Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-11/2025 17.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Samux Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Samux rayonu, Qarayeri SİB-də tarla agenti vəzifəsində işləyən, Samux rayonu, Qovlarsarı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdə saat 13 radələrində Samux rayonu, Qovlarsarı kənd İcra Nümayəndəliyinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə etmiş və yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyyəsinə qəsdən yumruqla vuraraq, ona alın nahiyyəsinin əzilmiş yarası və sol gözün ağlı qişasına qansızma, sol gözün alt qapağının qançırları ilə müşayiət edilən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, rəsmi olaraq 2015-ci il tarixdən X2 İdarəsində su birliyinə nəzarətçi vəzifəsində çalışırmış. Zərərçəkmiş şəxs onun kəndçisidir, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs Samux rayonu, Qovlarsarı kənd bələdiyyə hesabından uzun müddətdir ki, torpaq icarəyə götürüb istifadə etmişdir. Təxminən bir neçə ay əvvəl kənd bələdiyyəsi Əfqanın əlindən həmin torpaq sahəsini alaraq Rahibə adlı qadına vermişdir. O, təxminən dörd il əvvəl o, Rahibədən kənddə torpaq almış, ancaq həmin torpağı öz adına sənədləşdirməmiş, sonradan bilmişdir ki, Rahibə həmin ona satmış olduğu torpağı başqa bir şəxsə satmışdır. O, da Rahibədən ya pulunu, ya da torpağını istəmiş, Rahibə də ona demişdir ki, bələdiyyə Əfqanın torpaq sahəsi ilə qonşuluqda yeri ona verəcəkmiş, o da sənədləşdirib ona verəcəkmiş, beləcə aralarında şifahi razılaşma olmuşdur. O, da həmin 0.70 ha torpaq sahəsini əkməyə başlayanda Əfqan buna narazılıq etmiş, belə ki, o, onunla kənddə 2024cü ilin mart-aprel aylarında təsadüfən görüşən zaman Əfqan ondan nə üçün topağı onun əlindən aldığını soruşmuş, o da Əfqana demişdir ki, həmin torpaq sahəsini uzun müddətdir ki, əkib becərirsən, ancaq bələdiyyə torpağıdır və ondan torpağı bələdiyyə alıb başqasına vermiş, həmin şəxsin də ona borcu vardır. Bunun üstündə aralarında sözlə mübahisə olmuş və onlar aralaşaraq çıxıb getmişdilər. 18 may 2024-cü il tarixdə saat 13 radələrində Samux rayon Qovlarsarı İcra Nümayəndəliyinin qarşısında o, yenə Əfqanla təsadüfən rastlaşmış, belə ki, o, heyvanlara ot gətirirmiş, Əfqan onu görüb özü ona yaxınlaşmış və onunla üzbəüz dayanaraq yenə ondan nə üçün ona verilmiş torpağı onun əlindən aldığını iddia edib onunla mübahisə etmiş, o da ona başa salmağa çalışsa da Əfqan başa düşmək istəmirmiş, eləcə hərəkətləri ilə çalışırmış ki, o, onu vursun, o da ondan şikayət etsin. Həmin vaxt yanında kəndçisi Şahid1 Ərəstan oğlu da var imiş. O görmüşdür ki, Əfqan ondan əl çəkmirmiş deyə əliylə onun yaxasından tutub kənara itələmişdir ki, çıxıb getsin, onun bu hərəkətindən sonra Əfqan onu söyüb-təhqir etməyə başlamış, o da ona fikir verməyərək çıxıb getmişdir. Həmin vaxt o, Əfqanı vurmamış, döyməmiş, sadəcə olaraq mübahisə olarkən yaxasından tutub kənara itələmişdir. Həmçinin Əfqan hadisə olan vaxtı onu vurmamış, sadəcə olaraq sözlə təhqir etmişdir. O göstərmişdir ki, aralarında olan mübahisəyə səbəb torpaq üstündə olmuş, belə ki, Əfqanın bələdiyyədən almış olduğu torpağı guya o, qəsdən onun əlindən alıb becərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, təxminən dörd il əvvəl kənd sakini Rahibə adlı qadından 4.500 manata torpaq almış, ancaq həmin torpağı öz adına sənədləşdirməmiş, sonradan bilmişdir ki, Rahibə həmin ona satmış olduğu torpağı başqa bir şəxsə satmışdır. O, da Rahibədən ya pulunu, ya da torpağını istəmiş, Rahibə də ona demişdir ki, Zərərçəkmiş şəxs Samux rayonu, Qovlarsarı kənd bələdiyyə hesabından uzun müddətdir ki, torpaq icarəyə götürüb istifadə etmişdir. Bələdiyyə Əfqanın torpaq sahəsi ilə qonşuluqda olan torpaq sahəsini ona verməli, o, da həmin torpaq sahəsini sənədləşdirib Əfqana verməsi barədə aralarında şifahi razılaşma olmuşdur. O, 0.70 ha torpaq sahəsini əkməyə başlayanda Əfqan buna narazılıq etmişdir. Buna səbəb kimi onunla kənddə 2024-cü ilin mart-aprel aylarında təsadüfən görüşən zaman Əfqan ondan nə üçün topağı onun əlindən aldığını soruşmuş, o, da Əfqana demişdir ki, həmin torpaq sahəsini uzun müddətdir ki, əkib becərir, ancaq bələdiyyə torpağıdır və ondan torpağı bələdiyyə alıb başqasına vermiş, həmin şəxsin də ona borcu vardır. 18 may 2024cü il tarixdə kənd ərazisində o, yenə Əfqanla təsadüfən rastlaşmış, həmin vaxt yenə aralarında torpaqla bağlı mübahisə olmuş, mübahisə zamanı o, özü də bilmədən Əfqanı vurmuşdur. Bütün bu olunların təqsirkarı onları qarşı-qarşıya gətirən Rahibə və onun oğludur. Ona torpaq satıb etibarnmə vermişlər, sonradan etibarnaməni ləğv etdirib torpağı başqa şəxsə satmışlar. Bu olanlara görə əməlindən peşmandır. O, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, 2-ci qrup əlildir. Etmiş olduğu şikayətlə bağlı olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun kənçdisidir, onunla aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Onun yaşadığı kənddə ailəsinə məxsus 0.33 ha pay torpağı vardır, həmin pay torpağı ilə bitişik bələdiyyə torpağına aid təxminən 0.30 ha boş torpaq sahəsi olduğundan o, bələdiyyə ilə icarə əsasında təxminən 10-15 ildir ki, əkib-becərirmiş. 2024-cü ilin mart-aprel aylarında o, Məhərrəmlə kənddə görüşən zaman Məhərrəm ona demişdir ki, onun əkmiş olduğu bələdiyyə torpağını digər kəndçisi Rahibə adlı qadına verəcəklərmiş, onda xəbərdarlıq kimi bunu demiş, o da Məhərrəmə demişdir ki, torpaq bələdiyyənindir, kiməsə istəsə verə bilərmiş, o da torpaqdan çıxacaqmış. Təxminən bir neçə gün sonra Rahibə oğlu Yusiflə onun yanına gələrək ondan xahiş etmişdrlər ki, Samux rayonuna daşınmaz əmlaka gedib sənəd yazılmalıdır ki, o, həmin torpağı Rahibəyə versin. O da onlarla birlikdə Samux rayonunda yerləşən daşınmaz əmlaka getmiş, xəritəyə baxan zaman pay torpağının koordinatlarının başqa cür olduğunu görüb sənədlərə imza etməkdən imtina etmişdir. Bir neçə gün keçmişdir ki, görmüşdür ki, həmin torpaq sahəsini kimsə əkib-becərib, maraqlanan zaman demişdirlər ki, Rahibənin oğlu Yusif əkirmiş. Təxminən 20 gün sonra o, kənddə Məhərrəmlə rastlaşan zaman Məhərrəm ona demişdir ki, “oranı mən əkdirmişəm, xərcini çəkmişəm, Rahibəgilin mənə borcu var”. O da Məhərrəmə demişdir ki, “sən Rahibənin adınnan alıb amma özün istifadə edirsən, oranı mən istifadə edirdim də”. Məhərrəm də onunla sözlə mübahisə etməyə başlamış, ona İcra Nümayəndəliyinin inzibati binasının qarşısında təhqir edib getmişdir. 18 may 2024-cü il tarixdə 13 radələlərində o, rayonun İcra Nümayəndəliyinin inzibati binasının qarşısında, küçədə təsadüfən yenə Məhərrəmlə rastlaşmış, belə ki, Məhərrəmin evi də İcra nümayəndəliyinin evinin yaxınlığında yerləşirmiş. Məhərrəm evlərinə tərəf gələn zaman, o da sahədən gəlirmiş, Məhərrəmi görüb ona yaxınlaşıb üzbəüz dayanıb demişdir ki, “Mənə keçən dəfə niyə söyüşnən danışırdın, mən xəstə adamam, mənnən söyüşnən danışma”. Məhərrəm də ona “yaxşı eliyirəm danışıram, səni vuraram, öldürərəm”. O, da Məhərrəmə demişdir ki, “ə sən adam vuransan mı”, bu zaman Məhərrəm qəflətən yumruqla onun sifət nahiyəsinə vurmağa başlamış, o, inanmamışdır ki, Məhərrəm onu vurar. Zərbələrin təsirindən o, yerə əyilmiş, bundan sonra kimsə yanlarına gəlib Məhərrəmi ondan çəkmişdir, Məhərrəm bir az ondan aralandan sonra yenə sözlə mübahisə etmiş və çıxıb getmiş, o, da yaşadığı evə getmişdir. Hadisədən iki sonra o, sahəsinə gedərkən görmüşdür ki, heyvanlarını bağ sahəsinə salıb, o, da heyvanlarını çıxartmasını tələb edən zaman Məhərrəm yenə onu söyüb təhqir edərək demişdir ki, “səni keçən səfər ki, gündən pis günə salaram, get işinlə məşğul ol”. Bundan sonra Məhərrəm heyvanlarını yerindən çıxardıb getmişdir. Həmin gündən bəri Məhərrəm onu şərləməklə hədələmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı Samux rayonu, Qovlarsarı kəndində yerləşən İcra Nümayəndəliyinin inzibati binasının qarşısında olmuş, hadisə olan vaxtı o və Məhərrəm olmuş, dava olarkən Məhərrəmi kimsə ondan aralamış, mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirlən şəxslə aralarında dəfələrlə torpaqla bağlı mübahisələri olmuşdur. Sonuncu dəfə də yenə onlar kənd ərazisində görüşmüşlər və yenə də torpaqla mübahisə etmişlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun gözündən vurmuşdur. Təqsirləndirilən şəxs öz təqsirini başa düşmüş və ondan üzr istəmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə bir kənddəndirlər. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 18 may 2024-cü il tarixdə saat 13 radələrində o, at arabası ilə kənddə özünə məxsus məhəllədən peyin töküb yenidən evə qayıdan vaxt Samux rayonu, Qovlarsarı İcra Nümayəndəliyinin inzibati binasının qarşısında o, Əfqanla Məhərrəmin birbiri ilə sözlə mübahisə etdiklərini, bir-birilərini təhqir etdiklərini görüb at arabasını saxlamışdır ki, məsələnin nə olduğunu öyrənsin. Həmin vaxt o, Əfqana təklif etmişdir ki, mübahisəni dayandırsın və onunla birlikdə evə getsin, ancaq Əfqan mübahisəni dayandırmamış və ona demişdir ki, “sən özün çıx get”. O, da Əfqanı orada qoyub yaşadığı evə getmişdir. Əfqanla Məhərrəm ondan qabaq artıq dalaşmışlar, o, gələn zaman onlar aralaşmışlar, bir-biri ilə qabaq-qabağa dayanıb sözlə mübahisə etmişlər. Hadisə xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı Samux rayonu, Qovlarsarı kəndində yerləşən İcra Nümayəndəliyinin inzibati binasının qarşısında olmuşdur. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun kəndçisidir, Təqsirləndirilən şəxs qohumudur, həm də Qovlarsarı kəndində qonşudurlar. Onlarla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Kənd bələdiyyəsi tərəfindən ailəsinə 0.72 ha torpaq sahəsi verilmiş, hal-hazırda sənədlər hazırlanır və aralarında alqı-satqı olması üçün ona verilən torpaq sahəsini əvvəllər Əfqan istifadə etmişdir. Sonradan isə həmin torpaq sahəsi ona verilmiş, çünki onun ailəsinə məxsus torpaq sahəsi yoxdur. 18 may 2024-cü il tarixdə saat 13 radələrində o, oğlu Şahid3 ilə fermadan evə piyada qayıdarkən kənd icra nümayəndəliyinin inzibati binasının yaxınlığında Əfqanı görmüş, həmin vaxt Məhərrəm də at arabası ilə kənddə məhlədən evə qayıdırmış. Əfqan ilə aralarında təxminən 3-4 metr məsafə olmuş, Əfqan Məhərrəmi görüb ona yaxınlaşmış və onunla üzbəüz dayanıb Məhərrəmə nəsə deyəndə Məhərrəm uca səslə Əfqana demişdir ki, “aralaş məndən, çıx get”, ancaq Əfqan da Məhərrəmin yaxasından tutaraq, onunla mübahisə etməyə başlamışdır. Mübahisənin səbəbi isə Əfqanın əlindən alınaraq ona verilmiş torpaq sahəsi olmuşdur. Əfqan elə bilmişdir ki, Məhərrəm onları öyrətmiş, onlar da onun əli ilə Əfqandan həmin torpağı almışlar. O, Əfqanla Məhərrəmin arasına girərək Əfqana demişdir ki, “Məhərrəmin səndən alınan torpaqda heç bir günahı yoxdur, səndən alınan torpaq sahəsi bələdiyyənindir, bələdiyyə həmin torpağı istifadə üçün mənə veribdir”. Ancaq Əfqan onun sözlərinə qulaq asmamış, Məhərrəmlə mübahisə etməyə başlamış, o, da onları yenə aralamağa başlamış, oğlu isə qıraqda durmuşdur, onlara yaxınlaşmamışdır. Əfqanla Məhərrəm əlbəyaxa olmuşlar, o, da oğlu ilə hadisə yerindən getmişdir. Şahid3 ibtidai araşdırma dövründə verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli tam təsdiq olunur. Məhkəmədə tədqiq edilmiş və işdə olan “MTE və PA Birliyi” publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinin 18 may 2024-cü il tarixli 109 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – alın nahiyəsinin əzilmiş yarası və sol gözün ağlı qişsaın qansızma, sol gözün alt qapağının qançırıdır ki, bu xəsarətlər – bərk KÜT əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərər vurmaya aid edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdə saat 13 radələrində Samux rayon Qovlarsarı kənd İcra Nümayəndəliyinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş və yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyyəsinə qəsdən yumruqla vuraraq ona alın nahiyyəsinin əzilmiş yarası və sol gözün ağlı qişasına qansızma, sol gözün alt qapağının qançırları ilə müşayiət edilən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa dərəcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə xx.xx.2003-cü il tarixdə Samux Rayon Məhkəməsinin qərarı ilə şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hisssəsinin 1-ci bəndində göstərilmişdir ki, bu məcəllənin maddələrində hallarda şəxs yalnız bir dəfə cinayət məsulliyətindən azad edilə bilər. Daha sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə istinadən göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmada dəymiş ziyan tamam ödənildikdə cinayət məsulliyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Yuxarda qeyd edilən normaların əlaqəli təhlilindən görünür ki şəxs əvvələr qeyd edilən cinayətlərdən hər hansı birini törətməyə görə cinayət məsulliyətindən azad edildikdən sonra onun barəsində qərar çıxarıldıqdan sonra yenidən məsulliyətdən azad etməyə səbəb olan yeni eyni cinayəti törətdiyi hallarda onu təkrar cinayət məsulliyətindən azad edilməsinə yol verilmir. Lakin hazırda işdən görünür ki təqsirləndirilən şəxs eyni vaxtda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə nəzərdə tutulan cinayətləri törətmiş, hər iki halda cinayət işi ibtidai istintaqda müstəntiqin icraatında olmuş və təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin biri ilə barışdığına görə birinə münasibətdə xitam verilmişdir. Digər zərərçəkmiş şəxs barəsində isə iş məhkəməyə göndərilmiş və məhkəmə baxışının gedişində də şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə baxışının gedişində cinayət təqibinə xitam verilməsi əsaslarını nəzərdə tutur məhkəmə baxışının gedişində də təqsirləndirilən şəxs ikinci Zərərçəkmiş şəxs ilə barışmış, ona görə də məhkəmə hesab edir ki, hazırki işdə təqsirləndirilən şəxsi bir dəfə məsulliyətdən azad edildikdən sonra təkrarən eyni cinayəti və yaxud digər cinayəti törətməsi halı mövcud deyil bu halda şəxs cinayət məsulliyətindən azad edilməlidir. Məhkəmə onuda qeyd etməyi zərurət hesab edir ki, şəxsin eyni vaxtda törətdiyi məsulliyətdən azad edilməyə səbəb olan iki cinayətə görə cinayət məsulliyətindən azad edilməsini məhdudlaşdıran hər hansı norma istər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində istər Azərbaycan Respublikası Cinayət Məcəlləsində hər hansı norma yoxdur. Ona görə də məhkəmə hesab edir ki, mövcud vəziyyətdə hazırda məhkəmənin icraatında olan iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması əsası ilə cinayət işinə xitam verilməli və o cinayət məsulliyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan cinayət işinin icratına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2, 321, 321.2.1 və 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-11/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-11/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver