Məhkəmə qərarları › İş №1(057)-69/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-69/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-69/2025 24.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı oğlunun, Zərəçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan rayonu, Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MüəyyənEtdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2025-ci il aprelin 12-də saat 21 radələrində Salyan şəhəri, İ.Qurbanov küçəsində yerləşən “Həyat Palace” şadlıq sarayında olan zaman zalın girişindəki pul yazılan qutunun üzərindən Salyan şəhəri, N.Nərimanov küçəsi, ev 65-də yaşayan Zərərçəkmiş şəxs məxsus 1400 manat dəyərində olan “İphone 14 Pro” markalı mobil telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1400 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanımır və onunla əvvəldən hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. 2025-ci ilin 12 aprel tarixində Salyan şəhərində yerləşən “Həyat Palace” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmiş və alkoqollu içkilər qəbul etmiş, daha sonra şadlıq sarayının foyesinə çıxmış və zalın girişindəki pul yazılmaq üçün nəzərdə tutulmuş qutunun üzərində olan “İphone 14 Pro” markalı telefonu ilk öncə özünəməxsus olduğunu zənn edərək, götürmüşdür. Daha sonra məclis bitdikdən sonra yaşadığı Salyan rayonu Kürqaraqaşlı kəndində olan evlərinə getmiş, səhər oyandıqda isə qeyd olunan telefonun ona məxsus telefon olmamasının fərqinə varmış, lakin təqdim edəcəyi təqdirdə oğru kimi tanınacağından ehtiyat edərək, cinayət nəticəsində əldə etdiyi və kimə məxsus olduğunu bilmədiyi “İphone 14 Pro” markalı mobil telefonu sındıraraq, evlərinin yaxınlığında yerləşən kollektora atmışdır. Hadisədən qısa zaman sonra Salyan RPŞ-nin əməkdaşları tərəfindən 14 aprel tarixində keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində aşkar olunmuş və şöbəyə aparılmışdır. Orada törətdiyi əməli səmimi etiraf etmişdir. Zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan onun tərəfindən tam olaraq ödənilmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, ziyanın hamısını qaytardığını, himayəsində 1 azyaşlı övladının olmasını, onun ilk dəfədir belə bir əməli törətməsini məhkəmə tərəfindən cəza təyin edərkən nəzərə alınmasını və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanımadığını, onunla əvvəldən hər hansı bir düşmənçiliyi və ədavətinin olmadığnı və əməli törədərkən alkoqollu içkinin təsiri altında olduğundan cinayət əməlini törədərkən dərk etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, 2025-ci ilin 12 aprel tarixində Salyan şəhərində yerləşən “Həyat Palace” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmiş, daha sonra şadlıq sarayının giriş hissəsində yerləşdirilmiş pul yazılmaq üçün nəzərdə tutulan qutunun üzərində toya nəmər saldıqdan sonra məclisi tərk etmiş, nəqliyyat vasitəsində olarkən özünə məxsus mobil telefonunu şadlıq sarayında unudaraq qoymasını bilmiş və yenidən şadlıq sarayına qayıtdıqda isə telefonunun orada olmadığnı görmüş və bu barədə “DİN 102” xidmətinə telefonunun oğurlanmasından şübhələnməsinə dair məlumat vermişdir. Salyan RPŞ-nə dəvət edilmiş orada şikayətə dair ərizə və izahat yazmışdır. Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ona məxsus “İphone 14 Pro” markalı mobil telefonu oğurlayan şəxsin - Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırdı ki, Təqsirləndirilən şəxs tərəfindən hadisənin aşkar olunmasından qısa müddət ərzində ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə olunmuş və ona qarşı hər hansı şikayətinin və mülki iddiasının olmadığını bildirərək, bu barədə məhkəməyə yazılı ərizə təqdim etmək istədiyini qeyd etdi. Həmçinin məhkəmədən cəza təyin edərkən təqsirləndirilən şəxsin cavan olmasını, himayəsində azyaşlı övladının olmasını və ona dəymiş ziyanın tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən zərərin tam ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2025-ci ilin 12 aprel tarixində Zərərçəkmiş şəxs tərəfindən ona məxsus “İphone 14 Pro” markalı mobil telefonun oğurlanması ilə bağlı “DİN 102” xidmətinə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın araşdırılması məqsədi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs müvafiq izahat alınarkən müəyyən edilmişdir ki, 12 aprel tarixdə Salyan şəhərində yerləşən “Həyat Palace” şadlıq sarayında keçirilən toy məclisində iştirak etdikdən sonra, şadlıq sarayının giriş hissəsində olan pul yazılmaq üçün qutunun üzərinə mobil telefonunu qoymuş və məclisə nəmər yazıldıqdan sonra oradan getmişdir. Yalnızca nəqliyyat vasitəsində olarkən mobil telefonunun üzərində olmadını fərqinə varmış və şadlıq sarayına mobil telefonu götürmək üçün qayıtmış, lakin telefonun orda olmadığını görmüş və səlahiyyətli şəxslər tərəfindən telefonun aşkar olunaraq saxlanılmadığını bildikdən sonra “DİN 102” xidmətinə müraciət etmişdir. Keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mobil telefonu oğurlaması müəyyən olunmuş, 14 aprel tarixində rayon Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət olunmuş və o, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “İphone 14 Pro” markalı mobil telefonun oğlurlamasını səmimi etiraf etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, 2025-ci ilin 12 aprel tarixində Salyan şəhərində yerləşən “Həyat Palace” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmiş, Həmin toy şənliyində onun tanıdığı şəxslər çox olmuş, Nicat vəHicra həmin toy şənliyində iştirak etmiş və sonradan öyrənmişdir ki, Nicat sərxoş olmuş və Zərərçəkmiş şəxs telefonunu oğurlamışdır. Lakin o, baş vermiş hadisəni görməmiş, hazırda Təqsirləndirilən şəxs tərəfindən maddi ziyanın tam olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ödədiyini və çərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, 2025-ci ilin 12 aprel tarixində Salyan şəhərində yerləşən “Həyat Palace” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmiş, Həmin toy şənliyində onun tanıdığı şəxslər çox olmuş, Nicat vəHicra həmin toy şənliyində iştirak etmiş və sonradan öyrənmişdir ki, Nicat sərxoş olmuş və Zərərçəkmiş şəxs telefonunu oğurlamışdır. Lakin o, baş vermiş hadisəni görməmiş, hazırda Təqsirləndirilən şəxs tərəfindən maddi ziyanın tam olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ödədiyini və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə hər hansı şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-2-ci vərəqində olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Salyan RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Akif Abdullayevin HK-1/676 saylı material üzrə vermiş olduğu xx.xx.2025-ci il tarixli vəsatəti təmin edilərək, toplanmış material üzrə fakta görə CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 4-cü vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi icraatına qəbul edilərək, istintaqı davam etdirilmişdir. Cinayət işinin 11-15-ci vərəqlərində olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Akif Abdullayev tərəfindən tərtib edilmiş 13 aprel 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokol və foto cədvəldən görünür ki, Salyan şəhəri, İ.Qurbanov küçəsində yerləşən “Həyat Palace” şadlıq sarayına baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs ona məxsus “İphone-14 PRO” markalı mobil telefonun oğurlandığı yeri göstərir. Cinayət işinin 22-27-ci vərəqlərində olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Akif Abdullayev tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokol və foto cədvəldən görünür ki, Salyan şəhəri, İ.Qurbanov küçəsində yerləşən “Həyat Palace” şadlıq sarayına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “İphone-14 PRO” markalı mobil telefonun oğurlandığı yeri və həmin mobil telefonu atdığı şor su kollektorunu göstərir. Cinayət işinin 64-65-ci vərəqlərində olan Salyan rayon İHB-nin Salyan rayonu Kürqaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 aprel 2025-ci il tarixli ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində bir az yaşlı uşağı vardır. Cinayət işinin 66-cı vərəqində olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 24 aprel 2025-ci il tarixli, 18-1-68/2-736/2025 nömrəli məktubundan görünür ki, Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayan, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs psixonevroloji qeydiyyatda yoxdur. Cinayət işinin 68-ci vərəqində olan “Tele doktor” mobil aksesuarları mağazasının 22 aprel 2025-ci il tarixli arayışına əsasən 01 ədəd, tünd bənövşəyi rəngli, “İphone 14 Pro” markalı, 1 sim kartlı, 128 GB yaddaşlı, işlənmiş mobil telefonun 2025-ci il aprel ayına halhazırda mağazada satış qiyməti 1400 manat təşkil edir. Cinayət işinin 69-cu vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 83-84-cü vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 may 2025-ci il tarixli qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 94-95-ci vərəqlərində olan xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 116-117-ci vərəqlərində olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində +994 55 *** ** ** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, o, 2025-ci il aprelin 12-də saat 21 radələrində “Həyat Palace” şadlıq sarayının yerləşdiyi ərazidə olmuş, sonrakı saatlarda isə yaşadığı ünvanda olmuşdur. Zərərçəkmiş şəxs istifadəsində +994 55 *** ** ** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, o, 2025-ci il aprelin 12-də saat 21 radələrində “Həyat Palace” şadlıq sarayının yerləşdiyi ərazidə olmuş, sonrakı saatlarda Zərərçəkmiş şəxs məxsus mobil nömrənin anten dairəsi təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu, Kürqaraqaşlı kəndini göstərir. Bundan başqa Zərərçəkmiş şəxs istifadəsində +994 55 *** ** ** saylı mobil nömrəsi **********36710 İMEİ kodlu mobil telefonda olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin Qeydinin 1-ci bəndində isə göstərilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarında izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd olunur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin Plenum qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi), himayəsində azyaşlı uşağının olmasını (AR CM-59.1.4), vurulmuş zərərin tamamilə ödənilməsini (AR CM-59.1.13) və zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi(AR CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə görə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən sanksiyasında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (köhnə redaksiyası) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yeni redaksiyasında 177.1-ci maddəsinə əsasən sanksiyasında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (Yeni redaksiya) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-1-ci bəndinə görə 1-1. Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi, o cümlədən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş cəzaların yüngülləşdirilməsi, işlərə baxılarkən zamana görə cinayət qanunun tətbiqi məsələsini ortaya çıxarmaqla, onun düzgün, vahid mövqedən həll edilməsini tələb edir. Bununla əlaqədar cəzanın təyini məsələsinin həllində qərarda göstərilən hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Cinayət qanunu normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir. Cinayət qanununun yeni və əvvəlki normalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının yuxarı və aşağı hədləri eyni olduqda, şəxsin əməlinə yeni və yaxud əvvəlki normanın şamil edilməsi məsələsi hansı normada azadlıqdan məhrum etməyə nisbətən daha yüngül növ cəzaların nəzərdə tutulmasından asılı olaraq həll edilməli, daha yüngül növ cəzaların nəzərdə tutulduğu maddə şəxsin vəziyyətini yaxşılaşdıran norma hesab edilməklə tətbiq edilməlidir (həmin cəzalar da eyni növdə olduqda, onların müddətinə və ya həcminə görə tətbiq edilməli norma müəyyən edilməlidir). Yeni cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi əvvəlki normanının sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən artıq, lakin aşağı həddi əvvəlki normada göstərilən həddən az olduqda və yaxud yeni sanksiyada əvvəlki normada olmayan alternativ cəzalar nəzərdə tutulduqda, eynilə yeni normada təsbit edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi əvvəlki normada müəyyən edilən həddən az olduqda, lakin əvvəlki normada azadlıqdan məhrum etmənin aşağı həddi daha çox olduğu və yaxud yeni normada olmayan alternativ cəzalar nəzərdə tutulduğu hallarda, cəzanın təyini məsələsinin həlli zamanı məhkəmə həm yeni, həm də əvvəlki normaların sanksiyalarından təqsirləndirlən şəxs üçün daha yaxşı şərtlər müəyyən edən müddəaları (cəza növlərini, cəzaların hədlərini) ona şamil edilə bilən müddəalar kimi nəzərə almalıdır. Məsələn, yeni normanın sanksiyasında azadlıqdan məhrum etmə cəzasının müddəti 3 ildən 5 ilədək müəyyən olunubsa, əvvəlki normanın sanksiyasında isə azadlıqdan məhrum etmə cəzasının həddi 2 ildən 7 ilədək müəyyən olunmuşdusa, cəzanın təyin edilməsi zamanı tətbiq edilməli olan normalar kimi yeni normanın cəzanın yuxarı həddinə dair, əvvəlki normanın isə aşağı həddinə dair müddəaları götürülməli, yəni təqsirləndirilənə cəza 2 ildən 5 ilədək müddət daxilində təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə şəraitini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi normanın sanksiyasında nəzərdə tutulmuş ictimai işlər və islah işləri cəzasını təyin etməklə də cəzanın məqsədlərinə nail oluna bilməz. Odur ki, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında formalaşan hüquqi mövqedən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən 12 aprel 2025-ci il tarixində törədilmiş Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməl Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında dəyişiklik edilməmişdən öncə baş vermişdir. Lakin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əmələ görə təqsirli bilinməsi və ona cəza təyin edilməsi barədə hökm 24 iyul 2025-ci il tarixində yəni müvafiq dəyişikliyin edilməsindən sonrakı tarixdə çıxarıldığından və hökmlə şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə məhkəmənin gəldiyi qənaətə münasibətdə əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməli olduğundan hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin köhnə redaksiyasında nəzərdə tutulan sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə görə cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Salyan rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HökmEtdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu, Kürqaraqaşlı kəndindəki evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar