Məhkəmə qərarları › İş №1(057)-52/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-52/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-52/2023 14.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1984-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsilə təqsirli bilinib 02 il 11 ay 22 gün müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 119, mənzil 13-də qeydiyyatda olan, faktiki olaraq Salyan rayonu İkinci Varlı kəndində yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlkını ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dövlət Sosial Müdafiə Fondu” X10 6 saylı Regional Ərazi Filialında ştatdankənar referent vəzifəsində işləyərkən, yəni 2021-ci il oktyabrın 25də öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlkını ələ keçirmək məqsədi ilə Şahid vasitəsilə tanış olduğu Salyan şəhəri, 20 yanvar küçəsi ev 24-də yaşayan qohumu Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və ona pensiya düzəldəcəyi barədə əvvəlcədən yalan vəd verməklə aldadıb inandırdıqdan sonra həmin tarixdə saat 19 radələrində Salyan şəhəri, H.Əliyev küçəsində Şahid və Zərərçəkmiş şəxs ilə sonuncunun “Mercedes ML” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda görüşüb Zərərçəkmiş şəxs məxsus 1500 manat pulu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilənəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 119, mənzil 13-də qeydiyyatda olsa da, faktiki olaraq ailəsilə birlikdə Salyan rayonu İkinci Varlı kəndində yaşayır, ali təhsillidir. 2022-ci ilin fevral ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dövlət Sosial Müdafiə Fondu” X10 2 saylı X2 ştatdankənar referenti vəzifəsində işləmişdir, hazırda işsizdir. İşlədiyi vaxt, yəni 2021-ci ilin oktyabr ayının ortalarında Şahid onun işlədiyi Dövlət Sosial Müdafiə Fondunun binasının qarşısında onunla görüşüb qohumuna pensiya düzəltməkdə kömək etməsini xahiş etmişdir. Borcu olduğu üçün heç bir problem olmadığını demişdir. Zaur bildirmişdir ki, qohumu Süleyman ilə birlikdə onunla görüşüb söhbət edəcəklər. Bir neçə gündən sonra, yəni 2021-ci ilin oktyabr ayının 25-də Zaur və Süleymanla görüşmüş və həmin söhbət zamanı Süleyman ona bildirmiş ki, özünə pensiya düzəltmək istəyir. Süleymana pensiya düzəldə biləcəyini və bu işdə 2000 manat lazım olacağını bildirmişdir. Süleyman etiraz etməyib razılaşıb bildirmişdir ki, əvvəlcə yalnız 1500 manatı verə biləcək, qalan 500 manatı isə pensiyası düzəldikdən sonra verəcəkdir. Həmin gün saat 19 radələrində Salyan şəhəri, Heydər Əliyev küçəsində Süleymanın idarə etdiyi “Mercedes ML” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. O, aralarında olmuş söhbət zamanı bir daha Süleymanı əmin etmişdir ki, 2-3 ay ərzində pensiya məsələsini həll edəcəkdir. Bundan sonra Süleyman öz cibindən pul dəstini çıxardıb ona uzatmışdır, o pulu alıb saydıqda 1500 manat olduğunu görüb pulu öz cibinə qoymuşdur. Bundan sonra Zaur və Süleyman ilə vidalaşıb avtomobildən düşüb oradan getmişdir. Süleymandan aldığı 1500 manat ilə öz borcunu və kreditini ödəmişdir. Əlinə pul keçdikdə Süleymanın 1500 manatını geri qaytarıb pensiya məsələsinin alınmadığını deyəcəkdir. Bu səbəbdən hər dəfə Zaur və Süleyman ona zəng etdikdə onlara darıxmamağı, bir qədər gözləmələrini, yaxın günlərdə Süleymanın pensiya məsələsinin müsbət həll olunacağını yalandan demişdir. Bu minvalla 2022-ci ilin oktyabr ayında xəbər tutmuşdur ki, artıq Zaur və Süleyman onun barəsində Salyan rayon Polis Şöbəsinə şikayət etmişlər. Hazırda Zərərçəkmiş şəxs vurulmuş ziyan tərəfindən tam olaraq ödənilmişdir. Bunda əlavə vurulmuş ziyanın iyirmi beş fayizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirimiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 24-də yaşayır, Az.DDYİ QSC-nin X3 İdarə edilməsi sahəsinin teplovoz maşinisti vəzifəsində işləyir. Şahid onun qaynıdır, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 2021-ci ilin oktyabr ayından etibarən qaynı Zaurun vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin yay aylarında özünə pensiya düzəltmək üçün “Dost Mərkəzi”-nə müraciət etmişdir, lakin rədd cavabı aldıqdan sonra dost-tanışa müraciət edib bu işdə ona kömək edə biləcək adamların axtarışına başlamışdır. Eşitmişdir ki, Salyan rayon Dövlət Sosial Müdafiə Fondunda işləyən Neymət adlı şəxs pensiya düzəltməkdə kimlərəsə köməklik etmişdir. Bu barədə qaynı Zaura dedikdə, Zaur da Neyməti tanımadığını, lakin soraqlaşıb Neymət ilə görüşüb onun pensiyası barədə söhbət edəcəyini demişdir. Bir neçə gündən sonra Zaur ona demişdir ki, Neymət ilə görüşüb onun problemini danışmışdır və Neymət bu işdə kömək edə biləcəyinə söz vermişdir. Bu səbəbdən 2021-ci ilin oktyabr ayının 25-də qaynı Zaur ilə birlikdə Neymət ilə görüşmüşlər. Söhbət zamanı Neymət Salyan rayon Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı olduğunu deyib ona pensiya düzəldə biləcəyini və bu işdə 2000 manat lazım olacağını demişdir. Həmin gün, yəni 2021-ci il oktaybrın 25-də qaynı Zaur ilə birlikdə özünə məxsus “Mersedes ML” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saat 19 radələrində Salyan şəhəri Heydər Əliyev prospektinə gəlib Neymət ilə görüşmüşlər. O, cibindən 1500 manatı çıxardıb qaynı Zaurun yanında Neymətə vermişdir. Neymət pulu alıb sayıb öz cibinə qoyub bir daha bildirmişdir ki, həmin ilin dekabr ayından etibarən pensiya alacaqdır. Lakin, dekabr ayında bir xəbər çıxmadığını görüb Neymət ilə telefon əlaqəsi saxlamağa başlamışlar. Hər telefon danışığı zamanı Neymət darıxmamağı, yaxın günlərdə onun pensiya məsələsi müsbət həll olunacağını demişdir. Son dəfə 2022-ci ilin mart ayının əvvəllərində telefon danışığı zamanı Neymət bildirmişdir ki, 28 mart 2022-ci il tarixdən etibarən ona pensiya təyin ediləcəkdir. Lakin, həmin məlumat da yalan olmuşdur və bundan sonra Neymət ilə əlaqə saxlayıb danışa bilməmişlər. Neymət tərəfindən aldadıldığını başa düşüb qaynı Zaurdan xahiş etmişdir ki, Neymət barəsində polisə şikayət ərizəsi yazsın. Hazırda təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyinə görə heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin 24 saylı rels qaynaqlama qatarı sahəsində operator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər qiyabi tanımışdır. Zərərçəkmiş şəxs onun yeznəsidir. 2021-ci ildə Süleymanın 58 yaşı tamam olduğuna görə özünə pensiya düzəltmək üçün kömək edə biləcək adamların axtarışına başlamışdır. Həmin vaxtlar öyrənmişdir ki, Salyan şəhərindəki sosial müdafiə fondunda işləyən Təqsirləndirilən şəxs bu kimi işlərlə məşğuldur. 2021-ci ilin oktyabr ayının ortalarında yeznəsi Süleyman ilə birlikdə Salyan şəhərindəki çayxanalardan birində Neymət ilə görüşmüşlər və Süleymana pensiya düzəltmək üçün nə kimi kömək edə biləcəyini soruşmuşlar. Neymət Süleymana pensiya düzəldə biləcəyini və bu işdə 2000 manat pul lazım olacağını bildirmişdir. Süleyman bildirmişdir ki, əvvəlcə yalnız 1500 manatı verə biləcəkdir, qalan 500 manatı isə pensiyası düzəldikdən sonra verəcəkdir. Neymət də Süleymanın dedikləri ilə razılaşmışdır. Həmin gün axşam saatlarında yenidən Neymət ilə görüşüb 1500 manatı vermişlər. Dekabr ayından etibarən Süleyman artıq pensiya alacaqdır. Lakin, həmin vaxtdan 2 ay keçdikdən sonra Süleymanın pensiya məsələsindən bir xəbər çıxmadığını görüb Neymət ilə mütəmadi telefon əlaqəsi saxlamağa başlamışlar. Son dəfə 2022-ci ilin mart ayının əvvəllərində Neymət telefon danışığı zamanı bildirmişdir ki, 28 mart 2022-ci il tarixdən etibarən Süleymana pensiya təyin ediləcəkdir. Lakin, həmin məlumat da yalan olmuşdur və bundan sonra nə özü, nə də Süleyman Neymət ilə əlaqə saxlayıb danışa bilməmişlər, çünki təxminən 2-3 ay ərzində Neymətin telefonuna ümumiyyətlə zəng çatmamışdır. Süleyman öz işi ilə bağlı çox vaxt ölkənin digər rayolarında olduğundan DİN-in “102” xidmətinə telefon məlumatını və Salyan rayon Polis Şöbəsinə şikayət ərizəsini o öz adından yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbu edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Salyan Rayon Məhkəməsinin 4(057)-88/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Salyan rayon PŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə istintaq edilmiş ********* №-li cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 1(057)-153/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji, ruhi-əsəb və ya hər hansı digər xəstəliklər üzrə qeydiyyatda yoxdur. Salyan Rayon İcra Hakimiyyəti "xxxx" MMC tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 3 azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 03 dekabr 2020-ci il tarixli, **********9 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin əmrə əsasən Fondun 6 saylı regional ərazi filialının ştatdankənar referenti vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 21 fevral 2022-ci il tarixli, **********6 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin əmrə əsasən əmək müqaviləsinin müddəti qurtardığına görə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2022-ci il tarixli Salyan Rayon İcra Hakimiyyəti "xxxx" MMC tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamış və onun himayəsində iki nəfər azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs 13 mart 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil, ona dəymiş zərər tam ödənilib, şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs (X6 vasitəsi ilə) tərəfindən 375 manat dövlət büdcəsinə ödənilmişdir Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, şahidin ifadəsini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyası daxilində nəzərdə tutulmuş cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 178.2.3-cü maddəsi ilə törətdiyi cinayət əməlini etiraf etməsini, himayəsində 3 nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinirək 02 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Həmin hökm qanuni qüvvəsini almışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 21529/04 saylı məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 02 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə qəbul edilmiş lakin məhkum yenidən cinayət törətdyi üçün qeydiyyatdan keçməmiş və cəzasından heç bir hissəsini çəkməmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə əlaqədar olmadığından onun tərəfindən hazırki iş üzrə yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ittiham olunan əməllərə görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2- ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayətin nəticəsində zərərçəkmiş şəxslə barışması, dəymiş ziyanı tamamilə ödəməsi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Salyan rayon Vəkil Bürosunun vəkili X7 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Qərarın surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar