Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-71/2024 10.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X13 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X9 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1984-cü ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri, T.Xəilbəyli küçəsi, ev 119, mənzil 13-də qeydiyyatda olmaqla, Salyan rayonu İİ Varlı kəndində yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dövlət Sosial Müdafiə Fondu” X14 6 saylı Regional Ərazi Filialının ştatdankənar referenti vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Goranboy rayonu Səfikürd kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək əlilliyə görə aldığı təqaüdün növbəti 5 il müddətinə uzadacağı barədə əvvəlcədən yalan vəd verməklə aldadıb inandırdıqdan sonra vahid niyyətlə 2020-ci il mayın 19-da Naftalan rayonunda yerləşən “Gözəl Naftalan” sanatoriyasında 3000 manatı, 2020-ci il dekabrın 22-də Zərərçəkmiş şəxs “Belnəlxalq Bank”ın Goranboy şəhərindəki filialından “manat express” pul köçürmə sistemi vasitəsilə göndərdiyi 2000 manatı, 2022-ci ilin yanvar ayının sonunda Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun inzibati binası qarşısında 800 manatı, 2022-ci ilin mart ayının ortalarında Salyan şəhərində Kür çayının üzərindəki köhnə avtomobil körpüsünün yanında daha 500 manatı, ümumilikdə zərərçəkmiş şəxsə məxsus xeyli miqdar təşkil edən cəmi 6300 manat pulu hissə-hissə ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 119, mənzil 13-də qeydiyyatda olsa da, faktiki olaraq ailəsilə birlikdə Salyan rayonu İİ Varlı kəndində yaşayır, ali təhsillidir. Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.3-cü maddəsi ilə 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəza çəkməkdən azad edilmişdir. Bundan başqa Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.3-cü maddəsilə təqsirli bilinərək CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. 2020-ci il dekabrın 3-dən 2022-ci il fevralın 21-dək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialının ştatdankənar referenti vəzifəsində işləmişdir. Hazırda ölkənin müxtəlif rayonlarında aparılan inşaat işlərində fəhlə işləyirmiş. Zərərçəkmiş şəxs rayon polis şöbəsinə yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur və bununla bağlı bildirmişdir ki, həmin ərizədə göstərilənlər doğruymuş. Belə ki, o, 2018-ci ildə Naftalan rayonundakı “Gözəl Naftalan” sanatoriyasında müalicə olunan zaman Zərərçəkmiş şəxs ilə tanış olmuşdur, o zaman Məhəmməd sanatoriyanın direktoru işləyirmiş. Sonrakı illər də həmin sanatoriyaya müaəicəyə getmişdir və bu səbəbdən Məhəmməd ilə aralarında səmimi münasibətlər yaranmışdır. 2020-ci ilin may ayında növbəti dəfə “Gözəl Naftalan” sanatoriyasında müalicə alan zaman Məhəmməd ilə aralarında olmuş söhbət zamanı Məhəmməd danışmışdır ki, X10 veteranıdır və İİİ qrup əlilliyə görə aldığı təqaüdün müddəti həmin ilin noyabr ayında bitir. O, Salyan şəhərindəki Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 işləyən hazırda adını xatırlamadığı tanışına zəng edib Məhəmmədin anket məlumatlarını söyləyib təqaüdünün müddətini öyrənmişdir və biləndə ki, Məhəmmədin əlilliyə görə təqaüd müddəti 2020-ci ilin noyabrında deyil, 2021-ci ilin noyabrında bitir qərara gəlmişdir ki, bundan istifadə edib Məhəmmədi aldadıb pulunu ələ keçirsin. Ona görə yalandan Məhəmmədə demişdir ki, güya öz əlaqələrindən istifadə etməklə tanışlarının vasitəsilə 3000 manat müqabilində təqaüdünü 5 il müddətinə uzada bilərmiş. Məhəmməd onun təklifinə sevinib razılıq vermiş və mayın 19-da “Gözəl Naftalan” sanatoriyasında 3000 manatı əlbə-əl ona vermişdir. 2020-ci ilin dekabr ayının sonunda, o Məhəmmədə zəng edib yalandan demişdir ki, güya onun təqaüd müddəti hələlik 1 il müddətinə artırılmışdır və daha 5 il müddətinə artırılması üçün əlavə 2000 manat verməlidir. Məhəmməd bu dəfə də etiraz etməyib razılıq vermiş və dekabrın 22-də həmin pulu Belnəlxalq Bank vasitəsilə ona göndərmişdir. 2022-ci ilin yanvar ayında Məhəmməd ona zəng edib Bakı şəhərində olduğunu dedikdə, o da həmin vaxt Bakı şəhərində Dövlət Sosial Müdafiə Fondunda olduğundan Məhəmmədə təklif etmişdir ki, görüşüb söhbət etsinlər. Həmin gün onlar Dövlət Sosial Müdafiə Fondunun binası yanında görüşdükdə yenidən Məhəmmədi aldadıb demişdir ki, güya onun işi ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna gəlmişdir, lazımi adamlarla görüşmüş və yaxın günlərdə onun təqaüd məsələsi həllini tapacaqdır və bəzi işləri görmək üçün Məhəmməddən 1000 manat istəmiş, lakin həmin vaxt Məhəmməd ona 800 manat vermişdir. 2022-ci ilin mart ayında işlədiyi 2 saylı X4 rəis müavini ona zəng edib Məhəmmədin Salyan rayonunda olduğunu deyib onunla görüşməyini tapşırmışdır. O da, Məhəmmədə zəng edib Salyan şəhərində Kür çayının üzərindəki köhnə avtomobil körpüsünün yanında görüş yeri təyin etmişdir. Məhəmməd həmin yerə gəldikdə onlar görüşmüşlər, söhbət zamanı Məhəmməd təqaüd məsələsinin nə yerdə olduğunu soruşduqda o yenə yalandan demişdir ki, təqaüd məsələsi artıq öz həllini tapmışdır, xırdapara işlər qalmışdır, bir qədər vaxt və əlavə 500 manat lazımdır ki, məsələ qısa zamanda öz həllini tamamilə tapsın. Məhəmməd bu dəfə də cibindən pul çıxardıb sayıb ona 500 manat vermişdir. Bu müddət ərzində, o Məhəmmədin etibarından sui-istifadə edib aldadaraq ümumilikdə onun 6300 manat pulunu ələ keçirmişvə tutduğu əməldən peşmandır. Onun Zərərçəkmiş şəxs əlillik təqüdünün müddətinin uzadılmasına heç bir imkanı və fikri olmamışdır, sadəcə həmin vaxtlar pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, təqaüd müddətinin uzadılması adı ilə Məhəmmədi aldadıb bacardığı qədər pulunu ələ keçirsin və öz problemlərini həll etsin. Bu səbəbdən ilk dəfə 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs aldadaraq 2022-ci ilin mart ayınadək olan müddətdə pulunu ələ keçirmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmiş, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş sayılmalıdır. Zərərçəkmiş şəxs teleqram ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Goranboy rayonu Səfikürd kəndində yaşayırmış, məhkum olunmamışdır, İİİ qrup əlil kimi hazırda təqaüdçüdür. Salyan rayon sakini Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Belə ki, 2018-ci ildə Naftalan rayonundakı “Gözəl Naftalan” adlı sanatoriyada icraçı direktor vəzifəsində işləyirmiş və həmin vaxt həmin sanatoriyada müalicə alan Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Tanış olarkən Neymət özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun X2 məsul əməkdaşı kimi təqdim etmişdir. Sonrakı illər Neymət “Gözəl Naftalan” adlı sanatoriyaya müaəicəyə gəldiyindən aralarında səmimi münasibət yaranmışdır. O, həmin vaxtlar belindəki disk yırtığı (qrıja) diaqnozu ilə İİİ qrup əlil kimi təqaüd alırmış, lakin 2019-cu ilin sonlarında qəbul edilmiş yeni qanuna əsasən disk yırtığı diaqnozu ilə əlillik qrupun və təqaüdün verilməsi dayandırılmışdır. 2020-ci ilin may ayında növbəti dəfə Neymət ilə “Gözəl Naftalan” adlı sanatoriyada görüşüb söhbət edərkən söhbət əsnasında Neymətə təqaüdünün həmin ilin noyabr ayında bitəcəyini demişdir. Neymət onun müharibə veteranı olub-olmadığını soruşmuş və biləndə ki, o, İ Qarabağ müharibə veteranıdır demişdir ki, narahat olmasın, təqaüdünün müddətinin artırılmasına kömək edəcəkdir. Bundan sonra Neymət öz telefonu ilə kiməsə zəng edib danışaraq onun adını və soyadını telefonla danışdığı adama söyləyib təqaüdün nə zaman bitəcəyi vaxtı öyrənmişdir. Telefonu qapatdıqdan sonra Neymət ona demişdir ki, onun təqaüdünün müddəti 2020-ci ilin noyabr ayında bitir və daha sonra əlavə etmişdir ki, qanunda olan istisna hallarını və onun müharibə veteranı olduğunu nəzərə alaraq özünün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda işləyən tanışlarının vasitəsilə cəmi 3000 manat müqabilində onun təqaüdünü daha 5 il müddətinə uzada bilərmiş. Neymətin arxayın danışması, bir neçə il ərzində aralarında yaranmış mehriban münasibətlər Neymətə qarşı inam hissi yaratmışdır və bu səbəbdən Neymətin təklifini qəbul edib istədiyi pulu verməyə razılıq vermişdir. Həmin gün, yəni mayın 19-da özümə məxsus 3000 manatı evdən götürüb “Gözəl Naftalan” sanatoriyasında Neymətə vermişdir. Neymət pulu aldıqdan sonra onu əmin etmişdir ki, narahat olmasın, qısa zamanda onun təqaüdünün daha 5 il müddətinə uzadılması məsələsini müsbət həll edəcəkdir. 2020-ci ilin dekabr ayının sonlarında Neymət ona zəng edib bildirmişdir ki, onun təqaüd müddəti cəmi 1 il müddətinə artırılmışdır və təqaüdün daha 5 il müddətinə artırılması üçün əlavə 2000 manat verməlidir. O, həmin ilin dekabr ayında təqaüd pulunu aldığından hesab etmişdir ki, həqiqətən Neymət onun təqaüd müddətini dediyi kimi 1 il müddətinə artırmışdır. Çünki hələm o zaman bilmirmiş ki, onun əlillik üzrə təqaüd müddəti Neymətin onu aldadaraq dediyi kimi 2020-ci ilin noyabr ayında deyil, 2021-ci ilin noyabr ayında başa çatırmış. Bu səbəbdən yenə Neymətə inanıb təqaüdün daha 5 il müddətinə artırılması üçün 2000 manat verməyə razılıq vermişdir. Ona görə 22 dekabr 2020-ci il tarixdə Göranboy şəhərindəki Belnəlxalq Bankın filialından 2000 manatı “manat express” pul köçürmə sistemi vasitəsilə Neymətin adına göndərmiş və həmin pul köçürmənin qəbzini istintaqa təqdim etmişdir. 2021-ci ilin noyabr ayı daxil olmaqla təqaüd pulunu hər ay aldığı üçün Neymət ilə heç bir əlaqəsi olmamışdır. Lakin 2021-ci ilin dekabr ayında təqaüd pulun ödənilməsi dayandıqda, o bunun səbəbini öyrənmək məqsədilə Neymətə zəng etmişdir. O zaman Neymət demişdir ki, narahat olmasın, bu adi və normal prosedurdur, ilkin təqaüd müddəti başa çatdığından 1-2 ay ərzində sistemdə yeniləmə gedəcək, onun sənədləri sistemə işləndikdən sonra fevral-mart aylarından etibarən təqaüd pulunu almağa başlayacaqdır və ödənilməyən bütün ayların təqaüd pulu da kartına köçürüləcəkdir. 2022ci ilin yanvar ayının sonlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olarkən Neymət ilə telefon əlaqəsi saxlayıb təqaüd işinin nə yerdə olduğunu soruşmuşdur. Neymət Bakı şəhərində onun işi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunda olduğunu dedikdə, o görüşüb söhbət etməyi təklif etmişdir. Neymət razılıq vermiş və həmin gün onlar Bakı şəhərində Dövlət Sosial Müdafiə Fondu binası qarşısında görüşmüşlər. Neymət Dövlət Sosial Müdafiə Fondunun binasını ona göstərib bildirmişdir ki, bu saat həmin binada onun işi ilə bağlı lazımi adamlarla görüşmüş və əlavə etmişdir ki, narahat olmasın, yaxın günlərdə onun təqaüd məsələsi öz həllini tapacaqdır. Bundan sonra Neymət özünün də şəxsi problemləri və bir qədər pula ehtiyacı olduğunu və vəziyyətdən çıxmaq üçün 1000 manat borc istəyib yaxın zamanda qaytaracağını demişdir. O yenə Neymətə inanıb cibimdən 800 manatı çıxardıb Neymətə vermişdir. Bundan sonrakı aylarda heç bir təqaüd almadığını görüb dəfələrlə Neymətin istifadəsində olan telefon nömrələrinə zəng etməyə başlamışdır, lakin Neymət onun telefon zənglərinə cavab verməmişdir. Vəziyyəti belə gördükdə Neyməti tapmaq üçün 2022-ci ilin mart ayının ortalarında Salyan şəhərinə gəlib Dövlət Sosial Müdafiə Fondun 2 saylı X3 getmişdir. Məqsədi ya Neyməti tapmaq, ya da rəisi ilə görüşüb söhbət etmək olmuşdur, çünki hələm ilk dəfə 3000 manatı ondan alarkən Neymət bildirmişdir ki, həmin pulun 1000 manatı onun rəisinə çatacaqdır. O, həmin fondun hazırda adını xatırlamadığı rəis müavini ilə görüşüb qəbulunda olmuş və həmin vaxt ona məlum olmuşdur ki, hazırda rəis müavini vəzifəsində işləyən şəxs əvvəllər həmin idarənin rəisi olmuşdur və Neymətin uzaq qohumudur. Söhbət əsanasında rəis müavini bildirmişdir ki, Neymət “Dövlət Sosial Müdafiə Fondu” X14 2 saylı X4 ştatdankənar referenti vəzifəsinə işləmişdir, lakin həmin ilin fevral ayında işdən çıxarılmışdır. Daha sonra rəis müavini onun yanında Neymət ilə telefon əlaqəsi saxlayıb hazırda onun Salyan rayonunda olduğunu deyib təcili onunla görüşməyi tapşırmışdır. Bundan sonra Neymət özü ona zəng edib Salyan şəhərində Kür çayının üzərindəki avtomobil körpüsünün yanında görüş təyin etmişdir. O, Neymətin dediyi ünvana gəldikdə onlar görüşmüşlər, etdiyi çoxsaylı telefon zənglərinə nə səbəbə cavab vermədiyini və təqaüd məsələnin nə yerdə olduğunu soruşduqda Neymət demişdir ki, uşağı ağır xəstə olduğundan başı uşağının müalicəsinə qarışmışdır, bu səbəbdən onunla telefon əlaqəsi saxlaya bilməmişdir, onun təqaüd məsələsi isə artıq öz həllini tapmışdır, xırda-para işlərə bir qədər vaxt və 500 manat pul lazımdır ki, məsələ qısa zamanda öz həllini tapsın. O bu dəfə də Neymətə inanıb üzərində olan puldan 500 manat sayıb orada Neymətə vermişdir. Neymət 500 manatı alarkən bir daha onu əmin etmişdir ki, narahat olmasın, 5-10 günə onun təqaüd məsələsi öz həllini tapacaqdır. Lakin, o, mart ayının sonlarında təqaüdü ilə bağlı Göranboy rayon Dövlət Sosial Müdafiə Fondunda çalışan əməkdaşlardan maraqlandıqda artıq ona tam aydın olmuşdur ki, bu müddət ərzində Neymət onun etibarından sui-istifadə etməklə onu aldadıb ümumilikdə 6300 manat pulunu ələ keçirmişdir. Bu səbəbdən Neymət ilə telefon əlaqəsi saxlayıb etibarından sui-istifadə etməklə onu aldatdığını bildirib verdiyi pulların geri qaytarlmasını tələb etmişdir. Lakin həmin vaxtdan bu günədək Neymət pulların geri qaytarılması barədə hər dəfə yalan vədlər versə də, pulu qaytarmamışdır, son vaxtlar isə ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən məcbur qalıb şikayət ərizəsi ilə Salyan rayon polis şöbəsinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə, eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən azad edilmiş və onun CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən «Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair» 28 dekabr 2022-ci il tarixli Plenum Qərarının nəticəvi hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir». Yuxarıda qeyd olunduğu kimi, Salyan Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində qərarı 14 mart 2023-cü ildə qəbul olunub. Hazırkı iş üzrə cinayət əməli isə bundan əvvəl, yəni 2022-ci ildə törədilib. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73- 1.2-ci maddəsinə əsasən azad edilməli və onun CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs kimi həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddələr ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Qərardan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-71/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-71/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver