Məhkəmə qərarları › İş №1(057)-71/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-71/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-71/2025 02.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhmədoğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X4 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 24 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda metadonun təsir maddəsinin miqdarı 0,2 qram olan 05 ədəd narkotik vasitə metadon tabletini və xeyli miqdarda təmiz çəkisi 1,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək Salyan şəhəri, E.İmanov küçəsi, ev 68-də yerləşən yaşadığı fərdi yaşayış evinin yataq otağına daşıyıb yastığın altında gizlədərək saxlamış, xeyli miqdarda metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 01 ədəd narkotik vasitə metadon tabletini qanunsuz olaraq yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2025-ci il mayın 22-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 08:06 dəqiqədə Salyan şəhəri, E.İmanov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən xeyli miqdarda metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 01 ədəd narkotik vasitə metadon tableti, yaşadığı evin yataq otağındakı çarpayının üzərindəki yastığın altından isə xeyli miqdarda metadonun təsir maddəsinin miqdarı 0,16 qram olan 04 ədəd narkotik vasitə metadon tableti və xeyli miqdarda təmiz çəkisi 1,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Arabir narkotik vasitə heroin və narkotik vasitə metadon həbi qəbul edir. Yaşadığı evin qarşısındakı küçədə piyada gəzən zaman yerdən 01 ədəd siqaret qutusu tapmış, içərisinə baxdıqda 01 ədəd bükümdə narkotik vasitə heroin və 05 ədəd narkotik vasitə metadon həbi olduğunu görmüş və götürmüşdür. Həmin narkotik vasitələrdən özü istifadə etmək üçün 01 ədəd narkotik vasitə metadon həbini götürərək cibinə qoymuş, qalanını yataq otağında gizlətmişdir. 2025-ci il mayın 22-də səhər saatlarında yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış, ona narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edilmiş, polis əməkdaşları tərəfindən video çəkiliş aparılmaqla üzəri yoxlanılmışdır. Yoxlama zamanı o, üzərində olan 01 ədəd narkotik vasitə metadon həbini çıxarıb polis əmədaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd narkotik vasitə metadon həbinə baxıldıqda, üzərində M40 yazısı olan narkotik vasitə metadon həbinin olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə polis əməkdaşı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan götürülmüşdür. Polis əməkdaşı ondan yaşadığı evdə narkotik vasitə, qanunsuz əşya və ya predmet olubolmadığını soruşduqda, o, yaşadığı evin yataq otağında narkotik vasitə olduğunu demişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedərək, yataq otağında gizlətdiyi içərisində narkotik vasitə olan siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı tərəfindən siqaret qutusuna baxış keçirilmiş, siqaret qutusunun içərisindən 01 ədəd bükümdə narkotik vasitə heroin və 04 ədəd narkotik vasitə metadon həbi aşkar olunmuşdur. Polis əməkdaşı tərəfindən baxıldıqda 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlənin və 04 ədəd narkotik vasitə metadon həbinə bənzər həbin olduğu müəyyən edilmişdir. Ondan həmin kütlə və həblər barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroin, həblər isə narkotik vasitə metadon həbidir. Təxminən 2 gün bundan əvvəl yaşadığı evin qarşısındakı küçədən siqaret qutusu tapdığını, üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və narkotik vasitə metadon həblərinin həmin siqaret qutusunun içərisində olduğunu, tapdıqdan sonra yaşadığı evin yataq otağındakı çarpayının üzərindəki yastığın altında gizlətdiyini, 01 ədəd narkotik vasitə metadon həbini istifadə etmək üçün götürüb üzərində saxladığını demişdir. Polis əməkdaşı tərəfindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 1,38 qram olması müəyyən olunmuşdur. Həmin narkotik vasitələr ayrı-ayrılıqda 02 ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. O, polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Daha sonra polis şöbəsində müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur.Törətdiyi əməldən peşmandır, odur ki nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri, məhkəmə-fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2025ci il mayın 22-də Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq qərar qəbul olunmuş, həmin tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri, E.İmanov küçəsində yaşadığı evin yaxınlığında müşahidə etmişlər. Ona yaxınlaşaraq Salyan rayonu ərazisində narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyəsində şübhəli olduğu barədə məlumat vermiş, onu saxlamışlar, sonra tərəflərindən video çəkiliş aparmaqla ona üzərində qanunla qadağan edilmiş nə varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd narkotik vasitə metadon həbini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd narkotik vasitə metadon həbinə baxıldıqda, üzərində M40 yazısı olan narkotik vasitə metadon həbinə bənzər həbin olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, “möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, qanunsuz əşya və ya predmet olub-olmadığını soruşduqda, o, sonradan yaşadığı evin yataq otağında narkotik vasitə olduğunu bildirmiş, Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evə getmişlər, sonuncu yataq otağındakı çarpayının üstündə gizlətdiyi içərisində narkotik siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun içərisindən 01 ədəd bükümdə narkotik vasitə heroin və 04 ədəd narkotik vasitə metadon həbi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlə və həblər barədə soruşulduqda bildirmişdir ki, təxminən 2 gün əvvəl yaşadığı evin qarşısındakı küçədən siqaret qutusu tapdığını, üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və narkotik vasitə metadon həblərinin həmin siqaret qutusunun içərisində olduğunu, tapdıqdan sonra yaşadığı evin yataq otağındakı çarpayının üzərindəki yastığın altında gizlətdiyini, 01 ədəd narkotik vasitə metadon həbini istifadə etmək üçün götürüb üzərində saxladığını bildirmişdir. Tərəfindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 1,38 qram olması müəyyən olunmuşdur. Aşkar edilmiş narkotik vasitələr ayrı-ayrılıqda 02 ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində tərəfindən protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs protokolu imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifdəsi Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Salyan Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji olmuşdur. İş materiallarında olan 22 may 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin X2 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş 22 may 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə və yaşadığı evinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd narkotik vasitə metadon həbinə bənzər həb, yaşadığı evin yataq otağından isə 04 ədəd narkotik vasitə metadon həbinə bənzər həb və narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru İlqar İsmayılov tərəfindən tərtib edilmiş 22 may 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd narkotik vasitə metadon həbinə bənzər həb, yaşadığı evin yataq otağından isə 04 ədəd narkotik vasitə metadon həbinə bənzər həb və narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/1923 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilmiş 01 ədəd sellofan bükümdə... və s.” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,143 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Metadon” həbinə oxşar... və s. yazılar olan zərfdəki 01 ədəd dərman tabletinin və üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilmiş 04 ədəd “Metadon” həbinə oxşar... və s. yazılar olan zərfdəki 04 ədəd, ümumilikdə 05 ədəd tabletin tərkibində təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,2 qram (01 tabletdə 0,04 qram) olan narkotik vasitə metadon müəyyən edildi. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsinin “Qeyd” hissəsindən görünür ki, Heroin– 1,143 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 1,043 qram; Metadon tableti (şəxsin üzərindən) - 01 ədəd - tədqiqata sərf edildi- 0,5 tabl., qalıq 0,5 tabl; Metadon tableti (şəxsin evindən) -04 ədəd tədqiqata sərf edildi-01 tabl., qalıq -03 tabl. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 6/1923 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 19 iyun 2025-ci il tarixli, 6/2152 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş metadon tərkibli tabletlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsinin “Qeyd” hissəsindən görünür ki, Metadon tableti (şəxsin üzərindən) – 0,5 tabl. - tədqiqata sərf edildi- 0,25 tabl., qalıq 0,25 tabl; Metadon tableti (şəxsin evindən) -03 ədəd, tədqiqata sərf edildi-0,5 tabl., qalıq -2,5 tabl. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli, 6/2152 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, 285 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM tərəfindən verilmiş məhkəməfiziki-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan Salyan rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 may 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (4 dəfə) məhkum olunmuş, sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının qərarı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq qəti 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 03 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 1(057)-181/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 Salyan Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il saat 08:00-dan 05 oktyabr 2022-ci il saat 18:30dək həbsdə saxlanıldığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmış və ona qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-679/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 03 ay 24 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərindən metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə metadon, yaşadığı evin yataq otağındakı çarpayının üzərində yastığın altından isə təmiz çəkisi 1,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və metadonun təsir maddəsinin miqdarı 0,16 qram olan narkotik vasitə metadon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə metadonu və kustar üsulla hazırlanmış narkotik vasitə heroini tutulmamışdan təxminən 2 gün əvvəl yaşadığı evin yaxınlığında küçədən yerdən tapması, özü qəbul etmək üçün yaşadığı evin yataq otağında gizlətməsi, istifadə etməsi üçün 01 ədəd narkotik vasitə metadon həbindən götürüb üzərində saxlaması, həmin narkotik vasitələrdən hər hansı bir şəxsə və ya şəxslərə satmaması müəyyən olunmuşdur. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 04 iyun 2025-ci il tarixli, 18-1-68/2-962/2025 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanda yaşayan, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 iyun 2025-ci il tarixli, 5-71-6/2-128/2025 nömrəli məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yataq otağından aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,7043 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq 0,25 narkotik vasitə metadon tablet və 2,5 narkotik vasitə metadon tableti cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2025-ci il mayın 23-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş itiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə itiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin paşlanılması rədd edilmiş; Təqsirləndirilən şəxs üzərində və yaşadığı evin yataq otağında saxladığı narkotik vasitə metadon həblərini və narkotik vasitə heroini heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış; onun əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin olması nəzərə alınmış; onun törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yataq otağından aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,7043 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq 0,25 narkotik vasitə metadon tablet və 28 narkotik vasitə metadon tableti cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-kimyəvi ekspertizasının 22 may 2025-ci il tarixli, 6/1923 nömrəli, məhkəməkimyəvi ekspertizasının 19 iyun 2025-ci il tarixli, 6/2152 nömrəli, məhkəmənarkololi ekspertizasının 22 may 2025-ci il tarixli, 285 nömrəli rəyləri, ifadələr və protokollar, “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə və yaşadığı evinə paxış keçirilməsinə dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsini və götürməni” əks etdirən DVD disklər iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuş; Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə üzərində və yaşadığı evin yataq otağında saxladığı narkotik vasitə metadon həblərinin və narkotik vasitə heroinin aşkar edilməsi ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduğundan və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edilərək yoxlanıldığından cinayət təqibi üzrə sübut kimi qəbul edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda metadonun təsir maddəsinin miqdarı 0,2 qram olan 05 ədəd narkotik vasitə metadon tabletini və xeyli miqdarda təmiz çəkisi 1,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək Salyan şəhəri, E.İmanov küçəsi, ev 68-də yerləşən yaşadığı fərdi yaşayış evinin yataq otağına daşıyıb yastığın altında gizlədərək saxlamış, xeyli miqdarda metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 01 ədəd narkotik vasitə metadon tabletini qanunsuz olaraq yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2025-ci il mayın 22-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 08:06 dəqiqədə Salyan şəhəri, E.İmanov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən xeyli miqdarda metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 01 ədəd narkotik vasitə metadon tableti, yaşadığı evin yataq otağındakı çarpayının üzərindəki yastığın altından isə xeyli miqdarda metadonun təsir maddəsinin miqdarı 0,16 qram olan 04 ədəd narkotik vasitə metadon tableti və xeyli miqdarda təmiz çəkisi 1,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq qəti 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Həmin vaxtdan iki il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı yüngülləşdirən hal aşkar etməmiş, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə məsuliyyəti ağırlaşdıran halı, şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin əməlində residiv var, CM-nin 65.2-ci maddəsinə əsasən törətdiyi cinayətə görə ona ittiham olunduğu maddədə müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az cəza təyin edilə bilməz. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması, saxlamasını, əvvəllər dəfələrlə (4 dəfə) məhkum olunmasını, bütün məhkumluqlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmasını, əməlində residiv olmasını, rəyə əsasən narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Eyni növ cinayət əməllərini əvvəllər dəfələrlə törətməsi onun sabit kriminal meyilli olmaqla islah yoluna qədəm qoymayaraq ona məhkəmə tərəfindən təyin olunmuş cinayət-hüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Həmçinin, opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq psixotrop maddələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 1,043 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və metadon həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış, götürmə aparılmasının video görüntülərinin əks olunduğu və telefon danışıqlarına dair cəmi 3 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 220 (iki yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 1,043 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və metadon həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış, götürmə aparılmasının video görüntülərinin əks olunduğu və telefon danışıqlarına dair cəmi 3 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 220 (iki yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar