Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-12/2025 03.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şabran rayonunda anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Şabran rayonu Ağalı kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “Başqa Yerə Getməmək Haqqında İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdə, saat 22 radələrində ictimai yer hesab olunan Samux rayonu Bağmanlar kəndində Şahid1 yaşadığı evin qarşısında yerləşən küçədə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Şahid1 Elxan oğlunu qəsdən vuraraq ona bel nahiyyəsinin və döş qəfəsinin hematomaları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş və sonuncuya məxsus “VAZ 2103” markalı **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəsdən vuraraq 300 manat məbləğində maddi zərər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 1 il müddətdir ki, işi ilə əlaqədar Gəncə şəhərində kirayə yaşayır. Zərərçəkmiş şəxs qaynı, yəni arvadı Elnarənin doğma qardaşıdır. Elxanla heç bir düşmənçilik və ədavəti olmamış, münasibətləri normal olmuşdur. 21 mart 2024-cü il tarixdə saat 19 radələrində arvadı Elnarə ilə birlikdə Novruz bayramı ilə əlaqədar Elxanın yaşadığı Gəncə şəhəri Natavan qəsəbəsində “Hava bürosu” adlanan yerin yaxınlığında yerləşən evinə qonaq getmişlər. Elxanla evlərinin həyətində oturub yemək yeyib spirtli içki qəbul etmişdirlər. Bir qədər sonra Elxan sərxoş olduğu üçün əsassız olaraq onunla mübahisə etməyə başlamışdır. Elxan onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Elxanı sərxoş olduğu üçün yola verməyə çalışırmış. Elxan onun yaxalından tutaraq onu buraxmırmış. Elxan onu buraxmadığı üçün dartınıb onun əlindən çıxmış və onun evindən uzaqlaşmışdır. O, göstərmişdir ki, Elxanla aralarında mübahisə başlamazdan təxminən 20 dəqiqə əvvəl arvadı Elnarə yaşadıqları evə yola düşübmüş. Elxanla mübahisə edən zaman köynəyi cırılmış buna görə də Samux rayonu Bağmanlar kəndində yaşayan Şahid1 adlı dostuna zəng vuraraq ondan köynək istəmişdir ki, yaşadığı evə cırıq paltarla getməsin. Eyyubla telefonda danışanda Eyyub onu yaşadıqları evə çağırmışdır ki, köynək versin. Elxangildən getdikdən sonra Elxan onu müxtəlif nömrələrlə yığırmış. O, da Elxanın zənglərini açmırmış. O, piyada Eyyubun yaşadığı Samux rayonu Bağmanlar kəndinə gedirmiş. O, Eyyubun yaşadığı evə çatan zaman saat 21 radələri olarmış. Eyyub ondan köynəyinin harada cırılmasını soruşan zaman Eyyuba Elxanla mübahisə etdiyini demişdir. Bundan sonra Eyyub onu evlərinə dəvət etmişdir və Eyyubla yemək yemişdir. Bir saat sonra Eyyubla birlikdə küçəyə çıxmışlar, Eyyub onu küçədən ötürüb geri qayıdacağı zaman küçədə olanda Elxan onun telefonuna zəng vurmuş və telefonda nalayiq ifadələrlə onu təhqir etmişdir. Eyyub Elxanla telefonda mübahisə etdiyini görərək telefonu əlindən götürüb Elxanla danışmış və ona sabah ayılan zaman söhbət edəcəklərini demiş, lakin Elxan Eyyubuda başa düşmək istəməyib onunla telefonda mübahisə etmişdir, buna görə də Eyyub telefonu söndürmüşdür. Onlar piyada kəndin başına tərəf gedən zaman Eyyubun yaşadığı evin önünüdə Elxanın “VAZ 2103” markalı avtomobillə dayandığını və Eyyubun anası ilə uca səslə mübahisə etdiyini görmüşdür. O, Eyyuba demişdir ki “gedim Elxanla söhbət edim onu öz evlərinə yolsa salım, bayram günü ayıbdır, gəlib sizin qapıda dava çıxardır”. Eyyubda ona demişdir ki, “sən Elxanın yanına getmə, getsən səninlə dalaşacaq” O, Eyyuba demişdir ki, “narahat olma Elxanla dalaşmayacaq”. Bundan sonra onlar piyada Eyyubun yaşadığı evə tərəf getmişdirlər. Elxan onların gəlməyini görən zaman avtomobilindən dəmir boru götürərək ona tərəf qaç-qaça gəlmişdir. Eyyub Elxanın qabağına duraraq onu qucaqlayıb aralaşdırmışdır. Eyyub Elxanı tutub bir qədər kənara aparmışdır. Elxan Eyyubun əlindən çıxaraq dəmir boru ilə onun üstünə qaça-qaça getmişdir. Bu zaman o, Elxanın belindən tutaraq yerə yıxmışdır və yerdə olan zaman əsəbindən bir neçə dəfə yumruqla Elxanı vurmuşdur. Eyyub onların yanlarına gələrək onları aralamışdır. Elxan yerdə uzanıqlı vəziyyətdə qalmışdır. O, Elxanın əlində olan dəmir borunu alıb Elxanın avtomobilin üstünə tullamışdır və həmin boru Elxana məxsus “VAZ 2103” markalı avtomoibilin arxa şüşəsinə dəyərək sındırmışdır. O, qeyd etmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Samux rayonu Bağmanlar kəndində Eyyubun yaşadığı evin qarşısında olan küçədə baş vermiş mübahisə zamanı orada o, Eyyub, Eyyubun anası Münəvvər olmuşdur. Baş vermiş mübahisə 5 dəqiqə davam etmişdir. Hadisənin baş verməsinə səbəb Elxanın sərxoş halda onun üzərinə hücum çəkməsi olmuşdur. Onun ailədə yeganə qazanc gətirən olması və ankoloji xəstəliyinin olması nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Tural ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Tural ilə o, çox nadir hallarda görüşürmüş. Onun Tural ilə sıx qohumluq əlaqələri olmamışdır. 21 mart 2024-cü il tarixdə saat 19 radələrində Tural bacısı Elnarə ilə birlikdə onun yaşadığı Gəncə şəhəri Natavan qəsəbəsində yerləşən evinə qonaq gəlmişdirlər. Tural onlara gəldikdən sonra o, evin həyətində manqalı yandırıb kabab çəkməyə hazırlaşırmış. Turalda onun yanında dayanaraq onunla söhbət edirmiş. Elnarə bir qədər sonra Turaldan qabaq durub öz evlərinə getmişdir. O, bayram olduğu üçün evindən araq gətirib manqalın yanma qoymuşdur və Turalla birlikdə araq içməyə başlamşdırlar. Bir qədər sonra o, görmüşdür ki, Tural arağı həddindən artıq çox içir, buna görədə o, Turala demişdir ki, “Araği az iç ayıbdır” Turalda onun bu sözünə əsəbləşərək onunla mübahisə etməyə başlamışdır. O, Turalı öz yaşadığı evin həyətindən çölə çıxartmışdır. Bu zaman onlar Turalla süpürləşməyə başlamışdırlar. Onlar bir qədər süpürləşdikdən sonra Tural qaçaraq çıxıb getmişdir. Bundan sonra o, yaşadığı evə qayıtmışdır. Eləmin tarixdə saat 22 radələrində o, bir qədər də araq içdikdən sonra Turalın onunla dava etməsinə əsəbləşmiş, Turalın telefonuna zəng vurmuş və onunla telefonda mübahisə etmişdir. Bu zaman kimsə telefonu Turaldan götürüb onunla danışmışdır. Telefonda danışan şəxsin adını qaqaş kimi tanıdığı Eyyub olduğunu bilmişdir. Eyyub telefonda ona sabah ayılanda Turalla söhbət etməyini demişdir və telefonu bağlamışdır. O, da Eyyubun telefonu üzünə bağlamasına görə daha da əsəbləşib, özünə məxsus “VAZ 21013” markalı ** BO *** markalı dövlət qeydiyyat nişanlı avtomobillə saat 22 radələrində Samux rayonu Bağmanlar kəndinə Eyyubun yaşadığı evə getmişdir. O, Eyyubu yaşadığı evdən çağırmışdır. Bu zaman Eyyubun anası çölə çıxmışdır. O, Eyyubun anasından Eyyubun və Turalın harada olmasını soruşmuşdur, o da Eyyub və Turalın bir qədər öncə çıxıb getdiklərini demişdir. O, Eyyubun anasına oğlunu və Turalı çölə çıxartmasını demişdir. O, Eyyubun anası ilə bir qədər sözlə mübahisə etdikdən sonra görmüşdür ki, Eyyub və Tural küçənin baş tərəfi ilə piyada ona tərəf gəlirlər, bu zaman o, öz avtomobilimdən dəmir boru götürüb Turala tərəf getmişdir ki, onu vursun. Lakin Eyyub onun önünü kəsmişdir və onu tutaraq bir qədər arxa tərəfə aparmışdır. Lakin o, Eyyubun əlindən çıxaraq yenidən Turala tərəf getmişdir. Turalın yanma çatan zaman Tural onun belindən tutaraq yerə yıxmışdır. O, yerə yıxıldıqdan sonra huşunu itirmişdir, ayılanda isə avtomobilinin aynasının sınmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, Gəncə şəhərində olan xəstəxanaya yollanmışdır. Baş vermiş mübahisə 5 dəqiqə davam etmişdir, mübahisə zamanı orada Eyyub Tural, Eyyubun anası olmuşdur. Mübahisənin baş verməsinə səbəb, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə Turalın spirtli içki qəbul edib onunla mübahisə etməsi olmuşdur. Həmçinin mübahisə zamanı Tural ona məxsus “VAZ 21013” markalı ** BO *** markalı dövlət qeydiyyat nişanlı avtomobillə 300 manat maddi ziyan vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışlar, ona vurulmuş ziyan ödənilmişdir, bu əsasla da təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun oğludur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs isə əvvəllər tanımırmış. 21 mart 2024-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə qonaq gəlmişdir. Təqsirləndirilən şəxs onlarda bir qədər oturduqdan sonra oğlu Eyyubla birlikdə küçəyə çıxmışdırlar. Eyyub Turalı ötürüb evə qayıdacaqmış, Tural və Eyyub evdən çıxdıqdan təxminnən 5-10 dəqiqə sonra qapının döyüldüyünü eşitmiş və çölə çıxmışdır. Çölə çıxan zaman Zərərçəkmiş şəxs qəzəbli şəkildə ondan oğlu Eyyubun və Turalın harada olmasını soruşmuşdur. O, Elxana onların evdə olmamalarını demişdir. Elxanda guya onun Eyyub və Turalı evdə gizlətdiyini deyərək onunla mübahisə etməyə başlamışdır. Elxan onunla mübahisə edən zaman küçənin baş tərəfindən Tural və Eyyub gəlmişdirlər. Eyyub və Turalın gəldiyini görən Elxan avtomobilinin qapısını açaraq oradan dəmir boru götürüb küçənin baş tərəfinə doğru qaçmağa başlamışdır. Bu zaman oğlu Eyyub Elxanın qarşısına duraraq onu qucaqlayıb tutmuşdur. Daha sonra Elxan Eyyubun əlindən çıxaraq Turalın üzərinə hücum çəkmişdir. Bu zaman Tural Elxanın belindən tutaraq yerə yıxmışdır və onlar yerdə süpürləşməyə başlamışdılar. Eyyub Tural və Elxanı aralamışdır. Tural Elxanın əlində olan dəmir borunu alaraq tullamışdır və həmin boru Elxana məxsus “VAZ 2103 markalı avtomoibilin arxa şüşəsinə dəyərək sındırmışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Samux rayonu Bağmanlar kəndində yaşadığı evin qarşısında olan küçədə baş vermişdir. Baş vermiş mübahisə zamanı orada O, Tural, Eyyub və Elxan olmuşdur, baş vermiş mübahisə 5 dəqiqə davam etmişdir, mübahisə zamanı o, Elxanı vurmamışdır. Hadisənin baş verməsinə səbəb Elxanın sərxoş halda Turalın üzərinə hücum çəkməsi olmuşdur. Müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək iş üzrə Şahid1 ölkə ərazisinində olmaması və təqsirləndirilən şəxsin ona elan olunmuş ittihamda özünü təqsirli bilməsi halları nəzərə alınaraq sözügedən şahidin məhkəmə iclasında dindirilmədən məhkəmə istintaqının tamamlanmasını xahiş etdi. Məhkəmə tərəfindən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İşin ibtidai istintaq mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Turalla o, təxminən bir il bundan əvvəl Quba şəhərində yerləşən restoranda tanış olmuşdur. Zərərçəkmiş şəxs isə onun tanışıdır, Elxanı o, uşaqlıqdan tanıyırmış. Elxan özü dəmirçiliklə məşğul olurmuş. Tural Elxanın bacısı ilə evlidir. 21 mart 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman Tural onun telefonuna zəng vuraraq Elxanla dalaşdığını və dalaşan zamanda köynəyinin cırıldığını bildirmişdir. O, da Turala telefonda onlara gəlməyini demişdir. Tural onun yaşadığı evin qarşısına gəlmişdir. O, Turala geyinmək üçün köynək vermişdir. Bundan sonra o, Turalı yaşadığı evə qonaq dəvət etmişdir. Tural onlarda oturub yemək yemişdir. Tural onlarda bir qədər oturduqdan sonra Turala kimsə zəng vurmuşdur. Tural telefonda kiminləsə mübahisə ediımiş. O, görmüşdür ki, Tural telefonda Elxanla mübahisə edir. Bundan sonra o, telefonu Turaldan alıb Elxanla danışmışdır və ona demişdir ki, “ay Elxan əmi lazım deyil sabah ayılanda söhbət edərsiniz” Elxan isə telefonda eləcə Turalı söyüb təhqir edirmiş. O, Turalla birlikdə yaşadığı evdən çıxmışdır ki, küçə ilə gedib onu yola salsın, onlar küçə ilə gedən zaman görmüşdür ki, Elxan “VAZ 2103” markalı avtomobillə gələrək onların evinin qarşısında dayanaraq avtomobildən düşmüşdür. Elxan onun evinin qarşısında dayanan zaman görmüşdür ki, Elxan uca səslə anası ilə nəsə danışırmış, bunu görən Tural ona demişdir ki, “gedib Elxanla söhbət etsin onu öz evlərinə yola salım, bayram günü ayıbdır, gəlib sizin qapıda dava çıxardır”. O, da Turala demişdir ki, “sən Elxanın yanma getmə, getsən səninlə dalaşacaq” Turalda ona söz vermişdir ki, narahat olma Elxanla dalaşmayacaq. Bundan sonra onlar piyada evinə tərəf getmişdirlər. Elxan onların gəlmələrini görən zaman avtomobilindən dəmir boru götürərək Turalın üzərinə tərəf qaçaqaça gəlmişdir. O, da Turalı vurmasın deyə Elxanın qabağına duraraq onu qucaqlayıb aralaşdırmışdır. Elxan çox sərxoş olduğundan ayaq üstə zornan dururmuş. O, Elxanı tutub bir qədər kənara aparmışdır ki, söyünc söyməsin, çünki, yaxınlıqda qonum qonşu yaşayırmış, o, nə qədər eləsə də Elxanı sakitləşdirə bilməmişdir. Elxan eləcə Turalı vurmaq istəyirmiş o, Elxanı saxlaya bilməmiş və onun əlinən çıxaraq əlində olan dəmir boru ilə Turalın üstünə qaça-qaça getmişdir. Bu zaman Tural Elxanın belindən tutaraq yerə yıxmışdır və onlar yerdə süpürləşmişdirlər. O, onların yanma gedərək onları aralamışdır. Tural aralaşdıqdan sonra Elxandan aldığı dəmir boru ilə Elxana məxsus VAZ 2101 markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq aynasını sındırmışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Samux rayonu Bağmanlar kəndində yaşadığı evin qarşısında olan küçədə baş vermişdir. Baş vermiş mübahisə zamanı orada o, Tural, anası Münəvvər olmuşdur, baş vermiş mübahisə 5 dəqiqə davam etmişdir, mübahisə zamanı o, Elxanı vurmamışdır. Hadisənin baş verməsinə səbəb Elxanın sərxoş halda Turalın üzərinə hücum çəkməsi olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Hadisə yerinə baxış keçirilməsi haqqında 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Samux rayonu Bağmanlar kəndidir. Hadisə zamanı “VAZ 2101” markalı avtomoibilə baxış zamanı avtomobilin kapot hissəsində iki ədəd zədə, sol arxa və arxa qapısında əzik və zədə olduğu, arxa qapısında və damın arxa gücləndirici, həmçinin arxa şüşəsinin sınması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli, 60 nömrəli ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-bel nahiyəsinin və döş qəfəsinin hematomalarıdır ki, bu xəsarətlər - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. 02 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs qismində 02 may 2024-cü il tarixdə, saat 18:30-da tutulmuşdur. 04 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir. 04 may 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs barəsində saxlanıldığı Samux rayon MSY-dən azad edilməsi qərarı verilmişdir. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və iddia tələbinin olmadığını, gələcəkdə bununla bağlı hər hansı bir mübahisə yaranacağı halda məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 170.1,177.2.1,177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şabran Rayon Ağalıq İƏD-i tərəfindən imzalanmış xasiyyətnamədən görünür ki, Şabran Rayon Ağalıq kəndində yaşadığı dövrdə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və iddia tələbinin olmadığını bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş itttihamda göstərilən cinayət əməlini törətməsi oun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsi, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasını təyin etməyi mümkün edir. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddəti dörd gün islah işləri növündə cəza müddətinə hesablanaraq ona təyin edilmiş cəzadan 8 gün müddət çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir ay) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun qazancından əmək haqqının tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-12/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-12/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver