Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-15/2023 13.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Yəmən Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd üzəri yapışqanlı lentə sarılmış şəffaf polietilen kəsiyində təmiz çəkisi 1,178 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 03 yanvar 2023-cü il tarixdə saat 14:25-də Samux Rayon PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Qarayeri qəsəbəsində kənd arasında “Sovxoz” adlanan ərazidə saxlanılaraq, Samux rayon PŞ-nin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibinin üstündə yerləşən kiçik ölçülü cibdən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq, daşıyıb üzərində saxladığı 1 (bir) ədəd üzəri yapışqanlı lentə sarınmış şəffaf polietilen kəsiyində təmiz çəkisi 1,178 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olur, yaşadığı evdə anası ilə qalır, anası xərçəng xəstəsidir, xəstəliyi baş nahiyəsindədir, həm də döşək xəstəsidir, anasına o baxır. Başqa ölkədə doğulsa da 2-3 yaşından Azərbaycanda yaşayır. Gəncə şəhər 4 nömrəli məktəbdə 9-cu sinfə qədər təhsil alıb çıxmışdır. Latın əlifbası ilə yazmağı və oxumağı bacarır. Təxminən 2022-ci ilin dekabr ayının axırlarında Bakı şəhərinə işləmək məqsədilə getmiş, Bakı şəhəri, “20 Yanvar” metro stansiyasının yaxınlığında yerdən şəffaf sellofana bükülü görmüş, həmin bükülü onu cəlb etmiş və yerdən bükülünü götürmüşdür. Bükülünü götürdükdən sonra içərisində bərk nəsə olduğunu hiss etmiş, bu səbəbdən onu açaraq içinə baxmışdır. Bu zaman patı, yəni metamfetamin istifadə etdiyi üçün həmin bükülünün içərisindəki patı olduğunu bilmişdir. Belə ki, həmin bükülüdə olan patını (metamfetamini) istifadə etmək məqədilə cibinə qoyub Gəncə şəhərinə getmiş, özü üçün istifadə etmək məqsədilə cibində saxlamışdır. 03 yanvar 2023-cü il tarixdə əvvəllər tanıdığı Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan adını “Totu” kimi bildiyi şəxsi axtarmaq məqsədilə Samux rayonu, Qarayeri qəsəbəsinə getmiş, qəsəbədə olan parkda “Totunu” bir neçə nəfərdən soruşmuş, ancaq belə bir adamın qəsəbədə qalmadığını demişlər. Samux rayonu, Qarayeri qəsəbəsində “Sovxoz” adlanan yerdə dayanıb yenidən Gəncə şəhərinə qayıtmaq istəmişdir. Həmin vaxt ona iki nəfər mülki geyimdə tanımadığı şəxslər yaxınlaşmış, onlar ona polis vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər və ondan harada yaşadığını soruşmşdurlar. Polis əməkdaşları ona demişlər ki, onun qanunsuz olaraq narkotik vasitə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatları vardır. Buna görə də onu Samux rayon PŞ-nə getməyə dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. O, Polis şöbəsinin inzibati binasında olan zaman ondan üzərində narkotik maddə və digər qadağan olunmuş maddə olub-olmadığını soruşmuşlar, həmin vaxt üzərində, yəni cibində patı, metamfetamin olsa da demək istəməmiş, lakin sonradan çıxışın olmadığını görüb üzərində metamfetamin olduğunu bildirmişdir. Həmin vaxt onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər və bu səbəbdən üzərində şəxsi axtarış aparmışlar. Axtarış vaxtı onun əynindəki göy rəngdə olan şalvarın sağ cibin üstündə yerləşən kiçik cibdən ağ sellofona bükülmüş, içərisində isə patı, yəni metamfetamin aşkarlanmışdır. Bundan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə hesab metafetamin qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Üzərində saxladığı patı, yəni metamfetamin elektron tərəzidə çəkilən zaman 1.4 qram olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, Samux rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 03 yanvar 2023cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq psixotrop maddələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 03 yanvar 2023-cü il tarixdə günorta saat 14 radələrində Samux rayon PŞ-nin CAB-nın əməliyyatçısı, polis kapitanı Şahid2la birlikdə Samux rayonu, Qarayeri qəsəbəsinə gedilmişdir. Samux rayonu, Qarayeri qəsəbəsində kənd arasında “Sovxoz” adlanan yerdə Təqsirləndirilən şəxs tərəflərindən müəyyən edilmiş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş və ona qanunsuz olaraq psixotrop maddə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux rayon PŞ-nə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar Samux rayon PŞ-nə getmişlər. Samux rayon PŞ-nin inzibati binasında Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Ehtiram Qafarov tərəfindən ondan müdafiəçisinin olub-olmadığını soruşmuşdurlar, həmin vaxt ona dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, bundan sonra şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibinin üstündə yerləşən kiçik ölçülü cibindən 1 (bir) ədəd üzəri yapışqanlı lentə sarınmış şəffaf polietilen kəsiyində bükülünü çıxarıb təhqiqata təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü barədə soruşulan zaman içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra həmin bükülü elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlənin ümumi çəkisi 1.4 qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və kağız zərf möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2023-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı 1 (bir) ədəd üzəri yapışqanlı lentə sarınmış şəffaf polietilen kəsiyində təmiz çəkisi 1,178 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 bölməsinin xx.xx.2023-cü il tarixli, 16/05 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Valid o..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapşqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyində təmiz çəkisi 1,178 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (metamfetaminin təmiz çəkisi –1.178 qram, tədqiqata sərv edildi – 0.01 qram, qalıq 1.078 qram) ekspertiza xərci 32.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellefan bükülünü təqdim edir. Həmin bükümün içərisindən narkotik vasitə metamfetaminə bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 1.178 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan metamfetamin olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitəni tapdığını, arabir narkotik vasitə olan metamfetamini istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan portal sorğusuna əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.3, 70.1, 70.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 131 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Samux Rayon PŞ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2023-cü il tarixdən 5.01.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.078 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.078 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi, VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-15/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-15/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver