Məhkəmə qərarları › İş №1(057)-7/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-7/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-7/2025 07.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı oğlunun, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 qızı və onun nümayəndəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, "xxxx" MMC-də sürücü işləyən, Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan bir nəfər şəxsin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulması ilə, bir nəfər şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdə saat 12 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi “X16” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı, “Schimtz” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili ilə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 73-cü kilometrliyində Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman idarə etdiyi yük avtomobilinin ön hissəsilə qarşıda eyni istiqamətdə yolun sağ hərəkət hissəsində dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsilə toqquşmuşdur. Hadisə nəticəsində “Chevrolet Cruze” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 onurğanın qapalı travması, Th8 (döş) fəqərəsinin cisminin qəlpəli kompression fəsadlaşmış sınığı, onurğa beyninin ağır dərəcəli əzilməsi, sol Vİİİ qabırğanın sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, sürücüsü Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burun sümüyünün sınığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında "xxxx" MMC-yə məxsus olan “X16” markalı, **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yəni 08 avqust 2024-cü il tarixdə idarə etdiyi yük avtomobili ilə Masallı rayonu istiqamətindən Salyan rayonu istiqamətinə gələrkən Ələt-Astara-İran avtomobil yolunun sağdan birinci hərəkət zolağı ilə hərəkətdə olduğu zaman özündən qarşıda “CHEVROLET CRUZE MİNİK” markalı minik avtomobilin yolun hərəkət hissəsində dayandığını görmüş əyləcdən istifadə etsə də toqquşma baş vermişdir. “CHEVROLET CRUZE MİNİK” markalı minik avtomobilini təxminən 25-30 metr qalmış görmüşdür. Həmin avtomobili görən kimi sükanı sola döndərib əyləcdən istifadə edərək toqquşmadan yayınmaq istəsə də bunun heç bir xeyri olmamış və idarə etdiyi “X16” markalı yük avtomobilinin qabaq sol hissəsi həmin “CHEVROLET CRUZE MİNİK” markalı minik avtomobilinin arxa hissəsinə çırpılmışdır. Toqquşmadan sonra avtomobili yolun sağ kənarında saxlamış, “CHEVROLET CRUZE MİNİK” markalı minik avtomobili isə yolun sol hissəsinə doğru hərəkət edib beton arakəsmənin yanında dayanmışdır. Yerə düşəndən sonra görmüşdür ki, minik avtomobilinin sürücüsü xəsarət alıb. Həmin sürücünü təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar, özü isə hadisə yerində qalmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, sonradan bilmişdir ki, “CHEVROLET CRUZE MİNİK” markalı minik avtomobilinin yanacağı qurtardığı üçün dayanmışdır. Avtomobilin dayandığını gördüyü an sol hərəkət zolağı ilə başqa bir avtomobil (Mercedes markalı avtomobil) hərəkət etdiyi üçün sola doğru manevr edə bilməmişdir. Hadisədən sonra qorxduğu üçün avtomobili qabaqda sağda saxlamışdır. Əyləcdən 8-10 metr qalmış istifadə etmişdir. Avtomobil saatda təxminən 72 km/saat sürətlə hərəkət etmişdir. Hadisə zamanı xəsarət almamış, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Zərər çəkmiş şəxslərin müalicəsi üçün 12.000 - 13.000 manat pul xərcləmişdir. 3.000 manat pulun qəbzi hazırda yoxdur. Əlavə olaraq bildirmişdir ki, zərər çəkmiş şəxslərin tələbini yerinə yetirmək üçün imkanı daxilində əlindən gələni etmişdir. Hazırda da zərər çəkmiş şəxslərə dəymiş zərəri tam olaraq ödəmək istəyir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus olan “CHEVROLET CRUZE MİNİK” markalı, **- RT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edir. 08 avqust 2024-cü il tarixdə avtomobili ilə Cəlilabad rayonundan rəfiqəsi Vəfa ilə birlikdə Bakı şəhərinə qayıtmaq üçün Cəlilabad rayonundan Ələt-Astara-İran avtomobil yoluna çıxıb Ələt qəsəbəsi istiqamətində hərəkəti davam edən zaman Salyan rayonu ərazisində yanacaq doldurma məntəqəsinə az bir məsafə qalmış avtomobilin yanacağı bitmişdir. Cəlilabad rayonundan Salyan rayonuna kimi yol kənarında yanacaq doldurma məntəqəsi olmamışdır. Avtomobilin qəza işıqlarını qoşub sağda saxlamışdır. Təxminən 2-3 dəqiqə sağ zolaqda dayandıqdan sonra güzgüdən görmüşdür ki, arxadan yük avtomobili onlara doğru gəlir. Düşünmüşdür ki, həmin avtomobil soldan onları keçib gedəcəkdir. Ancaq həmin yük avtomobili sol zolağa keçməyib zərbə ilə onun avtomobilini arxadan vurmuşdur. Zərbənin təsirindən avtomobili hərəkətə gəlib yolun sol hissəsinə doğru gedərkən beton arakəsmənin yanında dayanmışdır. Vəfaya baxanda onun tərpənmədiyini görüb ətrafdan toplaşan adamlardan kömək istəmişdir. Həmin vaxt mobil telefonu ayaqlarının altına düşmüşdür. Təhlükəsizlik kəmərdən istifadə etmişdir. Daha sonra sol qapının beton arakəsməyə bitişdiyini görüb oradan düşə bilmədiyi üçün sağ tərəfdən, yəni Vəfa tərəfdən sol qabaq qapıdan yerə düşmüşdür. Biraz gözlədikdən sonra hadisə yerinə təcili yardım briqadası gəlib Vəfa ilə onu xəstəxanaya aparmışlar. Hadisə zamanı müxtəlif bədən xəsarətləri almışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, əməliyyat olunsa da ona heç bir maddi yardım göstərilməmişdir. 500-600 manat mülicəsinə pul xərcləmişdir. Hazırda burun əməliyyatına ehtiyacı var, əməliyyat üçün 4500 manat pul tələb olunur. Şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 08 avqust 2024-cü il tarixdə rəfiqəsi Gülnazla birlikdə Bakı şəhərindən Cəlilabad rayonuna getmişlər. Orada işlərini həll edib Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Ələt-Astara yoluna çıxıb xeyli gedərək Salyan rayonu ərazisinə çatmışlar. Özü avtomobildə qabaq oturacaqda oturmuş, Gülnaz isə avtomobili idarə etmişdir. Hərəkətdə olduqları zaman avtomobildə yanacaq bitdiyi üçün avtomobil yavaşyavaş dayanmışdır. Təxminən 1 dəqiqə orada dayandıqdan sonra arxadan onları başqa avtomobil zərbə ilə vurmuşdur. Zərbənin təsirindən özündən getmiş və özünə gəldikdə xəstəxanada olmuşdur. Hadisə zamanı ağır bədən xəsarətləri almışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, xəstəxanada müalicə olunduğu müddətdə təsirləndirilən şəxs tərəfindən bir ay üçün pul ödənilmişdir. Hazırda mülicəsi davam edir. Şikayətçidir. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işi başlanması və işin icraata qəbul edilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, HK-860 №-li material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* №-li cinayət işi balanması və istintaq aparılması üçün icraata götürülməsi qərara alınmışdır. Cinayət işinin 5-11-ci vərəqlərində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və 08 ədəd fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs toqquşma yerini göstərir. Cinayət işinin 12-ci vərəqində olan xx.xx.2024-cü il tarixdə, saat 15:36-də çap edilmiş qəbzdən görünür ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor- AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmiş və alkoqol tərkibi 0.000 promil olmuşdur. Cinayət işinin 12-ci vərəqində olan xx.xx.2024-cü il tarixdə, saat 15:35-də çap edilmiş qəbzdən görünür ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor- AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmiş və alkoqol tərkibi 0.000 promil olmuşdur. Cinayət işinin 19-cu vərəqində olan BA 421655 nömrəli sürücülük vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs ”B1, B, C1, C, C1E, CE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. Cinayət işinin 21-ci vərəqində olan X1 şəhadətnaməsinin surətindən görünür ki, “X16 yük” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 məxsusdur. Cinayət işinin 23-cü vərəqində olan ƏN-Vİİİ № 013195 nömrəli, xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 2008-ci il buraxılışlı, “X16 yük” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə 8 il 2 ay 15 gün müddətinə Təqsirləndirilən şəxs vermiş və etibarnamə xx.xx.2032-ci ilədək qüvvədədir. Cinayət işinin 25-ci vərəqində olan X3 ilə bağlı X4 görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yük avtomobili sürücüsü vəzifəsində işləyir və 500 manat əmək haqqı alır. Cinayət işinin 29-cu vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN-nin Baş X17 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 421655 nömrəli, “B, C, CE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işinin 30-cu vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN-nin Baş X17 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə (xx.xx.2033cü il tarixədək etibarlı olan) BB 262981 nömrəli, “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işinin 32-ci vərəqində olan X1 Şəhadətnaməsinin surətindən görünür ki, “CHEVROLET CRUZE MİNİK” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 məxsusdur. Cinayət işinin 33-cü vərəqində olan ƏN-İX № 341988 nömrəli, xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X9 2011-ci il buraxılışlı “CHEVROLET CRUZE MİNİK” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə 3 ay 24 gün müddətinə Zərərçəkmiş şəxs2 vermiş və etibarnamə xx.xx.2024-cü ilədək qüvvədədir. Cinayət işinin 36-37-ci vərəqlərində olan Salyan rayon İHB-nın Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Çadırlı kəndində atası, anası, həyat yoldaşı, 2020 və 2022-ci il təvəllüdlü azyaşlı uşaqları ilə birlikdə yaşayır və yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 41-ci vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin 42-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 386A nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-onurğanın qapalı travması, Th8 (döş) fəqərəsinin cisminin qəlpəli kompression fəsadlaşmış sınığı, onurğa beyninin ağır dərəcəli əzilməsi, sol Vİİİ qabırğanın sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 43-cü vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 387 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burun sümüyünün sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 47-48-ci vərəqlərində olan Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli ekspert vəsatətindən görünür ki, HK-1/860 №-li material üzrə 26 avqust 2024-cü il tarixdə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının aparılması üçün Azərbaycan Respublikası CPM-nin 97.6.1-ci maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hadisəni əks etdirən videogörüntü təqdim edilməmişdir. Cinayət işinin 49-cu vərəqində olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin 10 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi yerinə yaxın müşahidə kamerası yoxdur. Ona görə də, hadisəni əks etdirən videogörüntünü təqdim etmək mümkün olmamışdır. Cinayət işinin 60-cı vərəqində olan X8 tərəfindən verilmiş ərizədən görünür ki, 08 avqust 2024-cü il tarixdə saat 12 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 73-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nə məxsus olan “X16” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 5470 manat maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı heç bir şikayətləri və tələbləri yoxdur. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin 68-ci vərəqində olan 23 sentyabr 2024-cü il tarixli Qüsur aktından görünür ki, X7 məxsus “CHEVROLET CRUZE MİNİK” markalı, 2011-ci il istehsalı olan, **- RT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən ümumi zərər 6720 manat təşkil edir. Ehtiyyat hissələrinin dəyəri Bakı şəhərində olan yeni və istifadə olunmuş ehtiyyat hissələri satan mağazaların məlumatları əsasında təyin edilmişdir. Cinayət işinin 73-75-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli, 8/2453 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən X16 markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Cruze” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 77-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə “X16” markalı, **-EM-*** dövlət nişanlı, “Schimtz” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu yük avtomobili və “Chevrolet Cruze” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınaraq sahibinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 95-96-cı vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işinin 100-101-ci vərəqlərində olan 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi sürücü işləyən, Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 263.1-1-ci maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olması və zərər çəkmiş şəxslərə (Zərərçəkmiş şəxs1) dəymiş ziyanın qismən ödəməsi onun cinayət məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası da təyin edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qaraçala qəsəbəsində yaşadığı evi saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Cəzaların İcrası Məcəlləsinin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Cəzaların İcrası Məcəlləsinin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi, maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. İş üzrə maddi sübut olan - “X16” markalı, **-EM-*** dövlət nişanlı, “Schimtz” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu yük avtomobili və “CHEVROLET CRUZE MİNİK” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba keçirilməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qaraçala qəsəbəsində yaşadığı evi saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar