Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-8/2025 28.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təhməz oğlu və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Z.Orucov küçəsi, ev 1-də qeydiyyatda olmaqla, Bakı şəhəri, A.Məmmədov küçəsi, ev 85, mənzil 9-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təhməz oğlunun Azərbaycan Respublikasının CM-nin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Təhməz oğlu Azərbaycan Respublikasının CM-nin 222.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 10 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Salyan şəhəri, 20 Yanvar küçəsində yeni kanalizasiya xəttinin çəkilişi işləri aparılarkən, torpaq sürüşməsi nəticəsində torpaq altında qalaraq xəsarət almasına səbəb olmuşdur. Belə ki, o, Salyan rayonunda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilən su təchizatı və kanalizasiya sisteminin tikintisi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında Salyan şəhəri, 20 Yanvar küçəsində müxtəlif diametrli kanalizasiya boruları və quyularının çəkilməsi işlərinin görülməsi barədə xx.xx.2024-cü il tarixdə bağlanmış YKT/SL/SC/06-24/016 nömrəli subpodrat müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağladığı 01\2024 nömrəli xidmət müqaviləsinin icrası ilə əlaqədar xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış fiziki şəxs olaraq "xxxx" MMC-nin direktoru tərəfindən "Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına nəzarət olunması haqqında” 01 iyul 2024-cü il tarixli 09 nömrəli əmr verildikdən sonra fiziki və icraçı şəxs kimi müxtəlif diametrli kanalizasiya boruları və quyularının çəkilməsi işləri görməyə başlamış, həmin vaxt texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət etməyərək, xx.xx.2024cü il tarixli 09 nömrəli əmrin 1-ci bəndində göstərilən “Bütün tikinti sahələrində tikintiquraşdırma, təmir, bərpa və yenidənqurma işlərini düzgün aparmaq, fəhlələrin iş yerinə aparıb qaytarılmasına əməl olunması, onların sağlamlığını qorumaq, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını düzgün yerinə yetirmək, tikinti meydançalarında işləyən maşın-mexanizmlərin istismarına gündəlik baxış keçirilməsi və işçilərə peşələri üzrə iş yerində təlimatın vaxtlı vaxtında yüksək səviyyədə keçirilməsinə nəzarət etməsi” barədə üzərinə düşən vəzifələri lazımınca icra etməyib «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 1.19, 1.20, 9.15, 9.17 bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər” 12.0.004-79 DÜST-nin (dövlət standartın) 1.1, 2.5, və 3.10-cu bəndlərinin tələblərini pozaraq tikinti sahəsində işlərin müstəqil icrasına buraxılmazdan əvvəl normativ aktlarla müəyyən edilmiş qaydada təlim, təlimatlandırma və biliyinin yoxlanılmasını keçirməmiş, Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən kanalizasiya xəttinin çəkilişi aparılan iş sahəsində işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün ərazidə qazılmış xəndəyin divarlarına bərkitmələrin (dayaqların) quraşdırılmasını təmin etməmiş, bunun nəticəsində xx.xx.2024-cü il tarixdə saat 17 radələrində rəhbərlik etdiyi tikinti işlərinə həmin gün qeyrirəsmi olaraq fəhlə qismində cəlb etdiyi Zərərçəkmiş şəxs Salyan şəhəri, 20 Yanvar küçəsindəki 15 nömrəli evin qarşısında kanalizasiya xətti üçün qazılmış xəndəyin içərisində iş görərkən xəndəyin kənarlarından torpaq qatının xəndəyin daxilinə aşaraq Zərərçəkmiş şəxs üzərinə tökülməsi nəticəsində sonuncu döş qəfəsinin küt travması, iki tərəfli hemopnevmatoraks, iki tərəfli qabırğaların sınıqları, ağ ciyərin əzilməsi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid ağır dərəcəli bədən xəsarəti almış, yəni o, tikinti işlərinə rəhbərlik edən zaman təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır dərəcəli zərər vurmasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Təhməz oğlu Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Təhməz oğlu ona Azərbaycan Respublikasının CM-nin 222.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, 1980-ci ildən tikinti sahəsində iş icraçısı, idarə rəisi vəzifələrində çalışmışdır. Onunla "xxxx" MMC arasında kanalizasiya xəttinin çəkilişi ilə bağlı xx.xx.2024-cü ildə xidmət müqaviləsi bağlanmışdır. "xxxx" MMC "xxxx" MMC-nin subpodoratçısıdır və həmin MMC Salyan şəhəri, 20 Yanvar küçəsində kanalizasiya xəttinin çəkilişi ilə məşğul olur, müqaviləyə əsasən 15 km xətt çəkməlidir. Onlar həmin küçədə xx.xx.2024-cü ildə işə başlamışlar. Tikinti sahəsində uzun illərin təcrübəsi olduğu üçün layihə əsasında işləri görməyi MMCnin direktoru Fikrət xx.xx.2024-cü il tarixli əmrlə ona həvalə etmişdir. O bütün qaydaqanuna riayət etməklə orada işləri təşkil edib, işçilərin təhlükəsiz iş şəraitində işləmələrini təmin və işçilərin təhlükəsizliyinə nəzarət etməli idi. Təxminən avqust ayının 6-7 tarixlərində Müslüm adlı taksi sürücüsü ilə tanış olmuş, sonuncu onun lazım olan işlərini görmüşdür. Müslüm ondan xahiş etmişdir ki, onun işsiz olan qardaşı Zərərçəkmiş şəxs fəhlə kimi işə qəbul etsin. Ona fəhlə lazım olduğundan onunla razılaşmışdır. xx.xx.2024-cü ildə saat 10 radələrində Zərərçəkmiş şəxs kanalizasiya çəkdikləri sahəyə gəlib işləməyə başlamışdır. O, topoqraf İmrana Təyyara iş gördürməyi həvalə etmişdir. Təyyar qazılmış quyuya qum tökməli, boruları quyunun içində birləşdirməli olmuşdur. Təyyarı nahar vaxtı kafedə görmüş, sonuncu ona işə başladığını bildirmişdir. xx.xx.2024-cü ildə saat 17:23-də Salyan şəhəri 20 Yanvar küçəsində işlərə nəzarət edərkən İmran ona zəng edərək Təyyarın torpağın altında qaldığını xəbər verib hadisə yerinə çağırmışdır. O, 20 Yanvar küçəsindəki 15 saylı evin qarşısına gələndə görmüşdür ki, ora işçilər yığılıb, Təyyar kanalizasiya borusu üçün qazılmış 1,5 metr dərinlikdə olan xəndəyin içində, sinəsi yarıyadək torpağın altında qalıb. Təyyar sıxılı vəziyyətdə torpağın arasında qalıb xırıldamışdır. Səlim ekskavatoru yaxına sürüb torpağı Təyyarın arxasından bir qədər təmizləmişdir. Onlar onu köməkli dartıb quyudan çıxartmışlar. Kimsə 103 xidmətinə zəng edib həkim çağırmış, dərhal ora həkim briqadası gəlib Təyyarı xəstəxanaya aparmışdır.O,həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs içərisində iş gördüyü xəndəyin dərinliyi təxminən 1,5-1,6 metr olmuşdur. Hadisədən əvvəl Təyyara heç bir fərdi mühafizə vasitəsi verilməmişdir. Təyyara əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə təlimat verən olmamışdır.MMC-də və onun özündə dayaqlar olmadığına, onu başqa yerdən gətirmədiklərinə görə kanalizasiya xəttinin çəkilişinə başladıqları və hadisə olduğu günədək xəndəyin divarlarına heç nə quraşdımamış, bərkitmə işi görməmiş, nəhayət torpağın aşması nəticəsində də torpaq xəndəyə dolaraq Təyyara xəsarət yetirmişdir. O, hər hansı hadisə olacağına şübhələnmədiyi üçün MMC-nin direktoru Fikrətə və başqasına xəndəyin kənarın quraşdırmaq məqsədi ilə sipər, dayaq gətirmək lazım olduğunu bildirməmişdir. Hadisədən sonra həmin tikinti sahəsinə bir ədəd sipər gətirilmişdir. İşlədiyi müddətdə iş gördüyü yerlərdə heç vaxt torpaq xəndəyə aşmadığından bu dəfə də torpağın xəndəyə aşacağını və işçiyə xəsarət yetirəcəyini düşünməmişdir.O, ifadəsini davam etdirərək göstərmişdir ki, onlar kanalizasiya borusu üçün xəndəyi maillilik səviyyəsi olsun deyə dayazdan dərinə doğru çəkmişlər, Təyyarın üstünə torpaq uçduğu yerin yanında hadisədən əvvəl xəndəyə salınmış ikinci borunun axar nöqtəsinin son dərinliyi 2,5 metr olmuş,xəndək get-gedə dərinləşmişdir. Tikinti sahəsində topoqraf işləyən İmran ona dəfələrlə xəndəyin divarlarına bərkitmə işi görmək üçün dayaq, sipər quraşdırmaq lazım olduğunu bildirmişdir. O, hadisə baş verəcəyinə inanmamış, buna görə də İmranın dediklərinin heç birinə əməl etməmiş, xəndəklərin divarlarına bərkitmə işi görmək üçün dayaq, sipər quraşdırılmasını təmin etməmişdir. Hadisənin ehtiyatsızlıqdan baş verməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin xərclərini azadlıqda qalacağı təqdirdə azaldacağını bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi özünün səmimi etirafı ilə yanaşı ibtidai istintaq zamanı toplanmış, bir-biri ilə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən baxış protokolları, zərərçəkmiş və şahid ifadələri və prosessual sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayının əvvəlində qardaşı Müslüm ona Salyan şəhərində kanalizasiya xətti çəkən adını bilmədiyi şirkətə fəhlə lazım olduğunu bildirmişdir. İşsiz olduğu üçün onunla razılaşmış və avqust ayının əvvəlində Salyan şəhəri, 20 Yanvar küçəsinə gedərək orada kanalizasiya xətti çəkən şirkətin nümayəndəsi Elşadla görüşmüşdür. Orada Elşaddan və yanında olan işçilərdən öyrənmişdir ki, kanalizasiya xəttinin çəkilişi ilə "xxxx" MMC məşğul olur və Elşad orada iş icraçısı, rəhbər kimi çalışır. Elşad bir neçə günə işçiyə ehtiyac olacağını və onu işə çağıracağını bildirib telefon nömrəsini götürmüşdür. xx.xx.2024-cü ildə Elşad hansısa işçisinə ona zəng etdirib onu orada işləməyə dəvət etmişdir. Həmin gün saat 10 radələrində Salyan şəhəri, 20 Yanvar küçəsinə gedib kanalizasiya çəkilən ərazidə, küçədə Elşadla görüşmüşdür. Elşad ona bir ay içində təxminən 600-800 manat arası əmək haqqı verəcəyini bildirmişdir. Həmin gün orada işə başlamışdır. Belə ki, küçənin ortasında ekskavatorla kanalizasiya xətti üçün xəndək qazılmışdır. Elşadın tapşırığı ilə kürəklə həmin xəndəyin içinə yaxınlıqda olan qumu dağıtmış, plastik borunu quyuya yerləşdirmişdir. Onun yanında tanımadığı, adını sonradan bildiyi İmran adlı topoqraf olmuşdur. O, arabir ona da kömək edib, ölçmə qurğusunu tutmuşdur. Nahar vaxtı onlar taksi ilə “Qırmızı zapravka” deyilən hansısa yanacaq doldurma məntəqəsinin həyətindəki yeməkxanaya aparmışlar. Onlar bir yerdə yemək yeyib, yenidən iş yerinə qayıtmışlar. O, kürəklə işini davam etdirmiş, həmin vaxtı ora əvvəllər tanımadığı, adını sonradan bildiyi Ülvü adlı fəhlə də gəlmiş və onlar bir yerdə işilərini davam etdirmişlər. Elşad arabir gəlib işlərinə nəzarət edərək harasa getmişdir. Həmin ərəfədə kənarda ekskavator da işləmişdir. Saat təxminən 17 radələrində qazılmış kanalizasiya xəndəyinin içərisinə düşərək orada kürəklə ora qoyacaqları kanalizasiya borusunun altını düzəltmişdir. Onunla bir yerdə işləyən Ülvü isə boru gətirməyə getmiş, İmran isə aralıda ölçmə işləri görmüşdür. Quyuda iş görərkən qəfildən kənara yığılmış torpaq üstünə axıb tökülmüş və onun boğazınadək torpaq yığılmışdır. O, torpaq arasında qaldığı üçün ağrıdan huşunu itirmiş və bir də Salyan Rayon Mərkəzi Xəstəxanasının palatasında ayılmışdır. Onun qabırğası sınmış və daxili orqanları zədələnmişdir. O, müalicəsini Bakı şəhərindəki xəstəxanalarda davam etdirmişdir. Onunla "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Hadisədən az əvvəl içərisində iş gördüyü xəndəyin divarlarına bərkitmə işi görmək üçün dayaq, sipər quraşdırılmamışdır. Orada dayaq quraşdırılmış olsa idi torpaq xəndəyin içinə dolmaz və torpağın altında qalmazdı. Hadisədən az əvvəl içərisində iş gördüyü xəndəyin dərinliyi təxminən 1,5-1,6 metr olardı, onun içərisində olanda onun yalnız başı çöldə qalmışdır. Kanalizasiya xəttinin çəkilişi üçün qazılmış xəndəyin içərisində ış görməyi ona Elşad adlı iş icraçısı tapşırmışdır. Üstünə torpaq aşmazdan əvvəl ona heç bir təlimat verilməmişdir. Hadisədən sonra xəstəxanalarda müalicə olunanda Elşad onun müalicəsi üçün oğlu Novruza Bakı şəhərində, “Medera" klinikasında 2000 (iki min) manat, Salyandan Bakıya aparılmağının xərci kimi isə 600 (altı yüz) manat pul vermişdir. Cinayət işi üzrə şahid X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclaslarına gəlməmiş, 09 dekabr 2024-cü il tarixində məhkəməyə teleqram ünvanlayaraq, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai araşdırma zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin rəsmi işçisi olmamış, sonuncu onunla xidmət müqaviləsi əsasında kanalizasiya xəttinin çəkilişinə mütəxəssis kimi cəlb edilmiş, eyni zamanda o, Elşada tikintidə işlərin təhlükəsiz qaydada aparılmasını əmrlə həvalə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhərində işlədiyi yerdən işdən çıxdığı üçün xx.xx.2024-cü ildə Salyan şəhəri 20 Yanvar küçəsində kanalizasiya çəkilişi gedən əraziyə gəlmişdir. Orada "xxxx" MMC tərəfində kanalizasiya xətti çəkildiyini öyrənmiş və orada Elşad adlı rəhbər işçi ilə tanış olmuşdur. Avqustun 4-də həmin iş sahəsinə gəlib Elşadla görüşmüş həmin gündən işə başlamışdır. Saat 08:30-da işə gəlib, saat 18:00-da işdən çıxmışdır. O, kanalizasiya çəkiliş sahəsində fəhlə qismində işləmişdir. 2024-cü il avqustun 10-da saat 08:30-da işə gəlib işə başlamışdır. Saat 16 radələrində Elşad yanına gələrək topoqraf İmranın yanında işləyən Təyyar adlı fəhləyə kömək etməyini xahiş etmişdir. Təyyarın olduğu kanalizasiya xətti çəkilən əraziyə gedib işə yeni gələn Təyyarla tanış olmuşdur. Təyyarla birlikdə xəndəyin içərisinə qoyulmuş kanalizasiya borularının üstünə bellə qum səpmişlər. Ekskavatorçu Səlim həmin günkü işini bitirib texnikanı kənara çəkib saxlamşıdır. İmran sonuncu ölçmə işlərini aparandan sonra yeni boru gətirib quyuya salmalarını tapşırmışdır. Həmin vaxtı işin qurtarmasına az qaldığı üçün İmrana bu işi başa çatdıra bilməyəcəklərini deyib avadanlıqları, alətləri yığmağa başlamışdır. Həmin ərəfədə Təyyar bellə ilə nəsə iş görmək üçün xəndəyin içinə düşmüşdür. Bir neçə dəqiqədən sonra Təyyardan 40-50 metr aralıda olanda Təyyar tərəfdən guppultu səsi eşitmişdir. Özü və yaxınlıqda olan İmran, ekskavatorçu Səlim səs gələn yerə getmiş və görmüşdür ki, xəndəyin kənarına yığılmış torpaq topası uçaraq quyuya tökülüb və Təyyar sinəsinədək torpağın altında qalıb. Əlləri ilə Təyyarı çıxartmaq istəslər də bunu edə bilməmişlər. Təyyar sıxılı vəziyyətdə torpağın arasında qalıb xırıldamışdır. Səlim ekskavatoru yaxına sürüb torpağı Təyyarın arxa tərəfindən bir qədər təmizləmişdir. Həmin vaxtadək Elşad və başqa işçilər ora gəlmiş və onlar onu köməkli dartıb quyudan çıxartmışlar. Kimsə 103 xidmətinə zəng edib həkim çağırmışdır. Dərhal ora həkim briqadası gəlmiş və Təyyarı xəstəxanaya aparmışdır. Hadisədən əvvəl ona və Təyyara heç bir fərdi mühafizə vasitəsi verilməmişdir. Ona və işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə təlimat verən olmamışdır. Hadisədən əvvəl Təyyar spirtli içki qəbul etməmiş, onda sərxoşluq əlaməti olmamışdır. Hadisədən az əvvəl Zərərçəkmiş şəxs içərisində iş gördüyü, uçqun baş vermiş xəndəyin divarlarına bərkitmə işi görmək üçün dayaq, sipər quraşdırılmamışdır. Onlar kanalizasiya borusu üçün xəndəyi maillilik səviyyəsi olsun deyə dayazdan dərinə doğru çəkmiş, buna görə də xəndək get-gedə dərinləşmişdir. İmran dəfələrlə Elşada xəndəyin divarlarına bərkitmə işi görmək üçün dayaq, sipər quraşdırmaq lazım olduğunu bildirmişdir. Elşad deyilənlərin heç birinə əməl etməmişdir. Elşad xəndəklərin divarlarına bərkitmə işi görmək üçün dayaq, sipər quraşdırılmasını təmin etməmişdir. Hadisədən bir neçə gün sonra iş gördükləri yerə bir ədəd sipər gətirilmiş, lakin ondan da istifadə olunmamışdır. Hadisədən az əvvəl Zərərçəkmiş şəxs içərisində iş gördüyü xəndəyin dərinliyi təxminən 1,5-1,6 metr olmuşdur. Təyyarın boyu təxminən 180 sm olduğundan Təyyar sinəsinədək torpağın altında qalmış, xəndəyin yuxarısında onun yalnız başı görünmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 31 oktyabr 2024-cü il tarixli 3-21-2-12/2-25693/2024 nömrəli məktubundan görünür ki, fərdi sahibkar Təqsirləndirilən şəxs Təhməz oğlu (FİN: xxxxxxx) (VÖET **********) xx.xx.2009-cu il tarixdə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmışdır. Uçot məlumatlarına əsasən Zərərçəkmiş şəxs (FİN: xxxxxxx) vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində uçotda olması barədə məlumat aşkar edilməmişdir. 5 saylı Ərazi Vergilər İdarəsində Təqsirləndirilən şəxs və Təyyar Adıgözəlovun rəhbəri və təsisçisi olduqları qeydiyyatı olan hüquqi şəxs yoxdur. xx.xx.2024-cü il tarixli YKT/SL/SC/06-24/016 nömrəli subpodrat müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC-nin direktoru X11 ilə subpodratçı "xxxx" MMC-nin direktoru Şahid2 arasında subpodrat bağlanmışdır. Həmin müqavilənin 4.2.10 bəndinin tələblərinə əsasən işlərin təhlükəsiz aparılmasına, işçilərin texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırılmasına və işçilərin bu qaydalara riayət etmələrinə, habelə bu tələblərə riayət edilməməsi halında üçüncü şəxslərə vurulan ziyana görə tam məsuliyyət subpodratçıya həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli “Xidmət müqaviləsi”ndən göstərilmişdir ki, həmin müqavilə "xxxx" MMC-nin direktor Şahid2 ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında bağlanmışdır. Müqavilənin predmetinə əsasən "xxxx" MMC Salyan rayonu ərazisində icra etdiyi layihəsi üzrə qeyd edilən zəruri işlərin icrasını Təqsirləndirilən şəxs sifariş verməyi, Təqsirləndirilən şəxs isə sifarişçinin müəyyən etdiyi qaydada zəruri işləri icra etməyi öhdəsinə götürmüşdür. “İcraçı” müqavilədə nəzərdə tutulan işin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır, “İcraçı”nın təqsiri nəticəsində təsadüfən işin icrası nəticəsində “Sifarişçinin” əmlakının məhv olması və ya zədələnməsi riski icranın “Sifarişçi”yə təhvil verildiyi vaxtadək “İcraçı”nın üzərinə düşür. “İcraçı” “Sifarişçi”nin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. “İcraçı” müvafiq işin həyata keçirilməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət etməlidir. “İcraçı”nın diqqətsizliyi səbəbindən baş vermiş hər hansı bədbəxt hadisə zamanı “Sifarişçi” məsuliyyət daşımır. Texniki təhlükəsizlik qaydalarına riayyət olunmasına icraçı bilavasitə məsuliyyət daşıyır, sifarişçi bunun üçün məsuliyyət daşımır. İşin icrası hər gün sifarişçinin sahədə işləri icra etdiyi vaxt ərzində, yəni 08:00-19- 00 aralığında həyata keçirilir. "xxxx" MMC-nin direktoru Şahid2 xx.xx.2024-cü il tarixli 09 №-li əmrinə əsasən bütün tikinti sahələrində tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işləri düzgün aparmaq, fəhlələrin iş yerinə aparıb qaytarılmasına əməl olunması, onların sağlamlığını qorumaq, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını düzgün yerinə yetirmək, tikinti meydançalarında işləyən maşın-mexanizmlərin istismarına gündəlik baxış keçirilməsi və işçilərə peşələri üzrə iş yerində təlimatın vaxtlı-vaxtıdna yüksək səviyyədə keçirilməsinə “nəzarət” iş icraçısı Təqsirləndirilən şəxs Təhməz oğluna həvalə edilmişdir. 10 avqust 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından keçən avtomobil yoludur. Küçənin eni 5 metrdir. Küçənin ortasından kanalizasiya xətti üçün 90 sm enində 32 metr uzunluğunda quyu qazılmışdır. Çıxarılan torpaq təpə şəklində quyunun sol tərəfinə yığılmışdır. Quyunun sağ tərəfində hasarın dibinə qum təpəciyi yığılmışdır. Quyunun başında “LiugongCLG908c” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı ekskavator saxlanılmışdır. Quyunun içərisində 20 diametrli qara rəngli plastik boru vardır. Borunun üzərinə hissəvi olaraq qum tökülmüşdür. Ekskavatordan 2 metr irəlidə quyunun sol kənarına təpə şəklində yığılmış torpaq sürüşərək 1.8x1.9 metr ölçüdə quyunun içərisinə dolaraq uçqun əmələ gəlmişdir. Dağılmış hissədə quyunun içərisində dik dayanmış bir ədəd belin sapının olduğu müşahidə edilir. Torpağın arasında qaldığı üçün beli çıxartmaq mümkün olmadı. Baxış iştirakçısı Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs belin olduğu hissədə quyunun içində, torpaq uçqunun altında qalmış və onu oradan çıxararaq xəstəxanaya göndərmişlər. Məhkəmə Tibbi Ekspertiza və X8-Təcrübi və X7 Rayon Şöbəsindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, 455 №-li rəylə təsdiq edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı aşkar olunan xəsarətlər-döş qəfəsinin küt travması, iki tərəfli hemopnevmatoraks, iki tərəfli qabırğaların sınıqları, ağ ciyərin əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddətdə müxtəlif şəraitlərdə xx.xx.2024-cü il tarixdə iş zamanı torpaq altında qalma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 19 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/7225 №-li rəylə təsdiq edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 1.19, 1.20, 9.15, 9.17 bəndlərinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X13 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən kanalizasiya xəttinin çəkilişinin aparılması zamanı müvafiq təşkilati (işçilərin peşə üzrə hazırlıq və təhlükəsizlik texnikası üzrə təlim keçmələri) və texniki (xəndəyin divarlarına bərkitmələrin quraşdırılması) tərkibli tədbirlər təmin edilmədiyinə görə, «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 1.19, 1.20, 9.15, 9.17 bəndlərinin tələbləri xx.xx.2024cü il tarixli 09 №-li əmrə əsasən həmin vəzifələr həvalə edilmiş "xxxx" MMC-də iş icraçısı işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. “X1 Sistemi”ndən çıxarılmış məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 489 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Təhməz oğlu Bakı şəhəri Binəqədi rayonu 9 mkr A.Məmmədov küçəsi ev 85 mənzil 9-da qeydiyyatsız yaşayır.Təqsirləndirilən şəxs Təhməz oğlu barəsində istismar sahəsinə qonşular tərəfindən hal-hazıra kimi narazılıq, şikayət ərizəsi və yaxud polis bölməsindən heç bir məktub daxil olmamışdır.Binada yaşayan qonşular Təqsirləndirilən şəxs barəsində səmimi, rahat və səliqəli olduğunu bildirmişdirlər. Ağdam rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığından İXM-nin 53.1.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Təhməz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Təhməz oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsi ilə başlanmış cinayət işi həmin Məcəllənin 222.2-ci maddəsinə tövsif edilmiş; Təqsirləndirilən şəxs Təhməz oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında müvafiq qərar qəbul edilmiş; onun barəsində Başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilməsinin məqsədəmüvafiqliyi nəzərdən keçirilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X7 Rayon Şöbəsindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, 455 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizalar Mərkəzindən verilmiş 19 sentyabr 2024-cü il tarixli 3-16-16/2- 10/7225 nömrəli rəylər iş üçün əhəmiyyət kəsb etdiyindən sübut kimi qəbul olunmuş; Şahid2 əməllərində Azərbaycan Respublikası CM-nin 314.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş; Azərbaycan Respublikası Baş prokurorunun 30 iyul 2020-ci il tarixli 10/82 nömrəli əmri ilə təsdiq olunmuş “X10”nın 346.13-cü maddəsinə əsasən, cinayət təqibinin başlanması rədd edilmiş və cinayət təqibinin başlanması xitam edilmiş xüsusatlara aid sənədlərdən kserosurətlər çıxarılmış və ayrılmış materiallar Salyan rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi qərar alınmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Təhməz oğlunun törətdiyi əməl Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 222.1-ci maddəsinə əsasən, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda - bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 222.2-ci maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla, onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin xərclərini azadlıqda qalacağı təqdirdə azaldacağını, zərərçəkmiş şəxsin və vəkilinin ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi xahişini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, qeyd edilən yüngülləşdirici hallar həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Təhməz oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Təhməz oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 01 (bir) il 06 (altı) ay müddətə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahədə tikinti fəaliyyəti ilə bağlı rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Təhməz oğlu təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, oğlunun Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Təhməz oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qayadada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Təhməz oğlu Azərbaycan Respublikasının CM-nin 222.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahədə tikinti fəaliyyəti ilə bağlı rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nın 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Təhməz oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Təhməz oğlu barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs Təhməz oğlundan alınaraq X3 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs Təhməz oğlunun yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs Təhməz oğluna hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-8/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-8/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver