Məhkəmə qərarları › İş №1(057)-46/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-46/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-46/2023 22.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X10 qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Salyan Rayon Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1985-ci ildə Salyan rayonunun, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Nəsimi rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu, Qızılağac kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlib 06 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlib ev sahibinin evdə olmadığından istifadə edərək əvvəlcədən bildiyi yerdən, yəni həyətdəki hamam otağındakı paltar asılqanından asılmış açar dəstini götürüb evin giriş qapısını açarla açıb yaşayış sahəsinə qanunsuz olaraq daxil olub evin qonaq otağındakı sandıqdan Zərərçəkmiş şəxs məxsus 763,20 manat dəyərində 583 əyarlı 9,54 qram çəkidə qızıl boyunbağı və üzərində qırmızı rəngli tək qaşı olan qızıl kulon dəstini, 123,20 manat dəyərində 583 əyarlı 1,54 qram çəkidə üzərində yaşıl rəngli tək qaşı, ətrafında xırda ağ rəngli qaşları olan “paxlava” formalı qızıl qadın üzüyünü və 320 manat dəyərində 583 əyarlı 4 qram çəkidə üzərində tək qırmızı rəngli qaşı olan qızıl sırğa tayını gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1206,4 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Salyan rayonu, Qızılağac kəndində yaşayır, 2 (iki) azyaşlı övladı var, əmək müqaviləsi əsasında Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də qabyuyan vəzifəsində işləyir. Aylıq əmək haqqı 345 manat təşkil edir. Zərərçəkmiş şəxs onun bibisidir, dul qadındır. 2022-ci ilin oktyabr ayında ailəsinin maddi vəziyyəti çətinləşmişdir. Banka borcu olduğu üçün pula ehtiyacı olmuşdur. Qərara gəlmişdir ki, bibisi evdə olmadığı vaxtda bibisinin evindən oğurluq etsin. 06 oktyabr 2022-ci ildə bibisi evdə olmadığını bildiyi üçün saat 21 radələrində onun həyətinə getmişdir. Həyətdə olan hamama girib orada asilqanda olan evin açarını götürüb evin qapəsını açarla açmışdır. Otaqda olan paltar şkafını səliqə ilə axtarmağa başlamış, oradan qızıl və pul tapa bilməmiş, evin qonaq otağında olan sandığı görüb,onu axtarmağa başlamışdır. Sandığın içərisində olan bankada qızıl əşyalar olduğunu görmüşdür. Həmin qızılları götürmüşdür. Qızılları cibinə qoyaraq, evin qapısını açarla bağlayıb, açarı aparıb öz yerinə asmışdır. Oradan öz evinə gedərək, səhər Şirvan şəhərinə gedib “Şirvan Ticarət Mərkəzi”ndə olan qızıl alqı-satqısı olan mağazaya yaxınlaşıb, şəxsiyyət vəsiqəsini və qızılları təqdim etmişdir. Həmin qızılları 604 manata satmışdır. Həmin puldan 300 manatını Şirvan şəhərindəki “Milliön” terminalı vasitəsi ilə Beynəlxalq banka olan kredit borcuna ödəmişdir. Qalan pulları isə ayrı-ayrı günlərdə evinə bazarlıq üçün xərcləmişdir. Bir neçə gündən sonra onu Salyan Rayon PŞ-nə dəvət etmişlər. Orada oğurluq etdiyini etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini qeyd edərək, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam olaraq ödədiyini, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayətinin və tələbinin olmadığının nəzərə alaraq barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Salyan rayonunun, Qızılağac kəndində özünə məxsus fərdi yaşayış evində 2 oğlu ilə birlikdə yaşayır, dul qadındır. 21-23 oktyabr 2022-ci il tarixlərində yaşadığı evdən özünə məxsus qızıl-zinət əşyaları oğurlanmışdır. O, evdən çıxıb harasa getdikdə evin qapı açarlarını həyətdəki hamamda asılqandan asırmış. Özünə məxsus qızıl əşyalarını qonaq otağındakı sandığda saxlayırmış. 2022-ci ilin oktyabr ayının 23-də saat 17 radələrində qardaşıgilə toya getməyə hazırlaşarkən sandığı açıb qızılları götürmək istədikdə ona məlum olmuşdur ki, qızıllar yerində yoxdur. Övladları ilə məsləhət etdikdən sonra qərara gəlmişlər ki, baş vermiş oğurluq barədə polisə məlumat versinlər. Onun evindən təxminən 2800 manat dəyərində 35 qram çəkidə qızıl boyunbağı və üzərində qırmızı rəngli tək iri qaşı olan qızıl klon dəsti, təxminən 500 manat dəyərində 7 qram çəkidə üzərində yaşıl rəngli tək iri qaşı, ətrafında xırda ağ rəngli qaşları olan “paxlava” formalı qızıl qadın üzüyü və təxminən 200 manat dəyərində 4 qram çəkidə üzərində tək iri qırmızı rəngli qaşı olan qızıl sırğa tayı oğurlanmışdır. Sonradan bilmişdir ki, qızılları qardaşı oğlu Təqsirləndirilən şəxs oğurlamışdır. Rahman qızılları “Şirvan Ticarət Mərkəzi”ndəki qızıl alqı-satqı mağazasında işləyən şəxsə satmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zayanın tam olaraq ödənildiyini bildirmiş, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, eyni zamanda Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, 20 yanvar küçəsi ev 1-P, mənzil 34-də yaşayır. “Şirvan Ticarət Mərkəzi”-ndə icarə əsasında qızıl məmulatların alqı-satqı mağazasını işlədir. 07 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində mağazada olduğu zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi oğlan mağazaya daxil olub özünə məxsus qızıl əşyaları satmaq istədiyini bildirmişdir. Qırmızı rəngli qaşı olan qızıl klon və qızıl boyunbağı dəsti, həmçinin üzərində yaşıl rəngli tək qaşı, ətrafında xırda ağ rəngli qaşları olan “paxlava” formalı qızıl qadın üzüyü olmuşdur. Rahman uşağının xəstə olması səbəbindən öz qızıllarını satmaq istədiyini demişdir. Rahmanın təqdim etdiyi həmin qızıl əşyaları yoxlayıb 583 əyarlı qızıl olduğunu müəyyən edib elektron tərəzidə çəkdikdə qızıl boyunbağı və kulon dəstinin çəkisi 9,54 qram, qızıl üzüyün çəkisi isə 1,54 qram təşkil etmişdir. Həmin günə, yəni oktyabr ayının 7-nə olan məzənnəyə əsasən qızılın lom kimi bir qramının əhalidən alış qiyməti 54,50 (əlli dörd manat əlli qəpik) manat təşkil etdiyindən, o, Rahmana qızıl boyunbağı və kulon dəstinə görə 520 manat, qızıl üzüyə görə 84 manat, ümumilikdə isə 604 manat pul vermişdir. Bundan sonra Rahmanın təqdim etdiyi öz adına olan AA ******* nömrəli şəxsiyyət vəsiəqəsinin nömrəsini və anket məlumatlarını özünün qeydiyyat dəftərində qeyd etmişdir. Rahman pulu aldıqdan sonra mağazadan çıxıb getmişdir. Həmin qızıl əşyalarını bir həftədən sonra aldığı digər qızılları “lom” kimi əritməyə təhvil vermişdir. Cinayət işinin 7-10-cu vərəqələrində olan “hadisə yerinin baxışının keçirillməsi və götürmə barədə” 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Salyan Rayon PŞ-nin İB-nin müstəntiqi X5 hal şahidlərinin və Zərərçəkmiş şəxs iştirakı ilə həmin protokolu tərtib etmişdir ondan ötrü ki, baş vermiş hadisə barədə icraatına daxil olmuş məlumat əsasında 14 noyabr 2022-ci il tarixdə, saat 16:30 dəqiqədə hadisə yerinə, yəni Salyan rayonu, Qızılağac kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə gəlib Azərbaycan Respublikası CPM-nin 85-ci maddəsini rəhbər tutaraq, göstərilən Məcəllənin 51 və 236-cı maddələrinin tələblərinə əsasən hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir: Hadisə yeri Salyan rayonu, Qızılağac kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evidir. Orada heç bir dağınıq vəziyyət görünmədi. Sandıq olduğu otaq mənzilin arxa tərəfindədi. Sandıq yorğan-döşəklərin altındadı. Otaq səliqəli vəziyyətdə idi. Cinayət işinin 17-18-ci vərəqlərində olan “qızıl məmulatlarının alqı-satqı dəftərinə baxış keçirilməsi barədə” 15 noyabr 2022-ci il tarixli protokoldan və dəftərin ksero surəti olunmuş vərəqindən görünür ki, X2 iştirakı ilə qızıl məmulatlarının alqı-satqısı barədə öz qeydlərini apardığı dəftərdə baxış keçirilmişdir. Dəftər 40 vərəqdən ibarət təkmil məktəbli dəftəridir. Dəftərin 24-cü səhifəsində yuxarıdan birinci olaraq xx.xx.2022-ci il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 520 manata 583 əyarlı 9,54 qram çəkidə, boyunbağı və klon dəsti, 84 manata 583 əyarlı 1,54 qram çəkidə üzük alınmışdır, bu barədə “mənə məxsus qızıl əşyalarını 604 manata satdım” sözləri yazılmış və imzalanmışdır. Cinayət işinin 19-cu vərəqində olan 15 noyabr 2022-ci il tarixli “şübhəli şəxs qismində tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022ci il tarixdə saat 16:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 45-48-ci vərəqələrində olan 17 noyabr 2022-ci il tarixdə saat 10:30-da başlanmış 12:00-da qurtarmış şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonunun, Qızılağac kəndində bibisi Zərərçəkmiş şəxs evindən oğurluq etdiyi sadıqın yerini göstərmişdir. Cinayət işinin 49-50-ci vərəqələrində olan “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Cinayət işinin 58-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seşilmişdir. Cinayət işinin 61-ci vərəqində olan “təqsirləndirilən şəxsin X9 azad edilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon PŞ-nin X9 azad edilmişdir. Cinayət işinin 73-cü vərəqində olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2857 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixatrik qeydiyyatda yoxdur. Cinayət işinin 74-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 77-ci vərəqində olan Salyan rayonu, Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib olunmuş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağı vardır və yaşayış yeri üzrə şikayət daxil olmamış və müsbət xarakterizə olunur. Cinayət işinin 84-85 vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 9/8781 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1. 583 əyarlı 9,54 qram çəkidə qızıl boyunbağı və üzərində qırmızı rəngli tək qaşı olan qızıl kulon dəsti – 763.20 manat; 2. 583 əyarlı 1,54 qram çəkidə üzərində yaşıl rəngli tək qaşı, ətrafında xırda ağ rəngli qaşları olan “paxlava” formalı qızıl qadın üzüyü – 123.20 manat;

3. 583 əyarlı 4 qram çəkidə üzərində tək qırmızı rəngli qaşı olan qızıl sırğa tayı – 320 manat. Göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1206,40 manat müəyyən edilir. Cinayət işinin 90-91-ci vərəqlərində olan zərərçəkmiş şəxsi əlavə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam olaraq olaraq ödənilmişdir, Rahmanla barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmiş, heç bir tələbi və şikayəti yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə çap olunmuş elektron sorğu məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsi əsasında Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də qabyuyan vəzifəsində işləyir. Aylıq əmək haqqı 345 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Ona dəyən zərər tam olaraq ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zayanın ödənildiyini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəza çəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manatın Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili X6 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün müddət azadlıqdan mərhum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərində yerləşən evini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan rayon Vəkil Bürosunun vəkili X6 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün.. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar