Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-84/2024 23.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1991-ci ildə Salyan şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1 və 67.1-ci maddələri ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Salyan Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 2024-cü il fevralın 17-də saat 24 radələrində sərxoş vəziyyətdə ünvan 3 ünvanında yerləşən, Salyan şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus, lakin hazırda Şahid1 tərəfindən icarə müqaviləsi əsasında işlədilən "BOSS PUB" adlı kafeyə gələrək həmin vaxt kafedə pivə içərək istirahət edən Salyan şəhər sakini Zərərçəkmiş şəxs2 əyləşdiyi masada onunla birlikdə əyləşərək heç bir əsaslı səbəb olmadan ona "Tik-Tok" sosial şəbəkəsində canlı yayımda söyüş söyməsi barədə əsassız iradlar bildirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əvvəlcə başı, daha sonra isə yumruğu ilə Zərərçəkmiş şəxs2 sifət nahiyyəsinə qəsdən zərbələr vuraraq onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, həmin vaxt kafedə olan şəxslər tərəfindən sakitləşdirilərək kafedən çıxarıldıqdan sonra idarə etdiyi VAZ 21214 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı silah qismində istifadə olunan bir ədəd, nömrəsi silinmiş, Türkiyə dövlətində, HUĞLU X3 şirkətində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, TS- 870 NBD modelli, çaxmaqsız, hamar şaquli vəziyyətdə olan qoşa lüləli, yivsiz ov tüfəngini götürüb "BOSS PUB" adlı kafeyə tərəf həmin tüfəngdən 3 dəfə atəş açaraq kafenin 1,5x2 metr ölçüdə, iki laylı pəncərə şüşələrini sındırmaqla Zərərçəkmiş şəxs1 90 manat məbləğində maddi zərər vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 17 fevral 2024-cü il tarixdə axşam tanışı Bəhruz, Mübariz və Alimlə birlikdə Salyan şəhərindəki Cəlalın yeməkxanası adlanan kafeyə getmişlər.Orada birlikdə nahar edərkən 4 nəfərə bir litr araq içmişlər. Saat 24 radələrində kafedə olarkən "Tik-Tok"-da canlı yayıma qoşulan zaman tanışı Simanın da həmin vaxt canlı yayımda olduğunu və söyüşlə danışdığın görüb onun oturduğu yerə baxanda Simanın həmin vaxt onların yaxınlığında yerləşən "BOSS PUB" adlı kafedə olduğunu bilmişlər.Ona görə də Bəhruza birlikdə Simanın yanına getmişlər.Orada Siman ilə mübahisə etmiş onu başı və yumruğu ilə vurmuşdur. Ətrafda olan şəxslər bunu görüb tez onu tutaraq sakitləşdirib ayırmış, sonra Pərviz adlı şəxs kafedə mübahisə edib dalaşmamağı və oradan çıxıb getməyi demişdir. Ona görə də hamısı birlikdə kafedən çıxıb aşağı düşmüş, bir qədər orada qalandan sonra öz Niva markalı maşınına minib getmiş, əsəbiləşdiyi üçün maşını "BOSS PUB" adlı kafeinin qarşısında saxlamış və maşında olan tüfəngini götürüb havaya 3 dəfə atəş açmışdır. Açdığı atəşlərdən biri kafenin 2-ci mərtəbədə yerləşən pəncərə şüşəsinə dəymişdir.Əslində bütün bunları sərxoş olduğu üçün etmiş, bilərəkdən kafenin pəncərəsinə atəş açmamış, tüfənglə də kimisə vurmaq istəməmişdir. Əməlindən səmimi peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasındə iştirak edən Zərərçəkmiş şəxs2 ifadə verməkdən imtina edərək hadisənin yadında qalmadığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Ona görə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən onun isintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan şəhərində yaşayır və özü də qaraciyər serrozundan əziyyət çəkdiyindən həkimlər ona spirtli içkiləri içməyi qadağan etsələrdə hərdən bir spitli içkilər qəbul etmiş və buna görə atası da uzun illərdir onu danışdırmır. Özü həm də əvvəllər narkotik vasitələr qəbul etmiş, lakin son 3-4 ildə belə işlərlə daha məşğul olmur. Təqsirləndirilən şəxs onun bibisinin qaynı oğlu olmaqla münasibətləri həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Şahid5 isə əvvəldən Salyan şəhər sakini kimi üzdən tanımış, onunla əvvəldən heç bir münasibəti olmamışdır. 17 fevral 2024-cü il tarixdə axşam saatlarında Salyan şəhərində yerləşən "BOSS PUB" adlanan kafeyə gəlib orada özü üçün pivə sifariş vermiş, sonra küncdəki masada tək oturub pivə içərkən telefonla "Tik-Tok"a canlı yayımla qoşulub oyun oynamağa başlamışdır. Təxminən 1 saat keçmiş Fərid sonradan adını öyrəndiyi Bəhruz adlı şəxslə həmin kafeyə gəlmiş və onunla görüşəndən sonra onun oturduğu stolda əyləşmişlər. Həmin vaxt onların hər ikisinin sərxoş olduğunu görmüş, hal-əhval tutduqdan sonra Fərid ondan canlı yayımda nəyə görə söyüş söyməsinin səbəbini soruşmuş, o da həmin vaxt Fəridə canlı yayıma qoşulandan sonra heç bir söyüş söymədiyini bildirmişdir. Lakin Fərid israrla ona "sən söyüş söymüsən və buna görə də cavab verəcəksən" deyə bildirdikdə onun bu dediklərini qəbul etməmiş, buna görə aralarında mübahisə yaranan zaman Fərid gözləmədiyi halda qəflətən əvvəlcə başı ilə sifət nahiyyəsinə bir zərbə vurmuş, sonra isə ona tərəf yumruq zərbələri atmışdır. Bunu görən həmin vaxt kafedə əyləşmiş "Qəzi" ləqəbli şəxs gəlib Fəridi sakitləşdirib onları ayırmış, Fəridə "ayıb deyil burada dalaşırsınız, camaat sizə baxır, gəlin düşün aşağı, mən də sizinlə düşürəm" deyə bildirdiyindən birlikdə kafedən çıxıb pilləkənlə aşağı düşmüş, həmin vaxt Fərid, Bəhruz və "Qəzi" ləqəbli şəxs kafenin qarşısında dayanmış, Fərid onu görən kimi üzərinə cumub yenə də onu vurmaq istəsədə orada olan şəxslər onu tutub saxlamış və onu təkrar vurmasına imkan verməmişlər. Bu barədə orada olan şəxslərdən kimsə oğluna xəbər verdiyindən oğlu dalınca gəlib onu evlərinə aparmış və daha orada nə baş verməsindən xəbəri olmamışdır. Sonradan kafeyə kimin güllə atmasını, bunu nə məqsədlə etməsini bilməmiş və bu barədə də məlumatı olmamışdır. Həmin hadisə zamanı Fərid əvvəlcə başı, sonra isə yumruqla ona zərbələr atsada həmin zərbələr ona zəif dəydiyindən heç bir xəsarət almamışdır. Fəridin həmin gün nə üçün ona sataşıb onu vurmasının səbəbini bilməmiş, kafenin içərisində Fəridin ona qarşı hərəkətləri təxminən 3-4 dəqiqə kimi, çöldə isə üzərinə hücum edərək onu vurmaq istəməsi 1-2 dəqiqə kimi davam etmiş, həmin vaxt Fərid həm də ünvanına pis söyüşlər vermişdir. Məhkəmə iclasının vaxtı və yer barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs1 məhkəmə baxışı iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, ona dəymiş ziyanın tam ödənildiyini, şikayət və tələbinin olmadığını qeyd etmişdir.Ona görə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən onun isintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışında elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla özünün də ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 30.2 kv.m olan qeyri-yaşayış binası vardır və oradan "BOSS PUB" adlı obyekt kimi istifadə edir. Həmin obyekti iki mərtəbəli olmaqla onun 1-ci mərtəbəsini dönərxana kimi Ələkbər və Ceyhun adlı şəxslər, ikinci mərtəbəsini isə Şahid1 işlədir. Aslanla arasında obyektin ikinci mərtəbəsinin onun tərəfindən icarəyə götürülməsi barədə 30 noyabr 2023-cü il tarixdə rəsmi icarə müqaviləsi də bağlanmışdır. Bildiyi qədər Aslangili həmin obyektdə saat 12:00dən gecə saat 01 radələrinə kimi çay, kofe, yüngül qəlyanaltılar və spirtli içkilər satırlar. 2024-cü il fevral ayının 18-nə keçən gecə Aslan ona mobil telefonla zəng vuraraq obyektin qarşı tərəfində kiminsə çöl tərəfdən kafeyə tərəf tüfəngdən bir neçə dəfə atəş açdığını və nəticədə kafenin pəncərə şüşələrinin qırılması barədə məlumat vermiş, ona görə də dərhal bu barədə telefonla aidiyyət üzrə hüquqmühafizə orqanlarına məlumat verdikdən sonra özü də gəlib obyektə baxmış, həmin vaxt həqiqətəndən obyektinin Bakı-Astara avtomobil yoluna tərəf baxan ikinci mərtəbəsindəki şüşələri qırıldığını görmüş, həmin vaxt qeyd edilən hadisənin kimin tərəfindən törədilməsini bilməsədə sonradan ona məlum olmuşdur ki, həmin hadisəni sərxoş vəziyyətdə olan Fərid adlı şəxs törədib. Həmin şəxsi tanımamış və onunla heç bir münasibəti də olmamışdır. Bildiyi qədər həmin şəxsin obyekti hazırda icarə əsasında işlədən Şahid1lə də heç bir münasibəti, ziddiyyəti, ədavəti olmamışdır. Fərid adlı şəxsin obyektə tərəf küçədən ov tüfəngindən atəş açması nəticəsində obyektin pəncərə şüşələri qırılmış və bununla da obyektə cəmi 90 manat ziyan dəymişdir. Sonradan öz vəsaitləri hesabına qırılmış həmin pəncərə şüşələrini bərpa etmiş, qırılmış pəncərə şüşələri iki yaylı olmaqla 1,5 x2 metr ölçüdə olmuşdur. Məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü il fevral ayının 17-də axşam vaxtı öz işlətdiyi həmin obyektdə olarkən "Qəzi" ləqəbi ilə tanıdığı Pərviz adlı keçmiş polis əməkdaşı ora gəlmiş və salamlaşandan sonra onunla bir stolda əyləşib söhbət etməyə başlamışdır. Kafedə həmin vaxt daha bir neçə başqa müştəri, o cümlədən Siman adı ilə tanııdığı Salyan şəhər sakini də olmuş və Siman kafenin baş tərəfində tək əyləşib pivə içərək telefona baxmışdır. Bir az keçmiş Salyan şəhər sakini Fərid adlı şəxs kafeyə gəlib Simanın oturduğu stola yaxınlaşıb onunla görüşəndən sonra yanında əyləşərək onunla söhbət etməyə başlamış, həmin vaxt stolları arasındakı məsafə çox olduğundan və musiqinin səsindən onların nə barədə danışdıqlarını eşitməmiş, bir az keçmiş qəflətən Fəridin yerindən qalxıb yumruqla Sinmana bir neçə zərbə vurduğunu və həmin vaxt onların yaxınlığında olan şəxslərin tez araya girib onları ayıraraq daha dalaşmağa qoymadıqlarını görmüşdür. Fəridlə Siman arasındakı bu münaqişə cəmi 2-3 dəqiqə kimi davam etmiş, onunla bir stolda əyləşən Pərviz də bunu görüb onlara yaxınlaşıb sakitlik yaratmış və sonra onlar hamısı birlikdə kafedən çölə çıxıb getmişlər. Pərviz də onlarla birlikdə çıxıb getmiş və təxminən 5-10 dəqiqədən sonra yenidən qayıdıb kafeyə gəlmiş, ondan Fəridin Simanla nə üçün mübahisə edib onu vurmasının səbəbini soruşanda Pərviz onların hər ikisinin sərxoş olduqlarını və heç nədən mübahisə etdiklərini ona demiş, sonra yenidən oturub söhbət etməyə başlamışlar. Bir az keçmiş qəflətən bir dəfə atəş səsi eşidilmiş və kafenin baş tərəfindəki pəncərinin şüşələri qırılıb yerə tökülmüşdür. Həmin vaxt bərk qorxduğundan və yenidən atəş açıla biləcəyini nəzərə alıb daha pəncərəyə tərəf yaxınlaşmamış, ona görə atəş açanın kim olmasını bilməmiş, Pərviz isə maraq ona güc gəldiyindən pəncərəyə yaxınaşanda daha iki dəfə atəş səsi eşidilmişdir. Bir qədər gözləyəndən sonra pəncərəyə yaxınlaşıb çölə baxanda artıq orada heç kimi görməmiş, həmin vaxt obyektin pəncərəsinə kimin, nə üçün, hansı silahdan atəş açmasını bilməmişdir. Ancaq sonradan ona məlum olmuşdur ki, kafeyə tərəf ov tüfəngindən güllə atan şəxs Fərid olmuşdur. O da bunu sərxoş olduğundan etmiş və tüfəngdən atəş açarkən onunla kimisə vurmaq fikri də olmamışdır. Onun nə Fəridlə, nə Simanla, nə də başqa heç kimlə indiyədək mübahisəsi, ədavəti, narazılığı olmamış, həmin şəxslər kafedən çıxıb gedəndən sonra da onlar arasında çöldə nə söhbət olmasını bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid kimi dindirilmiş Şahid3 və Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Şahid kimi dindirilmiş Şahid4 Qəzənfər oğlu ifadəsində göstərmişdir ki, 17 fevral 2024-cü il tarixdə saat 22 radələrində Salyan şəhərində yerləşən "BOSS PUB" adlı kafeyə gəlmiş və orada əyləşərək pivə içmişdir. Həmin günü saat 24 radələrində kafenin küncündəki stolda əyləşmiş Siman adı ilə tanıdığı şəxsin onunla bir stolda əyləşmiş Fəridlə mübahisə etdiyini görmüş, onlara yaxınlaşaraq iradını bildirmiş və onlar çölə çıxmışlar. Fəridgili gedəndən təxminən 10-15 dəqiqə sonra kafenin baş tərəfindəki yola tərəf baxan pəncərənin şüşələrinin qırılıb yerə töküldüyünü görmüşdür. Çöldə nə baş verdiyini öyrənmək və atəş açanın kim olduğunu, nə üçün həmin şəxsin kafeyə tərəf atəş açdığının səbəbini öyrənmək üçün pəncərədən baxmaq istəyəndə növbəti atəş səsi eşidilmiş, həmin vaxt nə baş verdiyini başa düşməmiş, növbəti dəfə atəş açılacağını zənn etdiyi üçün daha pəncərəyə yaxınlaşmamış və ona görə də atəş açanın kim olmasını bilməmişdir. Lakin sonradan eşitmişdir ki, həmin axşam kafeyə atəş açan şəxs Təqsirləndirilən şəxsdur. Şahid kimi dindirilmiş Şahid5 göstərmişdir ki, 17 fevral 2024-cü il tarixdə saat 21 radələrində Fəridlə Salyan şəhərində yerləşən Cəlalın kafesi kimi tanınan kafedə birlikdə nahar edərkən həmin vaxt Salyan şəhərindən olan Mübariz və Alim də onlarla bir stolda olmuş, nahar edərkən 4 nəfərə bir litr araq içmişlər. Fərid telefonuna baxanda "Tik-tok" da canlı yayımda Siman adı ilə tanıdığı şəxsin yaxınlıqdakı "BOSS PUB" kafedə olduğu üçün ora getməyi təklif etmişdir. Onlar birlikdə "BOSS PUB" adlı kafeyə gəlmiş, kafeyə girəndə Siman adlı şəxsin kafenin küncündəki stolda tək oturduğunu görmüş, lakin özü onun yanına getməmişdir. X4 mübahisə etdiyini əl-bəyaxa olduqlarını, Fəridin onu vurduğunu görmüşdür.Araya girib onları aralamışdır.Mübahisəni görən "Qəzi" ləqəbli Pərviz adlı keçmiş polis əməkdaşı da ora gəlmiş və onları mübahisələşməyə qoymamış və kafedən çıxmağı demişdir. Onlar birlikdə hamısı kafedən çıxıb aşağı düşmüş və ondan sonra çıxıb evinə getmişdir. Kafeyə güllə atılmasını görməmiş, lakin sonradan bu barədə eşitmişdir. Şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Fəridin özünün heç vaxt ov tüfəngi olmamış, ancaq təxminən 5-6 il əvvəl arvadının xalası oğlu olan Fəxrəddin Fəridin xətrini çox istədiyindən rəhmətə getməmişdən bir az əvvəl Fəridə bir Türkyə istehsalı olan qoşa lülə ov tüfəngi bağışlamış, Fəxrəddin də Fəridə həmin tüfəngi hədiyyə edəndən 2-3 ay sonra rəhmətə getmiş, o vaxtdan da həmin tüfəng Fəriddə qalmışdır. 2024-cü il fevral ayının 17-də axşam o öz evində olmuş, həmin axşam saat 23 radələrində o yatana kimi Fərid evə gəlməmiş, gecə saatlarında qapının döyüldüyünü eşidib çölə çıxanda polis əməkdaşlarını qapıda görmüş və polis əməkdaşları ondan Fəridin harada olmasını soruşmuşlar. O da öz növbəsində polis əməkdaşlarına Fəridin hələ də evə gəlmədiyini bildirib nə baş verdiyini soruşanda polis əməkdaşları ona Fəridin küçədə tüfəngdən havaya atəş açdığını demiş, ona görə polis əməkdaşlarına Fərid evə gələn kimi onu götürüb polis şöbəsinə gətirəcəyi barədə söz vermiş, polis əməkdaşları da onun sözünə arxayın olub oradan getmişlər. Lakin həmin axşam Fərid daha evə gəlməmiş və onun mobil nömrəsinə də telefon zəngi çatmadığından onunla əlaqə saxlaya bilməmişlər. Yalnız səhəri günü Fərid özü onlarla əlaqə saxlayanda özünün Gəncə şəhərində olduğunu bildirmiş, o da öz növbəsində Fəridə "səni polis əməkdaşları axtarırlar, təcili qayıt gəl" deyə bildirmişdir. Fərid də onun sözünü eşidib 18 fevral 2024-cü il tarixdə axşam Salyan şəhərinə gəlmiş və sonra da özü polis şöbəsinə getmişdir. Sonradan maraqlananda ona məlum olmuşdur ki, Fərid həmin axşam dostları ilə yeyib içəndən sonra Siman adlı şəxsin olduğu yol qırağındakı kafeyə gedib və orada onunla zarafatlaşıblar. Sonra da onlar arasında mübahisə yaranıb və Fərid də sərxoş olduğundan sonradan gedib dayısının ona bağışladığı ov tüfəngini götürüb onunla kafeyə tərəf havaya bir-iki dəfə atəş açıb. Hadisədən sonra da Fərid tüfəngi aparıb çöllük sahədə gizlətmiş, polis əməkdaşları ondan həmin ov tüfənginin yerini soruşanda onlara bunu bilmədiyini, lakin tüfəngi tapıb gətircəyini demiş, sonra da Fəridin həmişə ova getdiyi çöllük sahəni gedib gəzəndə Fəridin tüfəngini oradan tapıb onu özü ilə Salyan RPŞ-nə gətirib təhvil vermişdir. Şahid kimi dindirilmiş Şahid7 göstərmişdir ki, Fəridin əvvəldən VAZ 21014 markalı bir avtomobili olmuş və o, həmin avtomobilini onun adına alsada pulunu özü vermiş və ona görə həmişə də aldığı avtomobili özü idarə etmişdir. Təxminən 2024-cü ilin yanvar ayının ortalarında Fərid özünə məxsus VAZ 21014 markalı avtomobili Salyan şəhərində Niva markalı maşını olan bir şəxslə barter üsulu ilə dəyişmiş və aldığı Niva markalı avtomobil də ** BV *** dövlət qeydiyyat nişanı ilə onun adına rəsmişləşdirmişdir. Fəridin Niva markalı avtomobili almaqda məqsədi ondan ibarət olmuşdur ki, bəzən yağışlı havalarda kənd yerlərinə balıq almağa gedəndə əvvəlki maşınla çox əziyyət çəkdiklərindən, Niva markalı avtomobillər isə daha güclü və dözümlü olduğuna görə kənd yollarına daha yaxşı davam gətirmişdir. Ona görə də Fərid öz maşınını Niva markalı avtomobillə dəyişmiş, həmin dəyişdiyi avtomobili də yenə onun adına rəsmiləşdirsədə onun faktiki sahibi Fərid özü olmuş və həmin maşını həmişə Fəridin özü idarə etmişdir. 2024-cü il fevralın 17-də Fərid gündüz saatlarında onunla birlikdə saat 15 radələrinə kimi bazarda olub ballıq alveri etmiş və bazar bağlandıqdan sonra o yorğun olduğundan öz evinə gedib yatmışdır. Bir də səhəri günü eşitmişdir ki, Fərid gecə sərxoş olduğundan Salyan şəhərində ov tüfəngindən havaya atəş açıb və sonra da qaçıb getmişdir. Həmin vaxt Fəridin nə üçün belə hərəkət etməsinin səbəbini onun yanında olmadığından və sonra da onu görmədiyindən bilməmişdir. Fərid hərdən bir öz maşını ilə çölə ova gedən zaman ov tüfəngindən istifadə etmiş, bildiyi qədər Fəridə həmin tüfəngi rəhmətlik dayısı sayılan Fəxrəddin vermiş, Fəxrəddin özü də bir neçə il bundan qabaq vəfat etmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-ballistik ekspertizasının 17 aprel 2024-cü il tarixli, 24/816 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, Türkiyə dövlətində, HUĞLU X3 şirkətində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli TS-870 NBD modelli, çaxmaqsız, hamar şaquli vəziyyətdə olan qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı dəyişikliklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş 02 ədəd əşya ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 12x70 kalibrli ov patronunun bir hissəsidir-atılmış pıjlardır, təyinatı üzrə istifadə üçün yararsızdırlar. Hadisə yerinə keçirilmiş 18 fevral 2024-cü il tarixli baxış protokolu və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, ünvan 5 ünvanında yerləşən "BOSS PUB" adlı kafenin 2-ci mərtəbəsindəki küçəyə baxan 2 laylı pəncərənin şüşələri kənardan atəş açılması nəticəsində qırılmışdır. İş üzrə 17 fevral 2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən "BOSS PUB" adlı kafedə baş vermiş xuliqanlıq hadisəsinin kamera görüntülərinin qeydə alındığı bir ədəd CD diskinə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin gün saat 24 radələrində qeyd edilən kafeyə gəldikdən sonra əvvəlcə Zərərçəkmiş şəxs2 əyləşdiyi masaya yaxınlaşaraq onun yanında oturub onunla söhbət edir və aralarındakı qısa söhbətdən sonra Zərərçəkmiş şəxs2 əli ilə onun boynunu özünə tərəf çəkməsindən əsəbiləşdiyi üçün ayağa qalxıb əvvəlcə başı, daha sonra isə yumruğu ilə ona tərəf zərbələr atır, kafedə olan şəxslər tərəfindən sakitləşdirilərək çölə çıxarıldıqdan bir qədər sonra isə kafeyə tərəf küçədən açılan atəş səsləri eşidilir və nəticədə kafenin pəncərə şüşələri qırılaraq yerə tökülür. 19 fevral 2024-cü il tarixli təqdim etmə və götürmə protokolundan görünür ki, həmin tarixdə Şahid6 Təqsirləndirilən şəxs məxsus bir ədəd nömrəsi silinmiş, Türkiyə dövlətində, HUĞLU X3 şirkətində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli TS-870 NBD modelli, çaxmaqsız, qoşa lüləli ov tüfəngini Salyan RPŞ-nə gətirib təqdim etmişdir. Salyan şəhərində yerləşən "Uğur İnşaat" tikinti materialları mağazasından alınmış 27 fevral 2024-cü il tarixli məktubda 1,5x2 metr ölçüdə, 2 laylı pəncərə şüşəsinin hazırki bazar qiyməti ilə satış dəyərinin 70 manat, həmin pəncərə şüşələrinin salınması ilə bağlı usta xərclərinin isə 20 manat təşkil etdiyi göstərilmişdir. 01 ədəd nömrəsi silinmiş silah, Türkiyə dövlətində, HUĞLU X3 şirkətində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli TS-870 NBD modelli, çaxmaqsız, hamar şaquli vəziyyətdə olan qoşa lüləli ov tüfəngi və ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 12x70 kalibrli atılmış ov patronunun bir hissəsi olan iki ədəd pıj 19 aprel 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1 və 67.1-ci maddələri ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 04 aprel 2024-cü il tarixli, 5-71-6/2-827/2024 nömrəli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən evdə yaşadığı və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2024-cü ildən həbsdə olduğu müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2024-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş 20 fevral 2024-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nın 99-1.1-ci maddəsində qeyd olunmuşdur ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 99-1.2.Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 99-1.3. Cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Azərbaycan Respublikası CPM-nın 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə 01 ədəd nömrəsi silinmiş,Türkiyə dövlətində, HUĞLU X3 şirkətində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli TS-870 NBD modelli, çaxmaqsız, hamar şaquli vəziyyətdə olan qoşa lüləli ov tüfəngi və ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 12x70 kalibrli atılmış ov patronunun bir hissəsi olan iki ədəd pıj dövlət nəfinə müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin anbarına təhvil verilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş 20 fevral 2024-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd nömrəsi silinmiş, Türkiyə dövlətində, HUĞLU X3 şirkətində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli TS-870 NBD modelli, çaxmaqsız, hamar şaquli vəziyyətdə olan qoşa lüləli ov tüfəngi və ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 12x70 kalibrli atılmış ov patronunun bir hissəsi olan iki ədəd pıj dövlət nəfinə müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin anbarına təhvil verilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-84/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-84/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver