Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-79/2023 06.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonunun Çadırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1994-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu Çadırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq barədə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci il noyabrın 19-da saat 02 radələrində Salyan rayonu Çadırlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmiş, aralarında olan cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 həmin fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən və saxlanc yeri hesab edilən tövləyə hasardan tullanmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus hər biri 200 manat dəyərində olmaqla 2 illik, diri halda çəkisi 20 kq olan 07 baş dişi cinsli xırdabuynuzlu heyvanı (qoyun) tövlənin küçəyə açılan qapısından kənara çıxardığı vaxt ərzində hasarın üzərində Təqsirləndirilən şəxs2 gözləmiş, sonrakı müddətdə o, Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin xırdabuynuzlu heyvanları oradan aparıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq barədə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci il noyabrın 19-da saat 02 radələrində Salyan rayonu Çadırlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmiş, aralarında olan cinayətkar razılaşmaya uyğun olaraq həmin fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən və saxlanc yeri hesab edilən tövləyə hasardan tullanmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus hər biri 200 manat dəyərində olmaqla 2 illik, diri halda çəkisi 20 kq olan 07 baş dişi cinsli xırdabuynuzlu heyvanı (qoyun) tövlənin küçəyə açılan qapısından kənara çıxardığı müddətdə Təqsirləndirilən şəxs1 onu hasarın üzərində gözləmiş, sonrakı müddətdə Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin xırdabuynuzlu heyvanları oradan aparıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ev təmiri ustasıdır, buna görə də işləmək üçün Bakı şəhərinə getmiş və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində kirayə yaşamışdır. 2022-ci il noyabrın 17-də Bakı şəhərindən yaşadığı Salyan rayonu Çadırlı kəndinə gəlmişdir. Həmin gün həmkəndlisi Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəlmiş, Xəyal ilə yaxşı münasibəti olmuşdur. Xəyal heç bir yerdə işləmədiyi üçün söhbət əsnasında maddi durumunun zəif olduğunu, oğurluq etmək istədiyini demiş və birlikdə oğurluq etməyi təklif etmişdir. Xəyaldan nə oğurlayacaqlarını soruşduqda Xəyal həmkəndliləri Zərərçəkmiş şəxs evinin həyətində tövlə olduğunu, həmin tövlədə saxladığı xırdabuynuzlu heyvanları oğurlayacaqlarını bildirmiş, həmin an Xəyala heç bir söz deməmişdir. 2022-ci il noyabrın 18-də saat 20 radələrində Bakı şəhərinə getmək üçün kəndin dayanacağına getmiş, həmin vaxt Xəyal onun yanına gələrək haraya getdiyini soruşduqda Bakı şəhərinə getmək istədiyini demişdir. Xəyal onu yaşadığı evə dəvət etdiyi üçün Xəyal ilə birlikdə sonuncunun yaşadığı evə getmişdir. Həmin vaxt Xəyalın yaşadığı evdə çay içmiş və söhbət etmişlər. Söhbət zamanı Xəyal Fatimənin yaşadığı evdən oğurluq etməyi təklif etmiş, o da Xəyal ilə razılaşmışdır. Həmin vaxt Bakı şəhərində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Elşənə mobil telefon vasitəsilə zəng edərək verdiyi 3 ədəd taxta qapını Salyana gətirməyini və zəhmət haqqı olaraq 50 manat pul verəcəyini demiş, Elşən də razılaşaraq gətirəcəyini bildirmişdir. Həmin tarixdə saat 23 radələrində Elşən mobil telefon vasitəsilə ona zəng edərək Salyan rayonu Çadırlı kəndinə çatdığını bildirmiş, Elşənlə birlikdə onun yaşadığı evə gedərək 3 ədəd taxta qapını yaşadığı evin həyətinə qoymuşlar. Sonra birlikdə Xəyalın yaşadığı evə getmiş, Elşən yorğun olduğunu, yatmaq istədiyini bildirmişdir. Xəyal da Elşənə yatması üçün yer göstərmişdir. Elşən özünə məxsus olan “VAZ 21011” markalı nömrəsini bilmədiyi avtomobili Xəyalın yaşadığı evin qarşısında saxlamışdır. 2022ci il noyabrın 19-da saat 02 radələrində Xəyal ilə birlikdə Fatimənin yaşadığı evin qarşısına getmiş, o, Fatimənin yaşadığı evin həyətyanı sahəsinin kənarında olan mişar daşı ilə hörülmüş hasarın üzərinə çıxmış, Xəyal isə hasarın digər tərəfinə keçmişdir. Xəyal ona hasarın üzərində qalmağını, gələn olarsa xəbər etməyini, özünün isə tövləyə gedəcəyini bildirmişdir. Hasarın üzərində qalmış, Xəyal isə tövləyə tərəf gedərək tövlənin qapısını açıb içəri daxil olmuşdur. Sonra Xəyal tövlənin küçəyə açılan qapısını açaraq xırdabuynuzlu heyvanları küçəyə çıxartmış, həmin anda hasarın üzərindən düşərək Xəyalın yanına getmişdir. Xəyal ilə birlikdə Fatiməyə məxsus olan xırdabuynuzlu heyvanları oğurlayaraq Xəyalın yaşadığı evin qarşısına getmiş, orada Xəyal ilə birlikdə xırdabuynuzlu heyvanları Elşənə məxsus olan avtomobilin yük yerinə və arxa oturacağına yığmışlar. Oğurladıqları xırdabuynuzlu heyvanları avtomobilə yığarkən 07 baş olduğunu görmüşlər. Daha sonra Elşəni yuxudan oyadaraq Bakı şəhərinə getməli olduqlarını demişlər. Elşən avtomobilin yanına getdikdə avtomobildə xırdabuynuzlu heyvanlar olduğunu görmüş, Xəyal Elşənə qoyunları dayısından aldığını və Bakı şəhərində aparıb satmaq istədiyini bildirmişdir. Elşən qoyunları nə üçün Salyanda satmadığını soruşduqda Xəyal Salyanda az pul verildiyini, buna görə də Bakı şəhərində baha qiymətə satacağını bildirmişdir. Elşən də heç bir söz demədən onlarla razılaşmış və Xəyal ilə birlikdə Bakı şəhərinə getmişlər. Təxminən saat 07 radələrində Bakı şəhəri Binəqədi rayonunda yerləşən heyvan bazarına çatmış, bazarda Fatiməyə məxsus olan oğurladıqları 07 baş xırdabuynuzlu heyvanı bazarda hər birini 200 manat olmaqla, ümumilikdə 1200 manata satmışlar. Xəyal 1200 manat puldan 200 manatını Elşənə, 400 manatını ona vermiş, qalan 600 manatını isə özünə götürmüşdür. Elşən ilə birlikdə Yasamal rayonuna getmiş, Xəyal isə Əhmədli rayonunda işi olduğunu deyərək çıxıb getmişdir. Sonrakı müddətdə əldə etdiyi 400 manat pulu şəxsi məsrəflərinə xərcləmişdir. Elşənə həmin heyvanların Xəyala məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demiş, Elşən həmin qoyunların oğurluq olduğunu bilməmişdir. Həmçinin Xəyal bazarda satdıqları 07 baş xırdabuynuzlu heyvanı alan şəxslərə də heyvanın özünə məxsus olduğunu demişdir. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir və məsuliyyətini dərk edir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə vurulmuş zərəri tam olaraq ödədiklərini bildirərək barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, bir-birilərini uzun müddətdir tanıyırlar, yaxşı münasibətləri olmuş, aralarında heç bir ədavət və şəxsi düşmənçilik münasibətləri olmamışdır. 2022-ci il noyabrın 17-də yaşadıqları kənddə Ramiqlə görüşüb söhbət etdikləri vaxt bir-birilərinə borcları barədə danışmışlar. Əvvəlki müddətdə həmkəndlisi olan Zərərçəkmiş şəxs 7 baş qoyunu olduğunu və həmin qoyunları yaşadığı evin həyətində yerləşən tövlədə saxladığını gördüyü üçün həmin anda Ramiqə Fatiməyə məxsus 07 baş qoyunu oğurlaya biləcəklərini və sataraq pulunu bölə biləcəklərini demiş, Ramiq də onun təklifi ilə razılaşmışdır. Ramiq noyabrın 18-də Bakı şəhərində yaşayan tanışı Elşənin Salyan rayonuna gələcəyini və məhz Elşənin avtomobili ilə qoyunları Bakı şəhərinə aparacaqlarını demişdir. 2022-ci il noyabrın 18-də axşam saatlarında yenidən Ramiqlə görüşüb onun yaşadığı evə getmişlər. Evdə olduqları müddətdə Ramiq tanışı Elşənə zəng edərək onun üçün qapı gətirməsini istəmiş, saat 23 radələrində Elşən idarə etdiyi “VAZ 21011” markalı nömrəsini bilmədiyi avtomobil ilə onun yaşadığı evin qarşısına gəlmişdir. Ramiq Elşənlə görüşdükdən sonra birlikdə Ramiqin yaşadığı evə getmiş və Elşənin gətirdiyi qapıları Ramiqin evinə qoymuşlar. Daha sonra yenidən onun yaşadığı evə gəlmişlər. Orada Elşənlə görüşüb tanış olmuş, əvvəlki müddətdə ümumiyyətlə Elşəni görməmiş yaxud tanımamışdır. Elşən və Ramiqlə birlikdə onun yaşadığı evdə çay içdikdən sonra Elşən yorğun olduğunu və yatmaq istədiyini demiş, o, evdə Elşənə yatması üçün yer göstərdikdən sonra Elşən yatmışdır. 2022-ci il noyabrın 19-da saat 02 radələrində Ramiq Elşənə məxsus avtomobilin açarlarını götürmüş və onlar birlikdə evdən çıxmışlar. Ramiq Elşənə məxsus avtomobili işə salaraq hərəkətə gətirmiş və Ramiqin yaşadığı evin yaxınlığına getmişlər. Orada Ramiq avtomobili dayandırmış və Ramiqlə birlikdə avtomobildən düşərək piyada halda Fatimənin yaşadığı evin yaxınlığına getmişlər. Orada aralarında olan razılığa uyğun olaraq o, hasarın üzərindən keçərək tövlənin yerləşdiyi əraziyə daxil olmuş, Ramiq isə hər hansı şəxsin gələcəyi halda onu xəbərdar etmək üçün hasarın üzərinə çıxaraq gözləməyə başlamışdır. Tövlənin qapısını açaraq içəri daxil olduğu vaxt içəridə 07 baş qoyun olduğunu görmüş, həmin qoyunları qovaraq tövlədən bayıra çıxarmışdır. Daha sonra tövlənin arxa hissəsində olan həyətin küçəyə açılan qapısını açaraq qoyunları küçəyə çıxarmış, Ramiq də hasarın üzərindən düşərək onun yanına gəlmişdir. Bundan sonra birlikdə qoyunları yol ilə avtomobili dayandırdıqları yerə aparmış, avtomobilin yanına çatdıqdan sonra qoyunların yarısını yük yerinə, yarısını isə arxa salona yığmışlar. Bundan sonra Ramiq yenidən avtomobili idarə etməyə başlamış və onun yaşadığı evə getmişlər. Artıq saat 03-04 radələri olmuş, evdə Ramiq Elşəni yuxudan oyadaraq Bakı şəhərinə getməli olduqlarını demişdir. Elşən avtomobilin yanına gəldiyi vaxt avtomobildə qoyunların olduğunu görüb həmin heyvanların kimə məxsus olduğunu soruşmuş, həmin anda o, Elşənə heyvanların ona məxsus olduğunu, dayısına satdığını, lakin dayısının pulu olmadığı üçün geri aldığını demişdir. Elşənə həmin heyvanları Bakı şəhərinə aparıb satmaq istədiklərini, Elşənin də zəhmət haqqını verəcəklərini demişdir. Elşən həmin heyvanların oğurluq olub-olmadığını soruşduqda isə o, təkidlə heyvanların özünə məxsus olduğunu demiş, Ramiq də onun dediklərini təsdiqləmişdir. Elşən nə üçün gecə vaxtı getmək istədiklərini soruşduqda isə Elşənə heyvan bazarının gecə təşkil edildiyini, buna görə də heyvanları bazara çatdırmalı olduqlarını demişdir. Bundan sonra Elşən onlara inanmış və Elşənin idarə etdiyi avtomobil ilə Bakı şəhərinə getməyə başlamışlar. Elşən Bakı şəhərində Maştağa qəsəbəsi və Binəqədi rayonunda yerləşən heyvan bazarlarının işlədiyini dedikdə onlar Binəqədi rayonunda olan heyvan bazarına getmələrini demiş, Elşən də razılaşmışdır. Təxminən saat 07 radələrində Bakı şəhəri Binəqədi rayonunda yerləşən heyvan bazarına çatmış, Elşən bazardan kənarda onları gözləməyə başlamışdır. Ramiqlə birlikdə Fatiməyə məxsus olan oğurladıqları 07 baş xırdabuynuzlu heyvanı bazarda tanımadıqları şəxsə ümumilikdə 1200 manata satmışlar. Aldığı puldan 400 manatını Ramiqə, 200 manatını isə Elşənə vermiş, pula ehtiyacı olduğu üçün 600 manat pulu özünə götürmüşdür. Bundan sonra Salyan rayonuna qayıtmış, Ramiq isə Elşənlə birlikdə getmişdir. Sonrakı müddətdə əldə etdiyi 600 manat pulu şəxsi məsrəflərinə xərcləmişdir. Elşənə həmin heyvanların ona məxsus olduğunu demiş, buna görə də Elşən onların həmin heyvanları oğurladıqlarını bilməmişdir. Bazarda satdıqları 07 baş xırdabuynuzlu heyvanı alan şəxsə də heyvanların özlərinə məxsus olduğunu demişlər. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir və məsuliyyətini dərk edir. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə vurulmuş zərəri tam olaraq ödədiklərini bildirərək barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri X4 şəhərində kənd təsərrüfat sahəsində çalışır. Özü isə yaşadığı evin həyətində xırdabuynuzlu heyvan saxlamaqla məşğul olmuşdur. Övladı hər gün şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanları (qoyunları) otlaq sahəsinə aparıb otarmış və axşam saatlarında heyvanları geri qaytarmışdır. Həmin heyvanları saxlamaq üçün yaşadığı evin həyətində 12 metr uzunluğunda və 5 metr enində ağ daşlardan tikilmiş bir tərəfinin üzəri bağlı, digər hissəsinin üzəri açıq olan tövlə vardır. Heyvanlar otlaq sahəsindən qayıtdıqdan sonra heyvanları hər gün tövləyə salaraq hər iki qapısını arxadan cəftə ilə bağlamışdır. 2022-ci il noyabrın 18-də övladı Fərid heyvanları otlaq sahəsindən evə gətirdikdən sonra o, həmişəki kimi heyvanları tövləyə salıb qapısını bağlamış, bundan sonra axşam hər hansı bir səs-küy eşitməmişdir. Növbəti gün, yəni noyabrın 19-da saat 07:30-da heyvanları həyətə buraxmaq üçün evdən çıxmış, tövləyə yaxınlaşanda tövlənin qapısının açıq olduğunu və heyvanların tövlədə olmadığını aşkar etmişdir. Daha sonra ətrafı gəzib-dolaşmış, ətrafa diqqət yetirərək qoyunların qonşu həyətlərə keçə bilməsi ehtimalını nəzərdən keçirmişdir. Qonşulardan da bu barədə sorğusual etmiş, lakin heyvanları qonşuların da həyətində olmamışdır. Bundan sonra heyvanların oğurlanmasını anladığı üçün DİN-in 102 xidmətinə zəng edərək bu barədə şifahi məlumat vermiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Oğurlanmış xırdabuynuzlu heyvanların hər biri 2 illik, diri halda çəkiləri 20 kq, dişi cinsli, 1 başının dəyəri 200 manat olmaqla 07 başının ümumi dəyəri 1400 manat təşkil etmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “VAZ 21011” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili etibarnamə əsasında idarə edir. Salyan rayon sakini Təqsirləndirilən şəxs1 tanıyır, normal münasibətləri olmuşdur. Ramiq də onun kimi Bakı şəhərində kirayədə yaşamışdır. 2022-ci il noyabrın 18-də saat 16 radələrində Ramiq mobil telefon vasitəsilə ona zəng edərək həyətində olan ona məxsus 3 ədəd taxta qapını Salyan rayonunda yerləşən evinə gətirməyini xahiş etmiş, o da Ramiqlə razılaşaraq gətirə biləcəyini demişdir. Həmin vaxt taxta qapıları avtomobilinin üzərinə qoyaraq Salyan rayonuna gəlmiş, Salyan rayonuna çatana yaxın mobil telefon vasitəsilə Ramiqə zəng edərək yolu başa salmasını demişdir. Ramiq də Salyan rayonu ərazisində yerləşən stasionar postu keçən kimi yolun sağ tərəfinə dönüb düz hərəkət etməyini bildirmiş, Ramiqin yaşadığı kənd ərazisində sonuncu ilə görüşmüşdür. Avtomobilin üzərində olan 03 ədəd taxta qapını Ramiqin yaşadığı evinə həyətinə qoymuş, sonra Ramiq qonşuluqda tanışı Xəyalın yaşadığını və Xəyalın evinə getməyi təklif etdiyi üçün Ramiq ilə razılaşaraq Xəyalın evinə getmişdir. Avtomobilini Xəyalın yaşadığı evin qarşısında saxlamış, sonra Ramiq ilə Xəyalın yaşadığı evin həyətinə daxil olaraq evə getmişlər. Ramiq onu Xəyal ilə tanış etdikdən sonra birlikdə çay içib yemək yemişlər. Sonra o, Ramiqə yorğun olduğunu demiş, Xəyal ona yatmaq üçün yer göstərdikdən sonra o, yatmağa getmişdir. 2022-ci il noyabrın 19-da saat 03 radələrində Ramiq onu yuxudan oyadaraq Bakı şəhərinə getmək istədiyini bildirmiş, o da problem olmadığını deyərək gedə biləcəyini demişdir. Avtomobilimin yanına getdiyi vaxt avtomobilin arxa oturacağında və yük yerində xırdabuynuzlu heyvan olduğunu görmüş, Ramiqdən xırdabuynuzlu heyvanları nə üçün avtomobilə yığdıqlarını soruşmuşdur. Ramiq də qoyunların Xəyala məxsus olduğunu və satmağa apardığını bildirmişdir. Xəyal da həmin xırdabuynuzlu heyvanların özünə məxsus olduğunu bildirmişdir. Xəyaldan qoyunları nə üçün Salyanda satmadığını soruşduqda Xəyal Salyanda heyvan bazarı olmadığını demişdir. Xəyaldan və Ramiqdən həmin xırdabuynuzlu heyvanların oğurluq olub-olmadığını soruşduqda Ramiq və Xəyal hər ikisi heyvanların oğurluq olmadığını bildirmişlər. Ramiq və Xəyal ona zəhmət haqqı verəcəklərini bildirdikləri üçün onlarla razılaşmış və Bakı şəhəri istiqamətində avtomobili sürməyə başlamışdır. Yolda gedən zaman Xəyal Bakı şəhəri Binəqədi rayonunda olan heyvan bazarına getməyini bildirmiş, o da razılaşmışdır. Təxminən saat 07 radələrində Bakı şəhəri Binəqədi rayonunda olan heyvan bazarına çatmışlar. Ramiq Xəyal ilə birlikdə həmin 07 baş xırdabuynuzlu heyvanı bazarda tanımadığı şəxsə satmış, lakin heyvanları hansı qiymətə satdıqlarını bilməmişdir. Bundan sonra Xəyal ona 200 manat pul vermiş və işi olduğunu deyərək çıxıb getmişdir. O da Ramiq ilə birlikdə Yasamal rayonuna getmiş, Ramiq də yolda düşərək öz kirayə yaşadığı evinə getmişdir. Ramiq ilə Xəyalın oğurluq etmələri barədə onun heç bir məlumatı olmamışdır. Ramiqlə dost olduğu üçün Ramiqə istədiyi vaxt avtomobilini idarə edə biləcəyini demişdir. Ramiq avtomobili onun yatdığı müddətdə idarə etsə də, lakin Ramiqə qarşı şikayət və ya tələbi yoxdur. Belə ki, Ramiqə istədiyi vaxt avtomobilini idarə etməsi üçün icazə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi Sahib Əzizovun 13 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Salyan rayonu Çadırlı kəndində yaşayan Zərərçəkmiş şəxs 19 2022-ci il noyabrın 19-da gecə saatlarında yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədən ona məxsus ümumi dəyəri 1400 manat olan 07 baş xırdabuynuzlu heyvanın (qoyun) naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması ilə bağlı həmin gün Salyan Rayon Polis Şöbəsinə vermiş olduğu ərizə və həmin fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 6-9-cu vərəqində olan 19 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Salyan rayonunun, Çadırlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 07 baş qoyunun oğurlandığı tövlənin foto şəkilləri çəkilmişdir. Cinayət işinin 41-ci vərəqində olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 16 dekabr 2022-ci il tarixli, 276 nömrəli məktubundan görünür ki, Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 2022-ci ilin noyabr ayı ərzində 1 baş 2 illik, diri halda çəkisi 20 kq olan dişi cinsli xırdabuynuzlu heyvanın (qoyunun) satış qiyməti 200 (iki yüz) manat olmuşdur. Cinayət işinin 89-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü tarixli protokoldan görünür ki, Salyan rayonu Çadırlı kəndində qeydiyyatda olan və Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1 oğunun azadlıq hüququ saat 16:05 dəqiqədən məhdudlaşdırılmış, 18:30 dəqiqədə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 108-110-cu vərəqində olan “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokollardan görünür ki,” Təqsirləndirilən şəxs1 oğunun ifadəsi yerində yoxlanılmış və “SAMSUNQ Galaxy A30s” markalı mobil telefonun kamerası vasitəsilə videoçəkiliş aparılmış və həmin videogörüntü diskə köçürülmüşdür. Cinayət işinin 111-112-ci vərəqində olan “şahidin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki,” Şahid ifadəsi yerində yoxlanılmış və “SAMSUNQ Galaxy A30s” markalı mobil telefonun kamerası vasitəsilə videoçəkiliş aparılmış və həmin videogörüntü diskə köçürülmüşdür. Cinayət işinin 125-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 141-143-cü vərəqində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 21/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina olunması barədə vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs1 oğu məhkəmə iclas zalından dərhal azad edilmişdir. Cinayət işinin 144-cü vərəqində olan “qətimkan tədbirinin seçilməsi haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 159-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 favral 2023-cü il tarixdə saat 20:00 dəqiqədən etibarən azadlıq hüququ məhdudlaşdırılmış, xx.xx.2023-cü il tarixdə saat 02:35 dəqiqədə tutulmuşdur. Cinayət işinin 173-174-cü vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 184-cü vərəqində olan “qətimkan tədbirinin seçilməsi haqqında” 19 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 197-199-cu vərəqində olan Salyan Rayon İcra Hakimiyyəti Başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyidən verilmiş 21 fevral 2023-cü il tarixli yaşayış yeri barədə arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 4 azyaşlı uşağı var, barəsində yaşayış yeri üzrə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 200-201-ci vərəqində olan Salyan Rayon İcra Hakimiyyəti Başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 fevral 2023-cü il tarixli yaşayış yeri barədə arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 subaydır, barəsində yaşayış yeri üzrə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 208-210-cu vərəqində olan Şirvan Şəhər Məhkəməsinin 1(032)- 76/2011 saylı xx.xx.2011-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 oğu Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 211-ci vərəqində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs“ Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 23 fevral 2023-cü il tarixli, PHŞ-6-68/2-223/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 oğu və Təqsirləndirilən şəxs2 oğu narkoloji, ruhi-əsəb və digər xəstəliklər üzrə qeydiyyatda yoxdurlar. Cinayət işinin 245-ci vərəqində olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yazdığı 04 mart 2023-cü il tarixli ərizədən görünür ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş olan 1400 (bir min dörd yüz) manat maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam olaraq ödənilmiş və bununla bağlı həmin şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 247-248-ci vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Fərzəliyev X3 Şəhər Məhkəməsinin 03 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 avqust 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 249-250-ci vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talama - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək törətdikləri əməldən səmimi peşmançılıq çəkmələrini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənilməsini, sonuncunun onlara qarşı şikayət və tələbinin olmamasını və Təqsirləndirilən şəxs1 yanında 4 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar olması, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilmələrinin mümkünlüyü qənaətinə gələrək, onların Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla onlar təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddələrdə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddələr tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs1 müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək müdafiəçilərin hesabatlarında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi 3 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs1 müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Müdafiəçi2 5 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs2 müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 iş saatına görə 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu 2 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Bakı şəhərində yerləşən evini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu 2 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Salyan rayonu Çadırlı kəndində yerləşən evini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-79/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-79/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver