Məhkəmə qərarları › İş №1(057)-83/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-83/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-83/2023 04.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X12 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili X9 iştirakı ilə, xx.xx.1965-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən 01 ay 15 gün müddətinə vaxtından əvvəl cəzadan şərti azad olunmuş və 29 noyabr 2021-ci il tarixdə cəzasını tam qaydada çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,588 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 01 mart 2023-cü il tarixdə saat 18:30-da Salyan şəhəri, M.Quluzadə küçəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 18:45-də ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 2023-cü ilin martın 3-də ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə və psixotrop maddə qəbul edir, əvvəlki müddətdə bununla bağlı bir neçə dəfə məhkum olunsa da, lakin asılılığı olduğu üçün həmin zərərli vərdişini tərgidə bilməmişdir. 01 mart 2023-cü il tarixdə saat 18:00 radələrində çörək alaraq evə qayıdarkən Salyan şəhəri, 3 nömrəli tam orta məktəbin yaxınlığında ağacların altında yerdə parlaq büküm diqqətini cəlb etmiş, həmin bükümü əlinə götürüb baxdığı zaman içində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Özü də metamfetamin istifadə etdiyi üçün həmin bükümü götürüb istifadə etmək məqsədilə cibinə qoymuş, bir az sonra mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib birlikdə polis şöbəsinə gəlməyi təklif etmişlər. Polis şöbəsinə gəlmişlər. Orada müstəntiq tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir, o da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü il martın 1-də Salyan şəhər sakini Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul etmiş, həmin gün şöbənin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri, M.Quluzadə küçəsində yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Mirilhamın üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Mirilham əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Mirilham bildirmişdir ki, həmin kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir və özünə məxsusdur. Həmin kütləni 2023-cü il fevralın 28-də Salyan şəhərində yerləşən 3 nömrəli orta məktəbin yanında yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Daha sonra Mirilhamın üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 ədəd polietilen kəsiyi bükümü elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,6 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 ədəd polietilen kəsiyi bükümü müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Təqsirləndirilən şəxs Salyan şəhər sakini və narkotik vasitə istifadəçisi kimi tanımış, lakin heç bir münasibətləri olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Salyan Rayon Polis X3 qrupunun əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 və Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 1-ci vərəqində olan Salyan rayon PŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının 01 mart 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 17-ci vərəqində olan “şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-ci vərəqində olan 01 mart 2023-cü il tarixli “şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquqları 01 mart 2023-cü il tarixdə saat 18:30-dan etibarən məhdudlaşdırılmışdır. Cinayət işinin 32-33-cü vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Salyan rayon X10 Bölməsinin müstəntiqi, polis mayoru X4 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 85.4.2, 207.4, 242 və 445.2-ci maddələrinin tələblərinə əsasən Salyan rayon PŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Salyan RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2; barəsində axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1965-ci ildə Salyan şəhərində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli olması, fərdi əməklə məşğul olması, məhkumluğunun olması, Salyan şəhəri, Y.Qasımov küçəsi, ev 6, mənzil 24-də qeydiyyatda olması və Salyan şəhəri, M.Quluzadə küçəsi, ev 16-da yaşayan Təqsirləndirilən şəxs və müdafiəçisi X5 iştirakı ilə tərtib olunmuş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Cinayət işinin 47-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 02 mart 2023-cü il tarixli, 18/260 nömrəli məhkəməkimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,588 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 53-54-cü vərəqlərində olan 03 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 68-ci vərəqində olan 03 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsin X8n azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nın X8 saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. Cinayət işinin 91-93-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Cinayət işinin 101-103-cü vərəqələrində olan Salyan rayon İHB-nın Salyan şəhər İƏDN tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir və yaşayış yeri üzrə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 104-cü vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X14 Yoxlamanın 02 mart 2023-cü il tarixli, 247 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetamin ekspert tədqiqatından sonra qalıq qalmış 0,538 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən, qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməsi xüsusilə təhlükəli sayılır. Cinayət Məcəlləsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Cinayət Məcəlləsinin Məcəllənin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş 91-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tələbnaməsi, məhkəmə hökümünün və qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən 01 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş və 29 noyabr 2021-ci il tarixdə cəzasını tam qaydada çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), narkomaniyadan məcburi məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili X11 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili X11 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəza müddətindən çıxılsın və üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,538 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili X11 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar