Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-81/2023 17.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərər çəkmiş şəxsin hüquqi varisi - Novruzova Zinyat Babaş qızının iştirakları ilə xx xxxxxx 1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 10-da qeydiyyatda olan və yaşayan, barəsində Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü il yanvarın 16-da, saat 23:20 radələrində istifadəsində olan “Renault Logan” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili ilə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 58-ci km-də hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə edib həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutaraq yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər yol hərəkəti iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda bunu etməmiş, həmin vaxt idarə etdiyi avtomobillə sərxoş vəziyyətdə Astara rayonu istiqamətində avtomobillərin hərəkət zolağında asfalt yolun üzərinə uzanmış X4 üzərindən keçərək "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyib hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana kömək göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmış, nəticədə sonuncuya ehtiyatsızlıqdan daxili qanaxma, sağ ağciyərin, qaraciyərin, dalağın cırılmaları, sağ tərəfli İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların, döş sümüyünün qapalı yerdəyişən sınıqları, sağ bazunun orta 1/3-nin qapalı yerdəyişən sınığı, başın alın nahiyyəsinin, döş qəfəsinin və qarının ön nahiyyələrinin sıyrıqları ilə nəticələnən, sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə zərər çəkmiş şəxs X4 hadisə yerində almış olduğu daxili qanaxma, sağ ağciyərin, qaraciyərin, dalağın zədələnməsi nəticəsində ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Salyan şəhərində yaşamaqla "xxxx" MMC-ə məxsus “Renault Logan” minik markalı, ağ rəngli, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə əsasında icarəyə götürərək ondan taksi kimi istifadə etməklə gündəlik çörək pulunu qazanmışdır. X6 əvvəldən yerli şəhər sakini kimi tanımış, onunla qohumluğu, ədavəti, elə bir yaxın münasibəti də olmamışdır. 16 yanvar 2023-cü il tarixdə “Renault Logan” minik markalı, ağ rəngli, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun öz istifadəsində olmaqla onu gün ərzində yalnız özü idarə etmişdir. 16 yanvar 2023-cü il tarixdə axşam o, tanışları Elxan, Samir və Mecidlə birlikdə Salyan RPŞnin Təhqiqat Bölməsində olan işləri ilə əlaqədar Salyan RPŞ-nə gəlmiş, təxminən 01 saatdan çox polis şöbəsində olduqdan sonra saat 19 radələrində oradan çıxıb Salyan şəhərindəki dairənin yanına gəlmiş, orada dördü də ona məxsus avtomobilə əyləşib söhbət etmişlər. Bir az keçmiş Mecid Elxandan avtomobilini ona verməsini və onunla qardaşının evinə gedib-gələcəyini demiş, Elxan da onunla razılaşıb avtomobilinin açarlarını ona vermişdir. Mecid Elxanın avtomobilini idarə edərək getdikdən sonra Samir və Elxanla birlikdə maşında oturub Mecidi gözləməyə başlamışlar. Həmin vaxt Samirin qohumu ona zəng edərək çağırdığı üçün saat 20 radələrində idarə etdiyi avtomobillə Samirin qohumunun yaşadığı evə getmiş və “Stansiya” adlanan ərazidə Samirin qohumu olan Osmanı da idarə etdiyi avtomobilə götürüb yenidən Salyan şəhər dairəsinə qayıtmışlar. Bir neçə dəqiqədən sonra Mecid Elxana məxsus avtomobillə onların yanına gəlmiş, 5-10 dəqiqə sonra Mecid yenə də dostunun onu çağırdığını deyib Elxandan avtomobili ona verməsini istəsədə Elxan avtomobilində benzin az olduğundan avtomobili yenidən ona verməkdən imtina etmişdir. Ona görə Mecid ondan maşınını istəmiş, o da öz “Renault Logan” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilini Mecidə vermiş, özləri isə maşından düşüb Elxana məxsus “Vaz 2107” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Saat 22 radələrində Samir evə getmək istədiyi üçün Elxanın idarə etdiyi avtomobillə “Stansiya” adlanan ərazidə yerləşən Samirin yaşadığı evə getmiş, orada Samir və Osman avtomobildən düşəndən sonra Elxanla o yenidən Salyan şəhər dairəsinə gəlmiş, bir az keçmiş Mecid də onun maşını ilə həmin yerə gəlmişdir. Bir az keçmiş ona zəng gəldiyi üçün o, Mecidgilə evə dəyib qayıdacağını bildirmişdir. Elxanla Mecid həmin vaxt orada qalmış, özü isə maşını ilə yaşadığı məhəlləyə gəlmiş, məhəllədə maşınla bir dövrə vurduqdan sonra oradan gəlib Salyan şəhərindəki köhnə avtobazanın yanından, yəni İlqar adlı şəxsin yem dükanının yanından, keçmiş Ələt-Astara yoluna çıxıb Salyan şəhərinin girişindəki dairəyə tərəf maşını idarə etməyə başlamışdır. Həmin vaxt avtomobilini saatda təxminən 70 km sürətlə idarə etmiş, hərəkət etdiyi Astara istiqamətində yolun sağ tərəfində yerləşən "Dəniz Petrol" yanacaq doldurma məntəqəsinin qarşısına çatanda onun hərəkəti istiqamətində qarşısında hərəkət edən, ağ rəngli, dövlət qeydiyyat nişanına fikir vermədiyi “VAZ 2107” markalı bir avtomobillə idarə etdiyi maşın arasındakı məsafə təxminən 5-10 metr olmuş, həmin avtomobil qarşısında hərəkətdə olarkən onun sürücüsü avtomobili yolun soluna tərəf qaçırmış, bu çox gözlənilmədən baş verdiyindən nə baş verdiyini ilk dəqiqədə anlamamış, həmin vaxt idarə etdiyi avtomobilin hərəkət zolağında yolun üzərində qaranlıqda nə isə bir qaraltı olduğunu görmüş, bunu qəflətən gördüyündən və həmin vaxt idarə etdiyi avtomobillə yolun üzərindəki qaraltı arasındakı məsafə 2-3 metr olduğundan özünü itirmiş və imkan tapıb maşının əyləcini basıb maşını saxlaya bilməmişdir. Nəticədə idarə etdiyi avtomobillə yerdəki qaraltının üzərindən keçmiş, keçərkən də hiss etmişdir ki, idarə etdiyi avtomobil bir qədər yuxarı tullanmışdır. Baş vermiş bu hadisədən bərk həyəcanlanmış, lakin maşınla həmin vaxt nəyin üzərindən keçdiyini dəqiq bilməmiş, ona görə də bir qədər qabağa gedib avtomobili saxlamış, maşından su götürüb üzünə vurub sifətini yumuşdur ki, həyəcanı bir qədər getsin. Sonra yenidən avtomobilinə minərək Salyan şəhərinin girişindəki dairədə onu gözləyən Mecid və Elxan adlı tanışlarının yanına gəlmiş, onlara törətdiyi yol-nəqliyyat hadisəsi barədə heç nə deməmiş, onları maşına mindirəndən sonra gedib şəhərin "Plastmas" adlanan yaşayış sahəsində yaşayan tanışları "Motu" ləqəbli Muhammedəlini də maşına götürüb idarə etdiyi maşınla Salyan rayonu, Xalac kəndində yol kənarında yerləşən kafeyə getmişlər. Orada özü 3 şüşə 0,5 litrlik "Xırdalan" pivəsi içmiş, Elxan ümumiyyətlə pivə içməmiş, Mecidlə Muhammedəli isə ikisinə bir şüşə 0,5 litrlik "Kuller" pivəsi içmişlər. Sonra Salyan şəhərinə qayıdıb Salyan şəhərindəki dairənin yanında dayanmış, bir müddət sonra onlara yaxınlaşan polis əməkdaşlarının təklifi ilə maşınını Salyan Rayon Polis Şöbəsinə gətirmişdir. Polis şöbəsinin həyətində iştirakı ilə avtomobilinə baxış keçirilərkən avtomobilinin sağ qanadının altındakı palçığın üzərində qan ləkələri olduğu məlum olmuş, həmin qan ləkələri olan palçıq hissələr iştirakı ilə ekspertizaya göndərilməsi məqsədi ilə götürülüb qablaşdırılmış, bu barədə protokol yazılmış və oxunduqdan sonra o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həqiqətəndə, 16 yanvar 2023-cü il tarixdə gecə idarə etdiyi maşınla yanacaq doldurma məntəqəsinin qarşısında yerə uzanmış şəxsin üzərindən o keçmiş, lakin bunu bilərəkdən etməmiş, hadisə çox qəflətən baş verdiyindən əvvəlcə nəyin üstündən maşınla keçdiyini dəqiq də bilməmişdir. Yalnız sonradan bilmişdir ki, həqiqətəndə maşınla yerə uzanmış şəxsin üzərindən keçmişdir. Hadisədən əvvəl heç bir spirtli içki qəbul etməmiş, maşınla yerə uzanmış şəxsin üzərindən keçməsi barədə sonradan görüşdüyü Mecidgilə heç nə deməmiş, onların həmin hadisəni onun törətməsi barədə heç bir məlumatları olmamışdır. Hazırda törətdiyi cinayət əməlinə görə səhvini başa düşür və tutduğu bu əməlindən də səmimi peşmandır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxsin hüquqi varisi Novruzova Zinyat Babaş qızı ifadəsində göstərmişdir ki, mərhum X7 onun oğludur. Oğlu onunla birlikdə yaşamış və gündəlik fəhləçilik etməklə öz çörək pulunu qazanmışdır. 2023-cü il yanvar ayının 16-da Yaşar həmişə olduğu kimi səhər tezdən işləmək adı ilə evdən getmiş və axşam o, evə qayıtmamış, buna görə bir ana kimi Yaşarın evə qayıtmadığından narahat olmuşdur. Sonra eşitmişdir ki, Yaşarı maşın vurub və o, hadisə yerində ölüb. Hadisənin necə, hansı şəraitdə baş verməsini görməmiş və bilməmişdir. Lakin eşitdiyinə görə Salyan şəhər sakini Emin adlı şəxs Yaşarın maşınla üstündən keçib. Yaşarın cənazəsini morqdan götürəndən sonra onu aparıb el adət ilə kənd qəbirstanlığında dəfn etmişlər. Novruzova Zinyat Babaş qızı məhkəməyə ərizə təqdim edərək göstərmidir ki, hal-hazırda Təqsirləndirilən şəxs və yaxınları ondan üzr istəmiş, onlar barışmışlar və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Xahiş edir ki, nəzərə alınsin. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirimiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ailəsi birlikdə Salyan rayonu, Arbatan kəndində yaşayır və özü də qapılarda fəhləçilik etməklə gündəlik çörək pulunu qazanır. X6 bir neçə il əvvəldən fəhlə yoldaş kimi tanımışdır. 16 yanvar 2023-cü il tarixdə Fariz adlı tanışı ilə işdən sonra Salyan şəhərinin girişindəki dairənin yaxınlığında yerləşən "Aynabənd" adlanan kafeyə gəlmiş, orada əyləşib nahar edərkən Farizlə birlikdə araq içməyə başlamışlar. Az keçməmiş Yaşar da əlində 01 litr araq şüşəsi onların yanına gəlmiş və o da onlarla birlikdə əyləşib araq içməyə başlamışdır. Təxminən 300-400 qram araq içdikdən sonra Yaşar keflənmiş və ondan sonra o, kafedə olan adamlara söz atmış, onlara narahatçılıq yaratmış, nə qədər etsələrdə onu sakitləşdirə bilməmişlər. Ona görə də, məcbur qalıb həmin kafedən çölə çıxıb sonra yaxınlıqdakı Samirin kafesi adlanan yerə getmişlər. Lakin Samir həmin vaxt onları içəri buraxmayıb kafeni artıq bağladığını bildirmişdir. İçdiyi araq Yaşara daha çox təsir etdiyindən o bundan bir az da əsəbləşmiş və ətrafda olanları söyüb təhqir etməyə başlamışdır. Nə qədər etsələrdə Yaşarı sakitləşdirə bilməmiş, həmin vaxt birdən Yaşar onlara "mən indi yola çıxıb uzanacam ki, mənə maşın dəysin, sürücüdən 5-10 manat pul alıb sonra gedib yeyib içərik" deyə bildirmiş, nə qədər çalışıb Yaşarı saxlamaq istəsələrdə o dayanmamış və qəflətən yola çıxıb avtomobillərin hərəkət zolağında yerə uzanmışdır. Həmin vaxt oradan keçən bir neçə sürücü Yaşarın yerə uzandığını görüb maşınları ilə onu vurmamaq üçün onun yanından keçib getmiş, lakin sonradan arxadan gələn ağ rəngli, markasını aydınlaşdıra bilmədiyi bir maşının sürücüsü Yaşarın yerin uzandığını vaxtında görə bilmədiyindən maşınla Yaşarın üzərindən keçib getmişdir. Həmin vaxt onun yanında olan Fariz bunu görən kimi oradan qaçıb getmiş, o isə Yaşarın üstündən maşın keçəndən sonra ona yaxınlaşanda Yaşarın başının partladığını və yola çoxlu qan axdığını görmüşdür. Ondan sonra ətrafdakı adamlar da ora yaxınlaşmış və təcili yardıma zəng vurmuşlar. Az keçməmiş polis əməkdaşları və təcili yardım maşını da hadisə yerinə gəlmişdir. Yaşarın üzərindən keçən maşının markasını dəqiq bilməmiş, onun nömrəsini də görməmiş, yalnız həmin avtomobilin ağ rəngli balaca maşın olmasını dəqiq bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid5 da Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 yanvar 2023-cü il tarixdə saat 23:30-da Salyan RPŞ-nin növbətçi hissəsinə Salyan şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər şəxsin hadisə yerində ölməsi, hadisəni törətmiş şəxsin isə hadisə yerindən qaçması barədə məlumat daxil olduqdan sonra dərhal bu barədə rəhbərlik tərəfindən şöbə əməkdaşları məlumatlandırılmış və naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsinin açılması, hadisəni törətmiş sürücünün, eləcədə onun idarə etdiyi avtomobilin tapılması ilə bağlı şöbə əməkdaşlarına müvafiq tapşırıqlar verilmişdir. Bundan sonra şöbənin digər əməkdaşları ilə birlikdə həyata keçirilən zəruri tədbirlər nəticəsində onlar tərəfindən müəyyənləşdirilmişdir ki, həmin hadisəni törətməkdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs şübhəlidir. Ona görə də, onun olduğu yer dəqiqləşdirilib şöbə əməkdaşları ilə birlikdə 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs səhərə yaxın idarə etdiyi ağ rəngli, “Renault Logan” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Salyan RPŞ-nə gətirmiş, şöbədə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən dindirilərkən o, yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsini törətdiyini və hadisəni törətdikdən sonra da hadisə yerindən qorxudan qaçdığını səmimi etiraf etmiş, şübhəli şəxs kimi tutulduqdan sonra Təqsirləndirilən şəxs və öz seçimi əsasında ona təyin olunmuş müdafiəçisinin, eləcə də onların və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə şöbənin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Logan” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin çirkli və palçıqlı vəziyyətdə olması, diqqətlə baxdıqda avtomobilin qabaq sol qanadının içəri hissəsində, qabaq sol təkərdən avtomobilin qabaq sol qanadının içəri hissəsinə sıçramış palçıq üzərində 5 ayrı-ayrı yerlərdə xırda qan ləkələrinin olması müəyyən olunmuş, iş üzrə əhəmiyyət kəsb etdiyindən həmin qan ləkələri üzərində olduğu palçıqla birlikdə şöbənin ekspert-kriminalisti Şahid3 tərəfindən ekspertizaya göndərilməsi məqsədi ilə götürülüb paketə qoyularaq qablaşdırılmışdır. Paketin ağzı möhürlənib bağlandıqdan sonra onun üzərini imzaları ilə təsdiq etmişlər. Daha sonra, bu barədə tərtib olunmuş protokol oxunub elan edildikdən sonra protokolun da doğruluğunu imzaları ilə təsdiq etmişlər. Avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bir daha həmin yol nəqliyyat hadisəsini törətdiyini və yola uzanmış şəxsin üzərindən avtomobillə keçdiyini təsdiq etmişdir. Həmin gün axşam o, qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı keçirilən istintaq eksperimentində də iştirak etmiş və istintaq eksperimenti zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Logan” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında hadisə baş verən zaman nömrəsi onlara məlum olmayan “VAZ 2107” markalı bir avtomobil hərəkət etmiş, hər iki avtomobil hərəkətdə olarkən yolun işıqlanması zamanı sürücülər üçün görünüş dairəsi 80 metr olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə uşaqlıdan bir yerdə böyüdüyündən onunla dostluq etmiş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. 16 yanvar 2023-cü il tarixdə, axşam saat 18 radələrində Salyan RPŞ-nin təhqiqat bölməsində işləri olduğu üçün tanışları Emin və Elxanla birlikdə polis şöbəsinə gəlmiş və təxminən 2 saat ərzində şöbədə təhqiqatçının yanında olmuşlar. Həmin vaxt şöbəyə dostu Elxana məxsus qırmızı rəngli, “Vaz 2107” markalı, axırıncı nömrəsi 487 olan maşınla gəlmiş, saat 19 radələrində rayon polis şöbəsindən çıxıb Salyan şəhərinin girişindəki dairəyə gəlmiş, orada evlərinə getmək üçün Elxandan maşınını xahiş edib almış və Elxan da özünə məxsus “Vaz 2107” markalı, **-XF- *** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını ona verəndən sonra həmin avtomobillə evlərinə getmiş və evlərində nahar edib bir az dincəlmişdir. Sonra həmin maşınla yenidən Salyan şəhərinin girişindəki dairənin yanına gəlmiş, orada Elxangilin Eminin maşınında oturub söhbət etdiklərini, Osman adlı tanışlarının da həmin vaxt maşında olduğunu görmüşdür. 5-10 dəqiqə sonra tanışı "Motu" ləqəbli Muhammedəli ona zəng vurub ailəsi ilə birlikdə hazırda qayınatasıgildə olduğunu və maşınla gəlib onları oradan götürüb öz evlərinə aparmasını ondan xahiş etdiyi üçün Elxandan avtomobilini ona verməsini xahiş edəndə Elxan avtomobilində benzinin az olduğunu deyib avtomobilini verməkdən imtina etmişdir. Ona görə Emindən xahiş edib avtomobilini istəmiş və Emin “Renault Logan” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilini ona verəndən sonra həmin maşınla gedib Muhammedəlinin ailəsini atasıgildən götürüb öz evlərinə aparmış, ailəsini evində düşürəndən sonra Muhammedəli də onunla birlikdə uşaqların yanına gəlmişdir. Həmin vaxt Emin öz maşınını götürüb evlərinə dəyib gələcəyini bildirmiş, ona görə də, onlar Elxanın maşınına minib onu gözləməyə başlamışlar. Emin maşınını götürüb onların yanından gedəndə saat 23 radələri olmuş, təxminən 15-20 dəqiqə sonra Emin öz maşını ilə onların yanına gəlmiş və sonra Eminin maşını ilə birllikdə Salyan rayonu, Xalac kəndində yerləşən "Fatoşun kafesi" adlanan yerə getmişlər. Kafedə olan zaman özü bir ədəd "Kuller" pivəsinin yarısını içmiş, Eminlə Muhammedəli pivə içsələrdə Elxan heç nə içməmişdir. Təxminən 02 saat kafedə oturandan sonra Salyan şəhərinə qayıtmış və qayıdan zaman maşını özü idarə etmişdir. Salyan şəhərinə gələndən sonra polis əməkdaşları onlara yaxınlaşıb Emini maşını ilə birlikdə şöbəyə dəvət etmişlər. Ona görə də, onlar da Eminin maşınının arxasınca Salyan RPŞ-nə gəlmişlər. Həmin gün Eminin öz maşını ilə kiminsə üstündən keçməsini bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid7 və Şahid8 Şahid6 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin oktyabr ayından yaşadığı Astara rayonu, Maşxan kəndindən Salyan şəhərinə köçüb gəlmiş və həmin vaxtdan da burada kirayədə yaşamaqla rayonun Xalac kəndində yerləşən, Altay adlı şəxsə məxsus kafeni 2023-cü ilin yanvar ayının sonuna kimi işlətmiş, hazırda isə başqa kafedə işləyir. Təqsirləndirilən şəxs Xalac kəndində yerləşən kafeyə gəlib gedən bir müştəri kimi tanımış, onunla hər hansı bir münasibəti olmamışdır. Emin çox vaxt həmin kafeyə Mecid və digər adlarını bilmədiyi uşaqlarla gəlib getmiş, 16 yanvar 2023-cü il tarixdə Emin öz ağ rəngli, markasını dəqiq bilmədiyi maşını ilə gecə vaxtı onun işlədiyi kafeyə gəlmiş, Emindən başqa onun maşını ilə kafeyə həmin vaxt Mecid və adlarını bilmədiyi daha 02 şəxs də gəlmiş, onlar kafeyə gələndə artıq gecə olmuş, lakin onlar kafeyə gələn zaman saata fikir vermədiyindən saatın dəqiq neçə olmasını bilməmişdir. Emingili kafedə əyləşib pivə sifariş vermiş və təxminən hamısı bir yerdə cəmi 5-6 şüşə pivə içmişlər. Gecə saat 24-ü keçəndən sonra Emingilə artıq gec olduğu üçün kafeni bağlamaq istədiklərini bildirmiş, ona görə də onlar durub kafedən çıxıb maşına minib kafedən getmiş və o bir daha onları kafeyə gələn görməmişdir. Sonradan rayon sakinlərindən eşitmişdir ki, Emin həmin gün axşam Salyan şəhərində maşınla adam üstündən keçib. Həmin hadisə vaxtı hadisə yerində olmadığından bu barədə dəqiq bir şey bilmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Salyan şəhərində el arasında "Aynabənd" adı ilə tanınan kafedə mühafizəçi kimi işləyir və Yaşarı rayon sakini kimi tanımışdır. El arasında Yaşar həm də "Şaban" adı ilə tanınmış, Yaşar və onunla həmişə bir yerdə olan bir neçə şəxs hər dəfə içib sərxoş olandan sonra adamlara sataşdığından onları kafeyə də buraxmamışlar. 16 yanvar 2023-cü il tarixdə axşam vaxtı Yaşar, Hilal və tanımadığı başqa bir şəxs içkili vəziyyətdə kafeyə gəlmiş, onlar kafeyə gələndə möhkəm sərxoş vəziyyətdə olmuş, kafeyə girəndən sonra onlar həmin vaxt kafedə olan müştərilərə sataşıb söz atmağa başlamışlar. Özlərini idarə edə bilmədiklərini görüb bazar adamları ilə birlikdə onları güclə kafedən çıxarıb qovmuş, küçəyə çıxdıqdan sonra küçədə onlar yoldan keçənlərə də söz atmışlar. Yaşargili kafedən gedəndən sonra onların daha hara getməsini bilməmiş, saat 24 radələrində kafedə olan zaman çöldə səs-küy eşidib çölə çıxmış və eşitmişdir ki, Yaşar gedib sərxoş vəziyyətdə yolun üzərinə uzandığı üçün onun üstündən maşın keçmişdir. Həmin axşam işlədiyi kafedə olduğundan hadisənin necə baş verdiyini görməmiş, Yaşar və həmin vaxt onunla birlikdə olan 02 şəxs hadisə baş verən axşamı onun işlədiyi kafedə spirtli içki qəbul etməmiş, onlar kafeyə gələndə artıq tam sərxoş vəziyyətdə olmuş, Yaşarı da əvvəldən rayonda hamı mərdimazar, adamlara pislik etməyə çalışan, onlara şər-böhtan atan bir adam kimi tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid10 da Şahid9 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 263.2 və 264-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Cinayət işinin 4-9-cu vərəqlərində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 16 yanvar 2023-cü il tarixli protokol və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, hal şahidlərinin iştirakı ilə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 58-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi yeri müayinə olunmuş, fotoşəkillər çəkilmiş və hadisə yerinin sxemi tərtib olunmuşdur. Cinayət işinin 22-ci vərəqində olan Etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs BC 440522 nömrəli sürücülük vəsiqəsini xx.xx.2021-ci il tarixdə B1, B, C1, C kateqoriyalı sürücülük hüququ verilmişdir və həmin vəsiqə xx.xx.2031-ci ilə kimi etibarlıdır. Cinayət işinin 26-cı vərəqində olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2023-cü il tarixli 13 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin 87-90-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-avtotexniki ekspertizasının 18 yanvar 2023-cü il tarixli 8/161 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən materiallara əsasən “Renault Logan” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 8/161 saylı məktubundan görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manatdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1 və 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Cinayət işinin 91-92-ci vərəqlərində olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2 və 264-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 109-111-ci vərəqlərində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 134-135-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Niftiyev X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 04 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 147-149-cu vərəqlərində olan məhkəmə kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli 335 A/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin 150-154-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 28 fevral 2023-cü il tarixli 3/284 nömrəli rəyindən görünür ki, təqdim edilmiş qara rəngli gödəkçənin, şalvarın, bir cüt ayaqqabının səthində rəyin tədqiqi hissəsində olan istiqamətləri, yerləşmə yerləri göstərilməklə təsvir edilən zədələr vardır. Tədqiqata təqdim edilmiş qara rəngli gödəkçənin, şalvarın, bir cüt ayaqqabının üzərində olan zədələrin, izlərin öz formasına, quruluşuna xarakterinə və s. əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontakda olması, ilişməsi, sürtünməsi, sürünməsi o, cümlədən nəqliyyat vasitəsinin vurması nəticəsində vurması mümkündür. Təqdim edilmiş geyim əşyaların üzərində nəqliyyat vasitələrinə məxsus təkər şininin protektor naxış izləri aşkar edilmədi. Təqdim edilmiş iki ədəd köynəyin, bir ədəd papağın üzərində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli, 3/284 saylı məktubundan görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatdır. Cinayət işinin 155-157-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası ilə bağlı 16 fevral 2023-cü il tarixli, 3 nömrəli rəyindən görünür ki, X4 meyitinin bədəni üzərində daxilə qanaxma, sağ ağciyərin, qaraciyərin, dalağın cırılmaları, sağ tərəfli İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların, döş sümüyünün qapalı yerdəyişən sınıqları, sağ bazunun orta 1/3-nin qapalı yerdəyişən sınığı, başın alın nahiyyəsinin, döş qəfəsinin və qarının ön nahiyyələrinin sıyrıqları vardır, bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyaların təsiri nəticəsində, ola bilsin ki, xx.xx.2023-cü il tarixdə avtomobilin mərhumun üzərindən keçməsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan hansı ki, onun ölümünə səbəb olmuş sağlamlığa ağır zərərvurmaya aiddir. X4 ölümü müayinədən təxminən 12-13 saat əvvəl baş vermişdir. Mərhum, X4 meyitinin üzərində aşkar olunmuş xəsarətlər, uzanmış vəziyyətdə olan şəxsin üzərindən minik avtomobilinin keçməsi zəminində, minik avtomobilinin hissələrinin təsirindən törənmişdir. (təkər və s.) Mərhum, X7 xəsarət alarkən uzanıqlı vəziyyətdə olmuş və həmin xəsarətlər eyni ardıcıllıqla yetirilmişdir. Bu xəsarətlər həyatidir. Mərhum, X5 nəqliyyat travmasından başqa hər hansı bir xəsarət aşkar edilmədi. Mərhum, X4 ölümünə səbəb-daxilə qanaxma, sağ ağciyərin, qaraciyərin, dalağın zədələnməsi olmuşdur. Mərhum, X4 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Qanda etil spirtinin qatılığı 0,8%-dir. Yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Cinayət işinin 164-167-ci vərəqlərində olan Salyan RİH başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində azyaşlı uşaqları var və barəsində şikayət daxil olmamışdır. Cinayət işinin 172-181-ci vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında 13 mart 2023-cü il tarixli qərardan görünür ki, hadisə zamanı mərhum X4 əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd şalvar və bir cüt ayaqqabı maddi sübut kimi tanınmış və saxlanması üçün Salyan RPŞ–nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 182-183-cü vərəqlərində olan “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CMin 263.2 və 264-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, zərər çəkən şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və hər iki maddə üzrə barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı,cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayəti, tələbi və iddiasının olmadığını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, onun əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq ona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263.2 və 263.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının, əlavə cəza növü olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına, 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmin məcəllənin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları,ağırlaşdırıcı halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, zərərçəkən şəxsin hüquqi varisinin şikayətçi və tələbkar olmamasıni, yaşadığı yerdən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İş üzrə maddi sübut olan mərhum X4 əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd şalvar və bir cüt ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra zərər çəkmiş şəxsin hüquqi varisi Novruzova Zinyat Babaş qızına qaytarılmalıdır. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 149 (bir yüz qırx doqquz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan mərhum X4 əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd şalvar və bir cüt ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra zərər çəkmiş şəxsin hüquqi varisi Novruzova Zinyat Babaş qızına qaytarılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 149 (bir yüz qırx doqquz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökm müdafiəçinin hüquqi yardıma görə pulun ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-81/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-81/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver