Məhkəmə qərarları › İş №1(057)-9/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-9/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-9/2023 10.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ 10 yanvar 2023-cü ildə Salyan şəhərind Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakları ilə xx.xx.1977-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “Həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,948 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin oktyabrın 27-də saat 00:30 dəqiqədə Salyan şəhəri Y.Zərgərli küçəsində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 00:45 dəqiqədə ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci il oktyabrın 24-də səhər saatlarında Salyan şəhərində Kür çayının kənarında gəzdiyi vaxt yerdə psixotrop maddə metamfetamin görmüşdür. Həmin psixotrop maddəni özü istifadə etmək üçün götürüb cibinə qoymuşdur. Sonrakı müddətdə bir dəfə həmin psixotrop maddədən az miqdarda istifadə etmiş, qalan hissəsini də istifadə etmək məqsədilə üzərində saxlamışdır. 2022-ci il oktyabrın 27-da saat 00:30 radələrində Salyan şəhəri Y.Zərgərli küçəsində piyada hərəkət edən zaman polis əməkdaşları onu tutub polisə aparmışlar.Polis şöbəsində üzərinə baxış keçirilmiş və həmin maddə aşkar olunub götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola özü də imza etmişdir.Törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2022-ci il oktyabrın 26-da ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə Salyan RPŞ-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə 2022-ci il oktyabrın 27-də saat 00:30 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında tutub Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərinə baxış keçirilmiş və baxış zamanı üzərində metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunmuş 27 oktyabr 2022-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Nahid Abbaslı tərəfindən tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 18/1163 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 1, 948 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 29 oktyabr 2022-ci il tarixli, 1124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Salyan RMX-nin 07 noyabr 2022-ci il tarixli 2696 saylı arayışından görünür ki, Salyan şəhəri Y.Zərgərli küçəsi ev 51-də qeydiyyatda olan və yaşayan 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2008-ci ildən “Həşiş” narkomaniyası ilə dispanser qeydiyyatında dayanır, psixonevroloji kabinetində qeydiyyatda yoxdur. Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 noyabr 2022-ci il tarixli, 203 saylı məktuba əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, Amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qeyd olunmuşdur. Salyan rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 1(057)-46/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 1,898 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, əməlində cinayətlərin residivi olmasa belə əvvəllər oxşar cinayətlərə görə məhkum olunduğunu, onda aşkar olunmuş psixiotrop maddənin çəkisinin kifayət qədər olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinnetdə profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli,cəzaçəkməsinin əvvəli 27 oktyabr 2022-ci ildən hesablanmalıdır. İş üzrə maddi sübut olan Salyan rayon polis şöbəsində saxlanılan 1,898 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili X4 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkməsinin əvvəli 27 oktyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinnetdə profilaktiki qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Salyan rayon polis şöbəsində saxlanılan 1,898 qram psixiotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut kimi tanınmış bir ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Salyan rayon Vəkil Bürosunun vəkili X4 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar