Məhkəmə qərarları › İş №1(057)-65/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-65/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-65/2023 27.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X10 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - X2, müdafiəçi – Salyan Rayon Vəkil Bürosunun vəkili X7 iştirakı ilə xx xxxxxx 1955-ci ildə Salyan rayon Aydıngün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, məhkum olmayan, Salyan rayonu, Yeni Uluxanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 2 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində Salyan rayonu, Yeni Uluxanli kəndində yaşadığı evin yaxınlığında yerləşən ərazidə qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni sonuncunun ondan özünə məxsus torpaq sahəsində olan ot tayalarından istifadə etməməsini tələb etməsi və onun ünvanına nalayiq ifadələr işlətməsi nəticəsində yaranmış mübahisə zamanı yerdən götürdüyü ağac parçası və təpiklə qəsdən Zərərçəkmiş şəxs baş və ayaq nahiyyələrinə zərbələr vuraraq ona alın nahiyyəsinin, sağ baldırın ön səthinin sıyrıq və qançırı, qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, sağ göz almasının kontuziyası ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs X5 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, aralarında əvvəllər normal münasibətləri olmuş, ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. Yaşadığı evin yaxınlığında şəxsi təsərrüfatına aid ferması vardır. Həmin fermanın yerləşdiyi ərazinin sol tərəfində isə Rauf Kərimovun adına olan ev və tövlə yerləşir. 02 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində süd gətirmək üçün gedərkən görmüşdür ki, Zeynalabdin arvadı Südabə ilə birlikdə mal-qara aparır, onun ardınca isə nəvəsi Şahid2 gəlmişdir. Həmin vaxt Zeynalabdin ona səslənərək haraya getdiyini soruşmuş, o isə cavab verməmişdir. Daha sonra Zeynalabdin onun ünvanına nalayiq ifadələr işlətməyə başladıqda özünü saxlaya bilməmiş və Zeynalabdinə qarşılıq vermişdir. Zeynalabdin isə əsəbi halda onun üzərinə gələrək nalayiq ifadələr işlətməyə davam etdiyi üçün əsəblərini cilovlaya bilməmiş əli ilə Zeynalabdini itələmişdir. Həmin vaxt Zeynalabdin onu vurub itələmiş və ondan uzaqlaşmışdır. Eyni zamanda, nəvəsi Akşin onun yanına gəldiyi vaxt Zeynalabdin Akşini də vuraraq itələmişdir. Daha sonra Zeynalabdin onun barəsində şikayət edəcəyini deyərək arvadı Südabə ilə birlikdə yaşadığı evə getmişdir. O da yaşadığı evə gedib baş verənləri oğlu Ramilə danışmış, Ramil isə bundan sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zeynalabdin onu özünə məxsus ot tayalarından istifadə etməyə qoymur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Salyan rayonu Yeni Uluxanlı kəndində onun yaşadığı evin yaxınlığında Rauf Kərimovun adına olan və nəzarətini ona tapşırdığı ev və tövlə yerləşir. Rauf sonradan, yəni 21 noyabr 2022-ci il tarixdə həmin ərazini icarə müqaviləsi əsasında ona vermişdir. Həmin ərazinin sağ tərəfində Dilarəyə məxsus təsərrüfat vardır. 2022-ci il dekabrın 2-də saat 17:00 radələrində arvadı Şahid1 ilə birlikdə otlaq sahəsinə mal-qara aparmaq istədiyi vaxt Dilarə onların yanına gəlmiş, ardınca isə nəvəsi Akşin gəlmişdir. Dilarə ondan nə üçün ot tayalarından istifadə etdiyini soruşaraq onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Dilarəyə ot tayalarının Raufa məxsus olduğunu desə də, lakin Dilarə buna əhəmiyyət verməmiş və nalayiq ifadələr işlətməyə davam etmişdir. Əsəbləşdiyi üçün Dilarəyə eyni sözlərlə qarşılıq verdikdə Dilarə onun üzərinə gələrək yerdən götürdüyü ağac parçası ilə onun başına və ayağına zərbələr vurmuşdur. Həmin vaxt Dilarənin yanında olan nəvəsi Akşin də onların yanına gələrək onu tutmaq istəmiş, o isə özünü müdafiə etmək üçün Dilarəni və Akşini itələyib özündən kənarlaşdırmışdır. Daha sonra yaşadığı evə gedərək dərhal DİN-in 102 Xidmətinə zəng edib məlumat vermişdir. Hadisə baş verən zaman yanlarında arvadı Südabə və Dilarənin nəvəsi Akşin olmuşdur. Dilarənin digər nəvəsi İsgəndər də mübahisədən sonra həmin yerə gəlmişdir. Mübahisə zamanı Dilarə yerdən götürdüyü ağac parçası ilə onun başına və təpiklə ayağına zərbələr endirərək ona xəsarətlər yetirmişdir. Dilarənin günahından keçməmiş, təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, münasibətləri əvvəlki müddətdə yaxşı olub, aralarında ədavət və ya qərəzli münasibət olmamışdır. Mübahisə yaşadıqları evin yaxınlığında olmuşdur. Hadisə baş verən zaman yanlarında Dilarənin nəvəsi Akşin olmuşdur. Dilarənin digər nəvəsi İsgəndər də mübahisədən sonra həmin yerə gəlmişdir. Mübahisə zamanı Dilarə yerdən götürdüyü ağac parçası ilə Zeynalabdinin başına və təpiklə ayağına zərbələr endirərək ona xəsarətlər yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nənəsidir. 02 dekabr 2022-ci il tarixdə o, nənəsilə birlikdə ot tayalarının olduğu yerə getdiyi vaxt yolda görmüşdür ki, Zeynalabdin arvadı Südabə ilə birlikdə mal-qara aparırlar. Həmin vaxt Zeynalabdin nənəsinə səslənərək haraya getdiyini soruşmuş, nənəsi isə ona cavab verməmişdir. Daha sonra Zeynalabdin nənəsinin ünvanına nalayiq ifadələr işlətmiş, nənəsi də Zeynalabdinə qarşılıq vermişdir. Zeynalabdin isə əsəbi halda nənəsinin üzərinə gələrək nalayiq ifadələr işlətməyə davam etmişdir. Həmin vaxt Zeynalabdin nənəsini vurub itələmiş və özündən uzaqlaşdırmışdır. O, nənəsini tutmaq istədiyi vaxt Zeynalabdin onun da üzündən vuraraq əli ilə itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 hadisə baş verən vaxtı kanalın digər üzündə olduğunu, nənəsinin səsini eşitdiyini, ora gedib çatan vaxtı mübahisə edən şəxslərin sakitləşdiyini görmüşdür. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 İsgəndər oğluna hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs onun anası olduğunu ona görə də ifadə vermək istəmədiyini bildirdi. Azərbaycan Respublikası CPM-nin 20.1-ci maddəsinə əsasən, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Cinayət işinin 1-ci vərəqində olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 17-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 3 dekabr 2022-ci il tarixli, 639 nömrəli rəyindən görünür 2004-cü il təvəllüdlü X4 müayinəsi zamanı sifətin sağ nahiyyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinin 18-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 3 dekabr 2022-ci il tarixli, 642 nömrəli rəyindən görünür 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alın nahiyyəsinin, sağ baldırın ön səthinin sıyrıq və qançırı. Qapalı kəllə-beyin travması. Baş beynin silkələnməsi, sağ göz almasının kontuziyası küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə ağacla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Salamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərərvurmaya aiddir. Cinayət işinin 58-ci vərəqində olan Salyan rayonu, Yolüstü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayənədliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X5 özünü kənddə qonşular arasında həmişə normal aparır və ondan heç vaxt ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 61-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 85-88-ci vərəqələrində olan “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 21 fevral 2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs 02 dekabr 2022-ci il tarixdə saat 17 radələrində X2 onu döyüb xəsarət yetirdiyi yeri göstərmişdir. Cinayət işinin 97-101-ci vərəqələrində olan “sübutların qiymətləndirilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittihamın elan olunması və CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanmsı rədd edilmiş, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan rayon PŞ-nə göndərilmişdir. Cinayət işinin 111-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 121-ci vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən X5 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən ittihm aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə, həmçinin təqsirləndirilən şəxs X2 törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X2 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqaüdçü və qadın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdırılan halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X2 göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. X5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrasına nəzarət Salyan rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Salyan Rayon Vəkil Bürosunun vəkili X9 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs X3 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ**********0000002944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar