Məhkəmə qərarları › İş №1(057)-47/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-47/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-47/2025 07.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Salyan şəhəri C.Cabbarlı küçəsi ev 49da qeydiyyatda olan, faktiki olaraq Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşən öz ailəsinə məxsus bağ evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o yandırmaqla və külli miqdarda ziyan vurmaqla qəsdən özgənin əmlakını məhv etmə cinayət əməllərini törətmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs əsəblərinin gərildiyinə görə özünü sakitləşdirmək üçün kimsəsiz və sahibsiz ev tapıb yandırmaq qərarına gəlib bu məqsədlə 2025-ci il fevralın 21-də saat 20 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 mülkiyyətində olan 18000 manat dəyərində ümumi sahəsi təxminən 44 kv/m olan 2 otaqdan ibarət 1 mərtəbəli içərisində məişət əşyaları olmayan boş fərdi yaşayış evinin həyətinə metal setka çəpərin qapısını açaraq daxil olub özü ilə gətirdiyi avtomobil təkərini (pokrışkasını) alışqanla alışdırıb yandırdıqdan sonra evin birinci otağının pəncərəsindən içəri atıb qəsdən yandıraraq hadisə yerindən uzaqlaşıb getmiş, evin tamamilə yanması ilə yanaşı tərkib hissəsi olan cəmi 1200 manat qiymətində evin inşasında istifadə olunmuş 4000 ədəd çiy kərpiclərin, cəmi 273 manat qiymətində dam örtüyündə istifadə olunmuş 42 ədəd azbest şiferlərin, cəmi 406 manat qiymətində hər biri 6 metr uzunluğunda 5x15 sm ölçüdə 28 ədəd döşəmə taxtaların, cəmi 153 manat qiymətində hər biri 6 metr uzunluğunda 5x5 sm ölçüdə 30 ədəd taxta reykaların, cəmi 480 manat qiymətində hər biri 1,20x1,50 m ölçüdə 4 ədəd taxta pəncərələrin və cəmi 400 manat qiymətində hər biri 1,10x2,10 m ölçüdə 2 ədəd taxta qapıların yanıb məhv olunması nəticəsində zərərəçəkmiş şəxsə xeyli miqdar təşkil edən ümumilikdə 18000 manat maddi ziyan vuraraq özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən qonşusu Zərərçəkmiş şəxs1 ilə birlikdə məhkum həyatı yaşadıqları müddətdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə səbəbindən qəzəblənib evini qəsdən yandırmaqla sonuncudan qisas almaq qərarına gəlib bu məqsədlə 2025-ci il fevralın 24-də saat 22 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 55000 manat dəyərində ümumi sahəsi təxminən 300 kv/m olan 13 otaqdan və əlavə tikililərdən ibarət 2 mərtəbəli içərisində məişət əşyaları olmayan boş fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə daxil olaraq özü ilə gətirdüyü avtomobil təkərini (pokrışkasını) alışqanla alışdırıb yandırdıqdan sonra evin birinci mərtəbəsindəki sağ tərəfdən evə bitişik mətbəx otağının pəncərəsindən içəri atıb qəsdən yandıraraq hadisə yerindən uzaqlaşıb getmiş, evin tamamilə yanması ilə yanaşı tərkib hissəsi olan cəmi 435 manat qiymətində dam örtüyünün karkasının qurulması üçün istifadə olunmuş 5x15 sm enində hər biri 6 metr uzunluğunda 30 ədəd taxta atmaların, cəmi 209 manat qiymətində dam örtüyündə istifadə olunmuş 5x5 sm enində hər biri 6 metr uzunluğunda 41 ədəd taxta reykaların, cəmi 1125 manat qiymətində Rusiya istehsalı olan 150 ədəd azbest şifer örtüklərin, cəmi 3400 manat qiymətində “qara pol” üçün istifadə olunmuş 3x15 sm enində hər biri 6 metr uzunluğunda 10 kub.m. döşəmə taxtaların, cəmi 1392 manat qiymətində tavan örtüyü üçün istifadə olunmuş 5x15 sm enində hər biri 6 metr uzunluğunda 96 ədəd döşəmə taxtaların, cəmi 800 manat qiymətində tavan üçün istifadə olunmuş 1,52x1,52 metr ölçüdə 80 ədəd faner örtüklərin, cəmi 2720 manat qiymətində döşəmə üçün istifadə olunmuş 3x15 sm enində hər biri 6 metr uzunluğunda 10 kub.m. taxta materialın, cəmi 2400 manat qiymətində hər biri 1,5x1,20 metr ölçüdə 20 ədəd iki taylı taxta pəncərələrin, cəmi 2400 manat qiymətində hər biri 2,0x1,60 metr ölçüdə 6 ədəd iki taylı taxta qapıların yanıb məhv olunması nəticəsində zərərəçəkmiş şəxsə külli miqdar təşkil edən ümumilikdə 55000 manat maddi ziyan vuraraq özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin elan olunmuş ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, ailə üzvləri ilə küsülü olduğundan Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşən özlərinə məxsus bağ evində yaşayırmış. Ümumilikdə 4 dəfə məhkum həyatı yaşamış, sonuncu dəfə 2018-ci ildə Salyan Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 1 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2021-ci ildə cəzanın sonu ilə azadlığa çıxmışdır. Səhhətində müəyyən problemləri varmış, əsəbləri tez-tez pozulurmuş, əsəbləri pozulduqda isə nə etdiyini dərk etmir, buna baxmayaraq heç vaxt həkim qeydiyyatında və müalicədə olmamışdır. Fevralın 21-də axşam saat 20 radələrində yaşadığı məhəllədə gəzişərkən yenidən əsəbləri gərilmişdir, ona görə əsəblərini sakitləşdirmək məqsədilə kimsəsiz və sahibsiz ev tapıb yandırmaq qərarına gəlmişdir. Bu səbəbdən yaşadığı bağ evinin həyətindən köhnə avtomobil pokrışkası götürüb yaxınlıqda axan su kanalının yanına gəlmişdir, çünki burada sahibsiz bir həyətdə kiçik tikili olduğunu bilmişdir. Həyətin metal setka çəpərinin qapısını açıb həyətə keçib bir mərtəbəli 2 otaqlı evin qarşısına gəlmişdir. Evin qapı və pəncərəsi yerində olmadığında evdə ümumiyyətlə yaşayış olmadığını bilmişdir. Ona görə gətirdiyi pokrışkanı alışqanla yandırıb alovlandığını görüb yanan pokrışkanı həmin evin birinci otağının pəncərəsindən içəri atmışdır. Bir qədər gözləyib evin alovlandığını və alova baxdıqca əsəblərinin bir qədər sakitləşdiyini görüb oradan çıxıb yaşadığı bağ evinə gəlmişdir. Sonradan istintaq zamanı bilmişdir ki, yandırdığı həmin evin sahibi Salyan rayonu Ərəbqardaşbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs2 olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs2 tanımamış, aralarında heç bir münasibət, ədavət və ziddiyyət olmamışdır. Həmin evi yandırmaqla Zərərçəkmiş şəxs2 əmlakını qəsdən məhv etdiyinə görə peşmanlıq hissi keçirdir və onun ziyanını ödəməyə hazırda imkanı yoxdur, lakin cəzası əgər azadlqıdan məhrumetmə ilə bağlı olmayan cəza olduğu təqdirdə tezliklə ödəyə biləcəyini bildirdi. Həmçinin bildirdi ki, 2025-ci il fevralın 24də Salyan şəhəri C.Cabbarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs1 evini də yandırmışdır. Belə ki, Hüseyn onun qonşusu olsa da, təxminən 5-6 ildir aralarında soyuq münasibətlər yaranmışdır. Buna səbəb Hüseyn ilə birlikdə 12 saylı cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşayan zaman orada aralarında baş vermiş münaqişə olmuşdur. Həmin vaxtdan Hüseynə qarşı onda ədavət hissi olmuşdur. Hüseyn işləmək üçün Bakı şəhərinə getmişdir, lakin hərdən öz evinə baş çəkmişdir. O, bir neçə dəfə Hüseyn ilə qarşı-qarşıya gəlib aralarında olan köhnə ədavətə aydınlıq gətirmək istəmişdir, lakin Hüseynin nə zaman gəlib-getdiyini bilmədiyi üçün görüşüb söhbət edə bilməmişdir. 2025-ci il fevralın 24-də axşam saatlarında eşitmişdir ki, Hüseyn bir neçə gün əvvəl evlərinə gəlib 2-3 gün qalıb yenidən Bakı şəhərinə qayıtmışdır. O zaman yenə əsəbləri pozulmuş və qərara gəlmişdir ki, həmin gecə Hüseynin evinə od vurub yandırsın. Bu səbəbdən həmin axşam yaşadığı bağ evinin həyətindən bir ədəd köhnə avtomobil pokrışkasını götürüb təxminən saat 22 radələrində Hüseynin yaşadığı evin yerləşdiyi küçəyə gəlib, burada özü ilə gətirdiyi pokrışkanı alışqanla yandırmış və pokrışkanın alovlandığını görüb mətbəx otağının pəncərəsindən içəri atmışdır. Otağın alovlanıb yandığını görüb həyətə gəldiyi qaydada küçəyə çıxıb yaşadığı bağ evinə getmişdir. Hazırda Zərərçəkmiş şəxs1in məhkəməyə ərizə ilə ona qarşı heç bir tələb və şikayətinin olmaması barədə müraciətinin ona cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünavnda yerləşən 2 mərtəbədən ibarət fərdi yaşayış evində yaşamışdır, Bakı şəhərində mebel sexində fəhlə işləyir. Həmin ev mərhum valideynlərindən ona miras qalmışdır. Ev təxminən 0,10 ha həyətyanı sahədə yerləşir, 20 metr uzunluğunda və 11 metr enində olmaqla evin ətrafında əlavə tikililər artırılmaqla təxminən 300 kv.m. sahəni əhatə edir. Ev ümumilikdə 13 otaqdan, 1 eyvandan, 1 mətbəx və 1 qarajdan ibarətdir. O, ailənin son övladı olduğu üçün atalarından miras qalmış ev ona məxsus olmuşdur. Özü subaydır, heç vaxt ailə qurmamışdır, son illər rayonda münasib işi tapa bilmədiyi üçün məcbur qalıb Bakı şəhərinə köçüb mebel sexində fəhlə işləyib orada yaşayır. Ayda bir-iki dəfə rayona gəlib evinə başçəkir, sonuncu dəfə 2025-ci il fevralın 17də rayona gəlib 2-3 gün evdə qaldıqdan sonra fevralın 20-də Bakı şəhərinə qayıtmışdır. Fevralın 24-də təxminən saat 23:30 radələrində hazırda adını xatırlamadığı qonşulardan kimsə zəng edib evin yanması barədə ona məlumat vermiş, yanğının söndürülüməsindən ötrü qonşular tərəfindən Fövqaladə Hallar Nazirliyinin yanğın söndürmə xidmətinə məlumat verildiyi üçün yanğının qonşu evlərə keçməsinin qarşısı alınmışdır, lakin özünün evi yanaraq tamamilə yararsız hala düşmüşdür və bununla da ona 55000 manat miqdarında maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən evinin hansı səbəbdən yandırılmasını bilmir. Onun heç vaxt Təbrizin özü və ailə üzvləri ilə heç bir ədavəti və düşmənçilyi olmamışdır. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş 55000 manat ziyanı tələb etmir, ona qarşı hər hansı tələb və şikayəti yoxdur. Cinayət işinə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, ailəsilə birlikdə Salyan rayonu Ərəbqardaşbəyli kəndində yaşayır. Həmin həyətyanı sahədə 1992-ci ildə tikilmiş ümumi sahəsi 44 kv.m. olan 2 otaqlı həyət evi vardır. 2025-ci il fevralın 21-də saat 21 radələrində qonşulardan kimsə zəng edərək həmin evin yandığı barədə ona məlumat vermişdir. O, dərhal həmin ünvana gəldikdə evin artıq yanğınsöndürənlər tərəfindən söndürüldüyünü və evin yanaraq tamamilə yararsız vəziyyətə düşdüyünü görmüşdür. Həmin vaxt yanğının hansı səbəbdən baş verdiyini bilmədiyi üçün rayon polis şöbəsinə ərizə ilə müraciət etməmişdir. Daha sonrakı günlər şəxsi işləri ilə bağlı rayon ərazisində olmadığından yalnız martın 1-də rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Baş vermiş yanğın nəticəsində onun mülkiyyətində olan ümümi sahəsi 44 kv.m. olan ev yanaraq tamamilə yararsız vəziyyətə düşmüşdür. Baş vermiş yanğın nəticəsində ona təxminən 18000 manat maddi zərər vurulmuşdur. Ona məxsus həmin evi yandırmış şəxs Salyan şəhər sakini Təqsirləndirilən şəxs tanımır, heç bir münasibəti və əlaqəsi, həmçinin ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs barəsində qanuni cəzanın verilməsini və ona vurulmuş maddi zərərin ödənilməsini istəmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ailəsilə birlikdə ünvan 5 ünvanında yaşayır. 2024-cü il fevralın 24-də saat 23:30 radələrində Salyan şəhəri, C.Cabbarlı küçəsindən keçib piyada qaydada özünün yaşadığı ünvana gedərkən həmin küçədə yerləşən 2 mərtəbəli daş evin yandığını və alovun yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. O, bir qədər ayaq saxlayıb orada toplaşmış 2-3 nəfər tanımadığı şəxslərə yaxınlaşıb burada nə baş verdiyi ilə maraqlandıqda hadisə yerində olmuş tanımadığı həmin şəxslərdən biri ona demişdir ki, rəhmətlik Mürşüdün evi yanırmış, lakin yanğının necə baş verdiyini bilmirlər. O, bir qədər də hadisə yerində dayanıb yanğısöndürənlərin yanğını necə söndürdüklərinə tamaşa etmiş və artıq yanan evdəki yanğının söndürüldüyünü görüb oradan uzaqlaşıb öz evinə getmişdir. Həmin evin hansı şəraitdə yanmasından və yaxud kim tərəfindən yandırılmasından heç bir məlumatı olmamışdır. O, həmin yanmış evin sahibi Zərərçəkmiş şəxs1 adlı şəxsi, həmçinin həmin evi yandırmış Təqsirləndirilən şəxs da tanımır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yaşayır. 2024-cü il fevralın 21-də saat 21 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsindən keçib Salyan Rayon Mərkəzi Xəstəxanası istiqamətində piyada gedərkən həmin küçədə yerləşən bir mərtəbəli həyət evinin yandığını və evin yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. O, bir qədər də hadisə yerində dayanıb yanğınsöndürənlərin yanğını necə söndürdüklərinə tamaşa etmiş və yanğının söndürüldüyünü görüb oradan uzaqlaşıb getmişdir. Həmin evin hansı şəraitdə və ya kim tərəfindən yandırılmasından heç bir məlumatı olmamışdır. Həmçinin yanmış evin sahibi Zərərçəkmiş şəxs2 Əziz oğlunu və evi yandırmış Təqsirləndirilən şəxs tanımır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru İlqar İsmayılovun 11 mart 2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə CM-nin 186.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 11-12-ci vərəqlərində olan 25 fevral 2025-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə hadisə yerinə keçirilmiş baxış zamanı ünvan 8 ünvanında yerləşən sonuncuya məxsus iki mərtəbəli fərdi yaşayış evinin yandırıldığı müəyyən edilmişdir. Cinayət işinin 38-39-cu vərəqlərində olan 01 mart 2025-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə hadisə yerinə keçirilmiş baxış zamanı ünvan 9 ünvanında yerləşən sonuncuya məxsus iki otaqlı fərdi yaşayış evinin yandırıldığı müəyyən edilmişdir. Cinayət işinin 53-56-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 3(057)- 325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Cinayət işinin 62-63-cü vərəqlərində olan 08 mart 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünün iştirakı və videoçəkiliş aparılmaqla hadisə yerlərinə keçirilmiş baxış zamanı ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus həyətə 2025-ci il fevralın 24-də axşam saatlarında həyətə hasardan aşıb keçərək özü ilə gətirdiyi bir ədəd avtomobil pokrışkasını alışqanla yandıraraq evlə üzbəüz dayandıqda sağ tərəfdə evə bitişik olan mətbəx otağının pəncərəsindən içəri atıb otağın alovlandığını görüb oradan getdiyini və daha sonra həmin tarixdə Salyan şəhəri Ə.Quliyev 25 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus həyətə keçirilmiş baxış zamanı 2025-ci il fevralın 21-də axşam saatlarında həyətə gəlib özü ilə gətirdiyi bir ədəd avtomobil pokrışkanı alışqanla yandırıb həyətdəki evin birinci otağının pəncərəsindən içəri atıb evin alovlandığını görüb oradan getdiyini bildirmişdir. Cinayət işinin 70-ci vərəqində olan FHN-nin X13 Yanğın Nəzarəti İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 11 ünvanında baş vermiş yanğına dair tərtib edilmiş “Yanğın haqqında ilkin akt”dan görünür ki, ümumi sahəsi 300 kv.m., hər mərtəbəsi 150 kv.m. tavanı qamış örtükdən ibarət olan 2 mərtəbəli 6 otaqdan ibarət evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları, 120 kv.m. sahədə evə bitişik ümumi sahəsi 50 kv.m. yaşayış evi olan taxta konstruksiyalardan ibarət 2 otaqlı köməkçi tikili və içərisində olan əşyalar yanmışdır. Cinayət işinin 80-cı vərəqində olan X4 görünür ki, X5 xx.xx.1982-ci ildə ölmüşdür. Cinayət işinin 81-ci vərəqində olan Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Vahid Rizvanovun 18 fevral 2025-ci il tarixli 283 №-li məktubundan görünür ki, X2 xx.xx.1982-ci il tarixdə vəfat etməsi və vərəsələrinin dairəsi müəyyən edilmişdir, Azərbaycan Respublikası Nazirlər Kabonetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə əsasən, Zərərçəkmiş şəxs1 miras qoyanın qanun üzrə vərəsəsidir. Cinayət işinin 94-cü vərəqində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 11 mart 2025-ci il tarixdə, saat 15:00 dəqiqədə məhdudlaşdırılmış, 11 mart 2025-ci il tarixdə, saat 15:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 101-ci vərəqində olan “müşahidə kamerasından götürülmüş DVD formatlı diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə olan videogörüntüdə bir nəfər şəxs çiynində avtomobil pokrşkası ilə küçədə hərəkət edərək daha sonra hasardan həyətə keçmişdir, həmin videogörüntü şübhəli şəxs Təqsirləndirilən şəxs kompüter vasitəsilə nümayiş etdirildikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə olan şəxs onun özüdür, 2025-ci il fevralın 24-də saat 22 radələrində çiynində daşıdığı avtomobil pokrışkası ilə ünvan 11 ünvanında yaşayan qonşusu Zərərçəkmiş şəxs1 evini yandırmağa gedərkən həmin həyətin daş hasarından aşıb həyətə keçmişdir və daha sonra həmin pokrışkanı yandırıb evin birinci mərtəbəsindəki mətbəxin pəncərəsindən içəri atmışdır. Cinayət işinin 103-cü vərəqində olan fiziki şəxs X10 tərəfindən verilmiş arayışa əsasən adları göstərilən inşaat materiallarının 2025-ci ilin fevral ayına olan pərakəndə satış qiymətləri aşağıdakı kimi olmuşdur:

1. Dam örtüyünün karkasının qurulmasını üçün nəzərdə tutulan 5 x 15 sm enində hər biri 6 metr uzunluğunda 30 ədəd taxta atmalar – cəmi 435 manat;

2. Dam örtüyü üçün nəzərdə tutulan 5 x 5 sm enində hər biri 6 metr uzunluğunda 41 ədəd taxta reykalar – cəmi 209 manat;

3. Rusiya istehsalı olan 150 ədəd azbest şiferlər – cəmi 1125 manat;

4. Qarapol üçün nəzərdə tutulan 3 x 15 sm enində hər biri 6 metr uzunluğunda 10 kub.m. döşəmə taxtalar – cəmi 3400 manat;

5. Tavan örtüyü üçün nəzərdə tutulan 5x15 sm enində hər biri 6 metr uzunluğunda 96 ədəd döşəmə taxtalar – cəmi 1392 manat;

6. Tavan üçün nəzərdə tutulan 1,52 x 1,52 metr ölçüdə olan 80 ədəd faner örtüklər – cəmi 800 manat;

7. Döşəmə pol üçün nəzərdə tutulan 3 x 15 sm enində hər biri 6 metr uzunluğunda 10 kub.m. döşəmə taxta materialı – cəmi 2720 manat;

8. Hər biri 1,5 x 1,20 metr ölçüdə olan 20 ədəd hər biri 2 taylı olan taxta pəncərələr – cəmi 2400 manat;

9. Hər biri 2,0 x 1,60 metr ölçüdə olan 6 ədəd 2 taylı taxta qapılar – cəmi 2400 manat.

Cinayət işinin 105-ci vərəqində olan fiziki şəxs X10 tərəfindən verilmiş arayışa əsasən adları göstərilən inşaat materiallarının 2025-ci ilin fevral ayına olan pərakəndə satış qiymətləri aşağıdakı kimi olmuşdur:

1. Ümümi sahəsi 44 kv.m. olan evin inşası üçün tələb olunan 4000 ədəd çiy kərpic – cəmi 1200 manat.

2. Dam örtüyündə istifadə olunan 42 ədəd azbest şifer – cəmi 273 manat.

3. Hər biri 6 metr uzunluğunda 5x15 sm ölçüdə 28 ədəd döşəmə taxtala – cəmi 406 manat.

4. Hər biri 6 metr uzunluğunda 5x5 sm ölçüdə 30 ədəd taxta reykalar – cəmi 153 manat.

5. Hər biri 1,20 x 1,50 m. ölçüdə 4 ədəd taxta materialdan olan pəncərələr – 480 manat.

6. Hər biri 1,10 x 2,10 m. ölçüdə 2 ədəd taxta materialdan olan qapılar – cəmi 400 manat.

Cinayət işinin 115-ci vərəqində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin RX seriyalı ******* №-li çıxarışından görünür ki, ünvan 12 ünvanında X3 xüsusi mülkiyyətində 0,05 ha ərazidə həyətyanı torpaq sahəsi vardır. Cinayət işinin 116-cı vərəqində olan Salyan rayon 2 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilədən görünür ki, hədiyyə verən X1 şəhəri Ə.Quliyev küçəsi 25 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan həyətyanı torpaq sahəsini hədiyyə alan qardaşı Zərərçəkmiş şəxs2 mülkiyyətinə vermişdir. Cinayət işinin 117-118-ci vərəqlərində olan 13 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 186.2.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Cinayət işinin 131-136-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 mart 2025-ci il tarixdən saat 13:00-dan hesablanmışdır. Cinayət işinin 155-156-cı vərəqlərində olan Salyan RİHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 13 ünvanında qeydiyyatda olmaqla atası və qardaşı ilə birlikdə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində azyaşlı uşağı yoxdur. Cinayət işinin 165-167-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 02 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2019-cu ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 168-171-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 101/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 iyun 2019-cu il tarixdən 10 iyun 2019-cu il tarixədək tutulub saxlanıldığı 3 gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanaraq, üzərində 1 il 5 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 172-ci vərəqində olan fərdi yaşayış evinin qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 8 ünvanında yerləşən 2000-ci ildə 0,10 ha həyətyanı torpaq sahəsinin üzərində 20 metr uzunluğunda və 11 metr enində əlavə tikililər artırılmaqla 300 kv.m. sahəsi olan 13 otaq, 1 eyvan, 1 mətbəx və 1 qarajdan ibarət 2 mərtəbəli, 1-ci mərtəbəsi daşdan, 2-ci mərtəbəsi çiy kərpicdən tikilmiş fərdi yaşayış evinin 2025-ci ilin fevral ayına təxmini orta bazar qiyməti 55000 manat təşkil edir. Cinayət işinin 173-cü vərəqində olan fərdi yaşayış evinin qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 12 ünvanında yerləşən 1992-ci ildə 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində 44 kv.m. sahəsi olan çiy kərpicdən tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin 2025-ci ilin fevral ayına təxmini orta bazar qiyməti 18000 manat təşkil edir. Cinayət işinin 177-ci vərəqində olan Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarilxi arayışından görünür ki, Təqsirləndirilən şəxs psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işinin 178-ci vərəqində olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2010-cu ildən “tiryək narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatında dayanır, psixonevroloji qeydiyyatda yoxdur. Cinayət işinin 187-190-cı vərəqlərində olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 865 №-li rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:

1. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlı hesab edilməlidir.

2. Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.

3. Təqsirləndirilən şəxs hər-hansı psixi xəstəlik qeyd olunmadığından məcburi müalicəyə ehtiyacı yoxdur.

4. Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsini adekvat qavramaq qabiliyyətinə malikdir.

5. Şəxsin əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan, gerilik əlamətlərinin müəyyən edilməsi məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aiddir. Cinayət işinin 193-cü vərəqində olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerinə keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs Bakı İstintaq Təxridxanasından 10 gün müddətinə Salyan RPŞ-nin X8 keçirilmişdir. Cinayət işinin 199-203-cü vərəqlərində olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3311 №-li məhkəmə yanğın-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 11 ünavnında yerləşən Zərərçəkmiş şəxs1 məxsus ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evlə üzbəüz dayandıqda sağ tərəfdə evə bitişik olan mətbəx otağının daxilində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin digər sahələrinə yayılmışdır. ünvan 12 ünavnında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin girişində sayca birinci otağın daxilində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin digər sahələrinə yayılmışdır. Qərarın təsviri hissəsində göstərilmiş yanğın hadisələrinin baş vermə şəraiti, cinayət işi materiallarında olan məlumatları, mənbə zonalarında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş verməsi üçün xarakterikdir. Yanğın, kənardan düşmüş od mənbəyinin təsirindən baş verməsi üçün xarakterik olduğundan baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulub-pozulmamasına dair sual üzrə tədqiqat aparılmadı. Cinayət işinin 217-218-ci vərəqlərində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan ittiham yenidən elan olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilməsinə və 186.2.2-ci maddəsində eyni əməllərin yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, şahidlərin elan olunmuş ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi, yəni zərərçəkmiş şəxslərə məxsus külli miqdarda əmlakı yandırmaqla məhv etməsi barədə sübutlar mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd olunur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin Plenum qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. 16.1-ci maddəsinə əsasən bu məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 16.2-ci maddəsinə əsasən bu məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdiyi halları, yəni təqsirləndirilən şəxsin ona vurduğu 55000 (əlli beş min) manat zərəri tələb etməməsini, ona qarşı heç bir tələb və şikayətinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal olaraq CM-in 59.2-cu maddəsinə əsasən yüngülləşdirən hal kimi qiymətləndirir. 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında formalaşan hüquqi mövqedən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində cinayətin təkrar törədilməsi tövsifedici əlamət kimi nəzərdə tutulmadığından onun qeyd olunan cinayət əməllərini təkrar törətməsi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə görə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə görə cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında yalnız bir növ cəza, yəni üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza növünün təyin edilməsini və ya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq edilməsini əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci 165 (bir yüz altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülməlidir.

Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 11 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci 165 (bir yüz altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.

Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar