Məhkəmə qərarları › İş №1(057)-45/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-45/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-45/2023 14.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,fərdi əməklə məşğul olan, məhkum olunmayan, Salyan şəhəri, 20 Yanvar küçəsi ev-9-da qeydiyyatda olmaqla orada yaşayan, barəsində “Həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmə və qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 22 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Salyan şəhəri, 20 Yanvar küçəsi ev 1-ə qapının qıfılını açmaqla qanunsuz olaraq daxil olub həmin evdən dəyəri 70 manat, eni 3 metr, uzunluğu isə 4 metr olan 1 ədəd xalça, dəyəri 180 manat olan 1 ədəd “Lg” markalı 82 ekranlı plazma televizor, dəyəri 150 manat olan 1 ədəd yataq dəsti, dəyəri 50 manat olan 1 ədəd tefal markalı şirəçəkən aparat, dəyəri 30 manat olan içərisində 6 ədəd olmaqla xrustal stəkan dəsti, dəyəri 30 manat olan 1 dəst meyvəqabı, dəyəri 30 manat olan 1 dəst dəsmal, dəyəri 120 manat olan 1 dəst sadə qazan, dəyəri 100 manat olan 1 ədəd sadə bıçaq-çəngəl dəsti, dəyəri 15 manat olan 30 kiloqramlıq 1 kisə arpa, dəyəri 120 manat olan 100 kiloqramlıq 2 kisə kartof, dəyəri 20 manat olan 1 ədəd tefal markalı tava, dəyəri 50 manat olan 1 ədəd “Lg” markalı fotoaparat, dəyəri 300 manat olan 1 ədəd honda markalı generator, cəmi dəyəri 250 manat olmaqla 3 banka zoğal, 3 banka albalı, 3 banka üzüm, 3 banka tut mürəbbəsi və 3 banka badımcan, 3 banka xiyar, 3 banka pomidor turşusu və 4 banka heyva şirəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1515 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.046 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci il noyabrın 12-də saat 18:10-da Salyan şəhəri 20 Yanvar küçəsi ərazisində, yaşadığı evin yaxınlığında qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 18:30-da ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı küçəylə gəzən zaman Noğulun yaşadığı evin küçə qapısının qıfılla bağlandığını görmüş və Noğulun evdə olmadığını düşünmüş, bunu dəqiqləşdirmək qərarına gəlmiş, sabahı günü də həmin istiqamətdə hərəkət edib evə kənardan göz gəzdirmiş, evin küçə qapısının yenə də bağlı olmasını görmüş, evdə həç kəsin olmadığına dəqiq əmin olmuş, məqsədi isə evdə heç kəsin olmadığına əmin olmaq və evi qarət etmək imiş, bundan başqa Noğulun oğlu Mübariz Bakı şəhərində yaşayıb işlədiyi üçün Noğulun tez-tez Bakı şəhərinə gedib orada oğlu ilə birlikdə qalmasını və burada olan evi nəzarətsiz buraxmamaq üçün arabir bu evə də baş çəkməsini bilirmiş, evdə heç kəsin olmadığına daha dəqiq əmin olduqdan sonra oğurluq etmək məqsədilə oktyabr ayının 21-dən 22-nə keçən gecə saat 03 radələrində yaşadığı evdən çıxıb Noğulun yaşadığı evə tərəf getmiş, evi mühafizə edən daş hasarı aşıb həyətə daxil olmuş, həmin həyəti və evi yaxşı tanıyıb bələd olduğu üçün hansı əşyaların harada olmasından çox yaxşı məlumatı var imiş, evin pilləkəninin giriş qapısına vurulmuş qıfılı özündə olan adi açarla açmaq istəyəndə açar sınaraq qıfılın içərisində qalmış, bu zaman qıfılı qapıya birləşdirən mismarı əyərək qıfılı qapıdan ayıra bilmiş və qapını əli ilə açıb evə daxil olmuş, yataq otağında yerdə olan 1 ədəd xalçanı, 1 ədəd yataq dəstini, evin qonaq otağında olan 1 ədəd “lg” markalı plazma televizoru, 1 ədəd “lg” markalı fotoaparatı, mətbəxdə olan 1 ədəd tefal markalı şirəçəkən aparat, içərisində 6 ədəd olmaqla 1 xrustal dəsti stəkan, 1 dəst meyvəqabı, 1 dəst dəsmal, 1 dəst sadə qazan, 1 dəst sadə bıçaqçəngəl, 1 ədəd tefal markalı tava, evin anbarında olan 1 ədəd honda markalı generator, 3 banka zoğal, 3 banka albalı, 3 banka üzüm, 3 banka tut mürəbbəsi və 3 banka badımcan, 3 banka xiyar, 3 banka pomidor turşusu və 4 banka heyva şirələrinin, 1 meşok arpa, 2 meşok kartofu götürüb bir-bir daş hasardan çölə yığmış, daha sonra həmin əşyaları yaşadığı evin həyətinə aparıb qoymuş, sabah açılan kimi yaşadığı evdən çıxıb Ələt-Astara avtomagistralına tərəf getmiş, orada dayanıb Bakı şəhərinə getmək üçün həmin yolla hərəkətdə olan avtomobillərdən birini saxladıb oğurladığı həmin əşyaları həmin avtomobilə yığıb Bakı şəhərinə aparıb satmaq istəmiş, bir qədər gözlədikdən sonra Ələt-Astara avtomagistralı ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan qara rəngli, dövlət qeydiyyat nişanı yaddaşında qalmayan Mercedes markalı avtomobilə əl edib ondan maşını saxlamasını xahiş etmiş, avtomobilin sürücüsündən Bakı şəhərinə gedib-getmədiyini soruşmuş, sürücü də Bakı şəhərinə müştəri gətirmək üçün getdiyini demiş, o, sürücüyə Bakı şəhərinə gedəcəyini, lakin, yaşadığı evdə olan bəzi əşyaları da götürüb aparacağını bildirmiş, taksi sürücüsü ilə qiyməti 15 manata razılaşmış, bundan sonra həmin maşına əyləşmiş və həyətində olan oğurladığı bütün əşyaları maşına yığmış, taksi sürücüsünə həmin əşyaların özünə məxsus olmasını öncədən bildirmiş, eyni zamanda, həmin əşyaları öz həyətindən götürdüyü üçün taksi sürücüsü bundan şübhələnməmiş, taksi sürücüsü həmin əşyaların satılmasından və satılmayacağından bixəbər olmuş, o, bu barədə sürücüyə heç bir şey deməmiş, Bakı şəhərinə çatdıqdan sonra taksi sürücüsünə əlavə olaraq 10 manat da verəcəyini və onu Sabunçu rayonu ərazisində yerləşən köhnə “rus bazarı” adlanan yerə aparmasını xahiş etmiş, sürücü də onunla razılaşmış və onu həmin ünvana aparmış, orada maşından düşüb əşyaları yerə yığmış, taksi sürücüsünə ümumilikdə 25 manat haqq vermiş və pulu verdikdən sonra sürücü çıxıb getmiş, həmin bazarda Noğulun evindən oğurladığı əşyaları tanımadığı şəxslərə satmış, Noğulun evindən oğurladığı 1 ədəd xalçanı, 1 ədəd yataq dəstini, 1 ədəd “lg” markalı plazma televizoru və 1 ədəd “lg” markalı fotoaparatı ümumilikdə 300 manata tanımadığı bir nəfər kişi cinsindən olan şəxsə, 1 ədəd tefal markalı şirəçəkən aparat, içərisində 6 ədəd olmaqla 1 xrustal dəsti stəkan, 1 dəst meyvəqabı, 1 dəst dəsmal, 1 dəst sadə qazan, 1 dəst sadə bıçaq-çəngəl, 1 ədəd honda markalı generator və 1 ədəd tefal markalı tavanı 200 manat müqabilində tanımadığı kişi cinsindən olan bir nəfər şəxsə, 3 banka zoğal, 3 banka albalı, 3 banka üzüm, 3 banka tut mürəbbəsi və 3 banka badımcan, 3 banka xiyar, 3 banka pomidor turşusu və 4 banka heyva şirələrini, həmçinin 30 kiloqramlıq 1 meşok arpa və 2 meşok kartofu isə ümumilikdə 145 manata tanımadığı kişi cinsindən olan 1 nəfər şəxsə satmış, ümumilikdə həmin əşyaların satışından 645 manat pul əldə etmişdir. 2022-ci noyabrın 12-də saat 10 radələrində yaşadığı evin yaxınlığında olan Dəmiryolu vağzalının yaxınlığında olan dəmiryolu relsinin kənarında piyada hərəkət edən zaman yerdə 1 ədəd sellofan torbacıq olduğunu görüb həmin sellofan torbacığı götürərək içərisinə baxmış və həmin torbacıqda psixotrop maddə metamfetamin olduğunu aşkar etmiş, həmin sellofan torbacıqda olan psixotrop maddə metamfetamini sonra istifadə etmək məqsədi ilə üzərində saxlamış, həmin tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmiş, bundan sonra polis əməkdaşları qanunsuz olaraq psixotrop maddə əldə etmə, daşıma və saxlamada şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə ona məlumat vermiş, eyni zamanda, polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmiş, o da razılıq verdikdən sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində müstəntiq tərəfindən ona qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmiş, eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə, psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoymasını xahiş etmiş, o da həmin anda əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan torbacıqda olan kütləni çıxarıb masanın üzərinə qoymuş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya, maddə və ya predmet aşkar edilməmiş, onun təqdim etdiyi 1 ədəd sellofan torbacıqda olan kütlənin içinə baxış keçirilərkən ağ rəngli, kristalşəkilli ilkin baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı o, həmin kütlənin psixotrop maddə metamfetamin olmasını və həmin kütlənin özünə məxsus olmasını bildirmiş, həmin kütləni 2022-ci il noyabrın 12-də saat 10 radələrində yaşadığı evin yaxınlığında olan Dəmiryolu avtovağzalının yaxınlığından keçən dəmiryolu relsinin kənarında yerdən tapmasını, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmiş, onun üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 ədəd sellofan torbacıq elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 1,24 qram olduğu müəyyən edilmiş, şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 ədəd sellofan torbacıq müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola özü və iştirakçılar imzalamışlar. Törətdiyi əmələ görə peşiman olduğunu və himayəsində azyaşlı uşağının olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs rayon məhkəməsinə verdiyi ərizəsində ona dəymiş ziyanın ödənilmədiyini , ziyanı tələb etdiyini və şikayətçi olduğunu qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, oğlu Mübariz Yəhyayev hazırda işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşayır, o da arabir Bakı şəhərinə gedib oğlu Mübarizgildə qalır, 15 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində o, Salyan şəhərindən oğlu Mübarizin kirayədə yaşadığı Xırdalan qəsəbəsində yerləşən evə getmiş, təqribən 13 gün oğlu Mübarizgildə qaldıqdan sonra 28 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində yenidən Salyana rayonuna qayıtmış, evin giriş qapısını açmaq istəyərkən giriş qapının qıfılının içərisində bir ədəd açarın sınıq vəziyyətdə qalmsını görmüş və evə kiminsə o, evdə olmadığı zamanda girməsindən şübhələnmiş, daha sonra qapını açıb evə daxil olmuş, evə ilkin baxış zamanı evdən bəzi əşyaların oğurlanmasını görmüş, daha sonra bu barədə oğlu Mübarizə zəng edərək məlumat vermiş, bir neçə saatdan sonra oğlu Mübariz Bakı şəhərindən yaşadığı evə, Salyan şəhərinə gəlmiş, oğlu Mübariz evdən edilmiş oğurluqla bağlı Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, bundan iki gün sonra o, evdən əlavə əşyaların da oğurlanmasını evə tam olaraq baxış keçirib göz gəzdirdikdən sonra müəyyən etmiş və dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, evindən oğurluq edilməsində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs şübhəli olması barədə də qaynar xəttə məlumat verərkən bildirmiş, Elməddin onun yaşadığı evə dəfələrlə gəlib getmiş, bu səbəbdən də Elməddin onun evini yaxşı tanıyırmış, evinə girib oğurluq etməkdə Elməddindən məhz buna görə şübhələnir, eyni zamanda, Elməddinin narkotik vasitə istifadəçisi olmasının bu şübhələri daha da artırdığını bildirmiş, Elməddinin onun evindən 1 ədəd xalçanı, 1 ədəd yataq dəstini, 1 ədəd “lg” markalı plazma televizoru və 1 ədəd “lg” markalı fotoaparatı ümumilikdə 300 manata tanımadığı bir nəfər kişi cinsindən olan şəxsə, 1 ədəd tefal markalı şirəçəkən aparat, içərisində 6 ədəd olmaqla 1 xrustal dəsti stəkan, 1 dəst meyvəqabı, 1 dəst dəsmal, 1 dəst sadə qazan, 1 dəst sadə bıçaq-çəngəl, 1 ədəd honda markalı generator və 1 ədəd tefal markalı tavanı 200 manat müqabilində tanımadığı kişi cinsindən olan bir nəfər şəxsə, 3 banka zoğal, 3 banka albalı, 3 banka üzüm, 3 banka tut mürəbbəsi və 3 banka badımcan, 3 banka xiyar, 3 banka pomidor turşusu və 4 banka heyva şirələrini, həmçinin 30 kiloqramlıq 1 meşok arpa və çəkisi 100 kiloqram olan 2 meşok kartofu oğurladığını bildirmişdir. Şahid qismində dindirilmiş Salyan rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 göstərmişdir ki, 12 noyabr 2022-ci il tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Salyan rayon polis şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş, həmin gün şöbənin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüş, həmin gün saat 18:10 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri 20 Yanvar küçəsi ərazisində müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan rayon Polis Şöbəsinə gəlməyi təklif etmiş, Təqsirləndirilən şəxs da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq Şəhriyar İbrahimov tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı müstəntiq X2 Kərimova üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs da həmin anda əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 sellofan torbacıqda olan bükümü çıxarıb masanın üzərinə qoymuş, Elməddinin təqdim etdiyi sellofan torbacığa baxış keçirilərkən içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı Elməddin sellofan torbacıqda olan kütlənin psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin kütləni 12 noyabr 2022ci il tarixdə, saat 10 radələrində yaşadığı evin yaxınlığından keçən, Dəmir Yolu avtovağzalının yaxınlığından keçən dəmiryolu relsinin kənarında yerdən tapdığını, istifadə etmək məqsədilə üzərində saxlamasını bildirmiş, həmin predmeti üzərində saxlayarkən satış məqsədi olmamış, heç kimə satmamış, bundan sonra Elməddinin üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla saxlanılması, daşınması, gəzdirilməsi və ya istifadəsi qadağan olunan əlavə əşya, predmet və ya maddə aşkar edilməmiş, şəxsi axtarışın sonunda Elməddin Hüseynovun üzərindən aşkar edilmiş sellofan torbacıqda olan ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlə müstəntiq Şəhriyar İbrahimov tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür.Bu barədə tərtib olunmuş protokola özü və iştirakçılar imza etmişlər. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunmuş təhqiqatçı Fikrət Əhmədov tərəfindən 28 oktyabr 2022-ci il tarixdə və 14 noyabr 2022-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokollardan görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq olması faktı öz təsdiqini tapmışdır. 12 noyabr 2022-ci il tarixdə tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 13 noyabr 2022-ci il tarixli, 18/1218 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-1.046 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1177 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-əmttəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/122 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 6 adda malların 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 465.00 manat müəyyən olunur. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri, çəkisi, və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Salyan RMX-nın xx.xx.2023-cü il tarixli, 34 saylı arayışından görünür ki, həkimnarkoloq S.Zərgərlinin, həkim-psixiatr X.Ağayevanın xx.xx.2023-cü il tarixli məlumatına əsasən Salyan şəhəri, 20 Yanvar küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Azərbaycan Respublikası, Salyan rayonu İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 164 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri-atası, 1958-ci il təvəllüdlü Vaqif Kərimov, anası, 1953-cü il təvəllüdlü Pəricahan Kərimova, arvadı, 1988-ci il təvəllüdlü Nərgiz Kərimova, oğlu, 2008-ci il təvəllüdlü İlkin Kərimov, qızı, 2015-ci il təvəllüdlü Aylin Kərimovadır. Həmin Nümayəndənin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsində göstərilir ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində şəhər inzibati dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0.996 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza nəzərdə tutulmuş olsa belə, onu azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir. Onun törətdiyi oğurluq cinayəti nəticəsində zərərçəkmişə dəymiş zərəri ödəməmiş, zərərçəkmiş ondan şikayətçidir. Onun oğurluq etməsi və əldə etdiyi vəsaitlə narkotik maddələr əldə etməsi halı bir daha onu göstərir ki, onun törətdiyi əməllər cəmiyyət üçün kifayət qədər təhlükəli olmuşdur. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir.-- Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi, himayəsində bir azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona hər iki cinayətə görə təyin olunmuş cəzaları qismən toplama yolu ilə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci ildən hesablanmalıdır. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və qalıq qalmış 0,996 qram psixiotrop maddə matemfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 99,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə iki il, CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində iki il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və qalıq qalmış 0,996 qram psixiotrop maddə matemfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 99,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar