirlə Salyan şəhəri ərazisində görüşmüşlər və Mahirə verdiyi 20 manat pul müqabilində ona 1 bükümdə narkotik vasitə heroini satmışdır. Həmin gün saat 18 radələrində Salyan şəhəri T.Davudzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq, Salyan RPŞ-yə aparılmışdır. Şöbədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, o, da könüllü şəkildə üzərində olan 1 ədəd sellofan bükümü çıxarıb polisə təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda oradan narkotik vasitə heroin aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini əldə etməkdə məqsədi onu qəbul etmək olmuş, həmin narkotik vasitədən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır. Bir daha belə hüquqazidd əməllərə yol verməyəcəkdir. Himayəsində iki azyaşlı uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidin ifadəsi ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ifadəsindən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər tərəflərindən əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri T.Davudzadə küçəsində yaşadığı evin yaxınlığında tərəflərindən saxlanılaraq Salyan RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və onun iştirakı ilə videoçəkiliş vasitəsilə Rabilin üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümün içərisinə baxıldıqda orada qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitəni tanışı Mahir adlı şəxsdən 20 manata əldə etmiş və narkotik vasitəni qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan şəhəri T.Davudzadə küçəsi ev 3 mənzil 5də qeydiyyatda olmaqla tək yaşayır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər iki dəfə məhkum olunmuşdur. Uzun müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs uşaq yaşlarından yaşadığı küçədən tanımış və onunla münasibətləri olmuşdur. Rabil ev ustası işlədiyi üçün o da müəyyən vaxtlarda onun yanında fəhlə kimi işləmişdir. Rabil onun mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyini və o da Rabilin bir neçə aydır ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etdiyini bilmişdir. Salyan rayonu Arbatan kənd sakini Hüseyn adlı şəxsi bir müddətdir ki, tanımışdır. 15 noyabr 2022-ci il tarixdə axşam saatlarında Hüseynin Salyan rayonu Arbatan kəndində yaşadığı evdə təmir işləri gördüyü üçün onun evində olarkən Hüseyn ona pay olaraq istifadə etməkdən ötrü 1 bükümdə “kakos” deyilən narkotik vasitə heroin vermişdir. Lakin Hüseyn bunun müqabilində ondan pul almamışdır. 16 noyabr 2022-ci il tarixdə günorta saatlarında Salyan şəhəri ərazisində evlərin birində Rabil ilə birlikdə təmir işi ilə məşğul olarkən Rabilə pulu olduğu halda narkotik vasitə sata biləcəyini bildirmişdir. Rabil də narkotik vasitə heroindən istifadə etdiyi üçün narkotik vasitə heroin satmağından ötrü ona 20 manat pul vermişdir. Bundan sonra ondan ayrılıb çıxıb getmişdir. Daha sonra bir gün əvvəl Hüseyndən aldığı 1 bükümdə narkotik vasitə heroindən bir qədər sellofan bükümdə ayırıb özü istifadə etməyi üçün üzərində saxlamışdır. Daha 1 bükümdə isə Rabilin ona verdiyi 20 manat pul müqabilində Rabil üçün ayırmışdır. Təxminən iki saat sonra Rabil ilə Salyan şəhəri ərazisində görüşmüşlər və Rabilin ona verdiyi 20 manat pul müqabilində Rabilə 1 bükümdə narkotik vasitə heroini satmışdır. Daha sonra Rabildən ayrılıb yaşadığı evə getmişdir. Həmin gün saat 20 radələrində Salyan şəhəri T.Davudzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmiş və şöbədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmağı ona elan olunmuşdur. Təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində qadağan olunmuş əşya vardırsa təqdim etsin və o bildirmişdir ki, üzərində “kakos” kimi tanıdığı narkotik vasitə heroin vardır və bundan sonra əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda oradan narkotik vasitə heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə olan heroindir, özünə məxsusdur, həmin narkotik vasitəni tanışı Hüseyndən alıb özü istifadə etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən qablaşdırılmış, möhürlü kağızla ağzı möhürlənmiş və o, üzərini imzalamışdır. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib protokolu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Salyan RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 16 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində "kakos" deyilən narkotik vasitə heroin vardır və bundan sonra əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümün içərisinə baxıldıqda orada qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitəni tanışı Mahir adlı şəxsdən 20 manata əldə etmiş və narkotik vasitəni qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə - heroinə oxşar kütlə olan 1 ədəd sellofan büküm, kağız paketdə qablaşdırılmış, üzərində “Zərflər üçün №113” sözləri əks olunmuş möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsindən ötrü götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılan zaman “Redmi” markalı mobil telefon ilə videoçəkiliş aparılaraq 01 ədəd CD diski işə əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 noyabr 2022-ci il tarixli 18/1225 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,737 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi– 0.737 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq – 0.687 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli 18/1225 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə-dindirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Şahid1 16 noyabr 2022-ci il tarixdə 1 bükümdə narkotik vasitə olan heroini 20 manata Təqsirləndirilən şəxs satmasını onun üzünə qarşı bir daha deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs da üzünə qarşı deyilənləri təsdiq edərək 16 noyabr 2022-ci il tarixdə 1 bükümdə narkotik vasitə heroini Şahid1 20 manata almasını bildirmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 17:30-da ona elan olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından və raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmadan azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 21 noyabr 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,687 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nə təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli 1192 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Salyan rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 1419/4 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası xx.xx.2022-ci il tarixdə bitdiyi üçün Şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Salyan rayon İHB-nın Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 644 saylı arayışdan görünür ki, Salyan rayonu Arbatan kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi 1992-ci il təvəllüdlü arvadı - X1, 2013-cü il təvəllüdlü qızı- X7, 2016-cı il təvəllüdlü oğlu – X5 ibarətdir. İş materiallarına əlavə olunmuş AZE 18446555 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.2013-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AZE 18446547 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X9 xx.xx.2016-cı ildə anadan olmuşdur. İş materiallarında olan Salyan rayon İHB-nın Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1986-cı ildə anadan olmuş və hal-hazırda Salyan rayonu, Arbatan kəndində yaşayır. Evlidir, 2 övladı var, o, Arbatan kəndində yaşadığı müddət ərzində özünü intizamlı aparmış, kənd əhalisi arasında hörmət qazanmış, onun haqqında nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 09 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış və götürmə protokolları, şahid ifadələri maddi sübut və sair sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,687 qram narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd bükümdə təmiz çəkisi 0,737 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 16 noyabr 2022-ci il tarixdə Salyan şəhəri ərazisində tanışı, Salyan şəhər sakini Şahid1 20 manata qanunsuz olaraq əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 16 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Salyan şəhəri T.Davudzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,737 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019cu ildə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, xx.xx.2022-ci il tarixdə isə əlavə cəza olan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası sona çatmışdır. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi əlavə cəzanın çəkilib qurtardığı gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmin müddətdən iki il müddət keçmədiyinə görə Təqsirləndirilən şəxs hazırda məhkumluğu olan şəxs hesab edilməlidir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin, ona cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-də residivə görə nəzərdə tutulan qaydada cəza təyin edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə məhkum olunduğu əməl qəsdən yox, ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən, yalnız qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Buna görə də Təqsirləndirilən şəxs əməlində residiv yoxdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Taleh Davudzadə küçəsi ev 29-da yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uşaqları vardır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 0,687 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Taleh Davudzadə küçəsi ev 29-da yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 0,687 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar