Məhkəmə qərarları › İş №1(057)-90/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-90/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-90/2024 02.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X18 Yaqub oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli - himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 285,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2024-cü il martın 05-də saat 17:30 dəqiqədə Salyan rayonu Qarabağlı kəndində şübhəli bilinərək saxlanılıb saat 18:00 dəqiqədə Ə.Zeynalov küçəsi 62 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin altından həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Narkotik vasitə istifadəçisidir. 2023-cü ilin aprel ayında yaşadığı kənddə özünə məxsus əkin sahəsindəki su kanalının kənarında özü istifadə etmək üçün bir ədəd çətənə bitkisi əkib yetişdirmiş, həmin ilin sentyabr ayında çətənə bitkisinin yarpaqlarını toplayıb qurudub gizlətmişdir. Həmin narkotik vasitədən vaxtaşırı istifadə etmiş, qalan hissəsini isə gizlətmişdir. Lakin ailə üzvləri onun narkotik istifadə etməsindən şübhələndiyi üçün həmin narkotik vasitənin yerini dəyişdirmək istəmiş, buna görə də 2024-cü ilin martın 5-də təxminən saat 16 radələrində gizlətdiyi yerdən çıxararaq, selofan torbaya yığaraq Kür çayının bəndi üzərinə gəlmiş, lakin burada polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, üzərində olan içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olan selofan torbanı çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi selofan torbaya baxıldıqda orada qurudulmuş marixuana olduğu aşkar edilmiş, həmin narkotik vasitə selofan torba ilə birlikdə müstəntiq tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 260 qram təşkil etmişdir. Həmin narkotik vasitədən özü mütəmadi istifadə etmiş, lakin heç kimə satmamış, satmaq məqsədi və niyyəti olmamışdır. Ondan aşkar edilmiş marixuana selofan torba ilə birlikdə müstəntiq tərəfindən qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş, üzəri imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində ona heç bir zorakılıq edilməmişdir. Əməlindən peşmadır, himayəsində bir azyaşlı uşağı var, ailəsində yeganə qazanc gətirən şəxsdir. Onun oğlu - X5 şəhərində yüksəkliklərin ələ keçirilməsində və 2022-ci il sentyabr ayının 12-dən 15-nə qədər olan sərhədboyu toqquşmaların qarşısının alınmasında iştirak etmişdir. Odur ki, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdikləri ifadələr ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidin ifadəsi ilə, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2024cü il martın 05-də Salyan rayonu Qarabağlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Həmin tarixdə saat 17:30 radələrində həmin məlumat əsasında RPŞ-nin NMQ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşaraq özlərini təqdim edib ona Salyan RPŞ-yə getməyi təklif etmiş, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Salyan RPŞ-yə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı selofan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin selofan bağlamaya baxış keçirilərkən içərisində yaşıl rəngli, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütləsi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, həmin kütləni 2023-cü ilin yay ayında Salyan rayonu Qarabağlı kəndində yaşadığı evin yaxınlığında əkmiş və qurutmuş, özü qəbul etmək üçün götürüb üzərində saxlamış, həmçinin həmin kütlədən heç kimə verməmiş yaxud satmamış, eləcə də, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütləsi olan 01 ədəd selofan bağlama elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 260 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütləsi olan 01 ədəd selofan büküm müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılovun qəbul etdiyi “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakt üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.1977-ci ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli olduğu üçün saat 17:30-da Salyan rayonu Qarabağlı kəndində saxlanılaraq saat 18:00-da rayon PŞ-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tuutlan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 05 mart 2024-cü il tarixdə saat 18:25-dən saat 18:36-dək Salyan RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə “Samsung” markalı mobil telefon ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmiş, o, üzərində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirmiş, əynindəki qara rəngli gödəkçəsinin altında saxladığı selofan bağlamanı çıxardıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd selofan bağlamaya baxıldıqda orada yaşıl rəngli, ilk baxışdan narkotik vasitə marixuanaya oxşar quru halda olan ot kütləsi olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd selofan bağlamada olan kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitəni 2023-cü ilin yay ayında Salyan rayonu Qarabağlı kəndində yaşadığı evin yaxınlığında əkmiş və qurutmuş, özü qəbul etmək üçün götürüb üzərində saxlamış, lakin heç kimə satmamış, satmaq məqsədi və niyyəti olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd selofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildikdə çəkisi 260 qram təşkil etmiş, daha sonra həmin kütlə zərfə qoyulub qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmənin video görüntülərini əks etdirən 01 ədəd CD disk protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/250 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı təmiz çəkisi - 285 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na daxildir (İ siyahı). Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi -285 qram, cəmi tədqiqata sərf edildi-0,1 qram, qalıq – 284,9 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli, 3-16-16/2-18/250 nömrəli rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik)manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 228 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyatda durmur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 13:00-da sonuncuya elan olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 284,9 qram çəkidə olan qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Salyan rayonu Qarabağlı kənd sakini, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Salyan rayonu Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı 1979-cu il təvəllüdlü X2, 2001-ci il təvəllüdlü X9, 2003-cü il təvəllüdlü X10, 2014-cü il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Salyan rayonu Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində Salyan rayonu Qarabağlı kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı tutulmamışdan əvvəl məlum olmayan mənbədən əldə etməsi və öz istifadəsi üçün üzərində saxlaması məlum olsa da, sonuncunun həmin narkotik vasitə olan qurudulmuş marixuanadan hər hansı bir şəxsə satması və ya satmaq niyyətinin olması barədə əməliyyat marağı doğuran məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi əkin sahəsinə baxış keçirərkən həmin ərazidə narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsinə dəlalət edən halların, həmçinin narkotik tərkibli çətənə bitkilərinə aid yarpaq, budaq və gövdələrin əlamətləri aşkar edilməmişdir.Baxış gündüz günəşli hava şəraitində keçirilmiş, “Sony” markalı rəqəmsal kamera ilə fotoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən özünə məxsus əkin sahəsindəki su kanalının sahilində istifadə etmək məqsədi ilə 01 ədəd çətənə bitkisi əkib-yetişdirdiyi yeri göstərmişdir. 2024-cü ilin martın 05-də həmin narkotikin yerini dəyişdirmək istəyərkən Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, Polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman “nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana üzərindən aşkar edilmişdir. İfadənin yerində yoxlanılması zamanı “Samsung” markalı mobil telefon ilə fotoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 06 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il martın 07-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; ona Azərbaycan Respublikasının CM-nin 188.1, 234.2 və 237.1-ci maddələri ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; onun üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 284,9 qram qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-bioloji ekspertizasının 3-16- 16/2-18/250 No-li, məhkəmə-narkoloji ekspertizasının 228 No-li rəyləri, ifadə və protokollar, şəxsi axtarışı əks etdirən 1 ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmiş; Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ona məxsus olan 01 ədəd “Redmi 12” markalı mobil telefonun Təqsirləndirilən şəxs özünə təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş N saylı hərbi hissə komandirinin verdiyi xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu - X16 bir çox təlimlərdə nümunəvi iştirak etmiş və komando təməl kursunu layiqincə bitirmiş, Laçın şəhərində yüksəkliklərin ələ keçirilməsində və 2022-ci il sentyabr ayının 12-dən 15-nə qədər olan sərhədboyu toqquşmaların qarşısının alınmasında iştirak etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 285,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2024-cü il martın 05-də saat 17:30 dəqiqədə Salyan rayonu Qarabağlı kəndində şübhəli bilinərək saxlanılıb saat 18:00 dəqiqədə Ə.Zeynalov küçəsi 62 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin altından həmin narkotik vasitə aşkar edilərək götürülməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59, 59.1.4-cü maddələrinə əsasən cinayəti törətmiş şəxslərin himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, oğlu - X11 Laçın şəhərində yüksəkliklərin ələ keçirilməsində və 2022-ci il sentyabr ayının 12-dən 15-nə qədər olan sərhədboyu toqquşmaların qarşısının alınmasında iştirak etməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs onun himayəsində bir azyaşlı uşağı var, hal-hazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa onun oğlu - X5 şəhərində yüksəkliklərin ələ keçirilməsində və 2022-ci il sentyabr ayının 12-dən 15-nə qədər olan sərhədboyu toqquşmaların qarşısının alınmasında iştirak etmişdir. Bu isə Təqsirləndirilən şəxs ailə üzvlərinin vətənpərvər, Azərbaycan Respublikasının dövlətçiliyinin qorunması ruhunda tərbiyə olunmasını təsdiq edir. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə zamanı kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, lakin, halhazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmaması müəyyən edilmişdir. Keçirilmiş narkoloji ekspertizanın rəyinə əsasən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, o yalnız ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X8 aparılmış ekspertizadan sonra qalıq qalmış 284,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X8 aparılmış ekspertizadan sonra qalıq qalmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 284,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar