Məhkəmə qərarları › İş №1(058)-19/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-19/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-19/2024 04.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Samux rayon, Sərkar kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayonu Sərkar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 7,98 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 03 yanvar 2024-cü il tarixdə saat 21:20-də Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Samux rayon Sərkar kəndində yerləşən evinin yaxınlığında saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli qolsuz gödəkçənin sağ yan cibindən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb üzərində saxladığı 1(bir) ədəd şəffaf poltetilen kəsiyi bükümündə təmiz çəkisi 7,98 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, sözügedən narkotik vasitə ona məxsus olmayıb. Həmin narkotik vasitənin ona məxsus olmasını əməliyyatçıların ona fiziki təzyiqi nəticəsində boynuna götürmək məcburiyyətində qalmışdır. Belə ki, iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokolda onun 03 yanvar 2024-cü il tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulması qeyd olunsa da, reallıqda o, həmin gün günorta saatlarında, yəni saat 15-16 radələrində öz yaşadığı küçədən götürülərək əməliyyatçılar tərəfindən maşınla polis şöbəsinə aparılmış, arada qalan vaxt ərzində ona qarşı fiziki təzyiqlər və zorakılıq göstərilmişdir. Lakin onun barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilməsinə baxmayaraq o, polis şöbəsindən çıxandan sonra məruz qaldığı fiziki zorakılıqla bağlı heç bir aidiyyatı orqanlara müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. 03 yanvar 2024cü il tarixdə Samux rayonu Sərkar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin NMQ-yə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin, xx xxxxxx 1978-ci il tarixdə Samux rayon Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayonu Sərkar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 03 yanvar 2024-cü il tarixdə Samux Rayon Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Samux rayon Sərkar kəndi istiqamətində hərəkət etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt yaşadığı kənddə küçədə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Samux rayonu Sərkar kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı küçədə olması müəyyən edilmişdir. Həmin yerdə onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişdirlər və ona qanunsuz olaraq narkotik vasitələri daşıması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu onlarla Samux Rayon Polis Şöbəsinə getməyə dəvət etmişdirlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar təxminən saat 16-17 radələrində Samux Rayon Polis Şöbəsinə gəlmişlər. Lakin bir neçə saat müdafiəçini gözlədiklərinə görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saat 21:40-da tutulmuş və protokolda məhz həmin saat qeyd olunmuşdur. Arada qalan müddət ərzində isə təqsirləndirilən şəxsə heç bir təsir və təzyiq göstərilməmişdir. Bu halı onun barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilməsinə baxmayaraq polis şöbəsindən çıxandan sonra hazırda qeyd etdiyi hallarla bağlı heç bir aidiyyatı orqanlara müraciət etməməsi də sübut edir. Polis şöbəsinin inzibati binasında Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş-leytenantı Həsən Qurbanov tərəfindən xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq tünd göy rəngli qolsuz gödəkçənin sağ yan cibində “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 8.44 qram olduğu müəyyən edilməklə qablaşdırılmış və AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar kütlənin qurudulmuş marixuana olduğunu, şifahi olaraq qış ayında yaşdığı evin yaxınlığında olan küçədə su arxının kənarından yabanı halda tapdığını və qurutması üçün evində saxlayaraq sonradan üzərində gəzdirdiyini bildirmişdir. Kütlə qanunamüvafiq qaydada qablaşdırılmış, üzərinə qeydlər aparılmış, qeydlər uca səslə oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra kütlənin ağzı bağlanaraq, bağlanc yerləri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 yanvar 2024-cü il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan şübhəli şəxs qismində tutulmuşdur. 03 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Samux RPŞ-nın axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1, Samux RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Samux RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli yarım-gödəkçənin sağ yan cibindən narkotik vasitə olan marixuana olmasını bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsnin üzərindən aşkar olunan bir ədəd sellofan paketdə ilk baxışdan marixuana bənzər kütlə aşkar olunmuş, həmin marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək sellofen paket ilə birlikdə ümumi çəkisinin 8.44 qram olduğu müəyyən edilmiş, həmin sellofen büküm qablaşdırılaraq zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. 04 yanvar 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Samux RPŞ-nin təhqiqat qrupunun toplanmış olduğu material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsinin 04 yanvar 2024-cü il tarixli, 16/11 ekspert rəyindən görünür ki, “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözlər və imzal olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,98 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələrolan “çətənə (kannabis) bitkisindən kusi üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 05 yanvar 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmişdir. “Tutulmuş şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə azad edilmişdir. DİN-nin Baş Ə məliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2005ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 05 mart 2024-cü il tarixli, 370 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı narkotik vasitənin onun üzərindən aşkar olunmadığına və onun həmin maddəni üzərində daşımadığına dair verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaqda şəxsin üzərinə baxış müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmiş, təqsirləndirilən şəxs onun üzərinə baxış keçirilən zaman hər hansı etiraz bildirməmiş, əksinə o əynində olan gödəkçənin cibində narkotik vasitə olan marixuananın olduğunu və həmin narkotik vasitəni yaşadığı evin yaxınlığında olan küçədə, su arxının kənarından yabanı halda taparaq qurutmaq üçün evində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində şübhəli şəxs qismində tutularkən əməliyyatçılar tərəfindən ona qarşı fiziki təzyiqlər və zorakılıq göstərilməsi səbəbilə sözügedən narkotik vasitənin ona məxsus olmasını boynuna götürmək məcburiyyətində qalmasını bildirsə də, cinayət işi üzrə ibtidai istintaq dövründə onun barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilməsinə, yəni onun azadlıqda olmasına baxmayaraq o, şübhəli şəxs qismində tutularkən polis şöbəsində fiziki təzyiqlərə və zorakılığa məruz qalması barədə heç bir aidiyyatı orqanlara müraciət etməmişdir. Bütün bu hallar təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyri-səmimi ifadə verdiyini göstərir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatları onun özünü müdafəsi kimi qiymətləndirir və qeyd edir ki, onun ifadəsində qeyd edilən hallar ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzb edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilimir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun cəzasını yüngülləşdirən halı, eləcə də cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın yuxarı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Samux rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qediyyata alınmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış, Samux Rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş narkotik vasitələrin ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 7.78 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alınmış olduğu maddi sübut olan 1(bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Habelə iş üzrə mülki iddia da yoxdur. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 11 ay (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Samux rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 7.78 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar