Məhkəmə qərarları › İş №1(057)-91/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-91/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-91/2024 20.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Salyan rayonu, Aşağı Noxudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri kultivasiya etmə əməlini törətmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin mart ayında Salyan rayonu, Aşağı Noxudlu kəndində yaşadığı evin həyətyanı sahəsində 01 ədəd plastik qabda qanunsuz olaraq əkməklə sonrakı müddətdə xeyli miqdarda cəmi 04 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 2024-cü il aprelin 01-də saat 16:30 dəqiqədə Salyan rayonu Aşağı Noxudlu kəndində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb, saat 16:50 dəqiqədə ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 17:45-dən etibarən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı fərdi yaşayış evin həyətyanı sahəsinə baxış keçirilərkən 01 ədəd plastik qabdan ümumilikdə 04 ədəd nəm vəziyyətdə, ümumi təmiz çəkisi 0,04 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, çöldə, Kür çayının kənarında heyvan otararkən kolluqda çətənə bitkisinin toxumlarını tapmışdır. Həmin narkotik vasitənin bir hissəsini özü istifadə etmişdir. Həmin toxumların bir neçəsini yaşadığı evin həyətyanı sahəsində plastik qabda əkmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, 6-7 ay əvvəl narkotik vasitə istifadə etmişdir, hazırda istifadə etmir. 2024-cü il aprelin 01-də Salyan rayonu Aşağı Noxudlu kəndi ərazisində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb rayon polis şöbəsinə aparmışlar. Şəxsi axtarış zamanı müstəntiqə bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində toyuq damının üzərində plastik qabda çətənə bitkisi əkmişdir. Həmin gün müstəntiq tərəfindən videoçəkiliş vasitəsilə evin həyətyanı sahəsinə və orada yerləşən yarımtikiliyə baxış keçirilmiş tikilisinin üzərində olan plastik qabda əkib-becərdiyi ümumilikdə 04 ədəd çətənə şitili aşkar edilərək götürülmüşdür. Həmin qabda çətənə toxumu əkdiyini və bir dəfə də su verdiyini, etdiyi cinayət əməlinə görə çox peşmandır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, mütəxəssis rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Salyan RPŞ-nin İTBnin polis sahə rəisi, polis mayoru Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, ərazidə olduğu vaxt Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyatçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər, evlərində anası, bacısı və qardaşı ilə yaşayır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə 01 ədəd plastik qabda 3 ədəd çətənə bitkisinin şitili inkişaf etsə də 1 ədəd çətənə bitkisinin şitili nisbətən zəif inkişaf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü il aprelin 01-də Salyan rayonu Aşağı Noxudlu kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə Salyan RPŞ-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün RPŞnin NMQ-nin baş əməliyyat müvəkkili Tural Məlikov və sahə rəisi Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görmüşlər. Həmin günü saat 16:30 radələrində onu yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib ona qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərmədə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilməsinin səbəbi soruşulduqda bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində 01 ədəd plastik qabda 04 ədəd çətənə bitkiləri əkmişdir. Həmin bitkiləri polis əməkdaşlarına təqdim edə bilər və buna etiraz etmir. Təqsirləndirilən şəxs məxsus həyətə daxil olduqdan sonra ilkin olaraq Təqsirləndirilən şəxs həmin bitkiləri təqdim etməsi təklif edilmiş və bundan sonra o, həyətin o biri tərəfinə doğru irəliləmişdir. Təqsirləndirilən şəxs 01 ədəd plastik qabda əkib-becərdiyi çətənə bitkilərini təqdim etmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onları 2024-cü ilin mart ayının əvvəllərində plastik qabda əkmiş və sonrakı müddətdə həmin bitkilərə qulluq göstərmişdir. Bundan sonra polis əməkdaşları 01 ədəd plastik qabda aşkar edilmiş yaş halda kök üstə olan çətənə bitkilərini bir-bir plastik qabdan çıxarıb saymağa başlamışlar, 01 ədəd plastik qabın içərisində 04 ədəd yaş halda kök üstə yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər olduğu müəyyən edilmişdir. Müstəntiq istintaq hərəkətinin yekunu və həyətyanı sahəsində 01 ədəd plastik qabın içərisində 04 ədəd çətənə bitkisinə oxşar bitki aşkar edildiyi barədə iştirakçılara məlumat vermişdir. Bundan sonra aşkar edilmiş bitkilər 01 ədəd kağız zərfdə qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan 02 aprel 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 21-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 01 aprel 2024-cü il tarixdə, saat 16:30 dəqiqədən etibarən məhdudlaşdırılmış, həmin tarixdə, saat 17:00 dəqiqədə Salyan RPŞ-nin İB-nin müstəntiqi Rza Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-cı vərəqində olan 01 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Salyan rayon X9 Bölməsinin müstəntiqi X4 icraatında olan material üzrə Azərbaycan Respublikası CPM-nin 85 və 242- 246-cı maddələrinin Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, İTB-nin sahə rəisi Şahid2, KTQ-nun baş inspektr kriminalisti Yüzbaşıyev Fuad Elxan oğlu, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 01 aprel 2024-cü il tarixdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib becərməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Salyan RPŞ-nin inzibati binasında axtarış aparmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi soruşulduqda, o, yaşadığı evin həyətyanı sahəsində plastik qabda 04 ədəd narkotik tərkibli çətənə bitkiləri əkdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, Salyan rayonu, Yuxarı Noxudlu kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkilərinin olduğu yerə baxış keçirilməsinə və həmin bitkilərin götürülməsinə etirazı yoxdur və bununla bağlı ərizə verə bilər. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Baxış və götürmə zamanı “Redmi” markalı mobil telefon ilə videoçəkiliş aparılmış və tərtib olunmuş protokola əlavə olunacaqdır. Cinayət işinin 36-37-ci vərəqlərində olan 01 aprel 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 icraatında olan araşdırma materialı üzrə Azərbaycan Respublikası CPM-nin 85 və 236, 242-247-ci maddələrini rəhbər tutaraq Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, Şahid1, İTB-nin sahə rəisi Şahid2, KTQ-nun baş inspektr kriminalisti Yüzbaşıyev Fuad Elxan oğlu, mütəxəssis-Salyan Rayon Bitki Mühafizəsi Mərkəzinin baş aqronomu X8, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu, Yuxarı Noxudlu kəndində fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirmişdir. Baxış keçirilməzdən əvvəl tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinin olduğu yeri təqdim etməsi təklif edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin yaşadığı evin həyətyanı sahəsində olduğunu bildirmişdir. Bundan sonra baxışda iştirak edən şəxslərin iştirakı ilə həyətyanı sahəyə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində yerləşən yardımçı təsərrüfat tikilisinin üzərində olan 01 ədəd plastik qabdan kök üstə, yaş vəziyyətdə, gövdəsinin və yarpaqlarının quruluşuna görə 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş ümumilikdə 4 (dörd) ədəd bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özünə məxsus olduğunu, özü tərəfindən təxminən 10 gün bundan əvvəl oraya əkildiyini, həmin bitkilərə özü tərəfindən su verilib qulluq göstərildiyini və həmin bitkiləri özü istifadə etmək məqsədi ilə əkdiyini bildirmişdir. Baxış zamanı aqronom mütəxəssis aşkar olunmuş 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin dibinin təmizlənərək yumşaldıldığını, sulandığını və həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən iş üzrə əhəmiyyət kəsb edəcək başqa bir predmet və əşya aşkar olunmamışdır. Daha sonra baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş ümumilikdə 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar kütlələr iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün məhkəmə-bioloji ekspertizasına təqdim edilməsindən ötrü tərəfindən götürülmüşdür. Həmin kütlələr kağız zərfdə qablaşdırılmış, üzəri Salyan Rayon Polis şöbəsinin 113 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış və götürmə zamanı “Redmi” markalı mobil telefon ilə videoçəkiliş aparılmış və tərtib olunmuş protokola əlavə olunacaqdır. Cinayət işinin 38-ci vərəqində olan 01 aprel 2024-cü il tarixli, 03 saylı mütəxəssisaqronom rəyindən görünür ki, Salyan rayonu X5 baş aqronomu, orta-ixtisas təhsilli aqronom X8 01 aprel 2024-cü il tarixdə Salyan rayon Polis Şöbəsinə mütəxəssi qismində dəvət olunaraq həmin tarixdə Salyan rayonu, Yuxarı Noxudlu kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçirilmiş baxış zamanı 1 ədəd plastik qabda aşkar olunmuş kök üstündə yaş vəziyyətdə olan 4 ədəd bitki nümunələrinə aqronom-mütəxəssis kimi baxış keçirib müəyyən etmişdir ki, həmin bitki nümunələri gövdə və yarpaq quruluşuna görə çətənə kimilər fəsiləsinə aid bitki cinsi olmaqla narkotik tərkiblidirlər, bitkilərin kök dibində olan torpağının nəm və yumşaq olması, hər bir bitkinin boyu, gövdə, budaq və yarpaqların inkişaf etməsinə görə belə nəticəyə gəlir ki, həmin çətənə bitkilərinə mütamadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin 48-50-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/365 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki cəmi 04 ədəd nəm vəziyyətdə ümumi çəkisi - 0.04 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş şitillərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, çətənə (kannabis) bitkisinin şitilləri inkişaflarının erkən fazasında olduqlarına görə həmin ştillərin tərkiblərinə görə müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmamışdır. Cinayət işinin 55-56-cı vərəqlərində olan 03 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 65-66-cı vərəqlərində olan 03 aprel 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 69-cu vərəqində olan 03 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxsin X6n azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin X6 saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. Cinayət işinin 72-ci vərəqində olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 01 ədəd plastik qabda aşkar olunaraq götürülmüş ekspert tədqiqatları nəticəsində qalmış əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin 04 ədəd şitilinin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 95-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 96-cı vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X11 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş 18-1-68/2-740/2024 saylı, 08 aprel 2024-cü il tarixli məktubdan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin və həkim-psixiatrı Xatirə Ağayevanın məlumatlarına əsasən, Salyan rayonu, Yuxarı Noxudlu kənd sakini xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 105-ci vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın 09 aprel 2024-cü il tarixli, 346 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-108-ci vərəqlərində olan Aşağı Noxudlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Yuxarı Noxudlu kəndində valideynləri və qardaş, bacısı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs barəsində bu günə kimi Aşağı Noxudlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə aparılmasının və evin həyətyanı sahəsinə keçirilən baxış və götürmənin videogörüntülərinin əks olunduğu 2 ədəd video diskə baxış keçirilmişdir. Birinci çəkiliş Təqsirləndirilən şəxs üzərində heç bir cinayət xarakterli əşya aşkar edilməmişdir. İkinci çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 4 ədəd çətənə bitkisi əkib yetişdirilmiş və həmin çətənə bitkisi torpaqdan çıxarılaraq qablaşdırıldığı müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmənin gəldiyi nəticələr yanlız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik tərkibli çətənə (kannabis) bitkisinin qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132) və Ərazi Narkoloji Kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə, saat 16:30-da saxlanılmış, saat 17:00-da tutulmuş və 03 aprel 2024-cü il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X6n azad edilmişdir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu, Yuxarı Noxudlu kəndində yerləşən evini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyərək ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan 04 ədəd, ümumi çəkisi 0.04 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının və evin həyətyanı sahəsinə keçirilən baxış və götürmənin videogörüntülərinin əks olunduğu 2 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar