Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-60/2024 17.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2001-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, Salyan rayonu, Aşağı Kürkənd kəndində pasport qeydiyyatında olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, başqasının sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 20 iyul 2023-cü il tarixdə saat 20 radələrində Salyan regional “ASAN xidmət” mərkəzinin həyətyanı sahəsinin idman alətləri yerləşən hissəsində Salyan şəhər sakini Zərərçəkmiş şəxs ilə boks əlcəkləri ilə məşq etməzdən əvvəl Zərərçəkmiş şəxs üz və burun nahiyəsinə vurmayacağı barədə qabaqcadan şərt kəsməsinə baxmayaraq, qoyulan şərtə əməl etməyərək məşq zamanı Zərərçəkmiş şəxs burun nahiyəsinə bir neçə dəfə ardıcıl yumruq zərbələri atdığı üçün sonuncu məşqin dayandırılması barədə xəbərdarlıq edib başı aşağı halda əlcəkləri əlindən çıxararkən anidən onun çənə nahiyəsinə qəsdən bir dəfə təpiklə dönmə zərbəsi vuraraq Zərərçəkmiş şəxs çənəsinin sol oynaq çıxıntısının sınığı və sinfiz nahiyəsinin yerini dəyişən sınığı kimi xəsarətlər almaqla sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə axşam saat 20 radələrində həmişə olduğu kimi idmanla məşq edərkən Zülfüqar tanışı Nurlanla birlikdə “Asan Xidmət”-in həyətyanı sahəsinə gəlmişlər. Həmin vaxt Nurlan əllərində əlcəklər olmaqla əlbəyaxa döyüş idman növü ilə məşq etmək istəmişdir. Zülfüqar isə özü tək idman alətlərində məşq etmişdir. Bir az sonra Nurlan ona yorulduğunu və onun Zülfüqar ilə məşq etməsini bildirmişdir. Zülfüqar onunla məşq etməyə başlayarkən burnunda problem olduğu üçün əməliyyat olunduğunu və burununa vurmamağı bildirmişdir. O da öz növbəsində müharibədə ağ ciyərindən xəsarət aldığı üçün ona bədəninin sol tərəfinə vurmamağını demişdir. Məşq zamanı sağ ayağı ilə Zülfüqara dönmə zərbəsi atmış, zərbə Zülfüqarın çənə nahiyəsinə dəymiş və sonuncu yerə yıxılmışdır. Daha sonra o, Zülfüqarı ayıldıb üzünə su vurmuş və ona etdiyi hərəkətə görə üzrxahlıq etmişdir. Zərərçəkmişə qəsdən vurub xəsarət yetirməmişdir.Törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını qeyd edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, Salyan şəhəri B.Talıblı küçəsi ev 1A mənzil 3-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə getmiş və xidmətdə olduğu zaman Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Özü sərbəst güləş idman növü ilə məşğul olmaqla bərabər həvəskar kimi digər əlbəyaxa idman növləri ilə də məşğul olmuşdur. Qeyd etmişdir ki, o, adətən, hər gün qonşuluğunda yaşayan, tanışı Şahid1 ilə yaşadığı evin yaxınlığında yerləşən “Asan Xidmət”-in həyətyanı sahəsində olan idman alətləri ilə məşq etmişdir. O, yaşadığı evin yaxınlığında, Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayan Təqsirləndirilən şəxs üzdən çoxdandır ki, tanısa da, onunla heç bir şəxsi münasibəti, həmçinin ədavət və ziddiyyəti olmamışdır. O, tanışı Nurlanla “Asan Xdimət”-in həyətyanı sahəsində yerləşən idman alətlərində məşq edərkən Muhəmmədəlini də bir-iki dəfə oraya gəldiyini görsə də, lakin onunla münasibəti olmadığından məşq etməmişdir. Muhəmmədəli adətən, Nurlanla məşq etmişdir. 20 iyul 2023-cü il tarixdə axşam saat 20 radələrində yenə də həmişə olduğu kimi məşq etmək üçün tanışı Nurlanla birlikdə “Asan Xidmət”-in həyətyanı sahəsinə gəlmişlər. Həmin vaxt Muhəmmədəli də orada məşq etmişdir. Onlar oraya getdikdən sonra Nurlan Muhəmmədəli ilə boks əlcəkləri ilə əlbəyaxa məşq etməyə başlamışdır. O isə özü tək idman alətlərində məşq etmişdir. Bir az sonra Nurlan ona yorulduğunu və onun Muhəmmədəli ilə məşq etməsini bildirmişdir. O isə bir müddət əvvəl burnundan plastik əməliyyat olunduğu üçün problem olduğundan əlbəyaxa məşq etməkdən imtina etmişdir. Bu zaman Muhəmmədəli ona “qorxursan” deyə bildirib məşq etməkdə israr etmişdir. Bundan sonra o, məcbur qalıb onunla əlbəyaxa məşq etməyə razılıq versə də, şərt kəsmişdir. O, Muhəmmədəliyə burnuna vurmamasını və yalnız bir-birilərinin çiyin nahiyələrinə vuraraq məşq etməyi bildirmiş və o da onunla razılaşmışdır. Bundan sonra o, boks əlcəyini geyinmiş və Muhəmmədəli ilə məşq etməyə başlamışdır. Məşq zamanı Muhəmmədəli burnuna bir neçə dəfə ardıcıl yumruq zərbələri vurduqda, məşqi saxlayıb onu kənara itələyərək məşq etməkdən imtina etmişdir. Daha sonra başı aşağı əlində olan əlcəkləri çıxarmış və məşq artıq bitmişdir. Həmin vax anidən Muhəmmədəli güclü təpik zərbəsi ilə onun çənə nahiyəsindən bir zərbə vurmuş və zərbənin təsirindən o, huşunu itirib yerə yıxılmışdır. O, yarım saat ərzində huşsuz vəziyyətdə yerdə qalmışdır. Ətrafda olan şəxslər su gətirmiş və Nurlanın köməkliyi ilə birtəhər özünə gəlmişdir. Bundan sonra Nurlan və ətrafda olan şəxslərin köməkliyi ilə yaşadığı evə gətirilmişdir. Növbəti gün yəni 21 iyul 2023-cü il tarixdə atası Rövşən onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparmış və zərbənin təsirindən çənə nahiysinin 3 yerdən sındığı üçün əməliyyat olunmuşdur. Daha sonra 25 iyul 2023-cü il tarixdə atası Rövşənlə birlikdə Salyan rayon polis şöbəsinə gəlmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı yanlarında tanışı Şahid1, yetkinlik yaşına çatmayan Şahid2 da olmuşdur. Nurlan və Nihad baş vermiş hadisəni birbaşa görmüşdür. Muhəmmədəli məşq zamanı şərti pozub onun burun nahiyəsinə yumruq zərbəsi vurduğu üçün o, məşqi dayandırmış və əlcəyi əlindən çıxarmışdır. Həmin vaxt Muhəmmədəli qəsdən onun çənə nahiyəsindən güclü təpik zərbəsi vurmuş və o ciddi xəsarət almışdır. Bir daha bildirmişdir ki, aldığı xəsarətin məşqlə heç bir əlaqəsi yoxdur və Muhəmmədəli qəsdən onun çənə nahiyəsinə təpik zərbəsi ilə vurub xəsarət yetirmişdir.O, ilkin ərizə və izahatında hadisənin 21 iyul 2023-cü il tarixdə baş verdiyini bildirsə də, həyəcanlı olduğu üçün belə bildirdiyini və hadisənin əslində 20 iyul 2023-cü il tarixdə axşam saat 20 radələrində baş verdiyini bildirmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 29 iyul 2023-cü il tarixli 351 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – çənənin sol oynaq çıxıntısının sınığı və sinfiz nahiyəsinin yerini dəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. 28 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, 20 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Salyan regional “ASAN xidmət” mərkəzinin həyətyanı sahəsinin idman alətləri yerləşən hissəsində Zərərçəkmiş şəxs təpik zərbəsi ilə vuraraq ona xəsarət yetirmişdir “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 08 fevral 2024-cü il tarixli, 18-1-68/2-250/2024 nömrəli məktubundan görünür ki, Salyan rayonu Aşağı Kürkənd kənd sakini, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayəti və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, müharibə iştirakçısı olması, 2-ci qrup əlil olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuş,o, təqsirli bilinib həmin maddənin sanksiya həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə on faiz məbləğdə pul tutulmaqla altı ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Azərbaycan Respubliakası CİM-nin 45.1-ci maddəsinə əsasən işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-60/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-60/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver