Məhkəmə qərarları › İş №1(057)-76/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-76/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-76/2023 02.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X14 Yaqub oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X9 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1962-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 144,11 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 0,943 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib yerini dəyişməklə yaşadığı Salyan rayonu Aşağı Kürkənd kəndindəki ünvana daşıyıb qanunsuz olaraq saxlamış, 2023-cü il fevralın 4-də saat 12:00 dəqiqədən başlayaraq Salyan rayonu Aşağı Kürkənd kəndində yaşadığı ünvanda keçirilmiş baxış zamanı özünə aid yataq otağındakı çarpayının yataq dəstinin altında saxladığı 02 ədəd polietilen torbada, ayrı-ayrılıqda təmiz çəkisi 38,76 qram və 105,35 qram, ümumi çəkisi 144,11 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd polietilen kəsiyi bükümündə 0,943 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Bir neçə il bundan əvvəl tibbi əməliyyat olunmuş, lakin bu günədək yarası tam sağalmamış və ona əziyyət vermiş, onkoloji xəstədir, bu səbəbdən bədənində güclü ağrılar olanda narkotik vasitə - qurudulmuş marixuana qəbul etməyə başlamışdır. 2022-ci ilin aprel ayında yaşadığı evin həyətində özü qəbul etmək üçün 2 ədəd çətənə bitkiləri əkmiş, toplayıb özü qəbul etmək üçün saxlamış, lakin bundan ailə üzvlərinin xəbəri olmamışdır. Həmin qurudulmuş marixuanadan yalnız özü qəbul etmiş, heç kimə satmamış, verməmişdir. 04 fevral 2023-cü il tarixdə səhər saat 09 radələrində evdən küçəyə çıxmış və təxminən saat 09:30 radələrində polis əməkdaşları evin yaxınlığında küçədə onu saxlayaraq Polis İdarəsinə aparmışlar. Polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və qadağan olunmuş digər əşya varsa təqdim etsin. O bildirmişdir ki, üzərində heç bir qadağan olunmuş əşya və narkotik yoxdur. Həmçinin bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə vardır və həmin narkotik vasitəni təqdim edə bilər. Bundan sonra polis əməkdşları və müdafiəçisi ilə birlikdə yaşadığı evin həyətinə gəlmiş özünə aid yataq otağında saxladığı 2 ədəd selofan paketdə olan qurudulmuş marixuananı və 1 ədəd selofan bükümdə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Onun evindən aşkar edilmiş 2 ədəd selofan paketdə olan qurudulmuş marixuana və 1 ədəd selofan bükümdə olan metamfetamin müstəntiq tərəfindən elektron tərəzidə çəkildikdə qurudulmuş marixuana olan paketlər ayrı-ayrılıqda 43,7 və 114,3 qram, metamfetamin olan selofan büküm isə 1,3 qram təşkil etmişdir. Bundan sonra evindən aşkar edilmiş qurudulmuş marixuana və metamfetamin müstəntiq tərəfindən kağız zərflərdə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən zərflərin üzəri imzalanmışdır. Əməlindən peşmandır. Bir daha belə hüquqazidd hərəkətlərə yol verməyəcək. Odur ki, ahıl yaşda olmasını, xəstəliyini nəzərə alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2023-cü il fevralın 4-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə səhər saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlayaraq Salyan RPŞ-yə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və qadağan olunmuş əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində heç bir qadağan olunmuş əşya və narkotik yoxdur, yaşadığı evdə narkotik vasitə vardır və həmin narkotik vasitəni təqdim edə bilər. Onun yazılı ərizəsinə əsasən, müdafiəçisi ilə birlikdə Salyan rayonu Aşağı Kürkənd kəndində yaşadığı evin həyətinə gedilmiş, orada videoçəkilişlə baxış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs evin yataq otağına keçib 2 ədəd selofan paket və 1 ədəd selofan büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd selofan paketin içərisinə baxıldıqda ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar, 1 ədəd selofan bükümə baxıldıqda isə içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi qurudulmuş marixuana və metamfetamin özünə məxsusdur, qurudulmuş marixuananı 1 il əvvəl yaşadığı evin həyətində əkdiyi 2 ədəd çətənə bitkisindən toplayıb özü qəbul etmək üçün saxlamış, həmin narkotik maddələrdən heç kimə satmamış və pay verməmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 2 ədəd selofan paketdə olan qurudulmuş marixuanaya və 1 ədəd selofan bükümdə olan metamfetaminə oxşar kütlə müstəntiq tərəfindən elektron tərəzidə çəkildikdə qurudulmuş marixuanaya oxşar kütlə ayrı-ayrılıqda 43,7 və 114,3 qram, metamfetaminə oxşar kütlə isə 1,3 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 2 ədəd selofan paketdə olan qurudulmuş marixuanaya və 1 ədəd selofan bükümdə olan metamfetaminə oxşar kütlə müstəntiq tərəfindən kağız zərflərdə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən zərflərin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə saat 10:30-da Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa, təqdim etməsi təklif edildikdə, o, bildirmişdir ki, üzərində heç bir cinayət xarakterli əşya və narkotik vasitə yoxdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Salyan rayonu Aşağı Kürkənd kəndində yaşadığı evdə özünə aid yataq otağında narkotik vasitə qurudulmuş marixuana vardır, həmin narkotik vasitəni təqdim edə bilər və evində baxış keçirilməsinə etirazı olmadığı barədə yazılı ərizə verməyə hazırdır. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı rəqəmsal kamera ilə videoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 04 fevral 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, baxış keçirilməzdən əvvəl şübhəli şəxsə yaşadığı evdə narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, ona məxsus yaşadığı evin özünə aid yataq otağında narkotik vasitə vardır və onları təqdim edə bilər. Bundan sonra yuxarıda göstərilən tərkibdə Təqsirləndirilən şəxs yaşadığı birmərtəbəli fərdi yaşayış evinə daxil olub onun özünə aid yataq otağına keçilmiş və burada Təqsirləndirilən şəxs divar önündə olan çarpayının baş hissəsindəki yataq dəstini qaldırdıqda orada 3 ədəd selofan bükümdə kütlə olduğu aşkar edilmişdir. Həmin bükümlərə baxıldıqda 2 ədəd selofan paketdə yaşıl rəngdə, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar quru halda ot kütləsi, 3-cü selofan bükümdə isə ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristalik kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, evindən aşkar edilmiş 2 ədəd selofan paketdə olan narkotik vasitə qurudulmuş marixuananı 2022-ci ildə öz yaşadığı evin həyətində əkdiyi 2 ədəd çətənə bitkisindən toplayıb özü qəbul etmək üçün saxlamış, 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamıni isə xeyli müddət əvvəl, tarixini dəqiq deyə bilmədiyi vaxtda özü qəbul etmək üçün əldə etmiş, bədənində ağrılar olanda həmin metamfetamindən və qurudulmuş marixuanadan qəbul edirmiş. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 2 ədəd selofan paketdə olan qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildikdə ayrı-ayrlıqda müvafiq olaraq çəkiləri 43,7 qram və 114,3 qram, 1 ədəd selofan bükümdə olan metamfetaminə oxşar kütlə isə 1,3 qram təşkil etmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 2 ədəd selofan paketdə olan narkotik vasitə qurudulmuş marixuanaya və 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə, həmçinin 1 ədəd elektron tərəzi kağız zərflərdə qablaşdırılmış, möhürlü kağızla məhürlənmiş, zərflərin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Baxış və götürmə zamanı “Sony” markalı rəqəmsal kamera ilə videoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 04 fevral 2023-cü il tarixli 18/132-18/133 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,943 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 2 ədəd polietilen torba bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 38,76 qram, 105,35 qram, ümumi çəkisi 144,11 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd ağ rəngli elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddə izləri aşkar edilməmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindəki qeyddən görünür ki, metamfetaminin təmiz çəkisi– 0,943 qram, tədqiqata sərf olundu - 0.05 qram, qalıq – 0,893 qram; marixuananın ümumi çəkisi – 144,11 qram, cəmi tədqiqata sərf olundu – 0,1 qram (hər ob- 0,05 qram), qalıq 144,01 qram. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir (İ siyahı). Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş 04 fevral 2023-cü-ci il tarixli 18/132-18/133 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 157 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda durur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 09:30-da sonuncuya elan olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmadan azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından və eyni tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,893 qram çəkidə psixotrop maddə metamfetamin və 144,01 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 15 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü il fevralın 06-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,893 qram metamfetaminin və 144,01 qram qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, məhkəmə-bioloji ekspertizasının 18/132-18/133 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 157 nömrəli rəyləri, ifadə və protokollar, şəxsi axtarışı və yaşayış evinə keçirilmiş baxışı əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. İş materiallarında “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, həkim-narkoloqun və həkim-psixiatrın məlumatlarına əsasən, Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Salyan rayon İHB-nin Arbatan kənd inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 320 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayır və onun ailə tərkibi arvadı 1964-cü il təvəllüdlü X8, oğlu 1985-ci il təvəllüdlü X10, qızı 1994-cü il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nin Arbatan kənd inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 144,11 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 0,943 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib yerini dəyişməklə yaşadığı Salyan rayonu Aşağı Kürkənd kəndindəki ünvana daşıyıb qanunsuz olaraq saxlamış, 2023-cü il fevralın 4-də saat 12:00 dəqiqədən başlayaraq Salyan rayonu Aşağı Kürkənd kəndində yaşadığı ünvanda keçirilmiş baxış zamanı özünə aid yataq otağındakı çarpayının yataq dəstinin altında saxladığı 02 ədəd polietilen torbada, ayrı-ayrılıqda təmiz çəkisi 38,76 qram və 105,35 qram, ümumi çəkisi 144,11 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd polietilen kəsiyi bükümündə 0,943 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ahıl yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Aşağı Kürkənd kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edilsə də, keçirilmiş narkoloji ekspertizanın rəyinə əsasən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli o, yalnız ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,893 qram çəkidə metamfetamin və 144,01 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Aşağı Kürkənd kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,893 qram çəkidə metamfetamin və 144,01 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sərdlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar