Məhkəmə qərarları › İş №1(058)-10/2025

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-10/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-10/2025 12.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Samux rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 27 avqust 2024-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus Samux rayonu Qarabağlar kəndində yerləşən evin arxa tərəfində olan və açıq torpaq sahəsinə baxan pəncərənin açıq olmasından istifadə edərək həmin pəncərədən evə qanunsuz daxil olaraq evin yataq otağında olan şkafdan sonuncuya məxsus 2000 (iki min) Azərbaycan manatını gizli yolla talayaraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Samux rayon Qarabağlar kənd tam orta məktəbin 11-ci sinifində təhsil alır. Asudə vaxtlarında isə gündəlik olaraq günəbaxan fabriklərində fəhlə və şadlıq saraylarında ofisiant işləyir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Samux rayonu Qarabağlar kəndində yerləşən Arzumanın mağazasından bir ədəd piyvə alıb, mağazanın qarşında olan stolda oturub içmişdir. Həmin vaxt İmamverididə mağazanın qarşısında imiş. İmamverdi ona sahəyə suyun yerini dəyişməyə getməyi təklif etmişdir. O, İmamverdi ilə birlikdə piyada əkin sahəsinə tərəf yola düşmüşdür. İmamverdi ilə gedən zaman saat 20 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs öz ailəsi ilə birlikdə anası Zoyanın evinə getdiyini görmüşdür. O, Xəyalın ailəsi ilə birlikdə anasıgilə getdiyini gördükdən sonra bilmişdir ki, Xəyalın evi boşdur. Xəyalın evinin boş olduğuna görə və bir qədər də əylənmək üçün pul lazım olduğu üçün onun evindən oğurluq etmək qərarına gəlmişdir. Onun oğurluq etdiyini kiminsə bilməsini istəmirmiş. Buna görə də İmamverdiyə demişdir ki, “sən get, mən evə qayıtmalıyam suyun yanına gedib gəlmək gec olacaq”. Bundan sonra İmamverdi sahəyə tərəf getmiş, o, isə Xəyalın yaşadığı evin qarşısına gəlmişdir. Xəyalın evinə nəzər salan zaman evin işıqlarının yanmadığını görüb bilmişdir ki, evdə başqa heç kim yoxdur. O, Xəyalın evinin arxa hissəsinə keçmişdir, həmin hissədə evin hasarı yox imiş. Evin arxa tərəfində olan boşluqdan evin həyətinə daxil olub evə tərəf gedib evi yoxlamış və görmüşdür ki, evin arxa tərəfində olan birinci pəncərə açıqdır, lakin həmin açıq pəncərənin qarşısında tor var imiş. O, həmin toru səliqəli formada çıxardıb kənara qoymuş və həmin pəncərədən evin içərisinə daxil olmuşdur, evin içərisinə daxil olduğu pəncərə bir başa yataq otağına açılırmış. Həmin otağa pənəcərdən daxil olan zaman otaqda çarpayı, tirmo və paltar şkafı var imiş. İlk öncə termoları yoxlamış, termoların içərisindən heçnə tapa bilməmişdir. Bundan sonra şkafın içərisini axtarmağa başlamış və həmin şkafda paltarların arasında qırmızı rəngli pul qabı tapmışdır. Pul qabını götürüb baxan zaman içərisində pulların olduğunu görmüşdür. Pul qabından pulları çıxardıb sayan zaman cəmi 2000 ( iki min) manat pul olmuş və həmin pulları cibinə qoymuş, evə daxil olduğu pəncərədən evin həyətinə çıxmışdır. Evin həyətinə çıxdıqdan sonra pəncərənin torunu səliqəli formada öz yerinə keçirmiş və oradan uzaqlaşaraq küçəyə çıxmışdır. Bundan sonra öz yaşadığı evə tərəf getməyə başlamış, yolda olan zaman İmamverdi ilə rastlaşmış, İmamverdiyə demişdir ki, “şəhərə getmək istəyirsən gedib yeyib içək”. İmamverdi onunla razılaşmış və ona demişdir ki “evə gedim paltarımı dəyişim gedəy çayçının qabağına” İmamverdi təxminən 10 dəqiqə sonra yanına qayıtmış və birlikdə çayçının qabağına getmişdirlər. Çayçının qabağında olan zaman həmkəndlisi taksi sürücüsü Xəyyamla rastlaşmışdırlar. Xəyyamdan onları Gəncə şəhərinə neçəyə aparmağını soruşmuşdur, Xəyyam isə 6 manata apara biləcəyini demişdir. Xəyyamın yanında digər həmkəndlisi Emində var imiş. Emində onunla birlikdə Xəyyamın avtomobili ilə Gəncə şəhərinə getmişdir. Yolda olan zaman yanında olan şəxslərə demişdir ki, gedəy şəhərdə fırlanaq. Onlarda razılaşmışdırlar. O, Emin Xəyyam və İmamverdi ilə birlikdə Gəncə şəhərində yerləşən dönərxanaya getmişdirlər. Orada dönər yedikdən sonra onlara təklif etmişdir ki, “gedəy bara yeyib içək, işlədiyim yerdən pulumu almışam, bundanda başqa “AZPULMANAT” adlanan proqramdan pul çıxartmışam”. Bundan sonra Xəyyamın avtomobilinə 32 manatlıq benzin tökmüş və Gəncə şəhərində yerləşən Bara getmişdirlər. Bara gedib yeyib içdikdən sonra Samux rayonu Qarabağlar kəndinə qayıtmışdırlar. Qarabağlar kəndində İmamverdinin evində qalmışdır. Gecə heç kimə demədən 515 manat pulu İmamverdinin evində xalçanın altında gizlətmiş, qlan pulu isə özü ilə götürmüşdür ki, gedib yenidən Gəncə şəhərində xərcləsin. O, evə çatan zaman qapıda polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları onlarla birlikdə şöbəyə getməli olduğunu demişdirlər. Polis şöbəsinə gəldikdən sonra könüllü olaraq oğurluq etdiyini etiraf etmişdir. Polis Şöbəsinə gələn zaman Zərərçəkmiş şəxs evindən oğurlamış olduğum puldan 471 manatı öz cibində, 515 manatı isə İmamverdinin yaşadığı evin qonaq otağında olan xalçanın altında olmuşdur. O, cibində olan 471 manatı və İmamverdinin evində gizlətmiş olduğu 515 manatı istintaqa təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir 3 övladı vardır. Yaşadığı evdə ondan başqa arvadı Şəbnəm Cəfərova və övladları Selcan, Nazlı, Əli yaşayırlar. Səhhətində olan problemlərlə əlaqədar olaraq əməliyyat olunmalı imiş. Buna görə də öz yaşadığı evdə 2000 (iki min) manat pul yığmışdır ki, əməliyyat olunsun. O, həmin pulu yaşadığı evdə yataq otağında paltar şkafının içərisində paltarların arasında pul qabının içərisində saxlayırmış. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində arvadı və uşaqları ilə birlikdə qonşuluqda yaşayan anası Zoyanın evinə qonaq getmişdir. O, evdən çıxan zaman evin qapısını bağlasa da evin havalandırması üçün evin yataq otağında arxa tərəf boş torpaq sahəsinə baxan pəncərəni bağlamayıbmış. O, qeyd etmişdir ki, evinin həyəti 3 tərəfdən hasarlıdır, lakin evi arxa hissəsi boş torpaq sahəsinə baxır və həmin hissədə 3 ədəd pəncərə mövcuddur. Saat təxminən 21 radələrində anası Zoyanın evindən çıxaraq öz yaşadığı evə qayıtmışdırlar. Evə daxil olduqda evdən kəskin spirt qoxusunu gəldiyini hiss etmişdir. Həmin zaman şübhələnmişdir ki, yaşadığı evə kimsə qanunsuz yolla daxil olmuşdur. O, dərhal evə baxmış, evə baxan zaman yataq otağının açıq olan pəncərəsinin pərdəsinin yarımçıq çəkildiyini görmüşdür. Daha sonra həmin otaqda olan şkafın qapısının açıq olduğunu, şkafda olan paltarların səliqəsinin pozulduğunu görmüşdür. Şkafa baxan zaman isə pul qabının yerində olmadığını görmüşdür. Evi axtaran zaman görmüşdür ki, pul qabı həmin otaqda çarpayının üzərindədir. Pul qabına baxan zaman isə pulun yerində olmadığını müəyyən etmişdir. Bundan sonra polisə zəng vurub hadisə barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq günəbaxan fabriklərində fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Samux rayonu Qarabağlar kəndində yerləşən Arzumanın mağazasından piyvə alıb, mağazanın qarşında olan stolda oturub Şəriflə piyvə içmişdir. Bir qədər sonra Şərifə sahəyə suyun yerini dəyişməyə getməyi təklif etmişdir. O, Şərif ilə birlikdə piyada əkin sahəsinə tərəf yola düşmüşdür. Onlar gedən zaman saat 20 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs öz ailəsi ilə birlikdə anası Zoya xala gilə getdiyini görmüşdür. Yolda olan zaman Şərif ona demişdir ki, “sən get, mən evə qayıtmalıyam suyun yanına gedib gəlmək gec olacaq”. Bundan sonra sahəyə gedib suyu açmışdır və daha sonra isə yaşadığı evə qayıtmışdır. Bir qədər evdə olduqdan sonra küçəyə çıxmışdır və küçədə Şəriflə rastlaşmışdır. Şərif ona demişdir ki əynini geyin gedəy yeyib içməyə o, Şərifdən pulunun olub olmadığını soruşmuşdur, Şərif isə ona pulunun olduğunu demişdir. O, əynini dəyişib Şəriflə birlikdə tənddə olan çayçının qabağına getmişdirlər. Çayçının qabağında olan zaman həmkəndlisi taksi sürücüsü Xəyyamla rastlaşmışdırlar. Xəyyamla Şərif söhbət etmişdirlə. Xəyyamın yanında digər həmkəndlisi Emində var imiş. Emində onlarla birlikdə Xəyyamınn avtomobili ilə Gəncə şəhərinə getmişdirlər. Yolda olan zaman Şərif demişdir ki, “gedəy şəhərdə fırlanaq”. Xəyyamla və Emin razılaşmışdırlar. O, Emin Xəyyam və Şərif ilə birlikdə Gəncə şəhərində yerləşən dönərxanaya getmişdirlər. Orada dönər yedikdən sonra Şərif onlara demişdir ki, “gedəy bara yeyib içək, işlədiyim yerdən pulumu almışam bundanda başqa “AZPULMANAT” adlanan proqramdan pul çıxartmışam”. Bundan sonra Şərif Xəyyamın avtomobilinə 32 manatlıq benzin tökmüş və onlar Gəncə şəhərində yerləşən bara getmişdirlər. Bara gedib yeyib içdikdən sonra Samux rayonu Qarabağlar kəndinə qayıtmışdırlar. Qarabağlar kəndində Şərif onların evində qalmışdır. Sonradan eşitmişdir ki, sən demə Şərif onunla birlikdə xərclədiyi pulları həmkəndliləri Xəyalın evindən oğurlamışdır. Şərifin oğurluq etməsindən onun xəbəri olmamışdır. Şahid şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Taksilik edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs kəndçisidir, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Şahid2 isə əmisi oğludur. xx.xx.2024-cü il tarixdə Samux rayonu Qarabağlar kəndində yerləşən çayçının yanında dayanıb müştəri gözləyirmiş. Həmin vaxt əmisi oğlu Elmin isə çayçıda piyvə içirmiş. Həmin vaxt Təqsirləndirilən şəxs digər həmkəndlisi İmamverdi ilə birlikdə çayçının yanma gəlmişdirlər. Şərif ona yaxınlaşaraq Gəncə şəhərinə onu neçiyə aparmağını soruşmuşdur. O, Şərifə onu Gəncə şəhərinə 6 manata apara biləcəyini demişdir. Şərif də onunla razılaşmışdır. O, Gəncə şəhərindən qayıdanda tək qayıtmasın deyə əmisi oğlu Elminə bilrikdə gedib gəlməsini demiş və Elmində onunla razılaşmışdır. O, Elmin, İmamverdi və Şəriflə birlikdə idarə etdiyi avtomobil ilə Gəncə şəhərinə yola düşmüşdür. Yolda olan zaman Şərif ona demişdir ki, "benzinin pulunu verəcəm bizi şəhərdə gəzdir”. O da axşam olduğu üçün onunla razılaşmışdır. Şərif onu gəzdirməyi üçün idarə etdiyi avtomobilə 32 manatlıq benzin tökmüşdür. Onlar Şərifdən pulu hardan aldığını soruşan zaman Şərif onlara işlədiyi yerdən maaşını aldığını və bundan da başqa “Azpulmanat”-dan pul götürdüyünü bildirmişdir. Bundan sonra onlar Gəncə şəhərində bir qədər gəzmişdir, Şərif və İmamverdi Gəncə şəhərində yerləşən müxtəlif obyektlərə getmişdirlər. Daha sonra onlar bara getmək istədiyini demişdirlər. Bundan sonra onlar bara getmişdirlər. Barda olan zaman İmamverdi və Şərif barda olan qızlarnan yeyib içmişdirlər. O və Elmin isə kənarda oturub çay içmişdirlər. Saat təxminən 01:30 radələrində bardan çıxaraq yaşadıqları kəndə qayıtmışdırlar. Sabahısı gün kənddə eşitmişdir ki, sən demə Şərif həmkəndlisi Xəyalın evindən oğurluq edib. Onun Şərifin oğurluq etməsindən xəbəri olmamışdır. Şahid şəxs qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: 28 avqust 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-nin 177.2.3-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. 28 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-in 177.2.3-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təklifi ilə iştirkaçılarla birlikdə Samux Rayon Polis Şöbəsindən çıxaraq Samux rayonu Qarabağlılar kəndinə gedilmiş, Samux rayonu Qarabağlılar kəndində Zərərçəkmiş şəxs eninin qarşısında dayanaraq şübhəli şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə pəncərədən daxil olduğunu və evin içərisində olan dolabı göstərərək həmin dolabın için 1600 manat pulu götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini göstərən zaman bir neçə istiqamətdən fotoşəkillər çəkilmişdir. 30 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi iştiraki ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, Azərbaycan Respublikası CPM-nin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmişdir. xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 30 avqust 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-ci maddəsi Təqsirləndirilən şəxs azad edilməsi qərara alınmışdır. 28 oktyabr 2024-cü il tarixli ittiham elan edilməli olan şəxsin axtarışa verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2025-ci il tarixdə istintaq təcridxanasına daxil olmuşdur. Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs hazırda heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq etməsi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarındakı digər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, onun zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsi və zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmaması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan 4 ədəd barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə saxlanıldığı müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 5 ay 8 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Samux rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut olan 4 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar