Məhkəmə qərarları › İş №1(057)-62/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-62/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-62/2023 04.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X14 Yaqub oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X9 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 16 mənzil 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 22 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Salyan şəhəri X.R.Ulutürk küçəsi ərazisində yaşadığı binanın yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli dəri gödəkçəsinin sol yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,165 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, əvvəllər müəyyən vaxtlarda narkotik vasitələrdən istifadə etmiş, hazırda isə bir müddətdir ki, narkotik vasitələrdən istifadə etmir. 20 dekabr 2022-ci il tarixdə Salyan şəhəri X.R.Ulutürk küçəsi ərazisində yaşadığı binanın yaxınlığından keçərkən yerdə kağız bükümlər tapmış, həmin bükümlərə baxdıqda içərisində narkotik maddələr olduğunu görmüşdür. Tapdığı 2 ədəd kağız bükümdə olan narkotik maddələri qəbul etmək üçün cibinə qoymuşdur. 22 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Salyan şəhəri ərazisində yaşadığı binanın yaxınlığında olarkən polis əməkdaşları onu saxlamış və Salyan RPŞ-nin inzibati binasına gətirmişlər. Burada ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulması elan olunmuş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra o, könüllü şəkildə üzərində olan iki ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi həmin bükümlərin içərisinə baxıldıqda oradan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Üzərindən aşkar edilmiş 2 ədəd bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən qablaşdırılmış, möhürlü kağızla ağzı möhürlənmiş və o, üzərini imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etməkdə məqsədi onu qəbul etmək olmuş, həmin maddələrdən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır. Bir daha belə hüquqazidd hərəkətlərə yol verməyəcək. Hazırda müxrəlif xəstəliklərdən əziyyət çəkir. Belə ki, onun ayağında tromb var, vərəm xəstəsidir, qaraciyərində Hepatit C, Hepatit B, mədəaltı vəzisində şiş aşkarlanmışdır. Həmçinin anasının da gözləri görmür, ona özü qulluq edir. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 20:00 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri X.R.Ulutürk küçəsi ərazisində yaşadığı evin yaxınlığında olduğunu müşahidə edib onu saxlayaraq Salyan RPŞ-nin inzibati binasına aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya cinayət xarakterli əşya və ya predmet vardırsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan iki ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin və "patı" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitələri iki gün əvvəl yaşadığı binanın yaxınlığında yerdən tapdığını, özü qəbul etmək üçün üzərində saxladığını, həmin narkotik vasitələrdən başqa şəxsə satmadığını və satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş bükümlərdə olan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələr məhkəməkimyəvi ekspertizasına təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmış, ağzı möhürlənmiş, iştirakçılar tərəfindən üzəri imzalanmış və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixdə saat 20:40-da Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 22 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa, təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli dəri gödəkçəsinin sol yan cibindən iki ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin və "patı" kimi tanıdığı psixotrop maddə metamfetamin vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərin içərisinə baxıldıqda orada qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə heroinə bənzər və ağ rəngdə, kristalik şəkildə, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 2 ədəd kağız bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin özünə məxsusdur, həmin maddələri iki gün bundan əvvəl yaşadığı binanın yaxınlığında yerdən tapmış, özü qəbul etmək üçün üzərində saxlamışdır. Həmçinin bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Şəxsi axtarış zamanı elektron tərəzi vasitəsilə çəkildikdə narkotik vasitə heroinə oxşar kütlənin çəkisinin 0,19 qram və psixotrop maddə metamfetaminə oxşar kütlənin çəkisinin 0,15 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələrin olduğu kağız bükümlər iş üçün əhəmiyyət kəsb etdiyindən məhkəməkimyəvi ekspertizasına təqdim edilməsindən ötrü kağız paketdə qablaşdırılmış, üzərində “DİN Zərflər üçün N-113” sözləri əks olunmuş möhürlü kağızla möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı “Redmi” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 dekabr 2022-ci il tarixli 18/1335 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,165 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,075 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi– 0,165 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq – 0,115 qram, metamfetaminin təmiz çəkisi– 0,075 qram, tədqiqata sərf edildi - 0.03 qram, qalıq – 0,045 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli 18/1335 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1311 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 11:30-da sonuncuya elan olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmadan azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından və eyni tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,115 qram çəkidə narkotik vasitə heroin, 0,045 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 01 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 0,115 qram çəkidə narkotik vasitə heroin, 0,045 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmişdir. İstintaq zamanı 22 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,075 qram psixotrop maddə metamfetamıni qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edib üzərində saxlayaraq daşımasına görə əməlində inzibati xəta tərkibi müəyyən edildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Salyan rayon İH "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 31 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 16, mənzil 20-də yaşayır və onun ailə tərkibi atası 1945-ci il təvəllüdlü X7 və anası 1950-ci il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan Salyan rayon İH "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 7 saylı X13 Komissiyasının xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ağciyərin ocaqlı vərəmi, bərkimə mərhələsi xroniki bronxit, TÇ İİ dərəcə diaqnozu ilə İİİ dərəcəli əllilliyi müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 22 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Salyan şəhəri X.R.Ulutürk küçəsi ərazisində yaşadığı binanın yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli dəri gödəkçəsinin sol yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,165 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, xəstəliyini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 16 mənzil 20-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Taleh Əhmədov əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ağır xəstəlikdən əziyyət çəkir. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,115 qram narkotik vasitə heroin, 0,045 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 16 mənzil 20-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,115 qram narkotik vasitə heroin, 0,045 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sərdlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar