Məhkəmə qərarları › İş №1(057)-49/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-49/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-49/2024 18.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X4 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Belə ki, o, 10 dekabr 2023-cü il tarixdə saat 19 radələrində qohumu Şahid3 Salyan rayonu, Yenikənd kəndində yerləşən "Şirvan" şadlıq sarayında oğlu üçün təşkil etdiyi toy şənliyinə gəlib həmin şənlikdə iştirak etdikdən sonra saat 22 radələrində şadlıq sarayının foyesinə çıxan zaman orada dayanaraq öz mobil telefonuna gələn zənglərə baxıb sonra evinə getmək istəyən, əvvəldən tanımadığı Zərərçəkmiş şəxs görüb ona yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan söz atıb sataşmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs sifət nahiyyəsinə sillə və yumruqla qəsdən zərbələr endirib sonra onun başını şadlıq sarayının foyesindəki şirniyyat və müxtəlif içkilərin satıldığı köşkün açıq hissəsindən içəri salaraq yumruqla sonuncuya çoxsaylı zərbələr endirməklə öz hərəkətlərini davam etdirmiş, həmin vaxt onun bu hərəkətlərini görüb şadlıq sarayının zal hissəsindən foyeyə çıxan şəxslərin köməkliyi ilə əlindən alınaraq çölə çıxarılan Zərərçəkmiş şəxs şadlıq sarayının həyətində yenidən tutaraq yerə yıxıb dizini üzərinə qoyduqdan sonra onun sifət nahiyyəsinə yumruqla qəsdən zərbələr endirməklə Zərərçəkmiş şəxs alın nahiyyəsinin, sol göz orbitasının, sol almacıq nahiyyəsinin qançırları, alt dodağın selikli qişasının şişkinliyi, qansızması, alt çənədə diş dibinin qansızması ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan rayonu, Xalac kəndində yaşayır və özü də 20 ildən çoxdur ki, Bakı şəhərində daş ustası kimi işləyib gündəlik çörək pulunu qazanmaqla ailəsini dolandırır. Salyan rayonu, Şəkərli kənd sakini olan Zərərçəkmiş şəxs əvvəldən tanımamış, onunla hər hansı bir qohumluğu, ədavəti də olmamışdır. 10 dekabr 2023-cü il tarixdə qardaşının qayınatası olan Yaqub öz oğluna Salyan rayonu, Yenikənd kəndində yerləşən "Şirvan" şadlıq sarayında toy etmiş və o da bir qohum kimi həmin toya dəvət olunduğundan Bakı şəhərindən toyun keçirildiyi "Şirvan" şadlıq sarayına gəlmişdir. Toy saat 18 radələrində başlamış və o, toyda nahar edərkən də, təxminən 200-300 qram araq içmişdir. Saat 22 radələrində evinə getmək üçün taksi sifariş vermək məqsədi ilə şadlıq sarayının foyesinə çıxıb foyedə dayanan zaman ondan bir qədər aralıda tanımadığı 2-3 adam da dayanmışdır ki, onlardan da yalnız meyvə satışı ilə məşğul olan İslam adlı şəxsi tanımışdır. Elçini yumruqla vurması təxminən 3-4 dəqiqə kimi davam etmiş, Elçini döyməsini görən ətrafdakı adlarını bilmədiyi şəxslər dərhal araya girib onları aralamışlar. Elçini nəyə görə vurmasının yadında qalmadığını, içkili olduğundan bu hərəkəti törətdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Artıq onunla barışmışdır. Əməlindən peşman olduğunu, himayəsində 3 azyaşlı uşağı olduğunu, zərərçəkənlə barışdığını bildirərərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs xuliqanlıq cinayətini törətməsi onun etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, baxış istintaq hərəkəti protokolu, məhkəmə-tibbi ekspertizası üzrə rəy, digər istintaq hərəkəti protokolları və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin, işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Salyan rayonu, Şəkərli kəndində yaşamaqla Salyan rayonu, Xalac kənd sakini Təqsirləndirilən şəxs əvvəldən tanımamış, onunla qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. 10 dekabr 2023-cü il tarixdə həmkəndlisi, Şahid3 Haqverdi oğlu yaşadıqları kənddə yerləşən "Şirvan" şadlıq sarayında oğlu Təbrizə toy şənliyi keçirmiş və o da həmin toya dəvət olunduğundan saat 19 radələrindəı toyun keçirildiyi "Şirvan" şadlıq sarayına gəlmişdir. Toy şənliyində saat 22 radələrinə kimi iştirak etdikdən sonra şadlıq sarayının zal hissəsindən çıxıb foyedə dayanaraq mobil telefonuna gələn zənglərə bir neçə dəqiqə baxmış, daha sonra evinə getmək üçün çölə çıxan zaman əvvəldən tanımadığı və heç bir münasibətdə olmadığı, sonradan adını öyrənib bildiyi Vaqif adlı şəxs hər hansı bir səbəb olmadan ona söz atıb sataşmağa başlamışdır. Həmin şəxsin sərxoş olduğunu görüb ona əhəmiyyət verməyərək ondan əl çəkməsini bildirib keçib getmək istərkən gözləmədiyi halda Vaqif adlı şəxs qəflətən onun sifətinə bir neçə yumruq zərbəsi vurmuş və onun özünü itirməsindən istifadə edərək boynundan yapışıb onu şadlıq sarayının foyesinə salaraq başını oradakı qarderobun pəncərəsindən aşağıya əyib sifət nahiyyəsinə yumruqla zərbələr endirməyə başlamışdır. Vaqif adlı həmin şəxs qüvvətli olduğundan və onu qəflətən yumrula vurduğuna görə özünü tamamilə itirmiş və demək olar ki, həmin şəxsə heç bir müqavimət göstərə bilməmişdir. Vaqif adlı şəxs onu döyərkən ucadan həm də ünvanına yazılası və deyiləsi mümkün olmayan söyüşlər də söymüşdür. Ətrafda olan uşaqlar və bir neçə şəxs Vaqifin bu hərəkətlərini görüb Vaqifin onların da üzərinə hücum edəcəklərindən qorxduqları üçün dərhal qaçıb oradan getmiş, Vaqif adlı şəxsin onu döydüyünü görən şadlıq sarayının zalında olan şəxslər gəlib onu güclə Vaqif adlı şəxsin əlindən almışlar. Evinə getmək üçün şadlıq sarayının həyətinə çıxdıqdan sonra da Vaqif adlı şəxs ondan əl çəkməmiş, yenidən ona yaxınlaşaraq onu vurub yerə yıxaraq yumruqla sifətinə zərbələr vurmağa başlamışdır. Ətrafda olan şəxslər onu yenidən Vaqif adlı şəxsin əlindən güclə almış, qaranlıq olduğundan və özündə olmadığından həmin şəxslərin kim olmasına fikir vermədiyindən onları tanıya bilməmişdir. Heç bir səbəb olmadan möhkəm döyüldüyündən çox pis vəziyyətdə, yəni sifəti tamamilə dağılmış, göyərmiş vəziyyətdə olmuş, evinə gəlib çağırıldığı toyda heç bir səbəb olmadan nə üçün döyülməsinin səbəbini və onu döyən şəxsin kim olmasını aydınlaşdırmaq məqsədi ilə toy sahibi Yaquba zəng vurub ona döyülməsini bildirib onu döyən şəxsin kim olmasını soruşanda Yaqub bu barədə məlumatı olmadığını bildirib telefonu söndürmüş, ona görə mobil telefonu ilə DİN-nin 102 Xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Onu həmin gün döyən Vaqif adlı şəxsi o söyməmiş, ona heç nə deməmiş, onunla əvvəldən və eləcədə həmin gün heç bir münasibəti də olmamışdır. Həmin şəxsin onu heç bir səbəb olmadan döyüb söyməklə bu hərəkətləri də təxminən 10-15 dəqiqə kimi davam etmişdir. Hazırda artıq onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəldən həmkəndli və uzaq qonşu kimi tanımış, onunla münasibəti həmişə yaxşı olmaqla aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Salyan rayonu, Xalac kənd sakini olan Təqsirləndirilən şəxs isə əvvəldən ümumiyyətlə tanımamış və onunla heç bir münasibəti də olmamışdır. 10 dekabr 2023-cü il tarixdə dayısı Yaqub öz oğluna Salyan rayonu, Yenikənd kəndində yerləşən "Şirvan" şadlıq sarayında toy etmiş və o da bir qohum kimi toya dəvət olunduğudan həmin gün toyun keçirildiyi "Şirvan" şadlıq sarayına gəlmişdir. Toy saat 17-18 radələrində başlamış və saat 22 radələrində xalası oğlu Loğmanla birlikdə şadlıq sarayının foyesinə çıxan zaman sonradan adını bilib öyrəndiyi Vaqif adlı şəxsin onun həmkəndlisi Elçinin başından yapışaraq başını şadlıq sarayının foyesindəki əvvəllər qarderob kimi istifadə olunan, sonradan isə müxtəlif içkilərin və şirniyyat məhsullarının satıldığı yerin pəncərə kimi istifadə olunan hissəsindən içəri salaraq onu boğmaqla sifətinə zərbələr endirdiyini, Elçinin də onun əlindən çıxmağa çalışsada buna nail ola bilmədiyini, həmin vaxt ətrafda olan azyaşlı uşaqların bu mənzərəni görüb qorxudan qaçıb şadlıq sarayının zal hissəsinə girdiklərini görüb dərhal yaxınlaşıb Vaqif adlı şəxsi tutub kənara çəkərək Elçinin onun əlindən çıxmasına şərait yaratmış və sonra Vaqif adlı şəxsə də acıqlanaraq "toya gəlməmisiniz ki, toya dava salasınız, yeyib-içmisiniz çıxın gedin buradan" deyə bildirmişdir. Həmin vaxt Vaqif adlı şəxs əsəbi halda bərkdən ağzına gələn pis sözlər demiş, onu bir təhər sakitləşdirərək evinə getməsi üçün foyedən çölə çıxartmış, özü isə sonra şadlıq sarayının zalına qayıtmışdır. Sonradan kənd sakinlərindən eşitmişdir ki, Vaqif adlı şəxs çölə çıxandan sonra Elçini yenidən tutub şadlıq sarayının həyətində də döymüşdür. Həmin gün Vaqif adlı şəxsin Elçinə qarşı etdiyi bu hərəkətlərinin səbəbini bilməmiş və bu barədə də hər hansı bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəldən həmkəndli kimi tanımış, onunla münasibəti həmişə yaxşı olmaqla aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Salyan rayonu, Xalac kənd sakini olan Təqsirləndirilən şəxs isə əvvəldən yeznəsi Samirin ögey qardaşı kimi tanımış, onunla da münasibəti həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. 10 dekabr 2023-cü il tarixdə oğlu Təbrizə Salyan rayonu, Yenikənd kəndində yerləşən "Şirvan" şadlıq sarayında toy etmiş və həmin toya yuxarıda adları göstərilən şəxsləri də qonaq kimi dəvət etmişdir. Toy saat 17 radələrində başlamış və saat 23 radələrində başa çatmışdır. Toy keçirilən zaman toyun keçiridiyi zalda heç nə baş verməmiş və onların toyu sakit şəkildə başa çatmışdır. Toy qurtardıqdan sonra kənddəki evlərinə gəlmiş, evinə gəldikdən sonra həmkəndlisi Elçin ona zəng vurub toydan çıxan zaman onu tanımadığı bir şəxsin döydüyünü bildirib ondan onu döyən şəxsin kim olmasını soruşmuş, o da Elçinə onun döyülməsi barədə heç nə bilmədiyini, onun döyülməsini görmədiyinə görə onu kimin döyməsini bilmədiyini demiş, aralarındakı danaışıqdan Elçinin içkili olduğunu başa düşüb telefonunu söndürmüşdür. Səhəri günü eşitmişdir ki, Elçin toydan saat 22 radələrində çıxandan sonra Təqsirləndirilən şəxs onu şadlıq sarayının foyesində və həyətində döyüb. Vaqifin həmin vaxt Elçini nə səbəbə döyməsini, orada həmin vaxt kimlərin olmasını bilməmiş, çünki toydan sonra o, nə Elçini, nə də Vaqifi görməmiş, bu barədə də onlarla arasında heç bir söhbət olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayon Polis Şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı Şəkərli kəndində yerləşən “Şirvan” şadlıq sarayının yaxınlığında adını bilmədiyi şəxs onu döyüb xəsarət yetirmişdir. 11 dekabr 2023-cü il tarixli baxış protokolu və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, göstərilən hadisə Salyan rayonu, Yenikənd kəndində yerləşən "Şirvan" sadlıq sarayının foyesində və qarşısında baş verməklə həmin ərazi ictimai yerdir. 11 dekabr 2023-cü il tarixdə Salyan rayonu, Yenikənd kəndində yerləşən "Şirvan" sadlıq sarayında baş vermiş hadisənin kamera görüntülərinin qeydə alındığı bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs həmin gün heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qarşı qərəzli xuliqanlıq hərəkətləri edərək onu döyməsi faktı bir daha öz təsdiqini tapmışdır. Məhkəmə-tibb ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 652 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alın nahiyyəsinin, sol göz orbitasının, sol almacıq nahiyyəsinin qançırları, alt dodağın selikli qişasının şişkinliyi, qansızması, alt çənədə diş dibinin qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə yumruqla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərarın surətindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999cü il tarixdə Azərbaycan Respublikası CM-nin 50-2-ci maddəsinə əsasən əməyə mütləq cəlb edilməklə 03 il 01 ay müddətinə şərti azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Salyan rayon İHB-nın Xalac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 20 fevral 2024-cü il tarixli, 5-71-22/2-216/2024 nömrəli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs Salyan rayonu, Xalac kəndində yaşadığı və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, keçirilmiş üzləşdirmə, məhkəmə-tibbi ekspertizasının rəyi cinayət işi üzrə sübut növü kimi tanınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə saat 19 radələrində qohumu Şahid3 Salyan rayonu, Yenikənd kəndində yerləşən "Şirvan" şadlıq sarayında oğlu üçün təşkil etdiyi toy şənliyinə gəlib həmin şənlikdə iştirak etdikdən sonra saat 22 radələrində şadlıq sarayının foyesinə çıxan zaman orada dayanaraq öz mobil telefonuna gələn zənglərə baxıb sonra evinə getmək istəyən, əvvəldən tanımadığı Zərərçəkmiş şəxs görüb ona yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan söz atıb sataşmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs sifət nahiyyəsinə sillə və yumruqla qəsdən zərbələr endirib sonra onun başını şadlıq sarayının foyesindəki şirniyyat və müxtəlif içkilərin satıldığı köşkün açıq hissəsindən içəri salaraq yumruqla sonuncuya çoxsaylı zərbələr endirməklə öz hərəkətlərini davam etdirmiş, həmin vaxt onun bu hərəkətlərini görüb şadlıq sarayının zal hissəsindən foyeyə çıxan şəxslərin köməkliyi ilə əlindən alınaraq çölə çıxarılan Zərərçəkmiş şəxs şadlıq sarayının həyətində yenidən tutaraq yerə yıxıb dizini üzərinə qoyduqdan sonra onun sifət nahiyyəsinə yumruqla qəsdən zərbələr endirməklə Zərərçəkmiş şəxs alın nahiyyəsinin, sol göz orbitasının, sol almacıq nahiyyəsinin qançırları, alt dodağın selikli qişasının şişkinliyi, qansızması, alt çənədə diş dibinin qansızması ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən,cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən,cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını və 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və zərərçəkmiş şəxslə barışmışdır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən yaşayış ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 01 (bir) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu, Xalac kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs X1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar