Məhkəmə qərarları › İş №1(057)-51/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-51/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-51/2024 02.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 197, ev 1 mənzil 7-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Gülüstan küçəsi 14-də yerləşən fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 2023-cü il avqustun 27-də səhər saat 08 radələrində Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində kənd yolunda idarə etdiyi “Toyota Prius” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol kənarında otlaq sahədə həmin qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus bir neçə baş xırdabuynuzlu heyvan olan quzuları görüb avtomobili heyvanların yaxınlığına sürüb saxlayaraq avtomobildən düşmüş, həmin quzulardan 200 (iki yüz) manat dəyərində 1 (bir) baş 7 aylıq, 13 kiloluq, dişi cinsli quzunu tutub avtomobilin arxa yük yerinə atdıqdan sonra avtomobilə oturub həmin yerdən uzaqlaşmaq istədikdə Zərərçəkmiş şəxs uca səslə qışqıraraq ona məxsus əmlakın talanması ilə bağlı əhatə olunan hüquqazidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, buna əhəmiyyət vermədən avtomobili idarə edib oradan uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 200 (iki yüz) manat dəyərində 1 (bir) baş quzusunu açıq talamaqla soyğunçuluq cinayət əməlini törətmişdir.X2 törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla bir daha öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 27 avqust 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən saat 05 radələrində şirkətdən Salyan rayonu Qarabağlı kəndi ərazisinə sifariş gəlmişdir. Həmin vaxt o, sifariş verən bir ailəni Bakı şəhəri Yasamal rayonunda yerləşən “Günəş” petrolun yaxınlığından götürüb Salyan rayonu Qarabağlı kəndi ərazisinə yola düşmüşdür. Saat 07:30 radələrində Salyan rayonu Qarabağlı kəndi ərazisinə çatıb həmin şəxsləri avtomobildən düşürmüşdür. Bundan sonra Bakı şəhərinə qayıtmışdır. Həmin gün saat 08 radələrində qəsəbə ərazisində Kür çayının sahilindən keçərkən ətrafda bir neçə baş xırdabuynuzlu heyvan olan qoyunların otladığını və həmin vaxt ətrafda heç kimin olmadığını görmüşdür. O ətrafda heç kimin, o cümlədən heyvanların sahibinin olmadığını görüb avtomobildən düşmüş və 1 baş quzunu tutub avtomaşının arxa yük yerinə atmışdır. Daha sonra o, tez avtomobilinə minib oradan uzaqlaşmaq istədikdə, bir neçə metr aralıda bir nəfər kişinin uca səslə qışqıraraq dayanmasını tələb etmiş, lakin sürüb getmişdir. Bundan sonra həmin quzunu Bakı şəhərinə aparıb Yasamal rayonu ərazisində tanımadığı şəxsə 150 manata satmışdır. Daha sonra Salyan Rayonu Polis Şöbəsinə gəldikdə taladığı quzunun Salyan rayonu Qaraçala qəsəbəsi sakini Zərərçəkmiş şəxs məxsus olduğunu bilmişdir. Bir daha bildirmişdir ki, törətdiyi cinayət əməlinə görə çox peşmandır. Zərərçəkmişə dəymiş ziyanı ödəmiş, sonuncu ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yer barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən məhkəmə baxışından onun ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, Salyan rayonu Qaraçala qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Hazırda Salyan rayonu Suvarma Sistemləri İdarəsində baş maşinist vəzifəsində işləyir. Özünə məxsus 2 baş iribuynuzlu və 22 baş xırdabuynuzlu heyvanı olmuşdur. Hər gün saat 08 radələrində heyvanları yaşadığı evdən 200 metr aralıdan keçən Kür çayının sahilinə aparıb orada otlamaları üçün qoymuşdur. Günorta saatlarında isə yaşadığı evə gələrkən heyvanları da həyətinə aparmışdır. 27 avqust 2023-cü il tarixdə saat 08 radələrində eyni qaydada heyvanları Kür çayının sahilinə aparmışdır. Həmin vaxt 2 baş iri buynuzlu heyvanı yolun kənarında olmuşdur. Qoyunlar da Kür çayının sahilində qalmışdır. İnəklərə tərəf getdiyi vaxt “Toyota Prius” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoyunlara tərəf gəlib dayandığını görmüşdür. İlk öncə elə bilmişdir ki, həmin avtomobil asfalt yolda dönüb getmək istəmişdir. Lakin, sürücünün həmin avtomaşının arxa tərəfini qoyunların içərisinə sürdüyünü, sonra isə sürücünün avtomaşından yerə düşüb qoyunların içərisinə cəld girərək 1 baş 7 aylıq, 13 kiloluq dişi cinsli quzunu tutub avtomaşının arxa yük yerinə atdığını görmüşdür. Ətrafda da başqa şəxs olmamışdır. O da tez avtomaşına tərəf qışqıraraq avtomaşını saxlamasını demişdir. Lakin, həmin şəxs onu eşitsə də, cəld avtomaşına minib oradan uzaqlaşmışdır. Həmin vaxt aralarında 5-6 metr olmaqla onun dediklərini eşitməklə bərabər onu görsə də, dediklərinə əhəmiyyət verməmişdir. Həmin vaxt o, avtomobilin dövlət qeydiyyat nişanını götürdüyü üçün avtomaşın uzaqlaşdıqdan sonra DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən 30 dəqiqə keçməmişdir ki, Salyan rayon polis şöbəsindən ona zəng gələrək DİN-nin “102” xidmətinə etdiyi şikayətlə bağlı polis şöbəsinə dəvət edilmiş və bu barədə ərizə ilə müraciət etmişdir. 29 avqust 2023-cü il tarixdə onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasının ikinci mərtəbəsində ona “Toyota Prius” markalı avtomaşının sürücüsünü təqdim etmişlər və o həmin sürücünü tanımışdır. Həmin vaxt bilmişdir ki, iki gün əvvəl ona məxsus 1 baş quzunu kənd ərazisindən aparmış, üzdən tanıdığı şəxs Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 197, ev 1 mənzil 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən qoyunun götürülməsi nəticəsində ona dəymiş olan 200 manat maddi ziyan həmin vaxt onun tərəfindən ona ödənildiyi üçün o da bu barədə ərizə ilə müraciət etmişdir. O, əvvəl verdiyi izahat və ifadəsində əsəbi olduğu üçün hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qabaq yan oturacaqda daha bir şəxsin olduğunu və həmin şəxsin Təqsirləndirilən şəxsla birlikdə avtomobildən düşüb ona məxsus quzunu götürərək avtomobilin arxa yük yerinə mindirib oradan uzaqlaşdığını düzgün bildirməmişdir. Həmin vaxt avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən tək düşərək ona məxsus bir baş quzunu götürüb avtomobilin arxa yük yerinə atmış və avtomobili sürüb tez oradan uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 27 avqust 2023-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in “102” xidmətinə və Salyan RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün səhər saat 08 radələrində yaşadığı evin yaxınlığından keçən Kür çayının sahilində özünə məxsus xırdabuynuzlu heyvan olan qoyunlarını otararkən həmin vaxt oradan keçən Toyota Prius markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili saxlayaraq qoyunların içərisindən 200 manat dəyərində 1 (bir) baş dişi cinsli quzunu tutub avtomobilin arxa yük yerinə ataraq oradan uzaqlaşdığını bildirmişdir. Faktla əlaqədar aparılmış araşdırma nəticəsində avtomobilin sürücüsünün xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 197, ev 1 mənzil 7-də qeydiyyatda olmaqla Bakı şəhərində kirayədə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra 29 avqust 2023-cü il tarixdə Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu yer müəyyən olunmuş və onlar tərəfindən saxlanılaraq Salyan rayon polis şöbəsinə gətirilmişdir. Şöbədə aparılmış söhbətlər zamanı və təhqiqatçıya verdiyi izahatında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək 27 avqust 2023-cü il tarixdə səhər saat 08 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində Zərərçəkmiş şəxs məxsus 1 (bir) baş dişi cinsli quzunu tutub etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə ataraq oradan uzaqlaşdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, taladığı bir baş quzunu Bakı şəhəri ərazisində tanımadığı şəxsə 150 manata satmış və pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunmuş 27 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, 27 avqust 2023-cü il tarixdə səhər saat 08 radələrində Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində Kür çayının yaxınlığında həmin qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus heyvanlar otlayarkən Toyota Prius markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili heyvanların yaxınlığına sürüb oradan Zərərçəkmiş şəxs məxsus 1 (bir) baş dişi cinsli quzunu tutaraq avtomobilin arxa yük yerinə atmış, həmin vaxt yaxınlıqda olan Zərərçəkmiş şəxs qışqıraraq ona dayanmasını desə də, sürücü tez idarə etdiyi avtomobili sürüb oradan uzaqlaşaraq getmişdir. Salyan rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin 14 fevral 2024-cü il tarixli məktubundan görünür ki, 2023-cü ilin avqust ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 1 (bir) baş 7 aylıq, 13 kiloluq, dişi cinsli quzu 200 (iki yüz) manat dəyərində olmuşdur. DİN-in BDYPİ-nin mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Toyota Prius markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə etibarnamə əsasında Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 197, ev 1 mənzil 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibar edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 200 (iki yüz) manat maddi ziyan Zərərçəkmiş şəxs tam ödənilmiş və barışdıqları üçün ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3, 66.5-ci maddələri ilə təqsirli bilinib 01 il 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 01 ay 11 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, 59.1.12-ci maddəsinə zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. : Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, təqsirli bilinib həmin maddənin sanksiya həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00dan ertəsi gün saat 06:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə olduğu iki gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzaərti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar