Məhkəmə qərarları › İş №1(057)-81/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-81/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-81/2025 14.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Salyan şəhəri H.Z.Tağıyev küçəsi ev 40 mənzil 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, cavabdeh kimi ondan əvvəli xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 43,50 (qırx üç manat əlli qəpik) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli, 2(057)-579/2012 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İ.XM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(057)-91/2018 nömrəli qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 3(057)-661/2021 nömrəli qərarı ilə on iki gün və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(057)-64/2025 nömrəli qərarı ilə on iki gün inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək xx.xx.2025-ci ii tarixdə məsuiiyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün verilən xx.xx.2025-ci il tarixli təqdimata əsasən Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli, 2(057)-579/2012 nömrəli qətnaməsi üzrə cəmi 5591,50 (beş min beş yüz doxsan bir manat əlli qəpik) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Zərərçəkmiş şəxs ilə 2005-ci ildə faktiki ailə qurmuş, nikahlarının rəsmiləşdirilməsi sonradan, yəni 2008-ci il tarixdə olmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X4 adında bir övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs ilə ayrılmışdır. Uşaq anası Zərərçəkmiş şəxs qalmışdır. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqla maraqlanılmadığıı və heç bir maddi köməklik göstərilmədiyini əsas gətirərək boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 43,50 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Salyan rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə onun ünvanına göndərilmişdir. Bildirişləri qəbul etsə də ödəməli olduğu aylıq aliment pulunu və yaranmış aliment borcunu maddi imkanı kifayət qədər olmadığından ödəyə bilməmiş, icra məmurunun qanuni tələbini icra etmədiyindən Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə on iki gün və həmin məhkəmənin xx.xx.2025ci il tarixli qərarı ilə on iki gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimata əsasən Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli qətnaməsi üzrə 5591,50 manat məbləğində aliment borcu yaranmışdır. Yaşadığı rayonda günəmuzd 15,00-25,00 manata fəhlə işləyir. Həmçinin arada iri və xırda buynuzlu heyvanların kəsimini edir, yəni qəssablıq edir. Özünü təqsirli bilir, övladına baxmalıdır. Sadəcə maddi imkanı kifayət qədər olmadığından və qazancı ancaq sonradan ailə qurduğu yoldaşının və uşaqlarının tələbatlarına çatdığından alimenti ödəyə bilməmişdir. Qeyd edilən məhkəmə qətnaməsi ilə razıdır, qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət etməmiş, nədə alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. İşlədiyinə görə Məşğulluq Mərkəzinə müraciət etməmişdir. Əvvəllər törətdiyi cinayət əməlinə görə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkdiyi CÇM-də aylıq aliment pulunu və alimentə görə yaranmış borcunu ödəmək məqsədi ilə işlə təmin edilməsi üçün müəssisənin rəhbərliyinə müraciət etməmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidin və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxsla 2005-ci ildə faktiki ailə qurmuş, nikahlarının rəsmiləşdirilməsi sonradan, yəni 2008-ci il tarixdə olmuşdur. Münasibətlərindən xx.xx.2006-cı il təvəllüdlü X4 adında bir övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ayrılmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqla maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 43,50 (qırx üç manat əlli qəpik) manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Salyan rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru Şahid1 tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişləri qəbul etsə də aliment pulunu maddi imkanı olduğu halda ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə on iki gün və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə on iki gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilsə də işləməsinə və gəlir əldə etməsinə baxmayaraq alimenti ödəməmiş və Salyan rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimata əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli qətnaməsi üzrə 5591,50 (beş min beş yüz doxsan bir manat əlli qəpik) manat məbləğində aliment borcu yaranmışdır. Yaranmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda cəzalandırılmasını istəyir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər ödənilməmişdir. Hazırda ona qarşı şikayətçidir. Alimenti verməkdən yayınır. Onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş edir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, əlavəsi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan rayon Məhkəməsinin 2(057)-579/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən xx.xx.2006-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 43,50 (qırx üç manat əlli qəpik) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2014-cü il tarixdə Salyan rayon icra və probasiya şöbəsinə daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İcra sənədində göstərilən tələbin könüllü qaydada icrasının təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş lakin o, icra sənədində göstərilən tələbi könüllü qaydada icra etməmiş və icra məmurunun çağırışına gəlməmişdir. Məcburi icra tədbirlərinə başlanılmış, "Elektron İcra İnformasiya” sistemindən alınmış çıxarışa və sorğulara əsasən borclu Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak və gəlir müəyyən olunmamışdır. İcra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvanda yaşamamass və tələbin yönəldilə bilinəcəyi əmlakın olmaması barədə müvafiq akt tərtib edilmişdir. Penitensiar Xidmətin 17 saylı CÇM-in xx.xx.2016-ci il tarixli, xx/xx-14689 saylı məktubla əsasən Təqsirləndirilən şəxs həmin müəssisədə cəza çəkdiyi müəyyən edilmiş və icra sənədi xx.xx.2016-cı il tarixdə aidiyyəti üzrə cəza çəkmə müəssisəsinə göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəza rnüddəti qurtardığı üçün cəzadan azad edilmişdir. Borcludan izahat alınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiynə görə borclu Təqsirləndirilən şəxs barəsində protokol tərtib edilmiş və baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(057)1034/2017 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmiş və Salyan rayon məhkəməsinin 8(057)-420/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə borclu Abbasov Mübariz Əjdər oğlunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiynə görə borclu Təqsirləndirilən şəxs barəsində yenidən protokol tərtib edilmiş və Saiyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(057)91/2018 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həbsdərı azad edildikdən sonra aliment ödəməmişdir. Penitensiar Xidmətin 7 saylı CÇM-in xx.xx.2020-ci il tarixli, 17/6-142 saylı məktubla əsasən Təqsirləndirilən şəxs həmin müəssisədə cəza çəkdiyi müəyyən edilmiş və icra sənədi xx.xx.2020-ci il tarixdə aidiyyəti üzrə cəza çəkmə müəssisəsinə göndərilmişdir. Həmin müəssisənin xx.xx.2021-ci il tarixli, xx/xx-2339 saylı məktubuna əsasən Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs çəkilməmiş cəzadan şərti vaxtından əvvəl azad edilmiş və aliment tutulması mümkün olmamışdır. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(057)661/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həbsdən azad edildikdən sonra aliment ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs DOST iş mərkəzində işləməsi müəyyən edilmiş və tələb xx.xx.2021-ci il tarixdə onun əmək haqqısına yönəldilmişdir. Borclu xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixdə müqaviləyə xitam verilmişdir. Həmin dövür ərzində cəmi 631,65 manat aliment tutularaq köçürülməsi təmin edilmişdir. Borclu Təqsirləndirilən şəxs izahatı alınmış və barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(057)64/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həbsdən azad edildikdən sonra aliment ödəməmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra ona dəfələrlə xəbərdarlıq edilərək tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş alimenti və aliment borcuunu ödəməməklə icra sənədinin icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 2(057)-579/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi və qətnamə üzrə verilmiş icra vərəqəsi üzrə 672,00 manat məbləğində alimentin tutulması təmin edilmiş və cəmi 5591,50 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Salyan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun ifadəsi Şahid1 ifadəsinə anoloji olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsindən görünür ki, ustadır, evləri ilkin tikintisindən tam təmirinə kimi işləri görür. Təqsirləndirilən şəxs iki ildir ki, tanıyır, iki ildir ki, onun yanında fəhlə işləyir. İşdən aslı olaraq Təqsirləndirilən şəxs gündəlik 15, 20 və 25 manat pul verir. Tikinti işi elədi ki, mütamadi iş olmur amma iş demək olar ki, çox az hallarda olmur. Təqsirləndirilən şəxs da demək olar bütün gün onun yanında fəhlə işləyir. Təqsirləndirilən şəxs bəzən də əlindən gəldiyinə görə iri və xırda buynuzlu heyvanların kəsimi ilə də məşğul olur. Yəni qəssab kimidə şləyir. Amma heyvanları nəçəyə kəsdiyini dəqiq bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi, kiçik ədliyyə müşaviri X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Salyan İcra və Probasiya şöbəsində toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. Salyan rayon məhkəməsinin 2(057)-579/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən və həmin iş üzrə verilmiş icra vərəqəsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 43,50 (qırx üç manat əlli qəpik) manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Salyan İcra və Probasiya böyük şöbəsinin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Salyan rayon məhkəməsinin 2(057)-579/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2014-cü il tarixli bildirişdən görünür ki, Salyan rayon məhkəməsinin 2(057)- 579/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası tələb olunmuş, əks halda barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi göstərilmişdir.Həmin bildiriş Təqsirləndirilən şəxs tərəfindən alınmışdır. Ədliyyə Nazirliyi PX-nin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 7 saylı cəzaçəkmə müəsisəsində cəza çəkmişdir. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli izahatından görünür ki, o, borcundan və borcun ödənilməməsi ilə bağlı məsuliyyətindən xəbərdardır. Hazırda borcundan heç bir hissə ödəyə bilməyəcək. Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(057)-1034/2017 saylı qərarından görünür k, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(057)-420/2017 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Salyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(057)-91/2018 saylı qərarından görünür ki, həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(057)-579/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin icrasından boyun qaçırdığına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Salyan rayon Məşğulluq Mərkəzinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs işlə təmin edilməsi üçün məşğulluq mərkəzinə müraciət etməsi tövsiyə olunsa da, Mərkəzə gəlməmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, borclu Təqsirləndirilən şəxs öhdəsində olan 4527 manat aliment borcunun ona ödənilməsini tələb etmiş, əks halda onun barəsində qanunda nəzərdə tutulan tədbir görülməsini xahiş etmişdir. Ədliyyə Nazirliyi PX-nin 7 saylı cəzaçəkmə müəsisəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə çəkilməmiş cəzadan şəti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2018-ci il tarixli 3(057)-91/2018 saylı icra vərəqi üzrə heç bir tutulma aparılmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli izahatından görünür ki, onun maddi vəziyyəti pis olduğu üçün öhdəsində olan 4614 manat aliment borcunu ödəyə bilmir. Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(057)-661/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 12 gün müddətə inzibati həbs edilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(057)-64/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 12 gün müddətə inzibati həbs edilmişdir. X11 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əmək haqqından 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayına kim 143,50 manat, 143,50 manat, 143,50 manat, 143,50 manat, 57,65 manat olmaqla tutulmalar aparılmışdır. Salyan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri H.Z.Tağıyev küçəsi ev 4, mənzil 7-də yaşayır. Salyan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, cinayət məsuliyyəti diqqətinə çatdırılmışdır. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclu Təqsirləndirilən şəxs öhdəsində olan 5693 manat aliment borcunun ona ödənilməsini tələb etmiş, əks halda onun barəsində qanunda nəzərdə tutulan tədbir görülməsini xahiş etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 oktyabr 2006-cı il tarixdə anadan olmuşdur. Salyan İcra və Probasiya böyük şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib edilmiş “aliment ödənişləri barədə cədvəl”dən görünür ki, Təqsirləndirilən şəxs 2012-2024cü illər ərzində 2017-ci il ərzində cəmi 41 manat; 2021-ci il ərzində cəmi 143,50 manat; 2022-ci il ərzində cəmi 488,15 manat; 2024-cü il ərzində cəmi 672,65 manat aliment ödəmişdir. xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs əmlak vəziyyətinin yoxlanılması barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus evdə yoxlama tədbirləri keçirilmiş və evdə zəruri ehtiyaca malik olan ev əşyalarından başqa siyahıya alınıb üzərinə həbs qoyulası əmlak aşkar edilməmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(057)-71/2022 saylı hökmündən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ƏN Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi Elşən Tağıyev tərəfindən qəbul edilmiş “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və ona məlumat verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 313-12/2-28253/2025 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. ƏN Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi Elşən Tağıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, ittiham elan edilmək üçün tutularaq Bakı şəhər Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Salyan RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə yerləşdirilmişdir. Salyan RPŞ-nin xx.xx.2025-ci il tarixli “axtarışda olan şəxsin saxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 09:00-da Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində saxlanılaraq, saat 09:15-də Salyan RPŞ-yə gətirilmişdir. Notarial qaydada təsdiq olunmuş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X3 arasında nikah xx.xx.2010-cu il tarixdə 09 saylı akt qeydi ilə Salyan rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Elnur Abbasovun və eyni təvəllüdlü Səmədağa Abbasovun ataları Təqsirləndirilən şəxs, anaları Səkinə Abbasovadır. xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli “müvəqqəti saxlama yerindən azad edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon Polis idarəsinin MSY-dən azad edilmişdir. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında”qərardan görünür ki, xx.xx.1978-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il altı ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Əldər oğluna Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvədə saxlanılmış; aparılan cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar, ifadələr və digər sənədlər sübut kimi qiymətləndirilmiş; Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qəbul edilmiş; Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olması, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 43,50 (qırx üç manat əlli qəpik) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli, 2(057)-579/2012 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İ.XM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(057)- 91/2018 nömrəli qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 3(057)- 661/2021 nömrəli qərarı ilə on iki gün və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(057)- 64/2025 nömrəli qərarı ilə on iki gün inzibati caydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək xx.xx.2025-ci ii tarixdə məsuiiyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün verilən xx.xx.2025-ci il tarixli təqdimata əsasən Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli, 2(057)-579/2012 nömrəli qətnaməsi üzrə cəmi 5591,50 (beş min beş yüz doxsan bir manat əlli qəpik) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 306.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3, 83.3.3-ci maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər 6 dəfə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, sonuncu dəfə Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin hökmdən apellyasiya şikayəti verilmiş, hökm qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəza sonu ilə azad olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs yuxarıda göstərilən Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmiş və belə olan halda cinayətlərin residivi yaranır, ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən qanunda residivə görə cəza təyin edilməsini nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin əməlində residiv var, CM-nin 65.2-ci maddəsinə əsasən törətdiyi cinayətə görə ona ittiham olunduğu maddədə müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az cəza təyin edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs zərər çəkmiş şəxslə barışmamış, zərərçəkmiş şəxs ondan şikayətçidir, dəfələrlə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrasını tam təmin etməmiş və bununla da törətdiyi əmələ biganə yanaşmışdır. Bu isə öz növbəsində xeyrinə aliment tutulan uşağın maraqlarını da əhəmiyyətli dərəcədə pozmaqla yanaşı zərər çəkmiş şəxsin pozulmuş hüququnun bərpasını və dəymiş zərərin ödənilməsini mümkünsüz etmiş, ədalət mühakiməsinin fəaliyyəti nəticəsiz qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi isə məhkəmə orqanlarını nüfuzdan salaraq cəmiyyətdə qanunla qorunan hüquq və mənafelərin müdafiəsi ilə əlaqədar inamsızlıq yaradır və zərərçəkənlərin hüquqlarını pozur. Bununla da, məhkəmə həmin şəxsin cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını, sosial ədalətin bərpa olunmasını, həmçinin onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını və bununla da cəzanın məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə bu, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ədalət mühakiməsinin təmin edilməsi və qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər və bununla da, digər yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinin təmin olunması üçün effektli olmaz. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 14 oktyabr 2025-ci il tarixdən hesablansın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 111 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sərdlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar